"Həyat yoldaşına yazılanlar" adlı layihə çərçivəsində şairlərin xanımlarına ünvanladıqları şeirlər yayımlanacaq. Bu dəfə şair Qismətin həyat yoldaşı İlahə xanıma yazdığı şeiri təqdim edirik: 23 Bəsdi, 23, bəsdi,
vergülü evdə qalmış kəlmələri danlama,
əlaçı sözlərdən soruş dərsi
çağır dildən qaçanların valideyni gəlsin...
Dünya bütün dillərində sus!
Bəsdi, 23, bəsdi,
heç nəyi deməmək
hər şeyi deməyə öz evində uduzmasın.
Bir də belə gözəl yığmasın
əlin saçlarını qulağının arxasına...
Sənin fırtınan ev yıxan deyil, bilirəm,
Amma içimdə bir tonqal var ki, gəl, görəsən...
Bəsdi, 23, bəsdi,
Harda səni görsəm
dizlərim əsər
və seysmoloqların qış yuxusu bitər
Rixterin atası xatırlanar bütün kanallarda.
Mənim gözlərimin göydələnindən
çox adam düşüb, 23.
Əzabım gözləri qıyıq Xirosima...
Bəsdi, 23, bəsdi,
özünü bilməzliyə vurma
yaxşı bilirsən ki,
ayrılıq görüşdən daha sırtıqdı.
Yaxşı bilirsən ki,
yalan marka geyinir,
həqiqətin çuxası yırtıqdı.
Bəsdi, 23, bəsdi,
görmədinmi,
adamlar necə adamlığı soyunub,
daş dövrünü geyindilər?
Görmədinmi,
tarix yenə gülümsəyib
hamımıza salam verdi.
Hə, 23,
kim bilir
bəlkə Azadlıq elə
Qəddafi gizlənən yerdi?
Axtarış Hərdən qalib olursan
söz güləşdirməyin yunan-roma növündə.
Qoç bürcünü yamsılayır baxışların,
əllərin göyərçinləri bir az...
Sözlərinlə çarmıxlayırsan məni
gecənin divarına.
Mel Gibsonsuz bir filmdə
İsanı oynayıram,
plastik zəncirlər içində Prometey oluram
universitet teatrında.
Səni istəyirəm, səni axtarıram
altından xətt çəkilmiş kitab cümlələrində.
Sənsə elə burdasan, bax burda,
sol tərəfimdə, 288 nömrəli avtobusda,
işdə, yolda, güzgüdə,
"Prins” şadlıq sarayına qonşu bir evdə
və həm də bunların hamısında,
heç birində.
Gecələr, bəzi gecələr,
hücum çəkir üstümə
dodağından çıxan
qara maskalı cümlələr.
Axşam xəbərlərində
adım "mərhum” sözündən sonra...
Şahid kimi dindirilən qapılar danışıblar:
"Xəbərimiz yoxdu”.
Polis iki vergül tapıb, bir də nida
və belə təsbit edilib cinayət silahı:
"Səsboğucu taxılmış son model ƏLVİDA".
İndi mənim üzümdə göz,
sinəmdə söz izi var.
İndi nə bilsinlər kim necə baxıb,
İndi nə bilsinlər söz kimdən çıxıb,
Nə bilsinlər sən hardasan?
Sənsə elə burdasan, bax burda,
288 nömrəli avtobusda,
"Karl Marks” küçəsində,
tədbirdə, marketdə, internetdə,
atanın evində
və əlbəttə, bunların hamısında
və əlbəttə, bunların heç birində.
Mən səni sevdim,
çünki bezmişəm ürəyin
həbs-müvəqqəti imkan tədbirlərindən...
çünki küçələrin adamsız vaxtı
ulduzları parıldadana,
fikrimizi quş kimi qanadlı qılana,
həmişə olacaq olana inanıram.
çünki sənin gözlərin dənizdi,
çünki mən balıqlar bürcündə çırpınıram...
Başlamaq Günəşimi gecələrdə gizlətdim,
neçə sevgi soyundum ürəyimdən,
neçə adam itirdim,
amma ümidimi üzmədim,
yaşadım, sənəcən, yaşadım.
Tez-tez qaçdım bu şəhərdən
vannalarda kağız gəmilərlə,
içində getmək sözü olan şeirlərlə qaçdım...
Ayaqqabılarımı atdım əjdaha yolların ağzına
amma sən başını qaldırıb saçlarını oynatdın,
gülümsədin...
Bitdim mən
Başladıq Biz.
Səsində tərbiyəli kitablar,
susmağında oxunmamış cildlərin ağırlığı,
gözlərin dənizlərlə əkiz...
Dənizgözlüm, səndə doğuldum
bürcüm balıqlar.
Xatirə Bir dəfə, bir dəfə, nəsə bir dəfə
yolum uzaq-uzaq ellərə düşdü.
onda İlahədən bir mesaj gəldi:
"sənsiz yuvasızam".
Adsız Pişik alaq süd içsin, çiçək alaq sula sən,
Əllərini şərf kimi boğazıma dola sən,
Çay dəmlə, məni gözlə, durub boylan yola sən,
Mən əlidolu gəlim, cumub məni qucaqla,
əlimdən yerə düşsün aldığım oyuncaqlar...
Sənin mənə "Can" deyən şirin dilindən öpüm,
O dəniz gözlərindən, o gül telindən öpüm,
Durum yazımın üstdən, gəlim əlindən öpüm,
O zərif əllərindən, o yumşaq əllərindən,
O körpə əllərindən, o uşaq əllərindən...
Halal olsun ruzimiz, haqq bizdən razı olsun,
Üstümüzdə həmişə bərəkət tozu olsun,
Əşşi mən nə dedim ki, olsun, qızımız olsun,
Anasından naz alsın, atasından dəyanət
Səadət bu deyilsə, onda nədir səadət?
/artkaspi.az
Baxış sayı - 1 743 |
Yüklənmə tarixi: 22.08.2017 17:59