manera.az
manera.az

Yolun sonu... - Kamran Əliyev yazır

Yolun sonu... - Kamran Əliyev yazır
Neçə illərdir başımızın üstündə ölüm kabusu dolaşır - nəslimə yerikləyən ölüm kabusu. Bu kabus mənim dostluğumda olanlara dişlərini yaman qıcayıb. Əvvəlcə Vəli Nəbiyevi, sonra Arif Əmrahoğlunu, indi də Zaman Əsgərlini apardı.

Tanışlığımızdan bir az sonra Zamana həsr edilmiş bir məqalə yazdım. Haqqımda çap edilən "Cığır yola çıxır" məqaləsinin sərlövhəsinə uyğun olaraq həmin yazıya "Cığır yola qovuşur" adını verdim. Zaman dedi ki, niyə belə eləyirsən, cavab verdim ki, nə fərqi var, ikimiz də eyni bir yola çıxırıq, amma hiss edirəm ki, bu yol çox ağır, çox keşməkeşlidir.

Aspirantlar evində bir otaqda qalırdıq. Çarpayılarımızın yanında qoyulan stollar üz-üzə idi. Yaza-yaza ara-sıra zarafat eləyirdik. Qonşu otaqlarda qalan Vilayət Quliyevlə Teymur Kərimli də hərdən bizə təşrif gətirirdilər. Bütün gecə boyu çay içib söhbətləşərdik. Zaman bizim nəslin nümayəndələri içərisində dəqiqliyi daha çox sevərdi. Mübahisələrimiz zamanı bəzən kitablarını ələk-fələk eyləyib konkret faktlar tapıb çıxarardı. Zaman Əsgərlinin elmi erudisiyasının nüvəsində tədqiqat üçün son dərəcə səciyyəvi olan konkretlik prinsipi dayanırdı.

Zaman Əsgərli geniş elmi yaradıcılığa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsinin təhlili ilə başlamışdı. İlk araşdırması olmasına baxmayaraq, bir əsərin faciə janrının yaranmasındakı tarixi rolunu lazımınca qiymətləndirə bilmişdi. Bu tədqiqat işi ədəbiyyatçünaslıq tariximizdə həm bir əsərə necə yanaşmanın, həm də bir əsər vasitəsilə bütöv janrın əsas xüsusiyyətlərini necə aşkarlamağın yeni yolunu göstərdi. Tədqiqatın nəticəsi belə bir mühüm fikri ortaya çıxardı ki, hər hansı janrın ideya-bədii imkanlarını ayrıca götürülmüş bir əsər vasitəsilə də müəyyənləşdirmək olar.

Aspirantura illərində çox vaxt bütün gecəni işləyib səhəri dirigözlü açardıq. Həmin günlərin birində gördüm ki, Zaman "Müsibəti-Fəxrəddin" əsərini qarşısına qoyub səhifələrini sürətlə çevirə-çevirə nələrinsə altından xətt çəkir. Dedim ki, kitabı korlama. Cavab vermədi. Azca gözlədim, gördüm ki, xeyri yoxdur, yenə dedim: uşaqsan, kitabı da yazıq-yazıq eləyərlər? Bu dəfə cavab verdi ki, belə şeyləri sən bilməzsən. Mən də daha dinmədim. Bir xeyli keçəndən sonra dedi ki, qurtardım. Soruşdum: nəyi qurtardın? Cavab vermədi, ayağa qalxıb mətbəxə keçdi, bir stəkan su içib geri qayıtdı. Yenə üz-üzə oturduq. Bu dəfə çox ciddi görkəm alıb danışdı: "Bilirsən, nə tapmışam? Rüstəm bəyin nitqində işlənən "mən" sözlərinin altından xətt çəkib sayırdım - onlar əsərdə 174 dəfə təkrar olunur. Rüstəm bəyin mənəmliyini və lovğalığını hərə bir cür izah edir, amma bu barədə ən tutarlı fakt onun nitqindəki "mən" sözlərinin sayıdır". Zaman itirdiyi ən nadir bir əşyanı tapdığı kimi bu faktın üzərində çox həyəcan keçirirdi, nəyisə həll edəcəyinə əməlli-başlı inanmışdı. Mən də hiss elədim ki, cığır yeni bir yola çıxır, bu, bədii yaradıcılığın poetikası məsələsi idi.

Yolun sonu... - Kamran Əliyev yazır

Elə belə də oldu. Namizədlik dissertasiyasının müdafiəsindən sonra Zaman Əsgərli "Faciə janrının poetikası" adlı doktorluq dissertasiyası üzərində işləməyə başladı. Bu tədqiqatdan bəlli oldu ki, Azərbaycan ədəbiyyatşünaslığı tarixində "poetika" adlı ilk doktorluq dissertasiyası məhz Zaman Əsgərliyə məxsusdur.

