manera.az
manera.az

Lənkəranın söz havası - Vaqif Yusifli yazır...

Lənkəranın söz havası - Vaqif Yusifli yazır...
SÖZӘ QÜVVӘT: 1850-ci ildə şuşalı maarifpərvər ziyalı Sadıq bəy Meh - man da rov (o, Lənkəran qəzasına məhkəmə katibi təyin olunmuşdu) Lən kə - ra na gedərkən Qaradonlu gömrükxanasında tərcüməçi işləyən Mirzə İsmayıl Qa sirlə görüşür (Qasir əslən ağdaşlı idi, şair və müəllimdi). Sadıq bəy onu Lən kərana dəvət edir, öz mülkündə onun üçün «Üsuli-cədid» məktəbi açır və Qasir məktəbdarlıqla məşğul olur. Amma Qasir tezliklə Lənkəranda yazıbya radan şairləri öz ətrafına toplayır və bir ədəbi məclis təşkil edir, «FövcülFü səha» («Natiqlər yığıncağı») adlandırır bu məclisi. XIX əsr Azərbaycan ədə bi prosesini tənzim edən bir çox ədəbi məclislər təşkil edilmişdi (Gəncədə «Di vani-Hikmət», Qubada «Gülüstan», Naxçıvanda «Әncümənüş-şüəra», Şa maxıda «Beytüs-Səfa», Qarabağda «Məclisi-Üns», «Məclisi-Fəramuşan», Ba kıda «Məcməüş-Şüəra»). «Fövcül-Füsəha» Qasirin rəhbərliyi ilə onun ölümünə qədər (1900) fəaliyyətini davam etdirir və digər ədəbi məclislərlə sıx əla qələr yaranır. Ustad Seyid Әzim Şirvaninin ən çox sevdiyi şairlərdən biri də Qasir idi. «Fövcül-Füsəha»da Qasirlə yanaşı, Molla Fəttah Səhban, Әləkbər Aciz, Mirzə Әləkbər Mühəqqir, Molla Məhəmməd Mücrim, Mirzə İsa Xəyali, Məhəmmədhəsən Nəccar, Hüseynqulu Şuri, Mirzə Әləkbər Səburi kimi is tedadlı şairlər də iştirak edirdilər. Beləliklə, Azərbaycanın Cənub bölgəsinin mə dəni mərkəzi sayılan Lənkəranda ədəbi həyat qaynar dövrünü ya şa yır. Təbii ki, bu başlanğıc təsirsiz qalmır.

Әsr yarımdan sonra «Fövcül-Füsəha» Lənkəranın qocaman ziyalısı, sağlığında şəhərdə heykəli qoyulan Mirhaşım Talışlının səyi və təşəbbüsü ilə bərpa olunur.

LӘNKӘRANDA ӘDӘBİ HӘYATIN SPESİFİK XÜSUSİYYӘTLӘRİ.

XX əsrdə Cənub bölgəsində ədəbi həyat öz inkişafının yeni və daha sürəkli mərhələsinə daxil olur. Xüsusilə, əllinci illərdən başlayaraq Cənub bölgəsində o vaxta kimi görünməmiş istedadlı yazarlar meydana çıxır (Şəkər Aslan, Mirhaşım Talışlı, Әlisa Nicat, Vaqif Hüseynov, Hüseynbala Mirələmov, Yaşar Rzayev, Abbasağa, Məmməd Kazım, İltifat Saleh, Zeydulla Ağayev). Cənub bölgəsi Azərbaycan ədəbi həyatının irəlici qollarından birinə çevrilir. Bunu nəzərə alıb Lənkəranda Azərbaycan Yazıçılar Birliyinin zona şöbəsi təşkil edildi (1977). Şöbənin ilk sədri o zaman «Dağlar oğlu» romanı ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Məmmədhüseyn Әliyev (1925-1994) oldu. Cənub bölgəsində yaşayan ən məşhur şair isə Şəkər Aslan idi (1935-1995). O, keçən əsrin əllinci illərində yaradıcılığa başlamışdı, Xalq şairi Nəbi Xəzri onun şeirlərinə uğurlu yol yazmışdı. Şəkər Aslan uzun müddət Lənkəranda çıxan «Leninçi» qəzetinin redaktoru oldu, ömrünün son illərində isə Yazıçılar Birliyi Lənkəran zonasının rəhbəri idi. Şəkərdən sonra bu vəzifəyə İltifat Saleh (1935-2019) seçildi.
Lənkəranın söz havası - Vaqif Yusifli yazır...
Mən Cənub bölgəsində yazıb-yaradan şairlər sırasında çox sevdiyim bir şairin adını çəkməsəm, günah olar. Şəxsən mənim ədəbi həyatımda böyük rol oynayan Vaqif Hüseynovu (1936-1985) unuda bilmirəm. O, Masallıda – rayon «Çağırış» qəzetində redaktor idi və bu qəzet respublikada çap olunan rayon qəzetləri arasında birincilik qazanmışdı. Mən də tələbəlik illərimdə bu qəzetin səhifələrində tez-tez çıxış edirdim.

Bu yazıda mən əsasən Lənkəranda ədəbi həyatın son iyirmi ildəki gedişatından söz açacağam (Cənub bölgəsinin digər rayonlarında yaşayıbyaradan və Azərbaycan ədəbi həyatında da tanınan yazarlardan söz açmaq xeyli vaxt aparar). Burada – Lənkəranda ədəbi həyatın spesifik, özünəməxsus xüsusiyyətləri barədə müəyyən təsəvvür yaratmalıyam. Әlbəttə, Lənkəranda yaranan əsərləri qətiyyən Azərbaycan ədəbi prosesindən təcrid etmək olmaz, necə deyərlər, hər hansı hissə tamın, bütövün daxilindədir. Lakin heç də qəribə deyil ki, hər bir bölgədə yaranan ədəbiyyatın özünəməxsus spesifik xüsusiyyətləri var. Onları aşağıdakı qaydada sıralamaq istəyirəm.

1. Lənkəranı «Cənub mirvarisi» adlandıranlar qətiyyən səhv eləməmişlər. Nəinki Azərbaycanın, dünyanın gözəllik tablolarından, cənnət məkanlarından biri olan Lənkəran bir tərəfdən Talış dağları, bir tərəfdən isə Xəzər dənizi ilə qovuşur, Azərbaycanın sitrus aləmi, dəmirağac meşələri kimi nadir sərvətləri Lənkəranda qərar tutub. Şəkər Aslan bir şeirində yazır ki:

Burdadır ən gözəli
Bağçanın da, bağın da.
Lənkəran bir gözəldir
Bəzənib Xəzər adlı
Güzgünün qabağında.

Qızların yanağında
Qızılgülün rəngidir.
Lənkəran elə bil ki,
Xəzərin yaxasında
Qızılgül çələngidir.


(Yeri gəlmişkən qeyd edək ki, Şəkər Aslanın təşəbbüsü ilə nəşr olunan «Söz» jurnalı indi də fəaliyyətini davam etdirir. İstedadlı jurnalist Sevda Әlibəylinin redaktorluğu ilə…)

Lənkəranın özünəməxsus flora və faunasını – onun təbiət gözəlliklərini, burada yaşayan insanların adət-ənənə, məişət xüsusiyyətlərini heç bir şair lənkəranlı şair qədər təsvir edə biləmməz.

2. Lənkəranda digər bölgələrlə müqayisədə iki ədəbi janr – qəzəl və sonet daha çox yazılır, bu mənada Lənkəran şairləri Şərqlə Qərbin ədəbiyyatlarını bir araya gətirirlər. Qəzələ meyil etmək «Fövcül-Füsəha» ənənəsindən və ümumən klassik poeziyamızdan – Füzuli şeirindən gəlir. Lənkəranda yaşayan bir neçə şair istisna olmaqla elə bir şair tapa bilməzsiniz ki, qəzələ və əruza müraciət etməsin. Bu əruzçuların ön sırasında mərhum şair Mirhaşım Talışlı dururdu. Mirsalam Babayev, Ağamir Cavad, Ziyafət Yəhya, Tofiq Həsənli, Mahirə Nərimanqızı (Lənkəranda ilk «Divan» bağlayan şairə), Xanəhməd Nahid, Xaqani Muğamatoğlu, Xilqət Talıbov (onun da «Divan»ı var), Әhməd Haqsevər, Röyal Həşri, Vüqar Fərzullayev, Ağababa Nakam kimi lənkəranlı şairlər qəzəl yazmaqdan yorulmurlar. Әlbəttə, adlarını çəkdiyim bu şairlərin bir çoxunun qəzəllərini və əruzda yazdıqları şeirləri yalnız həvəskar səviyyəsi hesab etmək olar. Amma bu janrda daha çox diqqəti cəlb edən, təcrübə qazanan bir neçə şairin – Ağamir Cavadın, Xanəhməd Nahidin, Xatirə Xatunun, Xilqətin adlarını xüsusi qeyd etmək istəyirəm. Lənkəranda yaşayan şairlərin qəzələ meyli haçansa yeni bir ustad qəzəlxanın yetişəcəyinə də inam yaradır. Әn cavan şairlərdən Xaqani Muğamatoğlunun bir qəzəlini nümunə gətirək:

Dedim: ey gül, hər an eşqində çəkən nalə mənəm,
Dedi: ah çəkmə, səbəb səndəki bu halə mənəm.

