Firuz Mustafanın "Müqəvva”sı tamaşaya qoyulub |MANERA.AZ
İstanbulun Şişli rayonunda yerləşən Oda (kamera) teatrında tanınmış Azərbaycan dramaturqu Firuz Mustafanın "Müqəvva” pyesi tamaşaya qoyulub.
MANERA.AZ-ın məlumatına görə, əsərin ilk tamaşasına Türkiyənin sənət ictimaiyyəti və ölkədə yaşayan Azərbaycan vətəndaşları yaxından maraq göstəriblər.
Rejissor Elçin İmanovun tamaşaya qoyduğu əsərin baş rolunu İstanbulda yaşayan Azərbaycanlı aktrisa Kamalə Kamal oynayıb. Azərbaycan dilində səhnələnən əsərin quruluşçu rəssamı İstanbulda yaşayan Azərbaycanlı rəng sənəti ustası Tariyel Əlizadə, bəstəkarı isə Elçin Emindir. Afişalarda Türk sənətsevərlərə "Manken” adıyla təqdim edilən pyes 25 avqust və 1 sentyabr tarixində yenidən nümayiş etdiriləcək.
1 sentyabr Ümumdünya sülh günündə əsər tamaşaçılara biletsiz təqdim ediləcək. Tamaşanın başa çatmasından sonra çıxış edən yazar-dramaturq Firuz Mustafa əsərinin İstanbulda tamaşaya qoyulmasından çox razı qaldığını bildirib. "Bundan sonra Türkiyə ilə ədəbi- bədii əlaqələrimi daha da gücləndirməyi düşünürəm. ”Müqəvva” pyesimin Azərbaycan dilində oynanmasına baxmayaraq, tamaşaçıların reaksiyası göstərdi ki, biz qardaş Türkiyənin sənətsevərlərinin qarşısına çıxmaqdan çəkinməməliyik. Yaxın gələcəkdə başqa əsərlərimi Türkiyənin bəzi teatrlarına təqdim edəcəyəm”- deyə Firuz Mustafa vurğulayıb.
Aktrisa Kamalə Kamal isə Firuz Mustafanın "Manken” əsərinin uzun müddət repertuarda qalacağını, yaxın gələcəkdə Azərbaycanlı başqa bir yazarın əsəri üzərində məşqlərə başlayacaqlarını deyib.