manera.az
manera.az

Afrodita ilə zəruri qarşılaşma...- Şeirlər

📅 11.09.2017 10:00

Afrodita ilə zəruri qarşılaşma...- Şeirlər
Ülvi Şirinov
\***
-Qadın!Qışın gəldiyini bilməzdim...
...saçlarından gələn şaxta varlığımı dondurmasaydı...
-Qadın!Gecənin düşdüyünü bilməzdim...
...gözlərin əsrlərin yorğunluğundan bezib
uçulan qəsrlər kimi intihar etməsəydi.
-Qadın!Insanların laqeydliyini anlamazdım...
...Əzrayılın boğazını cırmağına belə məhəl qoymayan qulaqların olmasaydı.
-Qadın!Həyatın durğunluğu kül edərdi ümidlərimi...
Yüzillərdir bu durğun həyatla çarpışan ağaclara bənzəyən
əllərin...ayaqların olmasaydı.
-Qadın!Bütün kişilərin arzuları sənin vicdanında intihar elədi...
Bütün kişilərin xəyalları sənin qürurunda boğuldu...
Bütün kişilərin ümidləri özlərindən əvvəl öldü...
-Qadın!...
Gəl...ver əllərini mənə indi...
Nə qədər Tanrının qəzəbində qırmızı işıq yanır...
Keçirdim səni bu fil körpüsündən...


GECƏMİN SON NƏFƏSİ

Mən nələr çəkdiyini bilirəm,gecəm

Sən nələr çəkdiyimi bilirsən necə

Gizlicə-gizlicə...pıçılda qulağıma

De ki,mən Ayı çox gözlədim

Çox özlədim...

Yetim ulduzlar qoynuma sığınanda

Deyim ki,üzülmə,gecəm,üzülmə

Ay anadısa qayıdacaq...

Ancaq atadısa indidən əlini üz...

Qəlbində bir buz

Qəlbimdə bir köz.

Bir az viski...

Süz,gecəm,süz

Sənə nəğmə qoşanların sağlığına yüz...

Gecəm,ağlağan gecəm...

Nizaminin gizlincə gələn yarı bəlkə elə sən özünsən?!...

Danış,gecəm,danış

“Yenə ol mah mənim aldı qərarım bu gecə,

Çıxacaqdır fələkə naleyim zarım bu gecə”

Tanış gəlir qulağıma bu sözlər necə...necə

Ahh...gecəm məzlum gecəm...ufaq gecəm...

Sən nə sadiq imişsən

Sən nə xain imişsən.

Sən nə doğma imişsən

Sən nə yad imişsən.

Başdan-ayağa istedad imişsən.

Ölmə,gecəm,ölmə

Olmayan qadınlarımı

Yaşanmayan xöşbəxtliyimi

Yazmadığım şeirlərimi

Qaytarmadan ölmə,gecəm...ölmə
Mən çox Günəş gördüm həyatımda
Cəhənnəmi paxıllığından çatladan.
Amma ölmədim
Onsuz da indi ölənləri it yerinə də qoymurlar,gecəm...
Yaşa...yaşa ki,yaram sağalsın
Bəlkə də sən bilmirsən amma
Mən həyatımda neçə-neçə Günəş keçdim...
Yandım,amma ölmədim
Elə ona görə də sən olmağı seçdim
Gecəm!...
Mən də gecəm...
Sən də gecsən...
Hamı da gecdi,gecəm...


YOLUN SONUNDAN MƏKTUB...

Haralardasan,cığır saçlı qız,haralardasan?..
Həyat anasız uşaqların laylasız yuxuları,
Atasız uşaqların özünü müdafiə qorxularıdı.
Bəzən günəş səni sadəcə yandırır...
Sənsə Yer kürəsindəki
Son iki ayaqlıq buz parçasında dayanıb
günəşə baxaraq inadla gülümsəyirsən.
Haralardasan,cığır saçlı qız,haralardasan?..
Insan özünü aldadan yeganə canlıdı.
Çünki azad deyil
Azadlıq olan yerdə aldanış olmaz
Azadlıq odur ki,sənin ürəyin bütün qəfəslərdən böyük olur.
Bütün qızıl qəfəslər sənin ürəyinin içində buxarlanıb gözdən itir.
Atları görmürsənmi atları...
...ucsuz-bucaqsız düzəngahlarda
Elə gözəl uçurlar ki...
Hər qanad səsində
bir qəfəs qırılır Yer kürəsində...
Haralardasan,cığır saçlı qız,haralardasan?..

Gör nə vaxtdı
Doğruluq və cəsarət mövzularında 1-ci qrup əliləm.

Gör nə vaxtdı
Gecələr yatmağa,səhərlər oyanmağa səbəb tapmıram.

Gör nə vaxtdı
Kitab oxuyanda gülmürəm?,
Filmə baxanda ağlamıram.
Gör nə vaxtdı bomboşam?..
Gör nə vaxtdı heç kiməm?
Gör nə vaxtdı yoxam mən?..
Haralardasan,cığır saçlı qız,haralardasan
Hansı telindəsən?


MƏNƏVİ İLTİHAB...

Mən...
qocalar evinin titrəyən kandarı oluram hərdən...
...unudulmuşluqdan və kədərdən...

Mən...
uşaq evinin lövhə tavanı olmaq istəyirəm hərdən...
...hər uşaq bir kəlmə gözyaşı yazır sinəmə...ilıq

Mən...
...özün asmış anasının...
...son məktubun oxuyan balaca ümidin...
...əlindəki son məktub oluram hərdən...
Ancaq ümid bala hələ əlifbanı öyrənməyib
Eybi yox...əvəzində ilk və son dostunun ümid olacağını öyrəndi...
Mən...
...əri müharibədə ölmüş qadının nişan üzüyü oluram hərdən...
...intihar kəndiri yəni...
...ya da övladının cırılmış məktəb çantası...
...özünün batmış qədim gəmiyə bənzər ayaqqabısı...
..artıq taqət yoxdu....arzulayası...sevəsi...unudulası...
Mən...
...özüm olmaq istəyirəm hərdən...
...istəyirəm...
...çoox istəyirəm...
...lap çox istəyirəm...
...hər şeydən çox istəyirəm...
...hər kəsdən çox istəyirəm...


Baxış sayı - 1 741 | Yüklənmə tarixi: 11.09.2017 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031