manera.az
manera.az

Götür ürəyini qaç uzaqlara - Bəhruz Xəlilin şeirləri

Götür ürəyini qaç uzaqlara - Bəhruz Xəlilin şeirləri
Manera.az gənc şair Bəhruz Xəlilin şeirlərini təqdim edir:

***
Gözəl gözlüm, qəm eləmə, bitəcək
hamı kimi yox olacaq qəmin də...
Dizlərindən muğayət ol, əzizim
baş qoymağa yerim yoxdu mənim də.

Bu ömür də kiçik idi dartıb-dartıb uzatdım
gah əlimi, gah dizimi qanatdım.
Saçlarımın neçəsini ağartdım
Neçəsini aynaların önündə..

...Üzü üstə buraxdılar, əkildilər, getdilər
Görənlərdə ölü bilib, çəkildilər, getdilər..
Sevdiklərim yarpağ-yarpağ töküldülər, getdilər
Sevgilərin ayrılıq var genində..

İşdi məndən tez köçsən bu dünyadan
bir adamlıq yer saxlarsan yanında...


***
Yer kürəsi o tay bu tay açıqdı
üşüyərsən, qollarımı göndərim.
Sən dünyanın harasında qalırsan
mən sükanı hansı yana döndərim?

Darıxmaq da bir başqa cür əzabdı
tənhalığın bir adıdı darıxmaq!
Bir halda ki, mən özüm də darıxıram
axı sənə necə deyim darıxma?!

Ağrıların hər üzünü görmüşəm
qurban olum, ağrımasın heç yerin!


***
Bütün gecə səhərədək
boğulur yuxu gözümdə.
Bu vaxtacan arzuların
ölübdür çoxu gözümdə.

Sən də ölmüş arzuların
elə birisən, birisən...
Sonuncusan, birincisən,
tutmusan hansı yeri,sən?

Bu kitab ömrümdə səni
bilmirəm hara qoymuşam.
Bəlkə də , əlfəcin kimi
qaldığım yerə qoymuşam.

Danış, səsindən yapışıb
gəlim sən olduğun yerə.
Sənin dirildiyin,
mənimsə öldüyüm yerə.


***
Ömür qaranlıq küçə kimidir bizim kənddə.
Gözün bir addımlığını görmür,
hər addımda bir çətinliyə dəyirsən.
Sonra
dilinlə görmədiyin gözünə söyürsən.
Söyüləsi adamlar mələk kimi qalır....
Təəssüf.

Yalan deyə bilmərəm,
ac yatdığım gecələrin sayını unutmuşam,
uşaqların qənd,çörək davasının sayını da...
Evdə dava-dalaş olmayan günü
təqvimin "novruz" bayramıdır deyib qeyd edirəm.
Danlanıram,əsəbləşirəm və döyürəm!
Döyüləsi adamlar mələk kimi qalır....
Təəssüf.

Xoşbəxtlik deyilən bir şey barədə qəti fikrə gələ bilmirəm:
Məncə,xoşbəxtlik nə qadın ətridir,nə də qadın telləri...
Xoşbəxtlik tanrı kimi bir şeydir,
var, amma görünmür !
Deyəsən, artıq mən də
ətrafımdakı sürünənlər sinfinə
üzv olmaq üçün yavaş-yavaş əyilirəm.
Əyiləsi adamlar mələk kimi qalır,
Təəssüf...


***
Həyəcandan ayaqlarım əsəndə
əllərindən əsa kimi tutmuşam.
Bu həyatda yaşamağa səbəbim,
sevməyini əsas kimi tutmuşam.

Sinəmdəki dərdlərimin üzündən
bax yenə də qarlayacaq saçlarım.
Gedirsənsə, heç olmasa, bağışla,
bilirəm ki, az olmayıb suçlarım.

Hava dönür, yağış yağır necə ki,
xatırlayır barmaqlarım əlini...
Bəlkə, durub qayıdasan yanıma,
ayrılıqdan nə keçəcək əlinə?

Bu tənhalıq nə uzunmuş, ilahi,
biçilibdir 1.93 boyuma.
İtirmişəm ağzımın da dadını,
saldığım qənd zəhər düşür çayıma.

Gündüzləri baş qatıram birtəhər,
gecələri çox düşürsən yadıma!


***
Bezdim bu ömürdən, gündən də bezdim
Özümdən də bezdim, səndən də bezdim.
İlahi kimsəsiz bir yer də yoxdu
özünü öldürüb, atasan ora
qarğalar başını dən kimi yesin!

Saldım əllərimi, cibimə saldım
ilişib cibimin içində qaldım
Dəridən-qabığdan çıxdım, ilahi
bircə ciblərimdən çıxa bilmədim
mən niyə çıxmadım yoxa, bilmədim?!