Dedim: ah çəkməyimə səbəb qarə xalındır,
Dedi: həsrət səni qoymuş o qara xalə, mənəm.

Dedim: həsrət dediyin danələnib çeşmimdə,
Dedi: çeşmində sənin danələnən jalə mənəm.

Dedim: al oldu ürək surətinə baxmaqdan,
Dedi: fəxr eylə ki, salmış onu zəvvalə, mənəm.

Dedim: atəşli bu eşq ovladı, Xaqani, məni,
Dedi: döz, layiq olan çünki bu iqbalə mənəm.


«Azərbaycan soneti» adlı bir məqaləmdə qeyd etmişdim ki, Lənkəranda sonet «fırtınası» Şəkər Aslanın sonetləri ilə başladı. Şəkər Aslan müasir poeziyamızda ilk sonetlər çələnginin də müəllifidir. Sonetlər çələngi isə şairdən istedad tələb edir, gərək burada sonetin həm məzmununu, həm də forma-struktur xüsusiyyətlərini qoruyub saxlayasan. Vaqif Hüseynov, Mirhaşım Talışlı, İltifat Saleh, Balayar Sadiq, Elşad Səfərli, Ağamir Cavad, Qorxmaz Kadusi, Tərlan Әbilov, Әhməd Haqsevər, Hacı İltifat Cəfərli, Әli Nasir, necə deyərlər, Şəkər Aslanın Lənkəranda açdığı «sonet məktəbinin» müdavimləri oldular. Biz bu xüsusda «Azərbaycan» jurnalının 2021-ci il sentyabr sayında «Azərbaycan soneti» adlı məqaləmizdə geniş söz açdığımızdan, təfərrüata varmırıq. Lakin bir məqamı xüsusilə nəzərə çarpdırmaq istəyirik. Sonet müəlliflərindən biri – şair-tədqiqatçı Elşad Səfərli «Sonet janrı və Azərbaycan soneti» adlı sanballı bir monoqrafiya çap etdirdi (elmi redaktoru Hüseyn Həşimli). O, həmçinin sonetin bir sıra işlənməmiş yeni növlərini də Azərbaycan poeziyasına gətirdi. Sonet haqqında bu söhbəti də Elşad Səfərlinin bir sonetindən nümunə gətirməklə bitirək:

Sizi sonet yazmağa çağırıram, a dostlar,
Bir az qoşma, gəraylı yazmağa aram verin.
İndi ki, təbinizdə yaratmaq qüdrəti var,
Sonet üfüqlərini genişləndirin şeirin.

Nə qədər eyni ruhda əsərlər yazmaq olar,
Bir az da addımlayaq böyük sənətə doğru.
Bəlkə də, aranızda yatıbdır Petrarkalar,
Oyanın Petrarkalar, üzü sonetə doğru.

Qataq öz şeirimizə intibah incisini,
Yeni əsri döndərək gəlin, sonet əsrinə.
Biz fəth etsək sonetin Şekspir zirvəsini,
Bu, bir bəzək olacaq Azərbaycan şeirinə.

Zaman yetişdirdikcə sonet yazan kəsləri,
Gec-tez üzə çıxacaq Dantenin varisləri.


DÖRDÜNCÜ «HAKİMİYYӘTİN» ARAYIŞI: Lənkəranda ədəbi həyatın son illərdəki vəziyyəti barədə bölmənin rəhbəri yazıçı Qafar Cəfərliyə müraciət etdik. O, ixtisasına görə hüquqşünasdır, lakin gəncliyindən bədii yaradıcılıqla məşğul olub, indiyə kimi neçə hekayələr, povestlər kitabı çap olunub, əsasən detektiv janrda qələmini sınayır. Qafar müəllim İltifat Salehin vəfatından bir il sonra Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin rəhbəri təyin edildi.

