Bakıda beynəlxalq elmi konfrans keçirilir
Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Milli Konservatoriya və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan konfrans konservatoriyanın xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran” kompozisiyasının səsləndirilməsi açıq elan olunub.
Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi konfrans iştirakçılarını salamlayaraq təhsil ocağının fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırdı ki, Milli Konservatoriya ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılıb. Təhsil müəssisəsinin tərkibində Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası fəaliyyət göstərir. Professor-müəllim heyəti xalq çalğı alətləri üzrə peşəkar musiqiçilər, dirijor, xanəndə, tanınmış musiqişünas və digər mütəxəssislərdən ibarətdir.
Elmi tədbirin əhəmiyyətindən danışan rektor bildirib ki, iki gün davam edəcək konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etnomusiqişünaslar, musiqi tədrisi üzrə mütəxəssislər, beynəlxalq ekspertlər iştirak edir: “Belə elmi konfranslar ölkələr arasında mədəni yaxınlaşmaya töhfə verir. Tədbirdə səslənəcək fikirlər, aparılacaq müzakirələr musiqi sahəsində olan problemli və maraqlı məqamlara diqqəti artıracaq. Musiqi sistemində dünyada baş verən yeniliklərə nəzər salınacaq və bu kontekstdə Azərbaycan musiqisinin müasir inkişafı məsələlərinə diqqət çəkiləcək”.
Daha sonra AMK-nın prorektoru, professor Lalə Hüseynovanın “Azərbaycan Milli Konservatoriyası ali musiqi təhsilinin müasir Şərq modeli kimi” mövzusunda məruzəsi dinlənilib.
Konfrans AMK-nın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Cahangir Səlimxanovun moderatorluğu ilə plenar iclasla davam edib. İclasda Yaponiyadan olan professor Genichi Tsuge “Musiqi şifahi ənənə kimi”, professor Uğur Alpaqut (Türkiyə) “Türk musiqi mədəniyyətinin müasir dövrdə elmi tədqiqi”, Aleksandra Sultan Büssüldorf (ABŞ) “Qadın muğam ifaçıları - xanəndələrin ifasında uzunmüddətli orta spektrdən istifadə edilən bəm və zilin akustik təhlili” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, “Qloballaşan dünyada musiqi ənənələri” beynəlxalq elmi konfransı oktyabrın 27-də başa çatacaq. Elmi tədbir çərçivəsində yerli və xarici musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunacaq.