Zəng – Selva Almadanın hekayəsi
Selva Almada argentinalı şair və yazıçıdır. O, qısa hekayə və roman müəllifi kimi tanınır. “Xaraba qoyan külək” adlı ilk romanı ona beynəlxalq səviyyədə uğur gətirib. Almada əsərlərinə görə bir çox mükafatlara layiq görülüb, 2021-ci ildə yazdığı son romanı “Bu, çay deyil” isə Beynəlxalq Buker Mükafatının qısa siyahısında yer alıb.
MANERA.AZ Selva Almadanın “Zəng” hekayəsini təqdim edir.
Günəşli bir səhər idi. Qış gəlsə də, çox soyuq deyildi, hələ də payız havası hiss olunurdu.
Lidiya Viel kiçik mətbəx masasının arxasında əyləşib tünd qəhvə içirdi. Buradan bağa açılan böyük pəncərədən ot biçən oğlana baxırdı. Bu oğlan qardaşıyla məhəllədə bağbanlıq edirdilər.
Lidiya Viel mövsümdən asılı olaraq qardaşları ayda bir-iki dəfə çağırardı. Yayda isə ayda üç-dörd dəfə gələrdilər, çünki hovuzun təmizliyinə də onlar baxırdı. Həmişə Xuan gəlirdi (bu günkü kimi), gələ bilməyəndə isə qardaşı onu əvəzləyirdi. Ancaq Lidiya Xuanın işini bəyənirdi. O biri sanki həmişə harasa tələsirdi, bəzən işləri yarımçıq qoyub gedirdi.
Oğlan köhnə, ağır və səs-küylü otbiçən maşını itələyərək bağda var-gəl edirdi. Bir dəfə Lidiya ondan soruşdu ki, niyə kiçik otbiçən traktorlardan almağı düşünmür. Xuan qısaca “ən yaxşısı köhnə maşınlardır” demişdi. Ümumiyyətlə qaradinməz oğlan idi.
Həmin səhər Lidiyanın heç nəyə həvəsi yox idi. Bağın işi olmasaydı, günortaya qədər yataqdan çıxmazdı.
İngilis dili sınağının nəticələrini yoxlamalı idi, amma bunu elə həmin axşam məktəbdə iki dərs arasındakı boş vaxtda da edə bilərdi. Suallar test formasında olduğu üçün yoxlamaq asan olacaqdı. Uşaqları xaricdə oxumağa gedəndən bəri boş vaxtı çox olardı. Bəzi axşamlar işdən sonra bir neçə rəfiqəsi ilə bara gedib pivə içə-içə söhbət edər,ya da yemək yeyib kart oynamaq üçün görüşərdilər. Lidiya boşanandan sonra heç kimi tapmamışdı. Bəzən görüşə çıxırdı, amma ciddi münasibət düşünmürdü.
Telefonun səsindən dik atıldı. Cavab verməzdən əvvəl özünə bir az da qəhvə tökdü və bir siqaret yandırdı: rəfiqələrindən biri olsaydı, çox danışa bilərdilər. Bu saatda uşaqları zəng etməzdi, çünki adətən ya gecə, ya da həftəsonları, yəni tariflər ucuz olanda zəng edərdilər. Divara bərkidilmiş telefonun dəstəyini götürmək üçün əlini uzatdı.
– Alo, – dedi.
Zəng edən cavan oğlanın səsini tanımadı:
– Lidiya Viel ilə danışıram?
– Bəli, buyurun. Kimdir?
Oğlan dərhal cavab vermədi. Yəqin ki, küçədəki telefon köşkündən zəng edirdi, çünki Lidiya avtomobillərin səsini eşidirdi. Ancaq deyəsən şəhər içində yox, şosse yaxınlığındaydı. Sürətlə şığıyan nəqliyyat vasitələrinin səsi aydın eşidilirdi.
– Alo, – Lidiya bu dəfə yüksək səslə təkrarladı, – Danışın, – səsindən çox cavan olduğu hiss olunsa da, oğlanla rəsmiyyəti belə tez aradan götürmək istəmədi. Bəlkə də satıcıydı, belələrinə nə qədər üz versən, canını qurtarmaq bir o qədər çətin olurdu. Hərçənd satıcı telefon köşkündən zəng etməzdi.
– Alo, – oğlan boğazını arıtlayıb cavab verdi, – Buradayam.
– Lap yaxşı, eşidirəm.
Bağban maşını söndürdü, indi dəstəyin o tayındakı avtomobil səs-küyü daha çox eşidilirdi.
– Bu, sizə qəribə gələcək, – dedi cavan.
Lidiya siqaretindən son qullab alıb külqabında söndürdü. Dəstəyi qulağından çəkmədən ayağa qalxıb pəncərəyə tərəf getdi. Telefonun naqili çox uzun idi, hərəkət etməyinə mane olmurdu.
Xuan otbiçən maşını tərsinə çevirmişdi, deyəsən, ülgüclərini yoxlayırdı. Lidiya şüşəni tıqqıldatdı, Xuan başını qaldırıb ona baxdı. Lidiya işarələrlə nə baş verdiyini soruşdu. Oğlan baş barmağı ilə “əla” işarəsi göstərib hər şeyin qaydasında olduğunu bildirdi. Bəzən ülgüclərə daş-kəsək, ya da başqa bir şey ilişirdi.
– Alo? Hələ də oradasınız? – Lidiya quru-quru soruşdu. – Danışmasanız, dəstəyi asacağam.
-Yox, xahiş edirəm, – o taydakı səs yalvardı, – Üzr istəyirəm, məsələ çox həssasdır… haradan başlayacağımı bilmirəm.