Məmmədhüseyn Әliyev, Şəkər Aslan və İltifat Salehdən sonra filialın dördüncü sədri kimi fəaliyyətə başladı. Sədr təyin olunduğu bu ilyarım ərzində elə bir həftə olmayıb ki, həm Lənkəranda, həm də filialın əhatə etdiyi Masallı, Yardımlı, Astara, Cəlilabad, Lerik rayonlarında ədəbi tədbir keçirilməsin. Qafar Cəfərli bizə filialın fəaliyyəti ilə bağlı bir neçə səhifəlik arayış təqdim etdi. Bu rəsmi arayışı oxuduq və bizə məlum oldu ki, AYB Lənkəran Bölməsinin bu dördüncü «hakimiyyət» dövrü işgüzar və qaynar fəaliyyəti ilə seçilir. Әn əvvəl filialın ədəbi orqanı olan və tam səkkiz il ərzində nəşrini dayandırmış «Şəfəq» jurnalı bərpa olundu, artıq onun dörd sayı oxucuların ixtiyarındadır. Yazıçıların yubiley tədbirləri isə intensiv şəkil alır. Biz o tədbirlərin bir neçəsində şəxsən iştirak etmişik – dahi Nizaminin 880 illiyi, İsmayıl Şıxlının 100 illiyi, Mikayıl Müşfiqin, Qabilin, Şəkər Aslanın, Camal Yusifzadənin, Vaqif Hüseynovun, Sabir Rüstəmxanlının, Səyavuş Süleymanlının anım və doğum günləri maraqlı bədii proqramlarla yadda qalıb.

Filialda şair və yazıçılarla görüşlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Təkcə filialın binasında deyil, Lənkəran rayonunun orta və orta-ixtisas təhsili müəssisələrində, şəhərin sərhəd xidməti hissəsində, ayrı-ayrı kənd və qəsəbələrdə yazıçılarla belə görüşlərin çox faydası olub. Filialda təkcə Cənub bölgəsi yazarları ilə deyil, Azərbaycanın tanınmış şairləri, nasirləri ilə də görüşlər keçirilir, lap son iki ayda şairlərdən Elçin İsgəndərzadə və Fəxrəddin Teyyub, yazıçı Әyyub Qiyasla Lənkəran yazarları və oxucularının görüşləri «Oxucu-yazıçı» debatına ən parlaq misal ola bilər. Təbii ki, Lənkəran filialında müstəqilliyimizin 30 illiyi, İkinci Qarabağ müharibəsi və şəhidlərimizlə bağlı tədbirlərin keçirilməsini də unutmaq olmaz – İkinci Qarabağ müharibəsində şəhid olan lənkəranlıların əziz xatirəsinə həsr olunan «Payızın 44 anı» (Qafar Cəfərli və Xatirə Xatun) kitabı, «Әdəbiy ya tı mız - da vətənpərvərlik. Vətən mənə oğul desə», «Şəhidlər ölməz» mövzularında keçirilən tədbirlər də xüsusi önəm daşıyıb.
Lənkəranın söz havası - Vaqif Yusifli yazır...
Әlbəttə, biz Qafar müəllimin təqdim etdiyi rəsmi arayışın bütün maddələrini burada xatırlatmaq istəməzdik. Lənkəranda və filialın əhatə etdiyi digər rayonlardja keçirilən onlarla kitab təqdimatlarını, imza günlərini, oxucularla görüşləri bir-bir sadalasaq, statistikaya enmiş olarıq. Ona görə də, Qafar müəllim gərək bizi bağışlasın. Və deyirik: Yorulmayasan, Qafar müəllim, sükanı belə möhkəm saxla!

ONLARI SİZ DӘ TANIYIRSINIZ… Әziz oxucular, Lənkəranda yaşayan yazarların əksəriyyətini siz də yaxşı tanıyırsınız. Vaxtilə «region ədəbiyyatı» deyilən bir ifadə vardı. Ayrı-ayrı əyalətlərdə (şəhər, rayon, qəsəbələrdə) azçox respublika səviyyəsində tanınan bəzi yazarlar olsa da (Lənkəranda Məmmədhüseyn Әliyev, Şəkər Aslan, Vaqif Hüseynov, Qubada Mövlud Qonaq, Naxçıvanda Hüseyn Razi, Әlyar Yusiflİ, İsmayıllıda Musa Yaqub, Sumqayıtda Xasay Cahangirov, Әşrəf Veysəlli, Ofelya Babayeva), Masallıda Məmməd Kazım, Qəbələdə Tacəddin Şahdağlı, Cəlilabadda Abbasağa və s.) əksərimiz həmin ifadəni işlətməkdən çəkinmirdik. Lakin yetmiş-səksəninci illərdən başlayaraq regionlarda ədəbi inkişafın tempi – yeni istedadların çoxaldığı ona gətirib çıxardı ki, daha bu ifadəni işlətməyə ehtiyac qalmadı. İndi regionlarda yaşayıb-yaradan yazarların əksəriyyəti təkcə o regionlarda deyil, müasir Azərbaycan ədəbiyyatında yaxşı tanınırlar. Lənkəran da bu mənada istisna təşkil etmir. Biz bir neçə yazıçı-şair haqqında qısaca söz açacağıq, təbii ki, Azəçrbaycan oxucuları da onları yaxşı tanıyırlar.

