manera.az
manera.az

"Qar abağ" - Tural Turanın yeni ESSEsi |MANERA

📅 11.08.2016 15:45

"Qar abağ" - Tural Turanın yeni ESSEsi |MANERA

Tural Turan
MANERA.AZ

Ona biz tərəfdə abax deyən də var, "abağ"-da. Nənəm rəhmətlik isə abağa gah "ağba" deyərdi, gah da "qar abağ". Tərəkəmə kişilərin evlənən vaxtı oğlanlarına verdiyi çomağa deyirlər. Abax o çomağa deyilir ki, onu ağ pambığa bürələyib qızılı toxmaqlı sapla əyməcəli şəkildə bədizləyərlər. Yəni, naxışlayarlar.

Bu abax doqquz ay təzə bəyin evinin küncündə od vurulacağı zamanı, vədəni gözləyər. Çoban oğlunun ilk övladı erkək olunca baba olmuş çoban həmin abağı oğlundan geri alar, körpə doğulan evin damına çıxıb pambıqlı çomağı odlayar. Hər oğlan müjdəsi gələndə bu abağ odlaması davam edər. Qız övladı dünyaya gələrsə, çomağın pambıqları tüpürülə - tüpürülə qaz tükü kimi yolunar. Qar abax, qara abağa dönər...

Tərəkəmə adətinə görə, birinci sarıqda abax nəs gətirdisə, üçillik qoç yununu yandırıb qorsaqlı külünü daşdan süzərlər. Həmin su ilə də çomağı yenidən yuyarlar ki, doğulan ilk qızın davamı oğlan olsun. Su törə-tökə də çomağı yuyar, Yaradandan diləklərinin yerinə yetirilməsini istəyərlər. Sonra abaxları yenidən ağ pambığa bükər, qızılı iplərlə növbəti doqquz ay üçün sarıyarlar. Hətta tərəkəmənin dünya görmüş ərsaya arvadları ocaqda qız səsi eşidiləndə qəmlənib bir ağı deyərdilər, günü qara gəlmiş abağa:

Qar abağdı,
Al ipli qar abağdı.
Qız gətirdi bu dəfə,
Abağın qara baxtı.

...Nədənsə, hər dəfə bu abax çomaqlar yadıma düşəndə Qarabağı xatırlayıram. Daha doğrusu, qara abağı, abağın qarasını... Qarabağın abağı nə vaxt odlanacaq deyə, düşünürəm. Niyə tapdaqlı illər, ard-arda ilmələnən doqquz aylar "qız" doğur?!.. Görəsən, Qarabağın "abağının pambığı", ipliyi nədəndir ki, qələbə hissi bu qədər sozaldı, sonsuzladı?.. Bəlkə, bizdən sonra çomağı hisə verilmiş qara pambıqla, qarsımış ipliklə dolaqlandığı üçün Qarabağsız illərimiz qız doğur?

Tək bilinən odur ki, dovşan ili də, qoyun ili də üstümüzə oğlan xəbərlərlə gəlmir. Bəlkə son bir dəfə özümüz gedək - Əsgəran qalasının təpəsinə çıxıb bir abağ yandıraq. Pambığı, ipliyi hətta sapı - çomağı belə özümüzdən olan abağı. Özü də gecə gedək. Gecə gedək ki, onun burmalı tüstüsünü qaradonlu gözü görməsin. Nəfsi abağın ağaran tüstüsünü yandırmasın. Təkcə biz baxaq abağın qıvrım telli burmalı tüstüsünə... Sonra da yığışıb geri qayıdaq. Onsuz da doqquz aydan sonra Əsgəran qalası o tüstüdən üçrəngli bir oğlan doğacaq. Mən buna inanıram.

Sonra Qarabağın tarix boyu bizə uğursuzluq gətirmiş adını da dəyişərik. Kökündən yox, sadəcə "qara bağ"ı, "qar abağ" edərik. Uğrunda şəhidlər verdiyimiz, 25 il gözümüzə yol çəkdirib bəbəyimizə boz qətirən qara bağdansa, qar abağ daha uğurlu addır deyə düşünürəm. Həm də bu, bütöv bir məmləkətin yeni bir çağının başlanğıcı olacaq məncə.

Qara (iri) bağın boynumuza çatı olmasından cana doyduğumuz bəsdir. Zaman qar abağın zamanıdır. Türkün kökünə, əski inanışına dönüşü ilə biz də Qarabağsızlığın şifrələrini çözəcəyik, eloğlular. Təki, abağımızın tüstüsü bizə biz istəyəni versin.
Doqquz aydan sonra sizə yenidən yazacağam, sayğılı qar abağlılar...





Baxış sayı - 3 317 | Yüklənmə tarixi: 11.08.2016 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031