manera.az
manera.az

Nəriman Həsənzadə ilə görüş

📅 21.04.2018 19:49

Nəriman Həsənzadə ilə görüş
Aprelin 20-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Əməkdar İncəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə “Həyat bir nərdivandır” adlı görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, Mərkəzin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova şairin yaradıcılığının bədii təsir gücündən danışıb.

Nəriman Həsənzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Şair, Əməkdar Mədəniyyət İşçisi Vaqif Bəhmənli lirik şeirlər, poemalar və bir sıra dram əsərlərinin müəllifi olan Nəriman Həsənzadə poeziyasını təhlil edərək onu hamının, o cümlədən "psixoloqların psixoloqu” adlandırıb.

Qeyd olunub ki, 1 yaşında atasını, 23 yaşında anasını, 56 yaşında həyat yoldaşını itirərək həyatın çox sınaqları ilə üzləşən şairin qələmə aldığı misralar onun ağrı, iztirab və yaşantılarını, eləcə də sevgi və duyğularını sanki bir rəsm tablosu kimi canlandırır.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şairin poetik istedadından, gənclər arasında dillər əzbəri olmasından, yaddaş kitabçasının sevimli sətirlərinə çevrilən qanadlı misralarından danışıb.

Nəriman Həsənzadə yaradıcılığının pərəstişkarları onun şeirlərindən nümunələr səsləndirib və həmin şeirləri nitq problemləri olanlar üçün istifadə olunan işarət dilində də paylaşıblar. Müğənni Səyyad Əlizadə şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib.

Şair görüş iştirakçılarının ona ünvanlanan suallarını cavablandırıb, yeni şeirlərini oxuyub.

Tədbirin təşkilatçıları şairə xatirə hədiyyələri, şair isə oxucularına kitablarını bağışlayıb.


Baxış sayı - 1 711 | Yüklənmə tarixi: 21.04.2018 19:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031