manera.az
manera.az

Vətən üçün doğulanlar, Torpaq üçün vuruşanlar...

Vətən üçün doğulanlar, Torpaq üçün vuruşanlar...
Vətən üçün doğulanlar, Torpaq üçün vuruşanlar, Xalq üçün yaşayanlardı Vətən sevdalıları!

Onlar bu yolda nə ağrı-acı bilməzlər, nə yuxusuz gecələr. Bildikləri bir şey var – Vətən!

Düşüncəsi, sevgisi ancaq Vətən olanların sayəsində Torpaq Müqəddəsləşir – Vətən olur.
***
Biri var səni döyüşə-müharibəyə çağıralar, biri də var döyüş səni çağıra. Çoxdan arzusunda olduğun döyüş.

Məğlubiyyətlə yaşaya, barışa bilmədiyindən içindəki döyüşdən canını qurtarıb torpağındakı döyüşə can atırsan...

Burada hamı əsgərdi. Döyüşəni də, bütün gecəni yatmayıb olmayanları mümkün edib tapıb gətirən, döyüşdəki əsgərə “sən darıxma, nə istəsən gətirəcəm, sən ancaq döyüş, irəli get”, - deyib ürək-dirək verən silahsız əsgər də.

Bu əsgərin postu, döyüşəcək yeri şimaldan-cənubacandır. Hər gün bu yerlərə baş çəkmək, lazım olanları tapmaq, çatdırmaq...
Uğura hamıdan çox sevinmək...

Bu arxayla ön cəbhə arasında ön cəbhəyə daha yaxındı. 0-la 1 arasında 1-ə daha yaxın olan kimi. Bu əlaqə deyil, bu iştirakdı. Təchizatdı.

Könüllü təchizat. Silah-sursatdan başqa əsgərə lazım olan bütün təminatı ödəməkdi... Həm də əsgərə güc və ruh verən mənəvi-psixoloji təminatdı bunların işi.

Döyüş üçün lazım olan üç şərtdən ikisi.
Bu həm də əsgərə yanındayam, arxandayam deməkdi.

Döyüşən əsgərlə yağışda birlikdə işlanan, soyuqda birlikdə üşüyən, qələbə üçün birlikdə darıxan, ən kiçik uğura birlikdə sevinən silahsız döyüş yoldaşı. Və sonda əsgəri islanmağa, üşüməyə qoymayan qardaşı. “Təki sən vuruş. Düşməni geri oturt, torpaqlarımızdan qov, çıxart”, - deyə məlumatla, sözlə köməyində olan, kürəyini-kürəyinə söykəyən, dostu.

Gecəsi-gündüzü olmayan, evini, istirahətini unudan, bir çimir yuxu həsrətli vətən oğlu, vətən oğulları.
Ömrü boyu kimdənsə nəsə istəməyən, indi əsgərlər üçün özününkülərdən, dostlardan lazım olanları alan, başqalarından xahiş edən, bu gün üçün, hətta kiməsə yalvara biləndi, bu sevilən oğullar.
Əsgərlə bütün cəbhə boyu addım-addım irəliləyəndi.

Döyüş başlanandan olanla olmayanı, psixoloji durumu görüb bilmək, bu ağrıları içindən keçirib saf-çürük etmək, informasiyaları izləmək, müzakirə edib nəticə çıxarmaq və səhər tezdən axşamkı zənglərin sifarişini çatdırmaq...
Bu bir gündə görüləcək işlərdi.

Bu əsgərlər müqəddəs vətən qarşısında hər şeyi borc bilib özünü ora yetirənlər, çatdıranlardı. Tapa, çatdıra bilməyəndə torpaq qarşısında utandığından zülüm-zülüm ağlayanlardı. Tapıb vaxtında çatdıranda əsgərin üzündəki sevincdə rahatlıq tapanlardı, bunlar.