Baxdım, uzaqların gözünə, baxdım,
baxdım, uşaqların gözünə, baxdım
rahatlıq tapmadım uzaqlardan da
rahatlıq tapmadım uşaqlardan da.

Bezdim bu ömürdən, gündən də bezdim
Özümdən də bezdim, səndən də bezdim.!


Doğmaların təkliyi

Qaranlıq otağın düz ortasından
gözü parıldayan darıxmaq baxır...
Mənim ümidlərim sənin telində,
səninsə əllərin əlini sıxır.

Bir soyad altında iki yadıq biz,
arada beş nəfəs məsafəmiz var...
Gah uşaq ağlayır,gah çaydan daşır,
əcəb ayrılmağa bəhanəmiz var...

Yalan nə deyim ki,sevmirəm səni:
Sənli darıxdığım nədir ki,gülüm,
sənsiz darıxdığım günün yanında?!
Getmə uzaqlara kasıb komamdan,
qoy elə darıxım sənin yanında...


***
Doğrudan da,qəribədir adamlar:
Heç bilmirsən, kim darıxır kim üçün.
Doğrudan da, qəribədir ürəklər:
İllər öncə gözlərində ölənlər
bir də gördün döndü, diri qayıtdı.

İllər öncə gözü yaşlı qoyanlar
diz tapmayıb başlarını qoymağa
peşman-peşman bir də geri qayıtdı.

Gözün varsa, baxıb, görüb seyr elə,
vallah,billah dünya həmin dünyadı.
Bilmək olmaz, ürəyində yer saxla
gedənlərdən, bəlkə, biri qayıtdı. ..

Ürəyində bir adamlıq yer saxla
gedənlərdən, bəlkə, biri qayıtdı..!


***
Götür ürəyini qaç uzaqlara,
qədirbilməz olur bütün yaxınlar.
Alar əllərindən olan-qalanı-
bu zalım ölümə etibar yoxdur,
qorxuram, səni də bir gün yaxalar.

Qorxuram,
bir yanlış ürək içindən
nakam arzuların çiyni üstə
cənazən gözümün önündə çıxar.
Apar,
ürəyini,sevgini apar,
sevgilər tez ölür bu məmləkətdə...

Açıb gözlərini gözlərimə bax,
bir xatirə şəkli çək..
yaşasam, səndə qalsın,
ölsəm, başdaşıma qoy!


***
Daha bu dağların havası ağır ,
yamacı darıxıb quzu səsinə...
Bizi aldatdılar , o ucalıqdan ,
götürüb atdılar Yer kürəsinə.

Bir az yağışında, bir az qarında ,
darıxdı kişilər , tənha qadınlar...
Sən demə, təkliklə yararsız olur ,
cütləşib tamlaşır bütün adamlar.

Mən necə adamam, deyim , sən də bil ,
sevincdən ,kədərdən misra düzəldib
heca doldurmağa söz axtarmıram...
Olubdur özümdə olmayan günüm ,
özümə gələndə, öz həyatımdan
kimlər gəlib-keçib, iz axtarmıram.


***
Çox çətindir şeir yazmaq sevmədiyin qadına,
çox çətindir xoşladığın bir qadını yazmamaq.

Nə gözəldir yanağında təbəssüm,
çox yaraşır saçlarının rənginə.
Səsində də şirinlik var bir qədər,
darıxıram, darıxıram, zəng elə.

Az olmayıb şeir yazıb verdiyim,
az olmayıb şeir kimi qadınlar.
Gedənlər də az olmayıb, deyim bil,
getsələr də, getməyirlər, qalırlar.

Nə gözəldir yanağında təbəssüm,
nə gözəldir əllərində incəlik.
Biz vaxtında görüşsəydik səninlə,
vurulardım, bağlanardım üstəlik.


***
Bu dünyada nəyim var ki, iki uşaq, bir qadın
İki buzov, iki inək, iki itim, bir atım...
Bir də, bir də 30 yaşa yaraşmayan adım var.
Qollarım var, çiyinlərdən dizimədək asılıb
silah kimi, mələk kimi boş gövdəmi qoruyur.

Çarpayım var, taraz deyil boyuma
bu qəbirdə, bu yuvada bacar görüm, bacarsan,
öz fikrindən, düşüncəndən yayınma.

Vallah-billah, otuz yaşdan çox böyükdü ağrılar.

Nə yaxşı ki şəkillər var, xoş günlərdən xatirə,
Nə yaxşı ki, uşaq olub şəkillərdə gülmüşük.
Gəlməsəydik, boş qalardı yaşımızın bu yeri
nə yaxşı ki, yeddi yaşdan otuz yaşa gəlmişik.

Nə yaxşı ki, uşaqlar var, ruhumuzun meyvəsi,
nə yaxşı ki, böyüklər var, yanlarında uşağıq.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930