Teleqraf.com 2016-cı ilin teatr mənzərəsini sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatşünas alim Vidadi Qafarovla təsvir etməyə çalışıb.
-Sizcə, 2016-ci il hansı tamaşalarla yadda qaldı?
-Bu il teatral tamaşaların premyerası anlamında o qədər də zəngin il olmayıb. Bununla yanaşı, qeyd etmək lazımdır ki, premyeraların sayı az olsa da ağır çəkili klassik əsərlərə xüsusi yer verilib. “Ölülər”, “Müfəttiş”, “Medeya”, “Min bir gecə” nağılları əsasında hazırlanan “999-cu gecə”, “Leyli və Məcnun”, “Mehmanxana sahibəsi” tamaşalarını buna misal çəkə bilərik.
Ümumiyyətlə, klassik əsərlərin dövründən, zamanından asılı olmayaraq səhnəyə qoyulması özü bir hadisədir. Amma təqdimat tamaşaların nə dərəcədə sənət hadisəsinə çevrilməsi artıq başqa söhbətin mövzusudur. Bu ilin ən yaxşı tamaşaları sırasında Akademik Milli Dram Teatrının “Müfəttiş”, Yuğ Teatrının “Medeya”, Musiqili Teatrın “999-cu gecə”, Gənc Tamaşaçılar Teatrının “Leyli və Məcnun” tamaşalarını xüsusi ilə qeyd edə bilərəm.
İradə Gözəlovanın quruluşunda hazırlanan “999-cu gecə”ni sırf sənət baxımından Musiqili Teatr üçün yeni bir mərhələnin başlanğıcı kimi qəbul edə bilərik. Bu tamaşanı bir neçə il öncə İradə xanımın quruluşunda hazırlanan “Kimdir müqəssir?” tamaşasının davam xətti kimi qiymətləndirə bilərik. Üstəlik, bu tamaşa birincidən fərqli olaraq daha musiqilidir.
“Leyli və Məcnun” tamaşası sanbal baxımından çox ağır tamaşadır. Rejissor Nicat Kazımov tərəfindən səhnələşdirilən tamaşaya maraqlı quruluş verilib.
“Müfəttiş” Azərbaycan teatrı üçün çox az səhnəyə qoyulan tamaşalardan biridir. Qoqolun bu əsəri dünya teatrlarında sevilə-sevilə səhnələşdirilən əsərdir. Tamaşa maraqlı quruluşu, aktyor ifaları ilə seçilir.
Yuğ Teatrında səhnələşdirilən “Medeya” əsəri yeni variantda tamaşaçılara təqdim olunub. Bu da quruluş etibarilə tamamilə fərqlənən tamaşalardandır. Rejissoru Mikayıl Mikayılovdur. Bilirsiniz ki, bu ilin noyabr ayında Bakıda Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransda 38 ölkədən 151 xarici qonaq iştirak edirdi. O qonaqların bir qismi “Medeya” tamaşasına da baxdılar. Və çox bəyəndilər. Onlar tamaşada rejissor quruluşunu, aktyor ifasını xüsusu qeyd etdilər. Tamaşa onlara çox təsir etdi.
Gənc Tamaşaçılar Teatrında rejissor Cənnət Səlimova tərəfindən səhnələşdirilən “Mehmanxana sahibəsi” Karlo Qordininin əsəri əsasında hazırlanıb. Əsər teatr səhnəsində fərqli və maraqlı quruluşda təqdim olundu.
“Bu əsərin ali məqsədinə mənfi təsir edib” -Akademik Milli Dram Teatrında təqdim olunan “Ölülər” tamaşası barədə nə deyə bilərsiniz? Tamaşa teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. -Doğrudur, Azər Paşa Nemətin quruluşunda təqdim olunan “Ölülər” birmənalı qarşılanmadı. Bu tamaşa barədə mənim də fikrim birmənalı deyil. Belə ki, bəzi məsələlərlə mən də razılaşmıram. İdeyanın çox tez açılması, yəni Şeyx Nəsrullahın simasının tez bəlli olması, Şeyx Nəsrullah və İsgəndər obrazlarının təsviri və s. Kefli İsgəndərin usanmış təqdim olunması Şeyx Nəsrullahla onun arasında konflikti azaldıb və əsərin ümumi konflikt əsasını zəiflədib. Bu da pyesin ali məqsədinə mənfi təsir edib. Baxmayaraq ki, tamaşada maraqlı səhnələr, maraqlı aktyor oyunları var. Orda yer alan kütləvi səhnələr xüsusi qeyd etmək istəyirəm. Azərbaycan səhnəsi üçün belə kütləvi səhnələrin yaxşı və maraqlı alınması o qədər də xarakterik deyil.
