Söz odum, torpağım, havam, suyumdu - Şeirlər

MANERA.AZ AYB-nin Mingəçevir bölməsinin sədri, şair İsmayıl İmanzadənin şeirlərini təqdim edir.
Ürəyim tapdanmış əkin yeridi...
Əzəldən su kimi safam-duruyam,
Ürəyim nə qəzəb, nə kin yeridi.
Bəlkə də bir zərrə günəş nuruyam,
Şirin arzularım əkin yeridi.
Acı söz mürgülü iynəm-tikanım,
Yalana bəllidir təkcə, sərt üzüm.
Haqdan soraq verir hər gələn anım,
Dilimin ucunda söz düzüm-düzüm.
Əlimdən çıxanda bəzən dincliyim,
Heç kimi nahaqdan tapdamamışam.
Nə yersiz hökmüm var, nə boş hay-küyüm,
Mərdlik nişanəli cəngəm-savaşam...
Söz odum, torpağım, havam, suyumdu,
Saflaşa biləndə niyyət etmişəm.
Ovcuma düşənlər tale payımdı,
Qəmə-qüssəyə də biət etmişəm.
Kim kəsə bilər ki axı, yönümü,
Bəxtin sapandından atılan daşam.
Səyirdib yüyənsiz “söz köhləni”mi,
Şeirin “quluncunu” ovxalamışam...
Sevincim bəmdədir, nisgilim zildə,
Vücudum nə qəzəb, nə kin yeridi.
İllərlə sızladım bir qərib eldə,
Ürəyim tapdanmış əkin yeridi...
12.04.2023
Hələ sevənlərim varmış heç demə...
Məni qınamasın bəxti yeyinlər,
Öz alın yazımdan qaça bilmədim.
Qarşımda sədd imiş gizli düyünlər,
Cəhd etdim... heç birin aça bilmədim.
Yuxudan oyandım qızaranda dan,
Atlı qarışqatək yükümü dartdım.
Özgə kölgəsində daldalanmadan
Sözlə damla-damla çoxalıb artdım.
Qoymadım başımı rahat balınca,
Ehtiyac üstümə yağdı qar kimi.
Öz nakam eşqimin baxdım dalınca,
Süddən yanıq qalmış uşaqlar kimi...
Bir ömür yaşadım sevincli-qəmli,
Nə boynumu bükdüm, nə qamətimi.
Hərdən görünsəm də kipriyi nəmli,
Yersiz “xərcləmədim” dəyanətimi.
Bir himə bəndəm ki kükrəyib daşam,
Məni bənzətməyin ağıldan kəmə.
Elə bilirdim ki unudulmuşam,
Hələ sevənlərim varmış heç demə...
14.08.2023
Gəlmişəm
Bir qalam kösövəm-odam,
Bükülmüş qolam-qanadam.
Çoxlarına hələ yadam,
Bir az uzaqdan gəlmişəm.
Tapdansam da torpaq kimi,
Dözdüm hər dərdə dağ kimi...
Yaşıl üzlü yarpaq kimi
Kökdən-budaqdan gəlmişəm.
Kürün avazı-səsiyəm,
Xan Arazın bəstəsiyəm.
“Qarabağ şikəstəsi”yəm,
Dildən-dodaqdan gəlmişəm.
Bələd olsam da “arxına”,
Qarışmamışam axına.
Əslim bəllidir çoxuna,
Halal torpaqdan gəlmişəm.
Alnım açıqdır, üzüm ağ,
Nə astaram, nə də yamaq...
Söz mülkünə min il qabaq,
Ya da lap çoxdan gəlmişəm.
Köhnə komayam, yuvayam,
Nə cəngəm, nə də davayam.
Bir udum suyam, havayam
Saflaşıb Haqdan gəlmişəm.
22.08.2023
Zəfərin mübarək, Vətən!
(Allah cəmi şəhidlərimizə rəhmət eləsin)
Xoş günlərdən soraq verir,
Axşamın-səhərin, Vətən!
Düşmənlərə göz dağıdır
Hər təzə Zəfərin, Vətən!
İgid-ərən oğulların
Tapdayıb bəndi-bərəni,
Bir həmləylə sevindirdi
Xocalını, Əsgəranı,
Xocavəndi, Ağdərəni...
“Dəmir Yumruq”dan güc aldı
Qatlanmaz qanadın-qolun!
Qırdın paslı qıfılını
Xankəndiyə gedən yolun!
Qarşında tab gətirmədi
Zülmə sipər olan “barı”.
Diz çöküb, aman dilədi
Səndən harsın dığaları...
Başın sağolsun... yenə də
Haqq yolunda cəngə çıxıb,
Candan keçənlərin də var!
Qanlı şəhid köynəyiylə
Ulu Tanrı Dərgahına
Vaxtsız köçənlərin də var...
Qalibiyyət simvoludur
Üç rəngli bayrağın sənin!
Bütövləşən sərhədlərin
Sabahkı növrağın sənin!..
