Ömrünü yollara verən şair - Aliq Nağıoğlu yazır..

Salam, Tural müəllim! Masallıda sözün həqiqi mənasında bütün dövrlərdə canlı ədəbi mühit olub. Bu gün də var. Belələrindən biri 392 səhifəlik “Dərdə daş da dözməyir” sayca dördüncü kitabı 2025-ci ilin ilk ayında çap olunan “Tərəqqi” medallı şair Məmməd Ağadır (Dadaşov Məmmədağa Mirzəmməd oğlu). Kitaba onun 300-cən şeirləri, haqqında müasirlərinin yazdığı məqalələr, xatirələr yer alıb.
Sizdən xahişimiz odur ki, onun yaradıcılığı haqqında yazılan kiçik yazını Manera.az saytında dərc edəsiniz. Öncədən təşəkkür edirik!
ÖMRÜNÜ YOLLARA VERƏN ŞAİR
Məmməd Ağanın poeziyası haqqında qeydlər
Sözün həqiqi mənasında sədaqətli, dostcanlı, qayĝıkeş insan olan şair Məmməd Ağa ixtisasca yol mühəndisidir. Masallı rayonunun yol infrastrukturunda uzun illər ərzində çox işlər görüb. Üç şeirlər kitabının müəllifidir: “Yollar, talelər”, 2008:
“Haqq-hesabı çəkən dünya”, 2012; “Aĝ günüm yaĝışa düşsə, yaxşıdır”, 2017.
Məmməd günün ən müxtəlif mövzularına dərhal reaksiya verir. Bəzən aĝlının ucundan keçməyən nəsnələrə şeir qoşur: “Böcək”, "Kəpənək", "Yarasa", "Cırcırama", "Pəncərə", "Qapı", “Sərçə və Fil”, “Göz” və sairə belə konkret adlara.
“Göz” şeirinə diqqət edək:
Dildən əvvəl danışandır,
Cəzb edəndir maqnit kimi.
Hər bir vaxtda alışandır,
Kiprikləri könül kimi...
Yollara həsr olunmuş şeirlər diqqət çəkir, bu da təbiidir, çünki Məmməd Ağanın çörəyi yoldan çıxır:"Yollar ", "Yol halallıq istəyir", "Yol qovşaĝı", "Yol işçisi", "Yollar vurĝunu", "Yollara qurban verib" və s.təkcə bir kitabda toplanıb. Amma bu doĝma mövzuda əsərlərin yazılmasıi əvvəl də olub, indi də davam edir...
Məmməd Ağa olduqca sadə, təvazökar bir insandır. Çox maraqlı həmsöhbətdir. Bəzən fikirləşirsən ki, pis və ya yaxşı adam yoxdur. Sadəcə, biz onları görmək istədiyimiz şəklə salırıq. Məmməd belələrindən deyil.
Şeirlərinin dili sadə və oxunaqlıdır.
Məmməd Ağa şeirlərində həm də özüdür. Pafosdan, ritorikadan uzaqdır. Yaxşı bildiyi, gördüyü, tanıdıĝı mövzuları süzgəcindən keçirib təqdim, tərənnüm edir.
Çoxdan onun haqqında yazmaq istəyirdim. Qeydlərim yetərincə idi. Amma yazıya köklənmək kimi azarım var. Bir də görürsən, gözləmədiyim halda keçirəm kompyüterin arxasına və başlayıram klaviaturanı döyəcləməyə. İndi əlimin altında iyirmiyəcən yeni şeirləri olsa da, bir o qədər də telefonla səsləndirib. Bəli, çox vaxt həftəiçi sürpriz şeir oxumaq üçün səni narahat edəcək, sonra yazdıĝının kəm-kəsirini eşitməkdən yana səbir və intizarla diqqət kəsiləcək, xəttin o başında hər iradını tələsmədən kaĝıza köçürəcək.
Bu dünyadan nəsə almaq istəyirsənsə, sadəcə, bunu istəməlisən, həm də çox güclü və davamlı şəkildə istəməlisən. İşin daha çox enerjini alır, o səbəbdən poeziyaya vaxt qalmır. Amma müşahidələr həmişə var, onlar yığılır, bir gün içindəkilər şeirlərə çevrilir. Elə suallar var ki, cavabını ya tapmırsan, ya da cavabını bilsən də, özündən uzaqlaşdırmaq istəyirsən...
Məmməd Ağanın son şeirlərində qeyri-adi tapıntılar var. Yəni düşünülmüş ifadələr hazırlıqlı oxucu üçündür.
Üç şeirlər kitablarında da o gecəsi olmayan, işıqla dolu günlər onun sevinc dolu günlərinin, aylarının, illərinin müjdələri idi. Məmməd Masallının Ərkivn kəndində dünyaya göz açıb və adını yuxarıda çəkdiyim, həmçinin nəşrə hazırlanan dördüncü kitablarında onun təbiət və ocaq duyğuları dil açır:
Bülbüllərin yaz novrağı,
Sehirləyib güllərini.
Çöl quşların deyişməsi,
Açır sevgi dillərini.
Hər bir anı çəkir ekran,
Bu cənnəti yaysın elə,
Dağ çayının şaqraq səsi-
Cahargahı gəlir dilə.
