Cavid Qasımovun şeirləri.. - Tərlan Əbilov yazır

Ən əvvəl onu deyim ki, Cavid Qasımovun qəzəlləri haqqında bir neçə dəfə yazmaq istəsəm də, bu istəyimin qarşısını gah onun laqeydliyi, gah da başımın öz qayğılarıma qarışması kəsib.
Bu dəfə isə onun feysbukda paylaşdığı "Hərdən-birdən" rədifli qəzəlini oxuyub, ikinci beytinin təsirindən çıxa bilmədim:
Sirrini sorma bu çöhrəmdə duran hər qırışın,
Axı ruhumda olur zəlzələ hərdən-birdən.
Məncə elə bu bircə beyt bəs eləyir ki, deyəsən, Cavid şairdi. Elə bu bircə beytdəki obrazlılıq və məna dolğunluğu kifayət edir ki, bütün iş-gücünü bir tərəfə tullayıb belə bir istedadlı gənc haqqında yazı yazasan.
Üzündəki qırışları ruhundakı zəlzələnin qalıqları kimi bədiiləşdirə bilən bir şairi uzaqdan-uzağa bağrına basasan, təqdir eləyəsən.
Yaradıcılığındakı obrazlılığa meyl, təşbeh, mübaliğə, bədii ifadə vasitələrindən yerində istifadə edə bilmək bacarığı Cavidə babası Məhəmməd Füzulidən miras qalıb sanki. Bəlkə də elə buna görə onun hər bir qəzəlində elə beytlər olur ki, oxuyandan sonra təsirindən çıxa bilməyirsən. Heyrətlənirsən.
Həmin beytləri yaxın bildiklərinlə də bölüşüb, yaxşı mənada "xətakar nə oyun cıxardıb" - demək istəyirsən. Ona görə də elə kaloritli beytlərdən bir neçəsini sizin də diqqətinizə çatdırmaq istəyirəm ki, haqlı, yaxud haqsız olduğuma özünüz də bir qərar verə biləsiniz:
Ana bətnində mən öz bəxtimi qoydum gəldim,
Nə biləydim naxışın yoxluğu ağır şələdi.
Yaxud:
Saat əqrəbləri çəkdi ömürü sap(ı) kimi,
Keçmişin xatirələr xalçasını ilmələdi.
Ən nəhayət:
Sən gedəndən bəri bu dilsiz-ağızsız evdə
Bir qarışqa yeriyəndə, sanıram zəlzələdə.
Birinci beytdəki narazılıq bir şair deyingənliyi olsa belə deyim tərzindəki təbiilik, şirinlik özünü meyar kimi ortaya qoya bilir. İkinci beytdə saat əqrəbləri sanki mildir, ömrü sap kimi çəkə-çəkə keçmişin xatirələr xalçasına vaxtın fonunda rəngli ilmələrini atır, bu, həm də Cavidin əruz vəznində yazdığı şeirlərə düşüncəsinin atdığı rəngarəng ilmələrdir ki, adına poeziya deyirlər.
Üçüncü beytdə yenə də düşüncə dalğasının böyüklüyü şüurda heyrət doğurur. Şair hansı çıxılmazlığın dibində çabalamalıdır ki, lirik qəhrəmanının gedişindən sonra bir qarışqanın yerişini evində zəlzələ yarada biləcək mərtəbəyə qaldıra bilsin? Budur əsil düşüncə, budur əsil istedadın fitrətdən zühuru! Buna deyərəm oxucuya zövq yaşada bilmək bacarığı! Buna deyərəm təsdiqini tapmış mübaliğə!
Bütün bu sitat kimi qeyd etdiyim beytlərdən sonra adam tam qətiyyətlə deyə bilir ki, Cavid əruzda yazdığı əksər şeirlərdə modernistdir.
Və az qala hamının "əruzun vaxtı keçib, əruzun reytinqi əvvəlkindən aşağı düşüb" dediyi bir vaxta Cavidin bu yenilikçi olmaq cəhdləri onu həm mənə, həm də azsaylı, ancaq bu şeir növünün incəliklərini daha çox bilənlərə sevdirib. Cavidin hansı qəzəlinə üz tutsaq, mütləq beytlərin hansı birisə yaddaşımızda silinməz bir iz buraxacaqdır. Qəzəllərinin birindən olan bu beyt də istinad elədiklərimdəndir:
Qulaq asdıqca ayaq səslərinin nəğməsinə,
Şahid oldum hər ümidin dirilib ölməsinə.
Görün, bu beytin ilk misrasında ayaq səslərinə şairin biçdiyi bədii don necə gözəl alınıb. İkinci misrada ümidin dirilib ölməsini ayaq səslərinin nəğməsiylə müşayiət etmək də diqqətə layiqdir, hələ bu olanlara, bu düşüncədə baş verənlərə şahidlik etməyi demirəm. Bu, özü bir ayrı halın, bir ayrı zövqün göstəricisidir. Elə bu misralarda bir şairin mövcudluğuna şahid olmaq da kiçik məsələ deyil, hadisədi, qismətimizdə varsa, bəxtimiz gətirib heç şübhəsiz...
Sizi deyə bilmərəm, amma mən bu iki misradan sonra tam əminliklə deyə bilərəm ki, belə sehrli bir aləmə düşən şairə sözdən qurtuluş yoxdur. O, böyük sözə öz imzasını, öz ilmələrini atmaqdan ötrü hələ ümidləri kimi belə çox ölüb-diriləcək. Böyük Füzulinin bu beytindən sonra isə:
"Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar."
Cavidin:
Gözüm aydın, məni həsrət elə incəldib ki,
Keçərəm gizlicə kipriklərinin cərgəsinə. -
deməsi, ölüb-dirilmək cəhdi, sağ qalmaq çabası deyil bəs nədir? Təbii ki, Füzulinin o beytindəki inversiya, mübaliğə, litota, bədii təzad, Quran ayətinə təlmih bir başqadı, yəni çox sənətkarcasınadır. Cavidin isə bu dediyi fikir Füzulinin qızıl küçəsindən bir çimdik qoparmaq təsiri bağışlayır. 
Məncə 25 yaşlı gənc şairin məhz Füzuli kimi bir nəhəngin təsirinə düşməsi də təbiidir. Bununla yanaşı heç şübhəsiz ki, Cavidin yaradıcılığında qüsurlu məqamlar da yox deyil, xüsusən dil, bir də zaman qarışıqlığı ilə bağlı məqamlar az da olsa gözə çarpır.
Məsələn:
Bildim xəyalını gəlib axşam, səhər gedər,
Yalvardım Allaha, qoy üzün açmasın səhər.
Bu sitat gətirdiyim beyt, onun ən uğursuz beytlərindəndir. Bu beytin ilk misrasında deyim tərzi həm dil, həm də bədii cəhətdən öz həllini lazımı şəkildə tapmayıb, sanki Cavid oxucudan çox özünü yola verməyə çalışıb. Ancaq yenə də Cavidin hər misrada ən yaxşı olmaq çabası diqqətdən qaçmır. Şeirdən-şeirə dəyişən, böyüyən Cavid desəm ki, ancaq əruz şairidir, yanılmış olaram.
Cavidin bu ardı-arası kəsilməyən axtarışları heca vəznində və sərbəstdə yazdıqlarında da özünü yaxşı mənada qabartmaqdadır. Yaxınlarda Şuşada keçirilən "Vaqif poeziya günləri"ndə səsləndirdiyi "Məktəbli çantası" adlı şeirinin mətbuatda və sosial şəbəkələrdə rezonans doğurması dediklərimə əyani sübutdur. Gəlin indi də həmin şeirə baxaq:
Məktəbli çantası
Əvvəl ağır gələrdi məktəbli çantaları,
Dünyanın ağır yükü uşaqlara düşürdü.
Kitablara yazılan alınmayan qisaslar,
Məktəbli uşaqların belini də bükürdü.
Taptalanan mənliyim, işğal olan kimliyim,
Dərslik kitablarında qan iziydi qabaqlar.
Daha mənim yükümə gücü çatmadığından,
səhərlər ağlayırdı dərsə gedən uşaqlar.
Barıt rəngində idi siniflərin lövhəsi,
Bir soyuq divarında xəritəmiz yanırdı.
Şagirddən, işğal olmuş torpağı soruşanda,
Hər doğru cavabına müəllim utanırdı.
Lövhələr təbaşirlə ağardıldı bir səhər,
Xəritə çiçək açdı, soyuq divar isindi.
Çantalara yığıldı qələbə kitabları,
Səhər dərsə oyanan uşaqlar da sevindi .
Bu günə saxlanılmış sevinc göz yaşılarıyla
Varaqdan qan izləri sətir - sətir yuyuldu,
Götürüldü qisasla çiyinlərdən yükləri,
Onu nə göylər aldı, nə də yerə qoyuldu.
Dünən bir uşaq gördüm məktəbə tələsirdi,
Soruşdum ki, əzizim, kitabların ağırdı?
Gülə-gülə söylədi: Əvvəl ağır olanda,
Məktəbəcən böyüklər özləri aparırdı!
Müəllifin öz ifasında bir az pafoslu səslənsə də, şeirdə tarixi həqiqətlər öz həllini obrazlaşdırılmış şəkildə gözəl tapmışdır, 30 illik ağrı sözün əsil mənasında şeirin əsas nüvəsinə çevrilmişdir. Cavid bu şeirdə sanki bədənindən iştirakçısı olduğu müharibədən qalmış qəlpələri çıxarmağa nail olmuşdur.
Bu da o deməkdir ki, onun üçün hər hansı bir formada şeir yazmaq problem deyil, çünki istedadlıdır. Onun sərbəst şeirə keçidi də çox uğurlu nəticələrlə yekunlaşır. Gəlin, indi də kiçikhəcmli sərbəst şeirlərindən birinə diqqət edək.
Dərin olur,
ayağı axsayanın ləpirlərindən biri,
Təklər yerə tez batır...
Bir də,
dərin olur,
sevgisindən axsayan şairin sətirləri.
Harda necə yozula,
bir ölünün şəninə dəfn edir diriləri.
Sən necə axsayırsan?
Yoxsa səni də çəkir axsamayan ayağın?..
Şeir fəlsəfi notlarla başlayır, əvvəlcə müqayisə olunan axsaq bir adamın ləpirlərinin birində dərinləşir. Sonra müəllif müqayisəni üzərinə çəkib qarşı tərəfə "bir də, dərin olur sevgisindən axsayan şairin sətirləri. Harda necə yozula, bir ölünün şəninə dəfn edir diriləri" - deyib birinci axsamağın fiziki, ikinci axsamağın mənəvi olduğunu çözməyə çalışıb, fikrini sevgisindən axsayan şairin sətirlərində daha da dərinləşdirir. Sonda isə pıçıldadığına, yəni həm qarşı tərəfə, həm də özünə sual edir: "Sən necə axsayırsan? Yoxsa səni də çəkir axsamayan ayağın"? Şeiri bədii sualla bitirməklə oxucuya düşünmək imkanı verir. Nəticə isə belə qalır: bu dünyada axsamayan kimsə yox, hər kəs bir yerindən, bir tərəfindən axsayır və hər kəsin axsayan yerini axsamayan tərəfi çəkir. Heç şübhəsiz ki, Cavidin də şeir, ədəbiyyat kimi canlı bir orqanizmdə həm forma, həm də məzmun baxımından bir axsadığı yer mövcuddur. Və mən çox arzu edirəm ki, Cavidin axsayan tərəfini çəkən axsamayan tərəfi heç bir zaman axsamasın...
13.09. 2022
Tərlan Əbilov
şair, publisist