Sən müharibənin içindəsən. Ön və arxa cəbhələr arasındasan. Vasitəçisən. Lazım olanları tapıb çatdıransan. Haradan, necə?.. Bu sənin problemindi. Bütün bu günlər ərzində yaşadığın problem... “İstə! Al! Gözün arxada qalmasın”, – deyib bu günləri beləcə yaşadın. Əgər buna yaşamaq demək olarsa.
Bu halın yaşamağını yaşayanlar bilər.

Ömrü yazan Tanrıdı. Onu yaşadansa insanın özüdü. Bu ömrün içində o qədər ömürlər var ki... Eləsi var o səni yaşadır. Sən olmayanda belə. Ömür xalq, millət, dövlət, bəşəriyyət üçün yaşanan, sərf olunan zamandır! Budur, ömür.

İçindən keçdiyin ömür də var, içindən keçən ömür də. Səni yaşadan ömür, “yaşadım” dediyin ömürdü.
Ən ağrılı ömür savaşda yaşanan ömürdü. Və bu ömürlərin ən şərəflisidi.

Vətən üçün, torpaq üçün yaşanan, vuruşan ömür!

Kitabda hadisələr, azad olunan torpaqlar, yurd yerlərinə baxış, anın yaşantıları elə ifadə olunub ki, bunları oxuyanda torpaq itkisinin nə olduğunu bilməyən avropalının da gözləri mütləq dolar və bu itkinin nə olduğunu təsəvvüründə canlandırar.

Yaxın və çox uzaqdan əsgərlərimizə nifrətlə baxanlara: “...Keşkə, onları bura gətirmək mümkün olaydı. Keşkə, onlar gəlib Azərbaycan əsgərinin gözlərindəki sevinci görə biləydilər. Qan yaddaşından gələn bir sevda adına yola çıxmağın sevincini... Yarına qovuşmaq üçün hər şeyi gözə ala bilməyin sevincini... Dədələrin yurdunda, ataların dizinin-dirsəyinin qanı yaxılan yerlərdə kama çata bilməyin sevincini...”

Ağrı, qan dolu müharibəyə, döyüşə qatılan poetik çalarlar hadisəni daha yadda qalan edir.
“Bilmirəm, hamıya elə gəlir, ya yox; Laçın ürəkdağlayan halda çıxdı qarşıma. Sanki cavan, enerjili, təravətli vaxtında əsir götürülüb, Rusiyanın uzaq vilayətlərində daş kömür şaxtalarında gecə-gündüz işlədilib, 30 il sonra azad edilən bir oğlandı, saçı ağarmış, əlləri qabar-qabar, üzünü kirli saqqal basmış, dişləri tökülmüş, gözləri bozarmış bir oğlan...

Yollar 30 il zorlanan qadın kimi bitmiş, ağaclar nəfəsini içinə şəkmiş, yol kənarındakı elektrik dirəkləri qorxaq ümid kimi... Təpənin üstdəki “41-45 abidəsi” utandığından gizlənməyə yer axtarır”.

“Əsgərlərdən eləsi var ki, 40 gündən çoxdur koma vəziyyətindədir, eləsi də var ki, artıq sağalıb ailəsinin içindədir. Eləsi var ki, yanına düşən mərminin dalğa zərbəsindən travma alıb, ayılan kimi var gücü ilə bağırır, iynə vurub yatırırlar. Eləsi də var ki, zəng edib səngər yoldaşlarından ayağını soruşur: “harada idi?”, ”basdırdınız, yoxsa elə ortalıqda qaldı?” kimi suallar...

Müharibə belə şeydir, amansız... Bəzən günlər sonra hospitalda ayılan əsgər ayaqlarını itirdiyini yalnız hospitaldan çıxanda anlayır, durmaq lazım gələndə... Bütün bədəni key içində... əli də yoxdur ki, qıçının yerində olub, olmadığını yoxlaya bilsin.
Hə, cancığazım, belə şeydir müharibə...
Barmaq işarələri fərqli olduğu kimi dərdlər, qayğılar, ağrılar da fərqlidir. Bir mərminin partlaması ilə ondan qopan qəlpələr də fərqlidir, kimini sədəf boydası öldürür, kimiyə də əl boydası yüngül xəsarət yetirir. Yəni, bunun özü də qədərdir. Kiminin qolsuz ömrün yükünü qaldırmaq, kiminin ayaqsız dik dayanmaq var taleyində. Bu oğlanlar ayağını dövlətə pay verdi ki, yerisin dövlət, sabahlara götürsün balalarımızı... Onlar tariximizin ən böyük vəzifəsini həyata keçirdilər”.

