Saksafon niyə dollara oxşayır?
Pünhan Şükür
"Musiqi və rəqs nə vaxt yaranıb" - sualının cavabını üstündə insan fiqurları cızılmış Qobustan qayalarından, "Qavaldaş"dan öyrənmək olar.
Ritual rəqslər bir çox qədim kultların vacib tərkib hissələri olmuşlar. Bəs müsəlmançılıq müstəvisində musiqi və rəqslərə necə yanaşılır? Əvvəlcə onu qeyd etmək lazımdır ki, müsəlman ölkələrində "rəqs ənənələri" nəsildən-nəslə ötürülüb.
Körfəz ölkələrinin çoxunda hakim din olan vahabizm musiqi və rəqsə qadağa qoysa da, həmin ölkələrin iqtisadiyyatlarının aparıcı qüvvəsi olan neftin hər dəfə qiyməti OPEK səbətində artdığı zaman ərəb neft maqnatları əllərində tüfəng qızğın rəqs etməyə başlayırmışlar. Ərəb qızlar isə toy mərasimlərində əllərində qılınc rəqs edirmişlər. Bu isə o anlama gəlirmiş ki, əsl məhəbbət Dəməşq poladı kimi heç vaxt paslanmır. Ərəb musiqisi də, qaraçı musiqisi kimi ispan rəqsi olan flamenkonun bünövrəsini təşkil etmişdir. Nəhayət, qadının küçədə üzüaçıq gəzməsinin belə, qadağan olunduğu ölkələrdə göbək rəqsləri incəsənət növü kimi qorunub saxlanmış, əsrdən-əsrə keçərək indi də yaşamaqdadır.
Şərqdə rəqslərə qarşı əsl cihad XX əsrin ikinci yarısında başlandı. İlk dəfə olaraq bu mübarizəyə ayətulla Xomeyninin tərəfdarları başladılar: maqnitofonları sındırdılar, diskləri və lentləri qırdılar, yandırdılar. NATO-nun hərbi müdaxiləsinə qədər Əfqanıstanda televizorları "şeytan qutusu" hesab edirdilər. Hətta qədim Novruz bayramını qeyd etməyi belə yasaqlamışdılar. Bu yaxınlarda Malayziyada musiqinin "qara metal" istiqaməti qanundankənar elan olunmuşdur.
Xristian dünyasında da rəqslərin aqibəti həmişə ürəkaçan olmayıb. Orta əsrlərdə rəqslərin şeytan havası elan olunması və qadağan edilməsini təsdiqləyən çoxsaylı hadisələr sadalamaq mümkündür. Ancaq valsın aqibəti daha diqqətçəkəndir. XIX əsrin birinci onilliyində Vyanada 10 dəqiqədən artıq vals oynamağa qadağa qoyuldu. 1816-cı ildə "Tayms" qəzetinin məqalələrindən birində kralın bal mərasimlərindən birinin proqramında vals rəqsinin yer almasına təəccüb ifadə olunur və vals əxlaqsız rəqs kimi təqdim edilir. Rusiyada imperator Pavel Petroviçin hakimiyyəti dövründə polisin tərtib etdiyi ittihamnamələrdən birində belə cümlə var: "...valsen adlanan rəqslərə meylli olduğu üçün..."
Opera və baletlər də cahilliyin təqibinə az məruz qalmayıb. Jorj Bizeni "Karmen" operasına görə zəhərləyiblər. Cüzeppe Verdini isə müəllifi olduğu "Traviata" operasının liberettosunu dəfələrlə dəyişməyə məcbur ediblər. Caz yaranandan sonra uzun illər ərzində kasıbların və "qaraların" musiqisi hesab olunurdu. Keçən əsrin son qərinəsində Bill Holideyin, Elvis Preslinin bir çox mahnılarına qadağa qoyulmasını 40 və daha yuxarı yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. 1966-cı ilin martında Con Lennon yeniyetmələrin arasında "Bitlzin İisus Xristosdan daha populyar olması" barədə bəyanat verdiyi vaxt radioefir yayımını dərhal dayandırdılar. Puritanlar isə britaniyalı dördlüyün plastinkalarını və plakatlarını tonqal çatıb yandırdılar. 1970-ci ilin mayında ABŞ prezidenti Riçard Nikson bəyanat verdi ki, bir çox rok mahnıların mətnlərində narkotik maddələrdən istifadəyə çağırış müşahidə olunur. Bu bəyanatdan sonra isə İllinoys ştatının hakimləri "Sehrli əjdahanın nəfəsi" uşaq mahnısında da Nikson deyən əlamətləri "tapdılar". Emosional Argentina rəqsi olan "Mambo" isə qoyulan qadağalardan nəinki qalib çıxdı, hətta təkan alaraq, bütün dünyaya yayıldı. Musiqi qadağalarına görə birinci yerdə SSRİ olmuşdur. Ötən əsrin 20-ci, 30-cü illərində Azərbaycanda bir çox musiqi alətləri, o cümlədən tar və ud kiçik burjuaziyanın və pantürkizmin əlaməti kimi yasaq olunmuşdu. M.Müşfiqin "Oxu tar" şeirindəki nisgil də buna işarədir. Bütöv musiqi cərəyanlarına qadağalar qoyulurdu. Cazı buna klassik misal göstərmək olar. Əvvəl bu musiqi janrının SSRİ-də "böyüməsi" üçün münbit şərait vardı. Çünki caz musiqisi rasizmin tüğyan etdiyi dövrdə ABŞ-da əzilən sinfin, zəncilərin musiqisi idi. Proletar şair Maksim Qorki cazı "gombulların musiqisi" adlandırandan sonra isə cazmenlər SSRİ-də təqib edildilər. İkinci dünya müharibəsinin sonunda SSRİ ilə ABŞ yıxılmış Almaniya üzərində qələbəni bayram edəndən sonra caz musiqisi sovet cəmiyyətində bir az dərin nəfəs ala bildi. Ancaq bu çox sürmədi. Altmışıncı illərdə küçədə cazmenlər kimi darbalaq şalvarlar geyən gənclər "Komsomolka"nın və "Pravda"nın qınağına tuş gəldilər: "Bu gün onlar caz oynayır, sabah isə vətəni satacaqlar". Saksafonu dollara oxşarlığına görə musiqi alətləri sırasından çıxarmaq məsələsi müzakirə predmetinə çevrildi. Həmin dövrdə sovet cəmiyyətində "qərb musiqisinin sür-sümüyü" termini ortaya çıxdı. Bütün qadağalara baxmayaraq, yasaqlanmış müğənnilərin, ifaçıların plastinkaları qara bazara çıxırdı. Studiyalarda yazılmasa da, kustar şəraitdə rentgen çıxarışları həkk olunan polietilen lövhələrin üzərində melodiyaları "nəqş" edirdilər. Maqnitofon ixtira edilənə qədər belə davam etdi. İndiki pirat bazarı da həmin o "skelet plastinkaların" xələfidir.
Lakin bütün dövrlərdə incəsənətlə, xüsusən də musiqi ilə dinin, ideologiyanın apardığı mübarizənin sonu həmişə birincinin xeyrinə nəticələnmişdir. Necə ki caz SSRİ-yə qalib gəldi.
Manera.az