-“Azdrama” demişkən, bu il sözügedən teatr yeni təyinatları ilə yadda qaldı. İlin ilk günlərində Azər Paşa Nemətov “Azdrama” ya direktor təyin olundu. İlin sonlarına doğru isə Fuad Poladov “Azdrama”nı tərk etdi. Bu hadisələrin teatr prosesinə təsirini necə qiymətləndirirsiniz? -Azər Paşa müəllim Azərbaycan teatrında sözünü demiş çox istedadlı rejissorlarımızdandır. Onun Akademik Milli Dram Teatrına direktor və baş rejissor gəlməsi özü də teatr aləmində bir hadisə idi. Yəqin ki, Azər Paşa müəllimin də öz yeni planları, konsepsiyası var. Doğrudur, yanvardan bu yana teatrda üç premyeranın şahidi olmuşuq: “Ölülər”, “Müfəttiş” və “Vəsiyyət”. “Almaz” pyesinin də daxili baxışı olub, amma premyerası gələn ilə təsadüf edəcək.
Fuad Poladova gəlincə, mən də istəməzdim ki, Fuad Poladov Azdrama”dan uzaqlaşsın. Onun əsas iş yeri Rus Dram Teatrı olsa da Fuad Akademik Milli Dram Teatrında səhnəyə çıxıb, tamaşaçılar tərəfindən orda sevilir, püxtələşib və bu teatr onun ən doğma teatrı, azərbaycandilli tamaşaçılar isə onun ən doğma tamaşaçılarıdır. O həm də azərbaycandilli tamaşaçıların ən sevimli aktyorlarından biridir. Aydın Talıbzadənin bir fikri var idi, onu təkrarlamaq istəyirəm: “Fuad Poladov özü bir teatrdır”. Həqiqətən də belədir. Amma çox təəssüflənirəm ki, Fuad müəllim “Azdrama”nı tərk etdi və onun oynadığı tamaşalar da repertuardan çıxarıldı. Özü də bu tamaşalar teatrın repertuarında önəmli yer tuturdu: “Müsyo İbrahim və Quran çiçəyi”, “Şah Qacar”, “Boy çiçəyi”.
-Vidadi müəllim, ilin əvvəlində Yuğ Teatrı tarixi binasından çıxarılıb, Kukla Teatrında məskunlaşdı. Sizcə, bu onların fəaliyyətinə necə təsir etdi? -Yuğ Teatrının Kukla Teatrına köçürülməsi böyük ajiotaja səbəb oldu və teatr aləmində birmənalı qarşılanmadı. Buna baxmayaraq, Yuğ Teatrı Kukla Teatrında da öz fəaliyyətini davam etdirdi. Yeri gəlmişkən, orda yeni layihələr həyata keçirildi. Mikayıl Mikayılovun quruluşunda Mehman Musabəylinin “Toy səyahəti” əsərinin səhnələşdirilmiş oxunuşu tamaşaçılara təqdim olundu. Bu, teatrın ilk layihələrindən idi və ardı da gəldi. Yuğ Teatrı yerindən didərgin düşüb öz doğma binasından məhrum olsa da fəaliyyətini çox yaxşı davam etdirir. Arzu edərdim ki, onların simasında bütün binasız teatrlara bina verilsin.
