Metaforalar poeziyası - Allahverdi Təkləli yazır..

Azərin şeirləri sıradan oxucu üçün deyil. Sıradan oxucu bu şeirləri heç zaman bəyənməz. Çünki onun öz söz arşını var, necə deyərlər, sözdən tələbi hələ də arxaik düşüncə formasındadır. Bu səbəbdən də ritorik öyüdləmələrlə süslü tərənnüm, təsvir, mədh üstünə köklənmiş zövq sahiblərindən sözün modern poetikasının ovsununa düşməsini gözləməyə dəyməz.
Nə yazıq ki, sözlə ali dəyərlərin ifadəsi olan bu poetik nümunələr özündə yeni elit təfəkkürü ehtiva etməsinə baxmayaraq, heç bizim özünü elitar sanan kəsim üçün də deyil. Çünki nəinki Borçalı, demək olar ki, hətta Azərbaycan ədəbi auditoriyasında belə sözün yeni kriteriyasını dərk edən çox az sayda elit-oxucu var.
Qayıdaq Azər Musaoğlu imzasının şeirlərinə. Onun şeirlərində zaman-məkan sərhədi bir-birinə qarışıb, dünənlə bu gün, sabah iç-içədir, qovuşuqdur. Onun şeirləri milli yaddaşdan gəlsə də, daha çox bəşəri təəssübkeşliyə dayalıdır. “13 işarə” adı verilən ilk bölümdən başlayaraq şeirlərinin təhkiyəsindəki deyim mozaikliyinə, sözün fəlsəfi-kulturoloji şərhinə heyran olmamaq mümkün deyil. Maraqlıdır ki, Azər şeirlərini daha çox fraqmentlər əsasında araya-ərsəyə gətirir. Ən uzun nəzm parçaları da fraqmentlərə dayalı pritçaları xatırladır. Sitat şəklində ifadə olunan bu fraqment-pritçaların hər biri əslində bütöv mətn mahiyyəti daşıyır. Şairin fraqment-pritça mətnləri fəlsəfi ümumiləşdirmələrlə bu cür süsləməsi onun qeyri-adi improvizə istedadının bəlirtisidir.
“13 işarə” sərlövhəli silsilədəki şeirlərin hər biri “bilirsənmi” müraciətilə başlayır. Şair kimə bilirsənmi deyir? O kimdir? O sən, o mən, biz – hamımızıq. Suallarına özü cavab versə də şeirlərin bənzərsiz quruluşu, mətndəki poetik fikir harmoniyası, məxsusi intonasiya və s. oxucudan daha hazırlıqlı olmağı tələb edir.
Bilirsənmi,
Evlərin divarları, yaşlaşanda qəfil çatlayır,
İnsanların ürəkləri daşlaşanda qəfil çatlayır.
Yaxud,
Bilirsənmi,
Kül ocağın yuxusudur, buxar suyun yuxusudur,
Ən gözəl qoxu, yatmış qadın qoxusudur.
Bəlkə də hər kəsin gördüyü, ancaq fərqinə varmadığı “zibilliyə atılan ayaqqabı tayı”ndan baxan “təkliyin şəkli”ndəki gərəksizliklə tanış oluruq.
Sufi dədəmiz Yunis Əmrədə “Dünya fani, ömür ani” fikrinin “Biz yenə getməyə gəldik” mistik dərki Azər Musaoğlunun şeirində yeni modern improvizə ilə təsdiqini tapır.
Bilirsənmi,
Ən gözəl yaşayanlar yaşamaq feilini sevməklə əvəz edənlərdir,
Ən gözəl gələnlər sevib gedənlərdir.
Bunu mənə Tanrı dedi, gələn gedəcək dedi.
Dünyanı sevgi xilas edəcək dedi.
Deyimlərin bir az da zərb-məsəl kimi səsləndiyi bu bölümdən bir də bunu hasil etmək olur: Dünyada hər nəsnə öz dili ilə danışır. Nə dediyini anlamaq üçün gərək onları könlünün qulağıyla dinşəyəsən. Onu da deyim ki, Azərin şeirlərinə xas bir mistik-mifoloji hava da mövcuddur. Əski türk əsatirlərindən gələn bir hava. Bu, şairin daha çox mətnə səpələnmiş metaforalarında və metafizik düşüncələrində özünü göstərir. 
“Mezozoy erasında yadplanetli” şeiri bunun ən bariz faktlarından biridir. Gözlənilməz təşbehlərin söykəndiyi fraqmentlərdən çıxış edərək günümüzün çeşidli faciələrinin mənzərəsini bir təsviri sənət əsəri misali göz önündə sərgiləməklə insanların hələ də mezozoy erasında yaşadığına işarə edilir.