Vasif Qurbanzadənin danışıq dili kimi yazı dili də səlisdi, ifadələr dolğun, ardıcılıq gözləniləndi. Axıcılığı, rəvanlığı da öz yerində. Nə hadisələr, nə də kitabın həcmi adamı yormur. Günlər biri-birinə oxşasa da...

Bu hadisələr, ifadələr adamı müharibənin içinə aparır, hadisənin içinə alır. Gah şahid kimi, gah iştirakçı kimi... Budur müharibəni yaddaşa həkk edən, yaşadan.

Kitabdakı hadisələrin canlı işlənməsi mənə Belarus yazıçısı, Svetlana Alekseyeviçə Nobel mükafatı qazandıran “Müharibənin qadın olmayan üzü (Müharibə qadın simalı deyil)” əsərindəki yaşantıları yada saldı. Qəhrəmanlar fərqli olsalar da.

Müəllif kədəri, ağrını, yaşantıları bədii ifadələrlərin köməyi ilə olduğu kimi çatdıra bilib. Hadisənin sözlə şəklini çəkib. Bu şəklin içində ağrının, yanğının özü də var, səsi də.
Müharibəyə, torpağa münasibətin acılı-şirinli epizodları çılpaqlığı ilə elə gözəl verilib ki...

Burada əlindəki dürməyi əsgərə verməyin sevincini yaşayan uşaq da var, evində böyük qazanlarda plov dəmləyib səngərə gətirən beli bükülmüş ağdamlı Səmayə nənə də, döşəklərin Kəlbəcərdəki əsgərlərə lazım olduğunu bilib, sakitcə arxa otağa keçib həzin səslə "burada da var" deyərək, mitili tökməyə başlayan Vasifin nənəsi də, “qapımızdan Azərbaycan bayrağı ilə Türkiyə bayrağı asıblar, külək ötən gecə Azərbaycan bayrağını zədələyib, dedim təzəsin alım, aparım asım” deyərək, müxtəlif çeşidli fərqli qumaşlardan hazırlanan bayraqların içindən ən gözəlini seçmək istəyən, bir az öncə şəhid olan zabitimizin üzünü saqqal basmış atası da, Füzuli istiqamətindəki döyüşdə Ağdamın Çullu kəndindən bir ailənin əkiz oğulları – Tacir və Nazirin eyni gündə şəhid olmasını eşidən, “mən sizi hansı zülümlərlə böyütmüşdüm ay bala, məni qoyub hara gedirsiniz?” deyə övladlarının arxasınca səslənən qoca ananın ahını təbiətin bütün varlıqlarının səmaya ötürməsi də, 29 oktyabrda Bərdədəki partlayış səsinə uşağını bağrına basıb yol kənarındakı hasara qısılan, onu zalım atəşin qəlpələrindən qorumağa, xilas etməyə çalışan, qəlpələrin onun kürəyini dəlib sinəsindən keçərək ciyərparasının köksünə sancıldığından xəbəri olmayan gənc atanın sonrakı yaşantıları da, Bakıdan maşın-maşın şinləri gətirən, cüssəsiz, lakin ürəyi böyük olan gənclərin ağır şinləri səngərlərə daşıması da, olanını cəbhəyə xərcləyəni də, savaş başlayan gündən bitənə qədər sosial şəbəkələri izləyib cəbhəylə, təminat problemləri ilə bağlı yazıları aşkarlayıb, həmin profil sahiblərindən sözügedən yerləri dəqiqləşdirərək əsgərimizə ötürən və bəzi yazıların qarşısının alınmasına çalışan “Qarabağ Hərəkatı” təəssübkeşləri də, əsgərini qorumaq üçün canını qurban verən zabit də, özbaşına aldığı yanlış qərardan əsgərlərimizi, zabitlərimizi itirən zabit də, əsgəri ilə birlikdə kəşfiyyata gedən korpus komandiri də... var.

