manera.az
manera.az

Palıda sarılmış üzüm - Romandan parçalar

Palıda sarılmış üzüm - Romandan parçalar
MANERA.az Yazıçı Vahid Məmmədlinin “Palıda sarılmış üzüm” adlı yeni romanından parçalar təqdim edir

Dənizdən gələn həzin meh onun günəşdən yanmış sifətini göynətdi. Gözlərini açıb ətrafa baxdı. Sahildə az adam gözə dəyirdi. Dikəlib bir qədər oturdu. Saat on səkkiz otuzu göstərirdi. Gözləri Ünalı axtardı. Dostu sahildə yoxdu. Yəqin ki, hotelə, nömrəyə qalxıb...

Bura meşə ilə əhatə olunmuş istirahət guşəsi idi. Ömrundə bu qədər hündür ağacları olan şam meşəsi görməmişdi...

Ağaclara baxdıqca ən böyük arzusu onu yenidən bürüyürdü. O, uşaqlıqdan ağac olmaq arzusunda idi... "Hər il gör nə qədər körpə quş qanad açmamış ölür. Ağaca cevrilə bilsəydim, onların yuvadan düşməsinə, yırtıcılara yem olmalarına, ac qalmalarına imkan verməzdim. Onlar tək qalıb qorxanda nəğmə pıçıldayan yarpaqlarımın altında gizlədərdim. İlahi, bu qədər körpə quşun göy üzünə qanad açıb, sevincdən cikkildəməsi necə də gözəldir...".

Onun qəlbində bu arzu uşaq vaxtı İcərişəhərdə ilk dəfə olanda baş qaldırmışdı. Şirvanşahlar sarayının yaxınlığındakı qocaman zeytun ağacının yanından keçərkən ağacın altında körpə qaranquş balası görmüşdü. Ağacda yuva vardı. Ana qaranquş balanın ətrafında qanadını çırpa-çırpa vurnuxurdu. Həmin körpə qaranquş balasını yerdən götürüb cətinliklə də olsa, ağaca dırmaşıb yuvasına qoymuşdu. Sonra bir xeyli zeytun ağacına baxmış, ağac isə maraqla baxdığını görüb ona gülümsəmişdi. Bir qədər böyüdükdən sonra anlamışdı ki, bu ağac Şirvanşahın özüdür. Saraydakından daha məmnun olduğundan gülümsəmişdi.

"Kaş mən də ağaca dönə biləydim..."

Hamı hotelin birinci mərtəbəsindəki restorana tələsirdi. Vasif dostunun onsuz şam yeməyəcəyini düşünüb Ünalın onun otağı ilə yanaşı olan nömrəsinə qalxdı.

- Dənizin qırağında yaman bərk yatmışdın, - dostu onu görən kimi dedi. - Oyatmağa urəyim gəlmədi. Mən də yuyunub səni gözləyirdim.

Vasif söhbəti uzatmaq istəməyərək:

- Yaman acmışam, - dedi, - dur gedək şam etməyə.

Ünal uzandığı divandan qalxdı.

- Sən həyətdəki stollarda yer tut. Mən də paltarımı dəyişib gəlirəm, - deyə tələsik cavab verdi.

Avtomobil qəzasına düşəndən sonra ikisinin də əsəbi pozulmuşdu. Xəstəxanadan çıxanda qərara gəlmişdilər ki, Nabrana gedib qumlu sahildəki hotellərdən birində bir az dincəlsinlər.

Atası ilə anası onun səkkiz yaşı olanda ayrılmışdılar. Polis kapitanı olan atası haqqında çox az məlumatı vardı.

Ünal onun ən yaxın dostu idi. Birlikdə Bakıda qalereya açmışdılar. Vasif rəssam olduğundan rəsm əsərlərindən başı çıxırdı. Ünal isə əsl biznesmen idi. Hər şeydən pul qazanmağı bacarırdı. Şəhərin ən məşhur rəssamlarının sata bilmədikləri rəsmləri o, asanlıqla satırdı. Kənd uşağı olsa da, şəhərə, şəhər həyatına tez alışmışdı. Ünalın sol qolu dirsəkdən aşağı yoxdu. Ünala tək əllə avtomobil idarə etmək çətin olduğundan maşını, adətən Vasif sürürdü.

İngiltərədən gələn qalereyaçılardan birini qarşılamaq üçün hava limanına gedəndə qəflətən sol tərəfdən gələn yük maşını Vasifin idarə etdiyi avtomobili xeyli sürükləmiş, sonda isə onların maşınının üstünə aşmışdı...

