Zəfər bayramında Türk Şəhidliyi ziyarət edildi

Türkiyənin 30 avqust - Zəfər bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər.
Əvvəlcə şəhidlikdəki abidə önünə əklil qoyulub. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra səfir Şəhidlik dəftərini imzalayıb.
E. Özoral çıxış edib. Səfir qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb: "Bu əzmkarlığın azalmadığını ötən il dünyaya bir daha göstərdik. Bu əzmkarlıq eyni güclə davam edəcək". 
Qeyd edək ki, 30 avqust- Zəfər Bayramı Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.
Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.
Biz də MANERA.AZ olaraq qardaş Türkiyə dövlətini bu günkü Milli bayramı münasibətiylə təbrik edir, ən səmimi arzu və diləklərimizi yetiririk.