Vasif Qurbanzadənən yazdığı bu kitabda oxucular üçün maraqlı olacaq çox şeylər...

Zaman-zaman məqamlar nəzərə alınmaqla verilən müsahibələrlə bərabər, çatışmazlıqlar da kitabda yer alıb.

Hər dəfə atəşkəs adı gələndə, eşidiləndə bu sözdən qorxan, diksinən “qarşıdakı postda hələ alacağım qanlar var” deyən əsgərin baxışlarını görmək çox ağırdı.

Bəlkə də biz dünyada yeganə xalqıyıq ki, atəşkəsi sevmirik. Çünki 27 ildə gördüklərimizdən, yaşadıqlarımızdan “Atəşkəs” sözünə allergiyamız var.

10 noyabr Bəyannaməsinin səhərisi gün ölkənin hər yerindəki sevinc sədaları ilə yanaşı, döyüşdəki silahı ilə birlikdə susub “görən nə oldu birdən-birə” narazılığını içinə danışan, arzuları yarımçıq qalan və hələ də işğalda qalan torpaqlara ümidsiz baxan döyüşçü baxışı da var, tökülən qana, döyüşçü dostuna verdiyi sözə, qisasa münasibət də. Budur döyüşçü ilə kənardan baxan adi vətəndaşın müharibəyə fərqli baxışı.

Əmrlər hərbidə müzakirə olunmur. Yerinə yetirilir. Bunu bildiklərindən döyüşçülər “bizim bilmədiyimiz nələrsə var” deyib, sonda könülsüz də olsa razılaşırlar.

İkinci Qarabağ müharibəsinin xronologiyası ilə birlikdə 13 iyuldan dekabrın 1-nə kimi bütün olanlara qatılan özəl yanaşmalar oxucunu darıxmağa qoymur. Çünki burada həm də Vətən, azad torpağın sevinc duyğuları, çoxdan unutduğumuz xoşbəxtlik də var.

Bu kitab əsgərləri, torpağı canından çox sevənlərin müharibə dövründə yaşadıqları həyat hekayəsidir. Saatı aylar, günü illər qədər çəkən, yazılan bir ömür dastanıdır.

Vətən sevdalıların yaşadığı, yadda qalan ömür dastanı...

Bunlar laqeyd məmurlara, zabitlərə nə qədər acısalar da, hər şeyi əsgərə qurban verib, “davam” deyənlərdi. Tək doğmalarının deyil, tanıyanların, Vətənin OĞUL dediyi oğullardı. Hər birinə dastan yazılası Vətən oğulları. VƏTƏN SEVDALILARI!
Nə yaxşı ki, siz varsız. Vətəni sevən, vətəni sevindirən oğullar. Dar məqamda “Biz varıq!” deyənlər. Vətən sizlərin, vətən üçün döyüşənlərin sayəsində vətən olur.

Vətən üçün çəkilən əziyyət əziyyət sayılmaz. Bu vətəndaşlıq borcudur. O əziyyətin ağrısını sevə-sevə qoxuladığın torpaq çıxardır. O da ola, həsrətli torpaq...

Budur, vətən sevgisi! Budur, için boyu “Vətən, canım sənə fəda!” deməyi sevərək bağırmaq!

Budur, Vətən sevdalısı olmaq!
Var olun, VƏTƏN SEVDALILARI!
Var ol, mənim VƏTƏN SEVDALIM, Vasif Qurbanzadə!

Bu Qələbədə sizin payınız xüsusidir!!!
Siz Vətənin, xalqın, bizim Qəhrəmanımızsız!

Siz yoxu var edənlərsiz! Qəlbimizdəsiz!!!

Vətəni qanlarıyla suvaran Şəhidlərə Allahdan rəhmət, yaralı Qazilərimizə şəfa diləyiylə,

Rəfail TağızadəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031