manera.az
manera.az

"Qərbi qıcıqlandırmaqdan ehtiyat etmirəm" - MÜSAHİBƏ

📅 12.07.2016 10:00

"Qərbi qıcıqlandırmaqdan ehtiyat etmirəm" - MÜSAHİBƏ
Manera.az şair- publisist, "Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğluyla müsahibəni təqdim edir:

- Əhməd müəllim, söhbətimizə Ahəngyol elmindən danışmaqla başlamaq istərdim. Nədir Ahəngyolun sirri?

- Öncə qeyd edim ki, Ahəngyol elmində istənilən varlığın mövcud olmasında 4 enerjinin mühüm rol oynadığı deyilir: 1) o varlığın daxil olduğu ierarxik sistemlərdən axıb gələn enerji; 2) o varlığın özünün qəbul etdiyi qidalar hesabına hasil etdiyi enerji; 3) ərafdakı varlıqlarla mübadilə etdiyi enerji və nəhayət siz dediyiniz 4) həssas dünyanın enerjisi.

- Həssas dünyanın enerjisi... Bunu deyərkən nəyi nəzərdə tutursuz? Allahın nurunu, lütfünü yoxsa...?

- Buna sual verdiyiniz kimi Allahın nuru, lütvü demək dəqiq deyil. Əslində elə bu enerjilərin hamısı məhz Allahın nuru, lütvü hesabına mövcuddur. 4-cü enerjinin mahiyyətini izah etmək üçün sonsuzluq anlayışının izahını vermək lazımdır.

- Bəs Ahəngyola görə sonsuzluq nədir?

- Ahəngyol elmində deyilir ki, sonsuzluq idrakın keçə bilmədiyi sərhəddən başlayır. Yəni, insan idrakı məhdud imkanlara malikdir və o, reallıqda olan bir çox şeyləri dərk edə bilmir. Necə ki, müəyyən intervaldan kənardakı rəngləri, səsləri duya bilmirik, başqa sahələrdə də bizim duymağımız, dərk etməmiz müəyyən interval daxilində mövcuddur. Amma duya bilmədiyimiz aləm, varlıqlar, dalğalar da vardır, mövcuddur və dünyada, həyatda ahəngin yaranmasında öz mühüm rollarını oynayırlar. Burada mistika axtarmağa da ehtiyac yoxdur. 4-cü enerji, o duya bilmədiyimiz, lakin mövcud olan aləmin verdiyi enerjidir.

- «İctimai-iqtisadi formasiyalar tərəqqiyə çatmaq üçün vasitələrdir». Tərəqqi isə intibahdan sonra tənəzzüllə əvəz olunur... Bəs tənəzzüldən qorunmaq və ya heç olmasa onu mümkün qədər uzaqlaşdırmaq üçün ahəng yol elmində hansı vasitələr var?

- Ahəngyol elmində tərəqqinin konkret tərifi var. O vaxt sosial sistemdə tərəqqi vardır ki, orada aşağıdakı üç şərt qarşılıqlı olaraq ödənsin: 1) Orada əhalinin fiziki sağlamlığı get gedə yaxşılaşsın; 2) onların mənəvi zənginliyi get-gedə artsın və 3) əhalidə yaradıcı əməyə təlabat yüksəlsin. Hansı ictimai-iqtisadi formasiya bu şərtlərin yerinə yetməsinə daha çox kömək edirsə o tərəqqiyə daha çox xidmət edir. Bəşəriyyətin, istənilən sosial sistemin qızıl dövrü bu üç şərtin ödəndiyi dövrdür. Çox təəsüf ki, hələlik mövcud olmuş ictimai-iqtisadi formasiyalar bu mənada tərəqqinin getməsinə hər zaman əngəllər yaradıb. İnsanlığın tarixi kəskin müharibələrin girdabından keçir. Hər zaman fiziki cəhətdən güclülük insanların həyatında daha mühüm rol oynayıb. Mənəvi zənginlik, əməyə münasibət müəyyən qədər bir küncə sıxışdırılıb. Qədim dövrün hərbiçiləri eyni zamanda bir qədər vəhşi xarakterdə olub.

- Əhməd müəllim, bəs o zaman insanlığın tarixini kimlər yaradıb?