İlk növbədə, Yaşar Rzayev haqqında. Uzun müddət Lənkəranda – partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışan, iki dəfə rayonun icra başçısı təyin olunan Yaşar müəllim lap gəncliyindən, «Leninçi» qəzetində çalışarkən ədəbi yaradıcılığa başlayıb. Elə gənc yaşlarında «Gecə eşalonu» və «Әks-səda» hekayələr, povestlər kitabları nəşr olunub. Bu hekayələr içində «Vəlinin kupletləri» ona bir yazıçı kimi böyük etimad, inam yaratdı. Vəzifə pillələri onu bir müddət ədəbiyyatdan ayırdı. Amma Lənkəranda – vəzifədə olanda Yaşar müəllim rayonun təkcə iqtisadiyyatı, sənayesi barədə düşünmürdü, həm də buradakı ədəbi həyata – ayrı-ayrı yazarlara qayğısını da əsirgəmirdi. Son on ildə isə Yaşar Rzayev yeni povestləri, bir romanı və Azərbaycan romanının 30-cu illər mənzərəsini əks etdirən elmi monoqrafiyası ilə ədəbi-elmi fəaliyyətini davam etdirir.

Lənkəranda bir ŞAİR də yaşayır və onun şeirləri müasir poeziyamızın maraqlı bir səhifəsini təşkil edir, – desəm, kimsə məni qınamasın. Onun yaradıcılığına həsr etdiyimiz bir yazıda Tərlan Әbilovu tamam fərqli, heç kimə bənzəməyən fərqli bir şair kimi tanıtmışdıq. Xüsusilə, bədii təsvir vasitələrinin rəngarəngliyi, hər hansı mövzuya tamam fərqli və sərbəst yanaşım tərzi, daxili azadlıqdan gələn bir təşnəlik, bir qiyam hissi onun şeirlərinin başlıca göstəricisidir.

Zaman not dəftəridir,
Ömrüm
küləklərin əlində çalınan fleyta.
Elə isə
bəs niyə ömrümün musiqisi,
ömrümün ritmi
sığmır, sığışmır
zamanın içindəki bu yeddi nota?
Neçə illərdir
içimdəki alov qarsayır budaqlarımı
yarpaq-yarpaq tökülürəm,
yarpaq-yarpaq cücərirəm
kölgəm qənim kəsilib insanlara!
Neçə illərdir
yağış əvəzi, qar əvəzi
yağır bu torpaqlara külüm!
Amma hələ də sönməyib,
hələ də səngiməyib
içimdəki bu alov, bu od.


Lənkəran ədəbi mühitinin tanınmasında bir şairin – Ağamir Cavadın fəaliyyətini xüsusi olaraq nəzərə çarpdıraq. Ağamir altı şeirlər, poemalar kitabının müəllifidir və sonuncu kitabı – «Dəniz adam» keçən il çapdan çıxıb. Şeirləri öz dilinin sadəliyi, lakin ən ümdəsi, obrazlılığı ilə seçilir. Hətta əbədi mövzularda yazanda da çalışır ki, təzə söz deyə bilsin. Məsələn, «Bu dünya» şeirində olduğu kimi:

Hərdən saz üstündə köklənən şair,
Mizrabı qırılmış sazdı bu dünya.
Bir böyük ilahi eşqdən güc alıb,
Yoxdan var eyləyən sözdü bu dünya.

Köksündə əbədi bir ocaq çatmış,
Odunu göylərin oduna qatmış,
Tanrının eşqiylə günaha batmış,
Məryəmtək bakirə qızdı bu dünya.

Səbrinlə göylərin bağrın üzürsən,
Bir ömür əzaba, dərdə dözürsən,
Sanma ki, torpağın üstə gəzirsən,
Ayağın altında tozdu bu dünya.