Həmin qəzadan sağ çıxmaq şans əsəri idi. Hər ikisi başdan və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər almış, uzun müddət xəstəxanada yatmalı olmuşdu.

Anasının kənddə olması Vasifi sevindirmişdi. Yoxsa anası onu xəstəxanada o vəziyyətdə görsəydi, mütləq dəli olardı. Odur ki, baş verən qəzanı anasına bildirmədi. Xəstəxanada Ünalla eyni palatada yatdıqlarından onlara Ünalın sevgilisi Gülər qulluq edirdi.

Qəzadan sonra, xəstəxanada olduğu müddətdə özünü çox qınamışdı. "Deyəsən, mən də atam kimi həyatda tək qalıb, yanıb öləcəyəm. Bu qədər qızla tanış oldum, hətta düşündüm ki, hansınısa sevirəm. Amma hələ də həyatımın mənası olacaq qadını tapa bilməmişəm".

Uşaq olanda atası ilə anasının boşanmasına görə uzun illər sıxıntı çəkmişdi. Atası onun qəlbində daim məğrur, mülayim, saf bir insan kimi qalmışdı. Anası isə atasını səfeh, fərsiz adlandırıb, boşanmaqda israr etmişdi. Nə vaxtsa sevdiyi qadının ondan boşanacağı barədə Vasifdə də bir kompleks yaranmışdı. Ona görə də indiyə qədər tanış olduğu bütün qızlara, qadınlara özundən asılı olmadan məhz bu aspektdən yanaşırdı...

- Gedək yemək götürək.

Boşqablarını muxtəlif yeməklərlə doldurub yerlərinə qayıtdılar.

Bütün stollar dolmuşdu. Onların stollarında isə iki yer boş idi.

Bir qədər keçmiş stollarına bir qadın yaxınlaşdı:

- Bura boşdur?

- Buyurun, əyləşin, - deyə Ünal qadına yer göstərdi.

Qadın özü ilə gətirdiyi meyvə şirəsindən bir qurtum içib:

- Deyəsən, bura yeni gəlmisiniz, - dedi.

- Bunu haradan bildiniz? - Vasif qadından maraqla soruşdu.

- Mən burada ekskursiyalara baxan turizm şirkətinin nümayəndəsiyəm, - deyə qadın nəzakətlə gülümsədi.

- Daha dəqiq desək, bələdçiyəm. Əsasən də turistləri min illik üzüm ağacının olduğu yerə aparıram. Amma sizi heç görməmişəm, ilk dəfədir...

- Üzüm ağacıdır da. Bunda maraqlı nə var ki? - Ünal da gülümsəyərək dedi.

Bələdçi qadın əsəbiləşdiyini gizlədə bilmədi:

- Siz nə danışırsınız?.. Meşənin lap dərinliyində min yaşında üzüm qocaman bir palıda sarılıb, hətta bar da verir. Bəyəm bu maraqlı deyil?

- Əlbəttə, maraqlıdır, - deyə Vasif özünü saxlaya bilməyərək söhbətə qoşuldu. - Əslində, meşənin dərinliklərində üzüm tənəyi görməyin özü qeyri-adi haldır. O ki qala min yaşı ola. Məsələn, mən görmək istərdim.

Ünal, - üzünü dostuna tutdu, - gəl sabah ora gedək.

Qadın stulunu irəli cəkdi:

- Əgər fikriniz qətidirsə, indidən sifariş verməlisiniz. Şam yeməyindən sonra mən hotelin vestibülündə olacağam. Turistlərin çoxu elə oradaca yaxınlaşıb sifariş verir.

Vasifin həmin ekskursiyaya getməkdə israrlı olduğunu görəndə Ünal da həvəsə gəldi.

- Biz o ağacları görmək istəyirik, - deyə üzünü bələdçiyə tutdu. - Sifarişimizi elə indidən qəbul edin, - dedi.

- Yaxşı, onda səhər saat yeddi tamamda sizi hotelin vestibülündə gözləyəcəm. Orada toplaşırıq...

Həyətdə otursalar da, Ünala isti idi. Çünki o, ətrafdakılardan fərqli olaraq, qısaqol köynək geyinə bilmirdi. Sol qolunun dirsəkdən aşağı olmaması buna imkan vermirdi. Sol qolunun uc hissəsi şanapipik qanadını xatırladırdı. Ünal qoluna nə olduğunu çox gec, universiteti bitirəndən sonra öyrənmişdi...

Yaşıl təpəlikdən üzüaşağı kənd məktəbinə doğru enən yol aralıdan ağarırdı. Yolun kənarındakı məktəbin həyətində dəcəl kənd uşaqları ora-bura qaçışıb oynaşır, zarafatlaşırdılar.

