manera.az
manera.az

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...

📅 13.12.2018 09:45

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...
Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur. Müharibədə insanlar psixoloji tramvalar alır, uşaqlar öz doğmalarını itirir, qadınlar ərlərini, atalar övladlarını... Bu dəfəki müsahibimiz də müharibə görmüş və müharibə haqqında “Mübarizə yolu” adlı roman yazan bir qadındır. Müharibənin həyəcanı, qorxusunu şəhid Pirnəzərov Rizvan Məhərrəm oğlu ilə birlikdə yaşamış Süleymanova Elzadə duyğularını Manera.az-la bölüşüb.

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...Məlumat üçün bildirək ki, şəhid Pirnəzərov Rizvan Məhərrəm oğlu 1963-cü il 25 fevralda Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. 1980-ci ildə S. Vurğun adına Gölkənd kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi Siyasi məktəbinə daxil olub. 1984-cü ilin avqustunda təhsil müddəti qurtardıqdan sonra Əfqanıstan Respublikasına göndərilib. Əfqanıstanda çox sayda döyüşlərdə iştirak edib. Göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni, SSRİ və Əfqanıstan Respublikasının medalları ilə təltif olunub. 1986-cı ilin sentyabrından 1990-cı ilin aprelinədək Pribaltika Hərbi Dairəsində qulluq edib. R. Pirnəzərov 1992-ci il 13 avqustda Gədəbəy rayonunun Şınıx bölgəsində qəhrəmancasına həlak olub. R. Pirnəzərov yaratdığı tabura elə bir iz qoyub getdi ki, o tabur cəbhədə mərdliklə vuruşub və tabe olduğu briqadada birinci olmağı ilə bərabər digərlərinə də nümunə olub.

- Elzadə xanım, ali təhsiliniz hansı sahədədir?...

- Mən Rusiyada Kənd Təsərrüfatı İnstitutuna daxil oldum, lakin oranı tam bitirməmişəm. Sonra Estoniya Kənd Təsərrüfatı Akademiyasına dəyişdirilərək təhsilimi orada davam etdirmişəm. 1990-ci illərdə ölkəmizdə Sovet hakimiyyətinin dağıdılması ilə əlaqədər olaraq, iqtisadçılara daha çox təlabat olduğu üçün, burada- Azərbaycanda İqtisad universitetinə daxil oldum. Elə oranı bitirirək hazırda iqtisadçı kimi fəaliyyət göstərirəm.

- Dediniz ki, iqtisadçı kimi fəaliyyət göstəririsiz. Bəs sizdə roman yazmaq həvəsi necə yarandı?

- 1988-ci ildə ki, bizim kəndimiz deportasiya olundu, biz o kəndimizin niskilini yaşayırdıq, xatırlayırdıq. Kəndimizin coğrafi mövqeyi, adət-ənənələrini nəsildən-nəsilə yadigar qalsın deyə özümə borc bildim bu kitabı yazmağa. Eyni zamanda, bildiyiniz kimi həyat yoldaşım Pirnəzərov Rizvan 1992-ci ildə Gədəbəyin Şınıxlı qəsəbəsində Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Romanda əsərin baş qəhrəmanı olan həyat yoldaşımın döyüş müxtılif bölgələrindəki qəhrəmanlıqlarından bəhs etmişəm.

- Bu bir qadın fədakarlığıdır...

- Yoldaşım ona layiqdir. O öz torpaqlarımız üçün vuruşub, həm də Əfqanıstanda müharibədə olub.

- Çətin dövrdə yaşmısız...

- Biz şəhərcikdə yaşayırdıq. Müharibə zamanı həyəcan siqnalı çalınanda bəzi kişilərin qaçıb gizləndiyini görmüşəm. Bəzən yoldaşları ərlərini gizlədirdi, müharibəyə getməsinlər. O çətin dövrdə hördüyüm corabları döyüşən əsgərlərimizin ayaqlarında gördükdə qürur duyurdum. Bu kimi faktlar məni vadar edib ki, öz həyat yoldaşımdan roman yazım. Göstərim ki, tarixdə məhz belə qəhrəmanlar olub.

- Qeyd etdiyiniz kimi, yoldaşınızla müxtəlif ərazilərdə döyüşüb. Sizdə onunla birlikdə həyacan keçirmiş, döyüşlərə şahidlik etmisiz. O dövrdə başınıza gələn olaylardan danışaq...

- Müharibə zamanı yoldaşımla çox az-az görüşə bilirdik. Şəraitsiz bir evdə yaşayırdıq. Evin döşəməsi taxtalar idi. Altda qoyun saxlamışdılar, evdən çox pis qoxu gəlirdi. Ev əvvəllər erməni evi olmuşdu. Yoldaşım bizə yaxın ərazidə kazarmada əsgərlərə təlim keçirdi. Günlərlə vaxtı olmurdu evə gəlməyə. Bütün qorxulara dözüb yaşayırdım. Yoldaşım əsl hərbiçi idi. Eyni zamanda peşəkar kəşfiyyatçı idi. O əfqanıstanda 80 döyüşdə iştirak edib. Yoldaşım bir gün mənə dedi ki, gedək Şınıxlıya, sənə paltar alaq. Və gedirdik ki, yolda qarşımızı bir maşın kəsdi və maşının içindən dörd erməni əsgəri düşdü. O zaman mən çox həyəcan keçirdim. Yoldaşım çox soyuqqanlı davrandı, sürücüyə işarə etdi ki, sakitcə yandan keçib getsin.