- Fiziki zorlular intellekt, mənəviyyat daşıyıcılarını daima məhv etməklə məşğul olublar. Elə özümüzdən götürək. N. Tusi kimi dahi bir insan ömrünün ən gözəl dövrünü Ələmut qalasında zindanda keçirib. Ən yaxın tariximizdə - sovet rejimindəki 30-cu illərin qanlı repressiyaları barədə hər kəs bilir və s.

- Bəs Ahəngyol elmi çıxış yolunu göstərirmi?

- Ahəngyol elmi əsaslandırır ki, insanlığın, bəşəriyyətin yalnız bir doğru yolu var. Özünün daxil olduğu kainat sisteminin mövcudluq və fəaliyyət qanunu olan ahəng yolu. İnsanın o əməli ki, sonunda ahəngin yaranmasına səbəb olmur o yol səhv yoldur. Hətta istənilən münaqişə, müharibə də mahiyyəti etibarı ilə sonunda ahəng yaranmasına xidmət etməlidir. Təəssüf ki, müasir dövrdə də min illik məbədlərin başına tökülən bombalar, “ivilaziyaları toqquşduranlar” indiki siyasətçilərin də hələ qəflətdə olduğunu göstərir. Halbuki, dövrün ən qlobal problemlərini də yalnız ahəng yolu ilə daha uğurlu həll etmək mümkündür. Ahəngyol bu yöndə konkret metodlar təklif edir.
"Qərbi qıcıqlandırmaqdan ehtiyat etmirəm" - MÜSAHİBƏ
- Əhməd müəllim, elmi öz çiyinlərində düzgün istiqamətdə, sizin də qeyd etdiyiniz kimi, ahəng qanunlarına əsasən aparan Şərq filosofları islamın yetirmələri idi. Belə çıxır ki, XVII əsrlərdən başlayaraq Qərbin çirkləndirdiyi fəlsəfi sistemlər haqqa arxa çevirərək yaranıb. Sizin nəzəriyyəniz isə açıqdan-açığa bunların təshihinə yönəlib. Məncə, nədənsə burada Qurana və İslama bu qayıdış zahirən çox da qabardılmır...

- Əvvala, Şərq filosoflarının hamısı islamın yetirmələri deyil. Siz dedikləriniz Orta əsr İslam filosoflarıdır. Şərqdə hələ Şumerlərdən tutmuş, Babilistan-Misir, Çin, Hindistan, Yunan mədəniyyətindən keçib formalaşan fəlsəfi dünyagörüşü hər zaman ahəng prinsiplərinin müxtəlif istiqamətlərdə axtarışında olub. Şərq mədəniyyətinin mahiyyəti ahəng prinsiplərinə yönəlib. Amma, “Quranı-Kərim”in yaranması, İslamın formalaşması bu düşüncələrin daha əhatəli şəkildə inkişafına kömək etdi. Təsəvvüf fəlsəfəsi yarandı. Məhz bu fəlsəfi sistem dünyəvi elmlərlə ilahiyyat elmləri arasındakı ahəngdar bağlılığı daha əhatəli şəkildə hiss etdi və dünyəvi elmlərin bütün yer üzündə inkişafına təkan verdi.

-O zaman formalaşan elmi sistem doğru yolda idimi?

- Yenə də elə o zamankı, bizim oxuculara da daha yaxşı tanış olan alimlərimizi götürsək-Fərabinin, İbn Sinanın, Tusinin əsərlərini varaqlasaq bunun şahidi olarıq. Eyni zamanda Orta əsr İslam elminin o biri nümayəndələri də həmçinin. Dünyəvi elmlərdə diktə Qərb alimlərinə keçcək onlar əsasən öz mədəni dünyagörüşlərinə uyğun olaraq rasional, pozitiv cəhətlərə diqqət yetirdilər. Elmi düşüncənin haradan qaynaqlandığına o qədər də əhəmiyyət vermədilər. Daha çox tətbiqi, praqmatik tərəflərə diqqət yetirildi. Bununla da Siz dediyiniz mənada elmi dünyagörüşü “çirkləndi” – indiki halına düşdü. İndiki elmi dünyagörüşü daha çox münaqişə yaratmağa meyllidir nəinki ahəng.

- Əgər bu yol Qərbi qıcıqlandırarsa?...