Lidiyanın əti ürpəşdi, oturub bir siqaret də yandırdı.
– Danışın, – dedi qəfil.
– Sizin anam olduğunuzu düşünürəm, – oğlan birnəfəsə dedi.
Xuan otbiçən maşını yenidən işə salıb bağın uzaq küncünə tərəf getdi. Maşın uzaqlaşdıqca səsi boğulur, daha çox titrəyişə, vızıltıya bənzəyirdi.
Lidiya əvvəlcə çaşdı,amma eyni zamanda ürəyi yerinə düşdü. Bir anlıq elə bilmişdi ki, uşaqlarına nəsə olub, ya qəza, ya başqa bir dəhşətli hadisə xəbəri verəcəklər. İndicə səslənən cümlədən sonra həm şükür etmiş, həm də heyrətlənmişdi. Bəlkə də, səhv eşitdiyini düşünüb soruşdu:
– Necə?
Oğlan dəstəyin o tayında olsa belə, dərhal cavab vermədi; Lidiya onun həyəcanını hiss edə bilirdi. Fondakı səs-küydən böyük qoşqulu yük maşınının hərəkət etdiyi anlaşılırdı. Yəqin ki, oğlan yol kənarındakı yanacaqdoldurma məntəqəsindən zəng edirdi. Bu heçliyin ortasındakı məntəqələr həmişə Lidiyada dərin tənhalıq hissi oyadardı. Sübhə qədər yanan rəngi solmuş, vızıltılı nəhəng neon lövhələr. Hətta günəşli günlərdə belə bu yerlərdə sakit və hüdudsuz bir kədər olur.
– Deyirəm ki, deyəsən, siz mənim anamsınız, – Oğlan hər dəfə daha da yaxınlaşan maşınların səs-küyündən aydın eşidilmək üçün sözləri asta-asta tələffüz etdi.
– Bağışlayın, – dedi Lidiya Viel, – Ancaq səhv edirsiniz. Mənim iki övladım var və həmişə yanımda olublar. Təəssüf.
Oğlan susub qaldı. Lidiya yenə nəsə deməli olduğunu hiss etsə də, düzü, deməyə bir söz tapmadı. Odur ki, bir daha təkrarladı: bağışlayın.
– Üzr istəyirəm, – oğlan bunu deyib dəstəyi asdı.
Zəng kəsilsə də, oğlanın səsi artıq eşidilməsə də, Lidiya Viel bir neçə saniyə dəstəyi çiyni ilə başının arasında saxladı.
Bu zəng həyatında baş verən ən qəribə hadisə idi. Bir az kefi pozulmuşdu. Böyük oğlu ilə yaşıd, ya da uzağı bir-iki yaş böyük olan bu oğlanı düşündü.
Səhərlər heç vaxt içməzdi, amma indi bir qədəh içkiyə ehtiyacı vardı. Hələ də kiminsə uşaqları barədə pis xəbər vermək üçün zəng etməsi ehtimalından yaranan qorxu onu tərk etməmişdi. Özünə bir az buzlu viski süzüb əvvəlki yerinə qayıtdı. Bəlkə də, uşağı zəngi yarıda kəsməyə qoymamalıydı.
Bəlkə, söhbəti davam etdirməli, onun anası olduğunu haradan çıxardığını soruşmalıydı. Aydın idi ki, oğlan böyük bir səhv edib, yəqin doğru Lidiya Vielə zəng etməyib. Demək, eyni, ya da çox bənzər adlı başqa bir qadın da var imiş. Bu fikir onu daha da narahat etdi, amma telefon söhbəti barədə düşünməyə davam etdi. Bəlkə də söhbətin məğzinə ensəydi, oğlana kömək edə bilərdi. Hərçənd bunu necə edəcəyini təsəvvür etmirdi. Ya da maraq göstərsə, oğlanı lap çaşdıra bilərdi: oğlan onun əslində anası olduğunu və vaxt qazanmaq üçün suallar verdiyini düşünərdi.
Ən azı adını soruşmalıydı.
Bununla heç nə itirməzdi, hətta bəlkə daha da yaxşı olardı. Heyif hər şey belə bitdi. Bəlkə də bu oğlanın Lidiya Viel adıyla əldə etdiyi yeganə telefon nömrəsi idi, indi heç bir işinə yaramadığı üçün yenidən başlamalı olacaqdı. Kim bilir, neçə vaxtdır nömrəni kağıza yazıb pulqabında gizlətmişdi, kiminsə cavab verməyini gözləyəcək cəsarəti tapana qədər neçə dəfə zəng etmişdi. İndi yenidən sıfır nöqtəsinə qayıtmışdı.
Bir gün oğlan təkrar zəng edəcək. Özü oğlanın yerində olsaydı, israr edərdi. Belə hallarda qadının çox vaxt (məntiqi olaraq) qorxub hər şeyi inkar edə biləcəyini nəzərə alsaq, zəng təkrarlanmalıydı. Ancaq gənc oğlan yetkin qadının ürəyindən keçənləri təxmin edə bilməz.
Lidiya pəncərədənbaxdı. Xuan artıq biçini bitirmişdi, ortalığı süpürürdü. Həqiqətən diqqətli işləyirdi. Qardaşı kimi deyildi. Əvvəlcə istədi Xuana desin ki, fürsət varikən göyrüş ağaclarını da budasın, amma böyük sarı tacları mavi səmanın fonunda elə gözəl görünürdü ki, adamın heyifi gəlirdi. Əvvəl-axır qış düşəndə yarpaqlar özü töküləcək.(daha.az)
İspancadan tərcümə edən: İlahə Əkbər