Ağamir Cavad heca şeirinin bütün növlərində ilham atını səyirdə bilir. Müxtəlif mövzularda (ən çox vətənpərvərlik, müstəqilliyin tərənnümü) qələm çalır, poemaları var, sonetlər, sonetlər çələngi ilə Şəkər Aslan yolunu davam etdirir, hər yeni kitabında da qəzəllərsiz keçinmir. Bütün bunlardan əlavə, Lənkəranda yaşayan şairlərin əksəriyyəti haqqında məqalələrin də müəllifidir.

Sizə daha bir şairi – Ziyafət Yəhyanı tanıtmaq istəyirəm. Amma bilmirəm, siz onu tanıyırsınızmı? Akademik Nizami Cəfərov isə Ziyafət Yəhyanı yaxı tanıyır. Әgər tanımasaydı, onun üç il əvvəl nəşr olunan «Tənhalığın nəfəsi» kitabına ön söz yazmazdı. Ona görə də sözü Nizami müəllimə verirəm: «Azərbaycan yazıçıları» ensiklopedik məlumat kitabında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəranda yaşayıb-yaradan şair Ziyafət haqqında deyilir ki, «Ana» adlı ilk şeiri hələ orta məktəbdə oxuyarkən «Lənkəran» qəzetində çap edilib. İlk şeirlər kitabı «İtkin düşən harayım» isə qırx yaşlarında – 1997-ci ildə işıq üzü görüb. Və o da məlum olur ki, Ziyafət dünyaya gəldiyi şəhərin ədəbi-ictimai həyatında hələ çox gənc yaşlarından kifayət qədər iştirak edib. Onun şeirlərində demək olar ki, hər məqamda, hər obrazda, hər yaşantıda, hər bədii detal və təfərrüatda hissiyyatlı, ilhamlı, gözü-könlü tox (və müdrik) bir şairlə qarşılaşırsan. Ziyafətin ideya-poetik dünyagörüşündə fərdi mənlik ümummilli mənlikdən ayrılmazdır:

İstəmirəm özgə ola
Mənə qardaş!
İstəmirəm özgə ola
Mənə sirdaş!
Tarixin daş yaddaşına
Toxunanda bir özgə daş…
İstəmirəm yaddaşıma
Özgə yaddaş!..
İstəmirəm bir özgədən
Qeyrəti mən!
İstəmirəm özgə verən
Cürəti mən!


Nizami müəllim bu konteksdən Ziyafətin şeirlərini təhlil edir, onun dünya, eşq-məhəbbət, vətənpərvərlik şeirlərini, həmçinin qəzəllərini təhlil edir.
Siz, əziz oxucular, sosial mediada bir imza ilə tez-tez qarşılaşırsınız. Tofiq Həsənli. Onun keçən il «Polad qalxanlara qələm çırpıram» şeirlər kitabı çapdan çıxıb və o kitabda Tofiqin əruzda və hecada yazdığı dini şeirləri, vətənpərvərlik, sevgi və satirik yazıları toplanıb. Həmin kitaba Tofiqin dostu, şeir-sənət həvəskarı İdrak Dadaşov ön söz yazıb, bəlkə də bu ön sözə müraciət etməzdim, amma o ön sözdə Tofiqi yaxşı tanıdım və indiyə qədər yaxşı tanımadığıma heyifsiləndim.

«AYB-nin sədri Anar başda olmaqla, respublikanın tanınmış şairləri Lənkərana gəlmişdilər. Şəhər İcra hakimiyyətinin akt zalında Lənkəran şairləri ilə görüş keçirildi. Görüşdə Tofiq Həsənliyə də söz verildi. Hamı onun bir neçə satirik şeir oxuyacağını gözləyirdi. Amma o, iki lirik şeir oxudu. Həmin şeirlərdən yadımda qalan misraları nəzərinizə çatdırmaq istəyirəm:

Çox bağlı qapılar sözlə döyülmüş,
Qiymətli hər sözə qızıl deyilmiş.
Demə, danışmamaq qızıl deyilmiş,
Demə, çox ürəyin qızılı qalıb.

O biri şeirdə isə:

Ayları, illəri saymaqdır peşəm,
Qoy elə sözümü deyə bilməyim.
Özümdən əlimi çəkib üzmüşəm,
Başıma bir daha döyə bilmirəm.

Tofiqin AYB-yə üzv olmaması Anar müəllimi çox təəccübləndirdi və soruşdu: «Necə olur, belə istedadlı şair indiyə qədər Birliyin üzvü deyil?» Sonra göstəriş verdi ki, təcili sənədlərini hazırlayıb AYB-yə təqdim edin. Amma üstündən 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, Tofiq Həsənli hələ də AYB-nin üzvü deyil». Kimdir müqəssir?