- Qərbi qıcıqlandırmaqdan heç vaxt ehtiyat etmirəm. Sadəcə, elmdə fanatizmin, mistik münasibətlərin artmamasına çalışıram. Bu yolda “Quranı- Kərim”in böyük potensialından daha düzgün istifadə edilməsi tərəfdarıyam.

- Qeyd edirsiz ki, «Qərb 5-6 min il əvvəl Şərqdən qaçan qaçqınlardır. Onlar məcburən praqmativ elmi inkişaf etdirməli olmuşlar və həyati vacib bilikləri öyrəndilər». Bildiyim qədər orta əsrlərə qədər Qərb Barbarların ərazisi olub, yalnız intibah dövründə mexanika və təbiət elmlərində olan qanunlar kəşf olunub. Əsl elm Şərqdə olmuşdur. Mən bu fikrinizdə nəyi səhv başa düşürəm?

- Qərb Barbarların ərazisi olub demək dəqiq deyil. Roma mədəniyyətini bir yana qoymaq olmaz. Amma bu həqiqətdir ki, Qərb elmin dərin həqiqi mahiyyətini hələ bu günə qədər də o zamankı Şərq alimləri qədər təsəvvür edə bilmir. Ona görə də XVII əsrdən başlayaraq elmlər parçalanmış və səhv yolla inkişaf edirlər. Yer üzünün indiki vaxtda günü – gündən daha çox qan burulğanına çevrilməsinin ən əsas səbəblərindən biri də budur.

- Daha mükəmməl varlıqlar özündən aşağıda olanların xassələrini özlərində əks etdirir. Yəqin ki, bu xassəni olduğu kimi yox, daha mükəmməlləşdirib əks etdirir. Bəlkə «bir az da təkmil şəkildə əks etdirir» kimi deyilərsə, sadə oxucu üçün daha anlaşıqlı olmazmı?

- “Özündən aşağıda olanlar” ifadəsini dəqiqləşdirmək lazımdır. Dünya sonsuz ölçülü ierarxik bir sistemdir. Hər bir varlıq özündən daha mükəmməl başqa bir sistemə daxildir. Misal üçün, barmaq əl sisteminə, o da öz növbəsində qol sisteminə, o da bədən sisteminə daxildir. İnsan cəmiyyət, cəmiyyət təbiət sisteminə və s. sonsuzluğa qədər davam edəcək bir sistem. Yaxud, atom-molekul-əşya və s. Amma hər bir hissəciyin, varlığın elə xassəsi var ki, onu yalnız həmin varlığın özü daha təkmil olaraq əks etdirir. Onun daxil olduğu sistem isə o qədər təkmilliklə əks etdirmir. Amma, ümumən bu xassəni də əks etdirir.
"Qərbi qıcıqlandırmaqdan ehtiyat etmirəm" - MÜSAHİBƏ
- Aristotelin səlis məntiqinin nailiyyətlərinə baxmayaraq, bəşəriyyət anlamalı idi ki, bu nəzəriyyə sonsuzluğa qədər davam edə bilməz və etmədi də. Hamımızın fəxri olan Lütfizadə bu buzu sındırdı və elmdə inqilab baş verdi. Sizin nəzəriyyənizin də indiyə qədər mövcud olan donmuş qanunlara bir istilik gətirəcəyinə əminəm. Əlbəttə ki, sinergetika çıxış yolu ola bilməzdi. Bəlkə də çıxış yolu sizin elə yanaşmağınızdadır...

- Aristotel elmdə, fəlsəfədə rasional düşüncənin inkişafına ciddi təkan vermiş dahi alimdir. Ondan sonra gələn bütün filosoflar, mütəfəkkirlər ondan bəhrələnmişdir. Onun fəlsəfi fikri rasional istiqamətdə yönləndirməsi təbii idi. Bu, idrakın xüsusiyyətindən irəli gəlir. Çünki, idrak ən əvvəl duymağa can atır. Bundan sonra isə təxəyyül hərəkətə gəlir, incəliklər barədə fikir yaranır. Amma Aristotelə- rasionalizmə aludəçilik elmin təbii inkişafında bir qırılma nöqtəsi yaratdı. Rasional amillərə diqqət artırkən rasional olmayan amillər yaddan çıxdı. Bu elmin bir tərəfli inkişafına səbəb oldu.

- Bəs sizin nəzəriyyənizdə islamın rolu varmı?