“Divar adam”, “Mebel adam” və s. silsilə şeirlərdəki çeşidli materiyalarda gizlənən sirlərin kələfi ustalıqla çözülərək bədii söz predmetinə çevrilir. Azər bu tip şeirlərdə demək olar ki, başqalarının ağlının ucundan belə keçirmədiyi detalları, hadisələri metafora dilinə çevirərək həm də öz fəlsəfi sistemi kimi təqdim edir. Buna baxmayaraq aydınlıq gətirilən bütün bədii suallar hazırlıqsız oxucu üçün yenə də sirli və qapalı qalır.
Onlar bilmirlər,
bilmirlər ki, divarlardan asılan şəkillərin
gözləri ilə görər divarlar,
qulaqları ilə eşidər,
ağızları ilə susar.
Və yaxud “Uzaq adam” şeirindən:
Bir dəfə bir qocanın gözlərində uzaq gördüm
uzağın içində uşaq gördüm
uşağın baxışlarında yaxınlarını itirmək qorxusu vardı
qocanın gözyaşları
o qorxunu yuyub apardı...
Azər şeirdə ənənənin şərti tələblərini pozur, sözə qoyulan məhdudiyyət çərçivəsini dağıdır, bəlağəti, hay-küyçülüyü pafossuz ədəbi təfəkkürünün yeniliyi, böyüklüyü ilə susdurur. Sözün sığallı, dəbdəbəli ədasını yaxına buraxmır, əksinə, oxucuya yazılarından boylanan düşüncələrinin kosmik enerjisini ötürür.
Hardansa işıq düşüb cızır bu qaranlığı...
“Şərqli oğlanın qərbli qıza danışdığı nağıl” sərlövhəli altı lirik söz butasını xatırladan yığcam şeirlərin “Bizdə insanlar təkcə şəkil çəkdirəndə gülür” akkordu cəmiyyətimizin mükəmməl tragik peyzajıdır.
Azərin şeirlərinin quruluşu da təhkiyəsi kimi orijinaldır. Doğrudur, bu yazılarda “xoruz banı eşitməyən” qafiyələrdən deyil, daha çox işlək qafiyələrdən istifadə olunur. O da necə? Sezilməyəcək bir ustalıqla! Füzuli babamız demiş, Azər “sözə ehya verib” – qulağımızı dalayan ölü sözləri, aşınmış qafiyələri də cana gətirir. Oxucuda modern və postmodern düşüncə məhsulu təəssüratı yaratsa da nəqletmə baxımından daha çox nağıllarımızın, dastanlarımızın təhkiyə tərzinə köklənən bu şeirlərdə sözə qazandırılan yeni novator poetik siqlətə alqış düşür.
“Süpürgəçi qadının dedikləri” şeirindən bir örnək: “Həyat əleyhqazın şüşələrindən baxan vahiməli gözlərdir” – bu, artıq ustad söz adamının müşahidəsidir.
“Bu evin qapıları açılmış ağız kimi hər gecə udur məni”, “Biz uşaq olanda arzularımızı kağız qayıqlarda suya buraxdıq”, yaxud “Duşlar ağlayacaqlar bu axşam çimənləri” – ayrı-ayrı şeirlərdən misal gətirdiyim bu misralardakı müşahidə və təşbehlərin yeniliyi, təravəti göz qabağındadır. “Metafora” şeirindəki tərz Azərin bir çox poetik yazılarına xas xüsusiyyətlərdəndir. Bir çox yazılarında olduğu kimi, “Metafora” əsərində də şairin metaforaları, bənzətmələri onu deməyə əsas verir ki, hər kəsin rastlaşdığı, lakin heç bir əhəmiyyət verməyib yanından yan keçdiyi həyat hadisələri Azərin poetik rakursunda tamam fərqli boyalarla biçimlənir:
Sevincdən ağlayan insanın göz yaşıdır
Tərli pəncərələrdən axan su damcıları.
Fikirdən ağırlaşmış insan başıdır
Krantların ucundan baxan su damcıları.
“Uzaqdan qəbirlər ayaq üstündə bizi gözləyir”, “Mollanın ağzından buxarlanan dua” – bu bədii bənzərsiz yüklü misralar Azərin ağı-pritça ovqatlı “Babamın dəfn günü içimdə pıçıldadığım şeir”indəndir.
İnamla demək olar ki, Azər üçün bir çox qələm adamlarının məngənəsində hələ də çabaladığı forma elə də böyük əhəmiyyət kəsb etmir. İlk baxışda adama elə gəlir ki, o da ölçülü şeirlərində formanın “tilsimindən” çıxa bilmir. Bu, qətiyyən belə deyil. Əksinə, Azər Musaoğlu şeirlərinə yüklədiyi yeni modern məzmun, yeni ritm, yeni ifadə tərzilə forma çərçivəsini sındırıb sözü asudəliyə qovuşdurur. “Requiem for a dream” sevgi şeirindən bir misal:
Nə mənsiz yaşaya bil, nə də ki, məni yaşat,
Nəfəsin edib məni ciyərlərində öldür.