Məktəbin gözətçisi Gülməmməd kişi giriş qapısının qarşısında var-gəl edir, məktəbə doğru uzanan yola baxıb gülümsəyirdi.

Məktəbin iyirmi üç yaşı yenicə tamam olmuş müəllimi binanın qarşısında göründü. Ağ, səliqəli köynəyinin sol qolu yan tərəfdən şalvarının icərisinə keçirilmişdi. Diqqətlə baxanda hiss olunurdu ki, onun bir qolu dirsəkdən aşağı yoxdur.

Yaşca yuxarı sinifdə oxuduğu bəlli olan qaraşın oğlan uşaqları başına toplayaraq cavan müəllimin qolunu göstərib xısınlaşmağa başladı. Uşaqların müzakirə obyektinə çevrilən müəllim sakit, asta addımlarla pillələri qalxıb, qapının ağzında dayanan Gülməmməd kişiyə yaxınlaşdı:

- Sabahın xeyir, baba, necəsən?

- Sağ ol, ay bala, Allah köməyin olsun, - deyə Gülməmməd kişi gülər üzlə və şən səslə nəvəsinin salamını aldı və fəxrlə qapını açıb onu içəri ötürdü.

Rəhmətlik oğlu Fərmayılın yeganə yadigarı olan nəvəsini böyüdüb, oxudub, müəllim kimi görənədək nə qədər əzab-əziyyət cəkmişdi Gülməmməd.

Qəflətən üzü sərtləşən gözətçi qaraşın oğlanı yanına çağırdı. Amma cöhrəsindəki qəzəbi gizlədib, həlim səslə dedi:

- Sizə necə dəfə demişəm ki, mənim nəvəmi görəndə xısınlaşmayın?!

Qaraşın oğlan günahkarcasına başını aşağı saldı. Gözətçinin qəzəblənəcəyini gözləyirmiş kimi bir az duruxdu. Lakin onun bir söz demədiyini görüb ürəkləndi. Azacıq başını qaldırıb ehtiyatla soruşdu:

- Baba, müəllimin qoluna nə olub axı?

Gülməmməd kişi oğlana yuxarıdan aşağı qıyğacı baxıb, sakit səslə:

- Quş olub uçub, - dedi, - get dərsinlə məşğul ol, a bala, sənə aid olmayan işlərə qarışma.

Qaraşın oğlan qocanın sözlərindən bir şey anlamayaraq, çiyinlərini çəkərək, başını aşağı salıb aralandı.

Dediyi sözdən huyuxan Gülməmməd kişi döyüküb ətrafa baxdı. Dilindən qeyri-ixtiyari çıxan kəlmələrə görə özünü qınadı: "Qocalırsan, Gülməmməd!". Bu sirri necə illərdi urəyində saxlamışdı. Nəvəsinin yarımqol doğulmasını bütün kənd əhli bilsə də, əsl səbəbini bu dünyada sağ olanlardan yalnız o bilirdi. Gözətçi Gülməmməd dərindən ah çəkib, xəyala daldı, iyirmi dörd il bundan öncə baş vermiş o hadisələr gözlərinin önünə gəldi.

Bu yerlər dağlarla, meşə ilə əhatə olunduğundan kənddə çox adam ovçuluqla məşğul olurdu. Gülməmməd kəndin ən yaxşı ovçusu idi. Yeganə oğlu Fərmayılı da beş-altı yaşlarından ova aparır, ovun sirlərini ürəklə ona öyrədirdi. Oğlunun quşu gözündən vurması, get-gedə Gülməmmədin özündən də mahir ovçu olması bir ata kimi onu çox sevindirirdi.

Aylar, illər ötdü. Gənc Fərmayıl qorxmaz, tədbirli, igid bir ovçu oldu. Kənddə onun haqqında əfsanələr dolaşırdı. Ovuna bir dəfə baxıb, sonra üzünü çevirib atəş açanda belə Fərmayılın gülləsi boşa çıxmazdı.

Fərmayılla günü-gündən daha çox fəxr edən Gülməmməd evlənmək vaxtı çatanda toy edib kəndin ən gözəl qızı Gülgəzi ona aldı.