Tofiq Həsənlinin yeni kitabındakı şeirləri oxuduq və doğrudan da, onun adı qarşısında «istedadlı» sözünü yazmamaq günah olardı. Xüsusilə, satirik şeirlərində sabiranə tərzi, əruzun müxtəlif bəhrlərində qələmə aldığı qəzəllər, vətənpərvərlik çağırışları «istedadlı» kəlməsini tam doğruldur.
Lənkəranda yaşayan digər şairlərin yaradıcılığı barədə söz aça bilmədik. Am ma «görünən kəndə nə bələdlik» deyib Fəxrəddin Teyyubu, Etibar Vəliyevi, Әhməd Haqsevəri, Qardaşxan Fərzini, Balayar Sadiqi, Samir Sə da qət - oğ lunu, Baloğlan Cəlili, Mirhafiz Bahadırı, Simuzər Nüsrətbəylini bir daha ta nıtmağa ehtiyac duymadıq. Bu yazının müəllifi həmin yazarların hər biri haq qında məqalələr qələmə aldığından öz-özünü təkrar etmək istəmədi. Lən kəranda yaşayan nasirlər haqqında isə «Lənkəranın ədəbi həyatı» kitabında bəhs edəcəyik

İNDİ İSӘ ӘDӘBİ GӘNCLİK HAQQINDA: Lənkəranda istedadlı bir ədəbi gənclik – yeni ədəbi nəsil də formalaşmaqdadır. Budur onlar: Cavidan, Müşfiq Cəbi, Ziya Dilsuz, Xaqani Muğamatoğlu, Xilqət Talıbov, Aysel Səfərli, Aysel Nazim, Әyyub Türkay, Ülkər Nicatlı, Anar Seyidağa, Fateh...
Axırıncıdan başlayaq – Fateh Səfərovdan. Keçən il onun «Azərbaycan» jurnalının may nömrəsində debüt şeirləri çap olunub.

Ürəyimin ağrısını bilsəydin,
Gözdən axan yaş olardı sel kimi.
Təsəvvür et, adicə bir küləkdim,
Әsib keçdim adicə bir yel kimi.

Bilmirəm ki, nəyə görə yaşadım,
Niyə ölmək ucuz gəlir bu qədər?
Yoldan ötən hər insana su verdim,
Eşitmədim: ömrün olsun su qədər!

Düşməmişdi bu səadət payıma,
Tanrı, məni unutmusan, deyəsən.
Unudulan ən sonuncu adam mən,
Məndən sonra kim olacaq, görəsən?


Elə bu şeirdən görünür ki, Fateh Səfərovun debütü uğurludur. Yaxın gə - lə cək də onun gözəl bir şair olacağına inanırıq. Bir az qüssədən-qəmdən uzaq olsa...

Azərbaycanda – bir ailə daxilində dörd şairin olması tək-tük, nadir hadisələrdəndir. Fatehin babası Həbib Səfərov Şəkər Aslanla, Yaşar Rzayevlə bir dövrdə yaşamışdı, bir neçə şeir kitabı da çap olunmuşdu. Həbibin böyük oğlu Məmməd Həbib indi öz kəndlərində yaşayır, onun «Tənha işıq adası» şeirlər kitabı və «Şəfəq» jurnalında dərc edilən şeirləri ilə tanış olduq. Atasının onun kitabına yazdığı ön sözdə «Özünütapmaq heç kəsə bənzəməməkdir, əsl şairlikdir» ədəbi xeyir-duasına Məmməd Həbib layiqincə əməl etməyə çalışır. Həbib Səfərovun ikinci oğlu Anar Həbiboğlu isə cəmi qırx üç il yaşadı. Şeirlərində təzə nəfəs, təzə obrazlar, təzə deyim tərzi ilə seçilirdi. Böyük təəssüf hissilə qeyd edək ki, onun ölümü ədəbiyyatımız üçün bir itki idi. Xəstələnməsəydi, ölüm onu cənginə almasaydı, Anar poetik istedadı ilə daha nələr yaradardı. Cəmi bircə kitabı çap olundu: «Әlini qoy ürəyimin üstünə». Anarın oğludur Fateh. İnanırıq ki, o, tezliklə öz şeirləri ilə də fatehə çevriləcək!