Qan olum damarında, kəs venaları boşalt,
Ya da sal ürəyinə, daha dərində öldür.
Aşağıda, “Mariya üçün” adlı qeyri-adi poetik söz naxışıyla süslənən poeziya nümunəsindən misal gətirdiyim misralar sümsük sevgi-şeir aludəçilərinə deyil, söz sənətinin xüsusi kriteriyalarına bələd olan oxuculara ünvanlanıb.
Qollarını açanda
kişilər üçün çarmıx olar qadınlar,
Hər kişi öz qadınında çarmıxa çəkilər.
“Geyin məni-1” və “Geyin məni-2” sevgi şeirlərində də Azər tamamən yeni, postmodern ştrix-bənzətmələri sözün yaddaşına çevirir.
Ovuclarım cib olsun,
Əlini ovcuma sal.
Yorma ciyərlərini
Ciyərimlə nəfəs al.
Bağışla ki, sinəmdə
Bircə ürəyim vardı.
Ürəyim cüt olsaydı
Ayaqqabın olardı.
Açıq-aydın görünür ki, ikinci şeir həm birinci lirik parçanın davamıdır və sanki həm də müəllifin birinci şeirə sığdıra bilmədiyi, yaxud gözdən qaçırdığı metaforaların fərqli proyeksiyalarıdır.
Dodaqları yalın gəzmə bu səssiz küçələri,
Adımı bir nəğmə kimi geyin dodaqlarına.
Ayaqları yalın gəzmə bu soyuq gecələri,
Qucağımı corab kimi geyin ayaqlarına.
“Yoxluğunun varlığı” şeirindəki “Hopubdur saçlarıma əllərinin yoxluğu” misrası ilk baxışda ustad Əli Kərimin “Əllərimi göynədir saçlarının həsrəti” misrasındakı könül çırpıntısını xatırlatsa da Azər öz həsrət nisgilini elə rəngarəng şəkildə düzümləyir ki, adam heyrət etməyə bilmir.
Hopubdur saçlarıma əllərinin yoxluğu,
Hopubdur otağıma xəyalının çoxluğu.
Dodağının sükutu hopub qulaqlarıma,
Sənə getmək istəyi hopub ayaqlarıma.
A.Musaoğlunun gəraylı havası kökündə olmasına baxmayaraq metafizik duyumlu “Prelüd”, “Metamorfoz” və “Etiraz” adlı şeirləri modern təhkiyə tərzindədir.
“Kimsəsiz evlər” şeirinin aşağıda misal gətirdiyim misralarından boylanan bədii şair müşahidəsi hazırlıqsız oxucu üçün abstrakt görünə bilər. Çünki o, istənilən nəsnənin metafizik, mistik mənalar, təsəvvürlər çevrəsinə daxil olduğundan xəbərsizdir. Bu səbəbdən də xam oxucu postmodern təfəkkürün aşağıdakı misralara səpələnmiş işıq topasını xatırladan söz naxışlarına – metaforalarına ağız büzər.
Kimsəsiz evlərin həyətlərinə
payızı süpürür külək.
Kimsəsiz evlərin şüşələrinə
yağışı tüpürür külək...
Modern düşüncə tərzini milli pərdə üzərində kökləməklə bir ömrün “tale süjeti”nin hüznlü portret təəssüratını yaradan “30 yaşın şeiri” adlı gəraylıdan həm sufi, həm də çağdaş şeir havası vurdu məni. Sözün ətrinə diqqət edin:
Otuzu da başa vurdum,
yaşlaşıram, İlahi.
Günü-gündən bərkiyirəm,
daşlaşıram, İlahi.
Kitabdakı sön bölüm “Fotoalbom” adlanır. Gerçəkdən də bu bölümdəki şeirlər poetik fotoalbomu xatırladır. Yorğunluğun, səssizliyin, sənsizliyin, yalqızlığın, ümidsizliyin və s. fotoşəkilləri ilə tanış olduqca heyrətamiz bənzətmələrin və metaforaların estetik burulğanına düşür adam. Azər öz fotoalbomunda unayıb məna məğzinə vara bilmədiyimiz detalların mahiyyətində gizlənən poetik daxili naturasını rəssam fitrəti ilə gözlərimiz önündə sərgiləyir. Son olaraq inamla əlavə edim ki, Azər Musaoğlu bu təkrarsız elitar poeziyası ilə ədəbiyyatımıza milli dastan təfəkkürlü modern-metaforalar şairi qazandıra bilib!
Allahverdi Təkləli
Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin sədri