“Klassik əsərləri belə kassaya uyğunlaşdırır” -Rusdilli tamaşaçıların axın etdiyi Rus Dram Teatrımız var. Bu il teatrda Fəxrəddin Manafovun baş rolu oynadığı “Kazanova: sevgi dərsləri” tamaşası, ilin sonunda isə “Əli və Nino” tamaşaları təqdim olundu. İzləyə bildinizmi? -Təəssüf ki, son tamaşalara baxa bilməmişəm, amma ümumilikdə o teatrın fəaliyyətini izləyirəm. Teatr son dövrlər tamaşaçıya, kassaya işləyən repertuarla seçilirlər. Klassik əsərlərə müraciət edəndə belə onu daha çox müasir tamaşaçıya, kassaya uyğunlaşdırır. Teatrın çox maraqlı, güclü truppası var, maraqlı rejissor işləri ilə seçilir: “Yeddi gözəl” və bir neçə maraqlı tamaşaları buna misal çəkə bilərəm. Hər halda, Rus Dram Teatrı çox aktiv işləyir və bu alqışa layiqdir. Amma repertuar siyasətində kassaya yönəlik işləməsini çox da təqdir etmirəm. Düşünürəm ki, bir az da tamaşaçını öz arxası ilə aparması daha məqsədəuyğun olardı.
“Pantomimin səs-küyünü eşidə bilmirik” -Pantomim və Kukla Teatrlarının fəaliyyətini necə, sizi qane etdimi? -Pantomim teatrı öz axarı ilə işləyir. Amma biz bu teatrı həmişə səs-küy yaradan teatr kimi tanımışıq və o cür də görmək istəyərdik. Təəssüf ki, son dövrlər o səs-küyü eşidə bilmirik. Sözsüz ki, yenə də maraqlı tamaşaları var. Amma həmin tamaşalarda və ümumiyyətlə, teatrın fəaliyyətində monotonluq hökm sürür. Bir az teatr prosesindən kənara çəkilib, öz dünyaları varmış kimi davranırlar.
Amma Kukla Teatrı ilə bağlı mən bu sözü deyə bilmərəm. Çünki bu teatr bu il çox fəal oldu. Həm xarici festivallarda iştirak edib, həm də bir neçə yeni tamaşalar təqdim edib. Onların bir neçəsi böyüklər üçün hazırlanan tamaşalar idi ki, bunu da teatrın fəaliyyətində yeni istiqamət kimi dəyərləndirə bilərik. Doğrudur, buna qədər də böyüklər üçün tamaşalar hazırlanıb. Məsələn, “Ağ-qara”. Sadəcə, bu il bu cür tamaşaların sayı çox oldu. Bu il həm də teatrın 85 illiyidir. Ümumilikdə Kukla Teatrının fəaliyyətini çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, teatr teatral prosesdə öz sözünü deyib və deyir.
Gənc Tamaşaçılar Teatrı da bu il maraqlı layihələr həyata keçiriblər. Dörd, yaxud beş festivalda çıxış ediblər. Aktyorları Kalmıkiyanın əməkdar artisti adını alıblar. Bəhram Osmanov orada Əli Əmirlinin əsəri əsasında tamaşa hazırlayıb və Rusiyanın yüksək ordeninə layiq görülüb. Bütün bunlar teatral prosesdə çox əlamətdar hadisələrdir.
Bundan başqa, sentyabr ayında Şəkidə ikinci Teatr Festivalı, noyabr ayında Bakıda Beynəlxalq Teatr Konfransı keçirildi. Bunlar hamısı Azərbaycan teatr prosesini fəallaşdıran, rəngləndirən hadisələrdir.
“Qazax və Füzuli Teatrları aktiv deyil” -Bəs bölgə teatrlarımızda hansı əlamətdar hadisələr baş verdi? -Bölgə teatrlarından Lənkəran, Gəncə, Sumqayıt, Şəki qismən də Mingəçevir Teatrının fəaliyyətindən razıyam. Baxmayaraq ki, çox ağır şəraitdə işləyirlər. Özüm də vaxtilə bölgə teatrında işlədiyimə görə bilirəm ki, orada işləmək həm yaradıcı, həm maddi, həm tamaşaçı cəlb etmək, teatral mühiti qorumaq baxımdan çətindir. Çünki onların tamaşaçıları çox dar kontingentdir.
Adlarını çəkdiyim teatrlar tez-tez həm Bakıya, həm xarici ölkəyə qastrol səfərlərinə gedirlər, festivallarda iştirak edirlər. Lənkəran Teatrı İrana qastrol səfərinə getmişdi, Sumqayıt Teatrının binası əsaslı təmir olunub, təqdim olundu, “Hacı Qara” tamaşasının premyerası oldu. Şəki Teatrı yay aylarında Türkiyədə festivalda uğurla çıxış etdi.