“Qarabağ şikəstəsi”
Məmməd Ağa elə ilk şeirlərində uğurlu təşbihlərə, metaforalara üz tutdu. Çox yaxşı dərk elədi ki, sözə ehya vermək, onu poetik mənaya çevirmək gərəkdir, şablondan, hamının işlətdiyi və artıq stereotipləşən ifadələrdən qaçmaq labüddür. Bu tipli şeirlərdə Məmmədin metaforik düşüncə tərzi onun şairlik istedadından xəbər verirdi.
Üz-gözündə səhər ətri,
Zülfün olub xalın çətri.
Əzizlənib hər an xətrin,
Mən necə baxmayım sənə?!
Baxışların könül yardı,
Kipriklərin sal hasardı,
Canımdan bir can apardı,
Mən necə baxmayım sənə?!
“Mən necə baxmayım sənə?!”
Başqa bir şeirində təbiəti insana bənzədir:
Təbiət insantək küskünləşibdir,
Güllər qönçələnib, açmaq istəmir.
Bülbüllər qəm-kədər, ahu-zar çəkir,
Çiçəklər ətrini saçmaq istəmir.
"Sevgidə zanbaq ol, ömrə ətir saç" misrası-"Sevgi" şeirində; "Müşkü-ənbər saçır nəfəsun, gülüm, Məhəbbət himnidir xoş səsin, gülüm" beyti-"Gözləyirəm mən" şeirində; "Boyu Aya dayaq verir" misrası-"Təki sevən ürək olsun" şeirində; "Gözlərin gözümü salıbdı tora" misrası-"Demə, Aĝa dolubdu" şeirində və s.i.
Məmməd Ağa poeziyası təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə boylanan bir şair kimi diqqət çəkirdi və kənddən, təbiətdən, onun gözəlliklərindən söz açan şeirlərində insanın dərd-səri ilk sırada idi.
İlin boz dumanı basıb hər yanı,
Məzlum insaların dərdi-sərindən.
Bir gizli cazibə çəkir cahanı,
Qiymətlər dəyişir, qaçır yerindən.
Əli əyri olan hesabdan kəsir,
Yalançı aldadıb soyur hər kəsi.
Ocaqsız insanlar soyuqdan əsir,
Örtülü yerlərə çatmayır səsi.
Bazarlar minibdir atın belinə,
Vicdanlar tərəzi, baxır gözlərə.
And içib haramı alıb əlinə,
Utanmır, əyrini yaxır düzlərə.
“Açılar baxtı”
Baxın, bir şeirinə nəzər salaq:
Sirli-sehirli baxış
Titrədər ürəkləri.
Gözə kim çəkib naxış?
Gözün özündən soruş.
Almaya bənzər üzü,
Günü qoyarmı yaxın?
Düzünü desin özü,
Üzün özündən soruş.
“Özündən soruş”
Şair qlobal dünyanı narahat edən müharibələrə də heç vaxt biganə olmayıb, onlara zamanında münasibət bildirib. Məmməd Ağa şeirlərində hələ neçə illər öncədən mənfur düşmən üzərində qələbəmizi-zəfər gününü görürdü. “Azad, rahat gəzərik”, “Zəfər günü”. “Çanlı Ordumuz”, “Yenilməz Azərbaycan Ordusu”, “44 günə”, “Cənnət olar əvvəlkitək”, “Salam olsun Qarabağa” və digər şeirlərində bu əminlk qabarıq hiss olunur:
Yaxın vaxtda düşməni
Tamamilə əzərik.
Qarabağ torpağında
Azad, rahat gəzərik.
“Azad, rahat gəzərik”
Poeziya yolunda gözünün birini qurban verən dostumuz artıq müdrik yaşını haqlayıb:
Dərdi-səri çox eylədim
Çırpa-çırpa dağa-daşa.
Gözün birin yox eylədim,
Gəlib çatdım ahıl yaşa.
“Yetmişə çatdm”
Yeri gəlmişkən bir nyüansı da qeyd edim. Həmişə "Göy qurşaĝı"nın tədbirlərində, təkbətək görüşlərimizdə təkrar edirəm, yazının sonunda da yazıb, altını cızıram: biz bir-birinizı sevməsək, qəbul etməsək, bir-birimizin yaradıcılığından yazmasaq, heç kim bizi sevib, qəbul etməyəcək, bizdən yazmayacaq. Bu səmimi rəĝbətimizlə yanaşı, həm də biz bir-birimizdən mütəmadi yazmalıyıq, bu zaman çatışmazlıqlarımızı da qeyd etməliyik. Yaltaq sözlər yazmaq yox, səmimi sözün gücü ilə opponentlərimizi inandırmaĝa çalıṣmalıyıq.
Məmməd Ağanın həm də təşkilatçılıĝına söz ola bilməz. Masallı ədəbi mühitinin “Göy qurşağı” ədəbi məclisinin əksər tədbirlərini yorulmadan düzənləyir. Bu zaman onun səbrinə, dözümünə, intizamına heyran qalmaya bilmirsən.
Azərbaycan Respublikası Prezidentinin 10.04.2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan, 80 illik yubileyinin sayılı illərini yaşayan şairə bir daha möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Aliq Nağıoğlu
nasir, publisist
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.