Aysel Nazim, Aysel Xanlarqızı Səfərli, Ülkər Nicatlı və Cavidan – bu dörd şairə haqqında «Ulduz» jurnalında vaxtilə söz açmışıq. Bəzən qadın-xanım yazarların şeirlərində bir-birini təkrar edən motivlər, ifadə vasitələri ilə qarşılaşırıq. Amma adlarını çəkdiyimiz bu zəriflərin heç biri digərinə bənzəmir. Cavidanın şeirləri daha çox modern üslubu ilə səciyyələnir və daxili azadlığın, sərbəst düşüncə tərzinin ifadəsi olan şeirlərində Cavidan inqilabçılığı çox sevir, qadın poeziyasına xas olan umu-küsü, ah-nalə onun şeirlərinə xas deyil.

Mən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin.


Xalq şairi Sabir Rüstəmxanlı Aysel Xanlarqızı Səfərlinin «Karantin boşluğu» şeirlər kitabına «Ayrılığın və təkliyin sözü» adlı təfərrüatlı bir ön söz yazıb. Biz də o fikirdəyik ki: «Ayselin şeirlərində məni ən çox təsirləndirən məhz gənc ömürlərin qanadını qıran bu amansız tale karantininin və ona müqavimət göstərən, öz dözümü, sevgisi, sözü ilə onu asanlaşdıran, uzaqlıqlar üstündən mənəvi körpülər salan qadın etibarının poetik ifadəsi oldu».

Aysel Nazim və Ülkər Nicatlının şeirlərində isə daha çox sevgi duyğuları əks olunur. Təkcə sevgi duyğularımı? Ülkər Nicatlının bir şeirindən misal gətirək:

Yaşıl çəmənlərin ilməsi qaçıb,
Mamırlı qayalar dişini qıcıb,
Həsrəti götürüb haraya qaçım,
Vətənin ağrısı azalsın bir az.

Lənkəranda yaşayan iki gənc şairin Müşfiq Cəbinin və Ziya Dilsuzun şeirləri isə onların gələcəyinə böyük ümidlər doğurur. Burada «gələcək» sözünü bir qədər şərti mənada anlayın. Çünki həm Müşfiqin, həm də Ziyanın fərdi üslubu, deyim tərzi indi-indi formalaşır. Ziya Dilsuzun artıq üçüncü kitabı nəşr olunub – «Ayrılıq və nöqtə». Әsasən sevgi hissləri üstündə köklənən şeirlərində biz bir kənd müəlliminin təbii duyğularının şahidi oluruq. Bu təbii hisslər bizi inandırır ki, bu mürəkkəb zəmanədə əsl sevgi, həqiqi eşqməhəbbət heç də bu dünyadan əksilməyib.

Müşfiq Cəbinin də şeirləri onun orijinallığa, sözü obrazlı ifadə üsuluna və hər şeydən əvvəl, təbiiliyə meyil etdiyini sübut edir. Müasir şeirimizdə hər hansı ənənəvi mövzuda təzə söz demək yalnız istedadlı şairlərə nəsib olur. O şair cavandırsa, daha yaxşı. Müşfiq Cəbinin «Azərbaycan» jurnalının builki 3-4 saylarında yeddi şeiri çap olunub və diqqətlə nəzər yetirdikdə, bu şeirlərin hər birində orijinal deyim tərzinin şahidi olduq. Şerimizdə dərddən çox yazırlar, amma Müşfiqin «Dərdi» rədifli qoşmasında dərdi söyləməyin yeni bir çaları ilə üzləşirik:

Nə qədər kiçikmiş dünya, İlahi,
Bir yer tapammadım sərəm bu dərdi.
Ömrün divarında uçuq yer də yox,
İlahi, bəs hara hörəm bu dərdi?

Üzürük boşqabda, bir qaşıq da yox,
Bu dəniz içində bir qayıq da yox,
İçimdə közərən bir işıq da yox,
Gedəm arxasınca, görəm bu dərdi.

Nə sən izimdəsən, nə mən izində,
Çıxıb getdim, məni gəzmə özündə,
Bir adam tapmadım bu yer üzündə,
Götürüb apara, verəm bu dərdi.


Müşfiqə həmişə belə gözəl şeirlər yazmağı arzulayaq.

Bu yazını bənzərsiz şairimiz (mərhum demirik ona) Camal Yusifzadənin «Lənkəran» şeiri ilə bitirək:

Gözü yaşlı,
Buludu kövrək,
Yatağı nəm,
Mənim islanmış,
Yaşıl,
Zərif nanəm.


“Azərbaycan” jurnalı, 2022 /7-8






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31