Ağdam teatrı da işləməyə çalışır. Amma Qazax və Füzuli Teatrının aktiv fəaliyyəti yoxdur. Onların səsi sorağını əsgərlərinin qarşısında çıxış etmələri, hansısa köhnə əsəri səhnələşdirib premyerasını etməklə eşitmək olur. Təşəbbüskarlıq yoxdur. Bakıya qastrol səfərinə nə vaxt gəldiklərini yəqin ki artıq unudublar. Bakıya gəlmək rayon teatrları üçün yaradıcı hesabatdır. O teatrlar Bakıya gəlir ki, yaradıcı məhsulları var. Gəlməyən teatrların isə demək ki, Bakı tamaşaçısının qarşısına çıxara biləcəyi yaradıcı məhsulu yoxdur. Ona görə də qorxurlar, çəkinirlər.
“Dövlət teatrlarını repertuar asılılığından çıxarmaq lazımdır” -Bu il alternativ teatrların sayının artması ilə də yadda qaldı. Bəzi tamaşaların sorağını eşidib özünü görməsək də, ümumi anlamda cəhdlər alqışlandı. -Bizdə alternativ teatrlar demək olar ki, yox dərəcəsindədir. Türkiyədə üç növ teatrlar mövcuddur: dövlət, bələdiyyə və özəl teatrlar. Bu üç istiqamətdə fəaliyyət göstərən teatrlar bir-birləri ilə rəqabət aparırlar və inkişaf edirlər. Bizdə isə 28 teatr var. Bəzi statistik məlumatlara görə bu rəqəm həm 26, həm 28 ola bilir. Ado, Oda və M Teatrını nəzərə alaraq hesablasaq, demək olar ki, 30 teatrımız var. Bu da 9 milyon əhalisi olan Azərbaycan üçün azdır. Adicə Tiflisdə 40-dan yuxarı teatr var. Ümumiyyətlə, Gürcüstanın əhalisi Azərbaycanın əhalisinin yarısından da azdır. Orda teatrların sayı bizdən dəfələrlə çoxdur.
O baxımdan mən həmişə alternativ teatrların tərəfdarı olmuşam. Düşünürəm ki, biz prosesi inkişaf etdirmək istəyiriksə, özəl teatrlara xüsusi qayğı göstərməli, onlar üçün münbit şərait yaratmalıyıq.
Oda teatrının ilk tamaşalarına baxıb, o haqda yazı da yazmışam. M Teatrının tamaşalarını izləmişəm və deyim ki, maraqlı, təşəbbüskar, yenilikçi kollektivdir. Odada konseptuallıq çatışmır. Yalnız təşəbbüskarlığın arxası ilə getmək olmaz. Alternativ teatrlara uğurlar arzu edirəm və yeni-yeni özəl teatrların yaranmasını diləyirəm.
Dövlət teatrlarını isə repertuar asılılığından çıxarmaq lazımdır. Dövlətdən maliyyələşdiklərinə görə bu onlarda müəyyən arxayınçılıq yaradır və təşəbbüskarlığı azaldır. Bu sindromu aradan qaldırmaq lazımdır. Təşəbbüskarlıq olmadığına görə də teatrlar arasında yaradıcı rəqabət yoxdur.
-Biz ümumi danışıb, teatr mənzərəsini təsvir etdik. Amma sonda istərdim ki, bir neçə konkret sualıma cavab verəsiniz: İlin tamaşası, ilin aktisası, ilin aktyoru, ilin rejissoru sırasında kimlərin adlarını qeyd edə bilərik? -İlin rejissoru Mikayıl Mikayılovdur. İlin aktrisası kimi “Leyli və Məcnun” tamaşasında oynayan Səbinə Məmmədova və “Medeya” tamaşasında Gülzar Qurbanovanın adını qeyd etmək istəyirəm. İlin tamaşası isə, məncə, “Medeya”dır.
Nərmin Muradova
Baxış sayı - 1 349 |
Yüklənmə tarixi: 28.12.2016 14:00