Aşıq Ələsgər haqqında yeni kitab işıq üzü görüb
Filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın "Heç demirsən, Ələsgərim hardadır?!" adlı kitabı çapdan çıxıb.
MANERA.AZ xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə (1991-2021-ci illər) Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında yazdığı araşdırmaları, məqalələri toplanıb: "Dədə Ələsgər eşqi ucalığında", "Azərbaycan aşıq məktəbinin zirvəsi: Aşıq Ələsgər", "Dədə Ələsgər və Aşiq Şenlik yaradıcılığında "könül" hikmətləri", "Dədə Ələsgər "Aşiq Şenlik və Ülvi Bünyadzadə şeirlərində yurd ağrısı - daşnak zülmü mövzusu", "Azərbaycan poeziyasında "Ceyran" obrazı (Aşıq Ələsgər, Səməd Vurğun və Ülvi Bünyadzadənin şeirləri əsasında)", "Dədə Ələsgər ünlü bir qərinəlik xatirələrə dalınca", "Yorulmaz tədqiqatçı, saz-söz aşiqi", "Aşıq Ələsgər ocağının yetirməsi", "Heç demirsən, Ələsgərim hardadi?!", "Göyçədən başlayan folklor", "Göyçə aşıq mədəniyyətinə bir baxış (Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərlə söhbət)" və s. araşdırmalarının adlarını qeyd etmək olar.
Elmi-tədqiqat xarakterli bu məqalələrdə Dədə Ələsgər elminin hikmətlərindən, Türkiyə ozan məktəbinin görkəmli nümayəndəsi Aşıq Şenlik, XX əsr Azərbaycan klassiki Səməd Vurğun və gənc şəhid-şair Ülvi Bünyadzadə yaradıcılığı kontekstində aparılan müqayisəli təhlillər ədəbiyyatşünaslığımızda mühüm yer tutur.
AMEA Folklor İnstitutunun aşıq ədəbiyyatı mövzusunda nəşr etdirdiyi kitablar haqqında müəllif dəyərləndirmələri də tədqiqatçıların diqqətini cəlb edir. "Göyçə aşıq mədəniyyətinə bir baxış (Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərlə söhbət)" müsahibə - məqalədə klassik aşıq-şairin nəvəsi, onun ədəbi irsinin toplayıcısı, alim İslam Ələsgərlə aşıq ədəbiyyatı və Dədə Ələsgər irsi mövzusundakı söhbətdə istər aşıq sənətinin inkişafında Göyçə aşıq məktəbinin rolundan və s. aktual elmi məsələlərdən bəhs edilib.
AMEA Folklor İnstitutunda Aşıq Ələsgər, eləcə də Göyçə aşıq mühitində yetişən şair-aşıqlar yaradıcılığı kontekstində aparılan tədqiqat işləri haqqında müəllif məqalələri xüsusi yer tutur.
Kitabda məqalələr arasında Aşıq Ələsgərin məşhur şeirlərindən nümunələr verilməklə kitabın məzmununa xüsusi rəng qatıldığını da demək olar.
Müəllif "Dada Alasgar - Ozarbayjon baxshichilik maktabining cho'qqisi" adlı məqaləsini özbək dilində kitaba daxil edib. Qeyd edək ki, özbək oxucuları Dədə Ələsgər haqqında ilk dəfə bu məqalə ilə tanış olublar və həmin araşdırma yazısı Özbəkistandakı "Şərq ulduzu" və akademiyanın Dil, Ədəbiyyat və Folklor İnstitutunun elmi jurnallarında dərc edilib.
"Müəllifin Aşıq Ələsgər yaradıcılığı ilə bağlı müxtəlif illərdə dərc etdirdiyi məqalələri" adlı bölmədə Almaz Ülvinin müxtəlif illərdə dərc etdirdiyi məqalələrinin (nəşr ili və mənbəyi də daxil olmaqla), eyni zamanda bu tədqiqatları üzərində çalışarkən "İstifadə etdiyi ədəbiyyat" siyahıları da maraq doğurur.
Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, filologiya elmləri doktoru, professor Ülkər Nəbiyeva, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sima İsmayılova, məsul katibi Elnarə Səmədova, texniki redaktoru isə Atilla Süleymanlıdır.