- “Quranı- Kərim”in təsiri altında təsəvvüf fəlsəfəsinin yaranması bu birtərəfliliyi ortadan götürməyə çalışdı. Amma, elmdə diktənin XIV-XV əsrdən etibarən Qərb aləmi keçməsi ilə elmin inlişaf xəttində ikinci qırılma nöqtəsi yarandı. Elm daha çox rasionalzmə aludə oldu. Lutfüzadənin genlərindəki həmin Şərq, təsəvvüf potensialı duydu ki, düşüncəni rasionalzmin quru sərhədləri ilə məhdudlaşdırmaq olmaz. Bununla elmi təfəkkür əslində daha da səlistləşdi, əhatəli oldu. Bu mənada mən Lutfüzadə məntiqinin “qeyri-səlist” adlandırılmasını düzgün hesab etmirəm. Lütfüzadə mükəmməl- daha həyati bir məntiq sistemi yaratdı və bu təbiilik hesabına elmdə, xüsusi ilə komputer texnikasında ciddi irəliləyiş baş verdi. Ahəngyol isə Şərq dünyagörüşündən, təsəvvüf fəlsəfəsindən, “Qurani – Kərim” düşüncəsindən doğan fəlsəfi sistemdir. Bu mənada Ahəngyolun hədəfləri daha genişdir. Elmdəki həmin qırılma nöqtələrinin bərpasına yönəlmişdir.

- Fikirləriniz valehedicidir, ona görə ki, həm dəyərlərimizə qayıdırıq, həm də gələcəyimizi xoşbəxtcəsinə qururuq. Əslində belə yanaşmaları Füzuli yaradıcılığında açıq şəkildə görürük. Bundan əlavə, mənə məlum olduğuna görə qeyri-ənənəvi üsullarla çoxlu müalicə metodları mövcuddur. Amma bu yaxınlarda bir kitab oxudum «Öz xəstəliyini sev». Sinelnikov adlı bir rus psixoterapevti həm ənənəvi, həm də qeyri-ənənəvi bütün üsulları rədd edərək hər cür xəstəliyi, hətta sağalmaz hesab olunan xəstəlikləri də sağaldır. O da təhtəlşüurla əlaqəyə girməyi təklif edir. Bütün bunlar Sizin nəzəriyyənizin yararlığına sübutdur...

- Tam əminliklə deyə bilərəm ki, dərindən, doğru istiqamətdə düşünə bilən hər bir adam hökmən gedib ahəng aləminə çıxmalıdır. Çünki, ahəng prinsipi kainatın mövcudluq və fəaliyyət prinsipidir. Biz bunu Şumerlərdən bu yana bütün müdriklərin fikirlərində hiss edirik. Bütün dahilər, ölməz sənət əsəri yaradanlar da qəlblərindəki qığılcımın başlanğıcını bu aləmdən götürür. Dahilər dahisi Nizami bu aləmi dərindən duyduğundan özünə ahəng mənasını verən “Nizami” təxəllüsü götürmüşdü. Onu yüksəklərə qaldıran da bu aləmin daha dərinliklərinə enməsidi. Ona görə də Füzuli kimi dahinin də əsərlərində ahəng aləminin işıqlarını görmək təbiidir. Doğru istiqamətdə düşünə bilən istənilən bir alim də, həkim də gedib o aləmə çatmalıdır.

- Deməli, Sinelnikov doğru yoldadır...

- Sinelnikovun da o aləmi hiss etməsi onun doğru istiqamətdə düşündüyündən xəbər verir. Doğrudan da, hər bir insanın ən güclü dərmanı onun öz bədəninin hasil etdiyi enerjidir. Biz o zaman daha effektli müalicə oluna bilərik ki, bədənimizin enerjisi daha ahəngdar şəkildə hasil olsun. Başqa pereparatlar qəbul etdikdə isə, bədənimizi elə hala salırıq ki, o öz enerjisini ahəngdar şəkildə hasil edə bilmir. Bu bir orkestrin musiqiçilərinin bəzilərinin məhdudlaşdırılmasına bənzəyir. Orkestrin musiqisi daha uğurlu, effektiv olması üçün hər bir musiqiçi xoş əhvalda olmalıdır. O zaman hər bir maneə ortadan qalxa bilər. Buna görə də bu sahədəki hər bir doğru fikir ahəngyolun potensialını bir daha təsdiq edir.