Əslində faciə janrının əsas nümunələri haqqında yazmaq çox çətin idi. Bu, bir tərəfdən janrın təbiətindən irəli gəlirdisə, digər tərəfdən də bu haqda görkəmli alimlərin sanballı tədqiqatlarının ortada olması idi. Söhbət akademik Məmməd Cəfər, akademik Məmməd Arif, AMEA-nın müxbir üzvü Yaşar Qarayev kimi elm adamlarından-korifey ədəbiyyatşünaslardan gedir. Məmməd Cəfər müəllim Hüseyn Cavid, Məmməd Arif Cəfər Cabbarlı, Yaşar Qarayev isə həm Cavid, həm də Cabbarlı faciələrindən fundamental əsərlər yazmışdılar. Amma Zaman Əsgərli bacardı, bu işdə onun ən yaxın köməkçisi "poetika" anlayışı oldu və bu anlayışdan doğan yanaşma üsulları həmin faciələr barəsində yeni söz deməyə imkan yaratdı. Əslində Zaman Əsgərli bu tədqiqatı ilə öz adını həmin görkəmli tədqiqatçıların adı ilə bir sıraya yaza bildi.

Zaman Əsgərlinin 50 yaşı tamam olanda onun haqqında ikinci məqaləni yazdım: "Ardıcıllıq meyarı". Redaksiyada məndən soruşdular ki, məqalənin adını niyə belə qoymusan? Mən də cavab verdim ki, Zaman qət etdiyi çətin və mürəkkəb elm yolunda yazdıqlarının həm məsuliyyətini, həm də ardıcıllığını bilən, onu qoruyan nadir ədəbiyyatşünaslardandır. O, yazıçı və alim şəxsiyyətinin qiymətləndirilməsində, bir obrazla digər obraz, hətta obrazla müəllif və tədqiqatçı arasındakı əlaqələrin tapılmasında, elmi rəhbəri ilə özünə aid varislik prinsipinin qorunub saxlanılmasında yeni düşüncə tərzi nümayiş etdirirdi. Məqalədə Zaman Əsgərlinin özünün müxtəlif məqamlarda söylədiyi yolları da xatırlatmışdım: "Dədə-baba yolu", "iztirablı bir yol", "öyrənmək yolu", "sənət yolu", "qeyrət yolu". Bunlar əxlaqi dəyəri, çətinliyə dözməyi, həyat prinsipinə sədaqəti, sənətin intəhasızlığını və vətəndaşlığı ifadə edirdi. Əslində Zaman Əsgərlinin çeşidlədiyi həmin yollar onun şəxsiyyətini və yaradıcılılğını təyin edən amillər idi.

Zaman Əsgərli şöbə müdiri kimi elmi müzakirələri çox tələbkarlıqla aparardı. Qüsurları düzəlməyən işi şöbədən müdafiəyə buraxmazdı. Hətta mənim Mir Möhsün Nəvvabdan yazan dissertantımın da elmi tədqiqatını iki dəfə müzakirə etdirəndən və təyin olunmuş rəyçilərin yazılı rəyini alandan sonra müdafiəyə buraxdı. O, elm adamı kimi tələbkar olduğu qədər də cəsarətli idi. Zaman Əsgərli doğrunu və düzü hər şeydən üstün tuturdu, hamını doğruluğa və düzlüyə səsləyirdi, özü də doğrunun və düzün müdafiəçisi olan alim kimi yaddaşlara köçdü.

Ötən əsrin 90-cı illərindən başlayaraq bizim nəslin nümayəndələrinin əksəriyyəti müəyyən səbəblərə görə institutdan getdilər: Muxtar İmanov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Alxan Məmmədov, Şamil Vəliyev, Tahir Mənsimov, Füruzə Köçərli, Arifə Məmmədova, Gülnar Səfərəliyeva və başqaları. Amma Zaman Əsgərli cığırın yola çıxdığı vaxtdan son günə qədər Ədəbiyyat İnstitutunda qaldı və əmək kitabçasına da yalnız bir müəssisənin adı yazıldı. O yalnız ədəbiyyatşünaslığın deyil, həmçinin doğma iş yeri olan Ədəbiyyat İnstitutunun da təəssübünü çəkən fədakar alim idi.

Zaman Əsgərli haqqında üçüncü məqaləni yazdım: "Yolun sonu". Zaman Əsgərli cığırla başlayan və enişli-yoxuşlu keçidləri olan yolun sonuna çatdı: haysız-küysüz, səssiz-səmirsiz. Çətinlik çəkirəm, amma deməyə də bilmirəm: Allah sənə rəhmət eləsin, Zaman Əsgərli! Bu yolun son nöqtəsini çox tez qoydun, əziz dost!../edebiyyatqazeti.az/

Kamran ƏLİYEV,
ilologiya elmləri doktoru,professor
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930