Türkün-türkə can borcu var,
Nə yalqızsan, nə tək, Vətən!
Hünərindən soraq verən
Zəfərin Mübarək, Vətən!
21.09.2023
Mən şəhər adamı ola bilmədim
Arabir fikrimi cəzb eləsə də,
Mən şəhər adamı ola bilmədim...
Bircə yol ürəkdən gülə bilmədim.
Döşümə yatmadı tozlu küçələr.
İtirdim özümü səsdə-səmirdə,
Gəlib tapdı məni yuxularımda,
Həsrətin çəkdiyim aylı gecələr...
Gördüm qaşqabaqlı adamlarını,
Gördüm qana həris harınlarını.
Mənə gözlərinin ucuyla belə
Baxmayıb, yanımdan ötüb getdilər.
Beşinə-üçünə salam versəm də,
Təbəssüm qonmadı dodaqlarına,
Gözüm görə-görə itib getdilər.
Hey zara gəlsəm də fikrin əlindən,
Baş aça bilmədim insan “selindən”!
Döngələr qarşımda bir səddə döndü,
Gəc baxdı üzümə dalanlar mənim.
Arabir rastıma çıxdı “dost-tanış”,
Gah ütülü sözlə, gah şirin dillə
Üstümə şığıdı yalanlar mənim...
Qarşımda dağ kimi dikəldi yollar,
Gündəlik “əlmuzdum” yağlı “sağol”lar!
Anladım özgəymiş şəhərin tərzi.
Burda işə keçmir mizan-tərəzi...
Burda baş girləmək deyilmiş asan,
Kiməsə müftəcə yem olmamaqçün,
Gərək bir az fəndgir, ayıq olasan!
Gördüm bu tövr ilə, belə gedişlə,
Qulpundan tutduğum halal bir işlə,
Çoxları kərəksiz sayacaq məni,
Saflığım kənarda qoyacaq məni.
Adım düşəcəkdir “qara dəftərə”,
Zalımın üzünü güldürəcəyəm,
Tapdayıb keçəndə “qırmızı xətti”,
Külfəti acından öldürəcəyəm!..
Meşin qapılara düşməz açarım,
Kimdənsə mərhəmət ummağım əbəs,
Hara çatasıdır boğulmuş bu səs?!
Gümanım bir qalaq quru təsəlli,
Dönük taleyimdən tutdum beş əlli!..
Nə ev-eşik umdum, nə gün-güzaran,
Onları verən də, alan da bəlli!..
Yamanlıq “suyumu” kəsdi dəhnədən,
İllərlə artmadı “boyum” bir qarış!
Dedilər ya çıx get, gəldiyin yerə,
Ya da taleyinə boyun əy,-barış!
Burda haqsızlıqdır sahib, haqlara,
Heç demə kimdənsə ənam alanda
Yaltaqlıq, məddahlıq gəlirmiş kara!..
Əzilib-büzülüb xırdalanmadım,
Allahsız birini “tanrı” sanmadım!
Burda “akullalar”, “qurdlar” ayaqda,
Burda güclülərə girovdur Haqq da...
Yaxşı ki uzunmuş dilim-dilçəyim,
Yaxşı ki yalmana, yaltağa yadam!
Mən şəhər adamı ola bilmədim....
Yolların “qıfılın” açın, gedirəm,
Mən burda yaşaya bilmərəm, atam!
18.09.2022
Araz nəmli gözlərimdən axırmış!
Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!
Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qilbəgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!
Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı...
Görən varmı heç möhləti-amanı,
“Gülüstan”da şux qaməti bükülən,
“Türkmənçay”da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş -
Araz nəmli gözlərimdən axırmış!
Həsrət yükü hələ o tay, bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış -
Araz nəmli gözlərimdən axırmış!..
04.04.2023
Deyəsən zalımın axırı varmış..
Zəmanə elə hey öz gərdişində,
Bəxtimiz kiminsə qanlı dişində.
Sonu görünməyən müşkil işin də,
Hardasa bir gizli “cığırı” varmış!
Dünya toy-bayrammış ağıldan kəmə,
Sızlaya-sızlaya öyrəşdik qəmə...
Üzünü görəndə bildik ... heç demə,
Dərdin də yüngülü, ağırı varmış!
Yalana züy tutar məddah gədələr,
Məzlumu susdurar qorxunc hədələr...
Deyəsən yanılıb müdrik dədələr,
“Xəmir yeyən”in də fağırı varmış!
Haqq öz yerin tapır ya tez, ya da gec,
Səmtini dəyişən deyil ağır köç...
Yəqin ki bu qədər üzülməzdik heç,
Bilsəydik zalımın axırı varmış!..
06.10.2023
Yaşda nə günah var axı?!
Böhtanın tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda nə günah var axı?!
Yamanlıq duranda üzə,
Dərd qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda nə günah var axı?!
Qəlb ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda nə günah var axı?!
Haqsızlıq səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda nə günah var axı?!
09.10.2023
Tural Adışirinin təqdimatında