- Əhməd müəllim, din alimləri deyirlər ki, heç bir peyğəmbər heç bir vəhyin əsl mənasını sonadək dərk edə bilməz. Bəs bu fikrə münasibətiniz necədir?

- “Quranı- Kərim”də də bu barədə aydın fikir var. Ayələrin bir qismi hamı tərəfindən dərk oluna bilsə də bir qismi sonadək dərk oluna bilmir. “Allah peyğəmbərlərə məsləhət bildiyi qədər verdi”. Onlar vəhylə gələnin hamısının mənasını axıra qədər bilə bilməzlər. Vəhy sonsuz qüdrətə malik Allahdan gələn sonsuz dərinliyə malik kəlamlardır. Onların axıra qədər mənası Allahın hökmündədir.

- Bir az da şeirləriniz barədə danışaq... Şeirin elmə söykənməsi təbiidir. “Ahəngyol” elmi də ahəngə söykənir, bu üzdənmi sonda şeirə gətirib çıxardı?

- Ədəbiyyat tariximizə fikir versək, böyük şairlərimizin demək olar ki, hamısının uğurlarının bir sirri də onların elmə bağlılığıdır. Nizami öz dövrünün fəlsəfi fikrini olduqca yaxından izləyirdi. Nəsimi, Füzuli, Xətai, Seyid Əzim və s.hamısı elmdən ciddi bəhrələnirdi. Təhsilsiz dediyimiz Qurbani, Aşıq Ələsgər belə ustad yanında irfan, ilahiyyat elminə dərindən yiyələnmişdilər. Təəssüf ki, bu ənənə müasir poeziyamızda pozulmuşdur. Ahəngyol məni poeziyaya sonda gətirmədi.

- Bəs şeir yazmağa nə vaxtdan başlamısız?

- Mən ilk şeirimi 8 yaşımda yazmışam. Amma, elə dünyanı dərk etməyə başladığım həmin uşaqlıq illərindən ahəngyolun indi araşdırdığı sualların sadə, ilkin variantları şəfəq kimi ətrafımda uçub. Bu şəfəqlər bəzən gömgöy səmadakı ağappaq buludlardan süzülüb, bəzən həyətimizdəki çoxlu çiçəklərdən, bəzən anamın təbəssümündən... bəzən də qəlbimin dərinliyindəki anlamadığım dünyadan və s. Bütün ömrüm boyu bu suallar məni hansısa aləmlərə çağırıb. Şeir kitablarıma diqqətlə baxan olsa orada hər şeirin bir ahəng aləminə səslədiyini görərlər. Monoqrafiyalarıma, elmi məqalələriməı diqqətlə baxanlar isə orada eyni zamanda bir poetik əhval da hiss edə bilərlər. Bir dəfə, 10 il əvvəl mən Moskvada bir ciddi seminarda ahəngyol barədə ciddi bir çıxış etdiyim zaman tanınmış professorlardan biri mənə dedi ki, sən şair olmasaydın bu elmi nəticələrə gələ bilməzdin.

- «İlahi, insanlar nə günə düşüb ki, daha peyğəmbər də ola bilməyirlər» deyirsiz və bir vaxt şairlərin də qurtaracağından nigaransınız. Doğrudanmı, şairlərin bəşəriyyətdə peyğəmbərlərin işinə bənzər vəzifəni icra etdiyinə inanırsız?

- İnsanın nə cür düşünməsindən asılı olmayaraq bir kainat nizamı, haqq dünyası var. Həmin dünya barədə məlumatları bir işıq dənizinə bənzətsək, peyğəmbərlər həmin informasiyaları öz ətrafındakılar üçün doğru, dürüst şəkildə alanlardır. Həqiqi şairlərin əsərlərində isə həmin informasiyaların şəfəqlərin az ya çox dərəcədə işartısı vardır. Bu işartı çox olduqca şair daha böyük şair olur. Şeir, ümumiyyətlə istənilən sahədəki yaradıcılıq əsərləri o zaman əbədi yaşar olur ki, onda həmin işartılar çox olsun. Qondarma şairlərin həmin dünya ilə əlaqəsi yoxdur. Min illər, əsrlər bundan əvvəl yazılmış, həmin işartının daşıyıcısı olan əsərlər və şairlər indi də məşhurdur, 20-50 il bundan qabaq yazılmış qondarma şeirlər isə hamının yadından çıxıb, yaxud da istehza ilə xatırlanır. Bu mənada həqiqi şairlərdə peyğəmbərlərə bir yaxınlıq var.