- Nəticə necə oldu?

- Məqsədlərini bilmədik. Yenidən maşına minib yollarına davam etdilər.

- Hərbi hissələrə gedirdiz?

- Bir dəfə məni hərbi hissəyə dəvət etmişdilər. Bayram idi. Rus qadınla ikimiz oturmuşduq. Əsgərlər bizə yemək gətirdi. Qarabaşaq idi, üstünə ət qoyulmuşdu. Yoldaşım onu qaytardı ki, əsgərin payını yemək olmaz. Qoymadı biz yeyək... (gülür)

- Yoldaşınız xidmətlərinə görə nə kimi mükafatlar alıb?

- Əfqanıstanda vuruşub (1984-1986-ci illər) qayıdanda ona milli qırmızı orden verildi. Onun haqqında yerli və xarici mətbuatda çoxlu məqalələr yazılıb. Yoldaşım bir neçə dəfə əsgərlər tərəfindən yerləşdirilən minaları zərərsizləşdirib. İtkin düşmüş əsgərlərin ailələrinə göndəriləcək tabutlarınına cənazə əvəzinə başqa bir şey qoyularaq onların aldılmalarına ehtiraz etmişdir. O həm də Milli Ordunun yaranmasında böyük xidməti olub.

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...

- Bəs ona Milli Qəhrəman adı verilməyib?

- Xeyr. Bir dəfə də dörd hərbi geyimli şəxs bizə gəlib dedi ki, bütün əmrlər hazırlanıb sizin yoldaşınız Milli Qəhrəman adı alacaq. Lakin sonradan nə oldusa, o ad mənim yoldaşıma verilmədi. Onun əvəzsiz xidmətlərini xalq bilirsə, bu mənim təsəllimdir.

- “Mübarizə yolu”unda yaşadığınız ərazilərdən də bəhs olunur...

- Bəli. Yadıma gəlir 70-ci illər. İnsanlar torpaq evlərdə yaşayırdılar. Sonralar o evlər ikimərtəbəli binalar oldu. Əlbəttə, bu asan başa gəlmədi. Əl zəhməti ilə hazırlandı. Atam da iki ev tikmişdi. İndi də gözümün qabağındadır onun evimizin qabağında əziyyətlə ağaclar əkib, becərməyi. Heç kəs istəməz ki, doğma yurd-yuvasından didərgin düşsün.

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...
- Elzadə xanım neçə müddətə başa gəldi, bu romanı yazmaq?

- Beş ilə. Materialları toplamaq uzun çəkdi. Mən kitabımda yoldaşımın iştirak etdiyi bütün döyüşlərdən bəhs etmişəm. Kitabı 200 trajla çap etdirdik. Kitaba maraq olduqca çox oldu. Yenidən çap edib, paylamağı nəzərdə tutmuşuq.

- Daha bir romanınız da var...

- Bəli. Bu romanda da çoxlarınım toxunmadığı bir mövzuda – Dul qadın haqda yazmışam. Bilirsiz, cavan yaşında yoldaşını itirmək asan məsələ deyil. Mən də 27 yaşımda yoldaşımı itirmişəm. Bütün ağrı acıları ifadə etməyə çalışmışam.

- Hazırda yenə yazırsız?

- Üzərində işlədiyim kitab sahibkarlar üçün dərslik kimi istifadə olunacaq bir kitab olacaq. Kitab 6 aya hazır olacaq. Yarı Şərq, yarı Qərb üslubunda qələmə aldığım bu romanın da oxucular üçün maraqlı olacağına əminəm.

- Elzadə xanım, bir qadın üçün bu romanları yazmaq çətin deyilmi?

- Xeyr. Mən iqtisadçı olsam da, ədəbiyyatı çox sevirəm. Faydalandığım yazıçılar da var. Mənim romanlarımı oxuyanlar sonradan mənə deyirləri ki, kitablarınızda qeyd etdiyiniz faktların çoxunu bilmirdik. Oxucular maraqla qarşılayırlar. Təbii ki, mən də müxtəlif mənbələrdən yararlanıram. Tarixi mövzularda yazılmış romanları oxuyuram.

Son olaraq, bir şəhid yoldaşı olmaq Sizə hansı hissləri yaşadır?... Bu haqda danışaq...

Şəhid yoldaşı: Ona hər zaman ehtiyac duyuram...
- Mən ona bənzər insan görməmişəm. Onun üçün nə etsəm azdır. Ona hər zaman ehtiyac duyuram. Gündüzlər başım işdə qarışır, gecələr onun yoxluğunu daha çox hiss edirəm. Bilirsiz, mən iki qız övladı da itirmişəm. Övladlarımın vəfat etdiyi gün onun yoxluğunu daha çox hiss etdim. Böyük qızım dünyasını dəyişəndə atasının şəklini onun yanına qoyduq. O zaman elə bildim, üzərimdəki yük yarıya endi. Bir hissəsini yoldaşım qaldırdı...

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ


-


Baxış sayı - 1 413 | Yüklənmə tarixi: 13.12.2018 09:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031