- Maddi varlıqdan əlavə dalğa formasında mövcudluqdan bəhs edirsiniz «Hələ ki…» şeirinizdə. Bəlkə bu ruha işarədir? Axı ruh da mövcudluq formasıdır və əzəldən olmuşdur...

- Ruh olduqca geniş və mürəkkəb anlayışdır. Hətta “Qurani - Kərim”də peyğəmbərimizə Allah tərəfindən deyilir ki, onun belə ruh barədə bilgiləri çox azdır. Bəli, deməli, insanların ruh barədə təsəvvürü olduqca azdır. Ahəngyol elmi bu az bilgi çərçivəsində ruhun mahiyyəti ilə bağlı belə bir izah verib. Ahəngyola görə ruh - insahı kosmik vücudla bağlayan, bu vücuddan insanın insan kimi formalaşması üçün yaradıcı əhəmiyyəti olan proqramları daşıyan, bizi Yaradanın (Allahın) nəfəsi deyilən energetik bir sirrdir. Amma ahəngyol insanın, başqa varlıqların fiziki varlıqları ilə yanaşı, onu bütün kainatla bu və ya başqa dərəcədə birləşdirən “dalğa bədən” inin də olduğunu elmi olaraq əsaslandırır. “Dalğa bədənlə” “fiziki bədən” arasında ahəng çox olduqca insan, digər varlıqlar daha da sağlam olur.

- Sizin «Qadağan olunmuş ağac» şeiriniz Frans Kafkanın bir fikrini yada salır. O, deyir ki, nahaq yerə Həvvanı günahlandırırıq. Guya o Adəmi öyrədib və qadağan olunmuş budağa əl vurub. Əslində Həvva meyvəni ona görə dərmək istəyirdi ki, o Adəmin xoşuna gəlmişdi. Bu məhəbbət gücünü göstərir, ilk günahkar yox, ilk aşiqdir Həvva. Bu fikrə münasibətiniz?

- “Qadağan olmuş ağac” şeirində meyvənin əvvəlcə kimin dərdiyindən söhbət getmir. Şeir ümumiyyətlə, onu əsaslandırır ki, əslində qadağan olmuş ağac nəfsin simvolik obrazıdır. Allah insanın nəfsə enməsini, baş əyməsini istəməyib. Şər qüvvə isə insanın iradəsini zəiflədib və o nəfsə məğlub olub. İnsan istənilən bir variantda nəfsinə baş əyəndə hökmən ortaya bir ayıb çıxır. Bu isə insanın həyat ahəngini pozur. İnsan rahatlıqdan, ahəngdən problemlər aləminə yuvarlanır. Qaldı Kafkanın fikrinə, o bu məsələyə belə, bədii olaraq yanaşmasaydı daha düz olardı. Bütün dini kitablarda bu sahədəki söhbət daha dərin məsələdən gedir. Kafka bu məsələni bəsitləşdirib...

- Əhməd müəllim, bir şeirinizdə qəlbinizdəki gözələ müraciətlə deyirsiniz ki, mən səni yerdə axtarsam da, sən məni göylərdə saxlamısan. Bu müraciət arifanə mənada Allaha müraciətdir bəlkə?

- Xeyr. Allah mənim üçün daha uca bir məqamdadır. Şeirlərimin bir çoxunda ona müraciət var. Qismət olsa, Allaha müraciətlə olduqca ciddi bir şeir yazmaq istərdim. Bu şeirsə elə qəlbimdəki gözələ aiddir. Hər kəsin qəlbində, xəyalında tutduğu ideal bir sevgili tipi var. Hələ uşaqlıq illərimdən mənim də qəlbimdə belə bir surət var. Onun mənə çox doğma bir xarakteri də var. Demək olar ki, bütün ömrüm boyu onu axtarmışam. Bu mövzuda bir çox şeirlərim də var...

- Maraqlı, əhatəli söhbət üçün Sizə təşəkkür edirəm!

- Çox sağ olun, mən də sizə işinizdə və yaradıcılığınızda uğurlar arzu edirəm.

Söhbətləşdi: Şəhla Aslan


Baxış sayı - 2 057 | Yüklənmə tarixi: 12.07.2016 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031