Vaxt çatdı, vədə yetişdi, Gülgəz hamilə qaldı...
Palıda sarılmış üzüm - Romandan parçalar
Gülgəzi dəlicəsinə sevən Fərmayıl arvadının hər bir istəyini yerinə yetirməyə çalışırdı. O, hamının səbirsizliklə gözlədiyi körpənin sağlam doğulması üçün Gülgəzin hər sözünə baş üstə deyir, onu həyəcanlanmaqdan, əsəbdən qoruyurdu. Hamiləliyin son günləri Gülgəz daha da ötkəm və səbirsiz olmuşdu. O müdhiş hadisə də uşağın doğulmasına az qalmış, Gülgəzin vəziyyətinin gərgin olduğu həmin günlərin birində baş verdi...

Fərmayıl və Gülgəz həyətdəki çardağın altında oturub, şirin-şirin söhbət edirdilər. Gülməmməd də evdə idi. Eyvandakı taxtda uzanmışdı.

Birdən bir şanapipik həyətdəki çinarın budağına qondu. Artıq mahir ovçu olan Fərmayıl təəccüblə şanapipiyə baxdı. Maraqlıdır, şanapipik həmişə düzdə, kolluqda olar, çinara qonmaz. Görəsən, bu şanapipiyi hansı külək azdırıb bura gətirib? Fərmayıl heyrətlə bir də şanapipiyə baxıb çiyinlərini çəkdi.

Gülgəz də şanapipiyi görmüşdü. Bir an sonra o, ağır-ağır nəfəs almağa başladı. Sanki gözləri yumulurdu. Fərmayıl arvadının bu halına diqqət yetirib özünü itirdi. Təlaşla soruşdu:

- Sənə nə oldu, özünü pis hiss edirsən?

Gülgəz güclə nəfəs alırmış kimi Fərmayılı tələsdirdi:

- Tez ol, o şanapipiyi vur!

Fərmayıl təəccüblə arvadının üzünə baxıb:

- Gülgəz, sən nə danışırsan?! - dedi. - Şanapipiyi vurmazlar...

Gülgəz sanki həmişəki mehriban, gülərüzlü gəlin deyildi. Ayağa durub evə qaçdı. Tüfəngi gətirib Fərmayıla uzatdı.

- Al! - dedi. - Tez ol, tez ol, vur deyirəm, onu bişirib yeməsəm, ölərəm.

Fərmayıl karıxmışdı, sanki nə edəcəyini bilmirdi. Gülgəz onun yerindəcə donub-qaldığını görüb, dəli kimi qışqırdı:

- Vur deyirəm sənə, vur! O quşun ətindən yeməliyəm, yoxsa... yoxsa uşağım da öləcək...

Atəş açıldı. Şanapipik budaqdan aşıb saralmış payız yarpaqlarının üstünə düşdü. Güllə şanapipiyin sol qanadından dəyib, gövdəsinə keçərək quşu öldürmüşdü. Gülgəz çinara doğru qaçdı. Ölmüş şanapipiyi götürəndə quşun sol qanadının yarısı qopub yerə düşmüşdü...

Gülgəz bir göz qırpımında mətbəxə keçdi, quşun leşini tavaya qoyub üstünə çaydandan qaynar su tökdü. Cəld hərəkətlərlə tükünü yoldu. Tərtəmiz təmizləyərək doğrayıb tavaya yığdı.

Güllə səsinə yerindən dik atılıb, heyrətlə oğlunu və gəlinini süzən Gülməmməd kişi onlara təpinmək istəsə də, bir söz deyə bilmədi. Kişi yerində donub qalmış, boğazı qurumuşdu.

Qızartdığı şanapipiyi son tikəsinə qədər təkbaşına yeyən Gülgəz sanki bundan sonra bir qədər toxtadı...

Fərmayıl sehrlənmişdi. Nə baş verdiyini, şanapipiyi niyə vurduğunu hələ də anlamırdı. "O quşu yeməliyəm, yoxsa uşağım da öləcək", - deyə qışqıran Gülgəzin səsi hələ də qulağından getmirdi.

Bayaqdan bəri yerində donub qalan Gülməmməd isə əllərini göyə qaldırıb: "Allah, özün komək ol!" - dedi.

Kənd xəstəxanasının doğum şöbəsinin qarşısına xeyli insan toplaşmışdı. Səhərə yaxın Gülgəzin ağrısı tutmuş, Fərmayıl onu xəstəxanaya çatdırmışdı.

Xeyli müddət intizarla gözləyəndən sonra həkim dəhlizdə göründü. O, Fərmayıla yaxınlaşıb sakit səslə:

- Oğlun oldu, - dedi.

Fərmayıl sevinməyə macal tapmamış həkim tələsik Gülməmmədə yaxınlaşıb:

- Başın sağ olsun, Gülməmməd əmi... Gülgəzi itirdik, - deyə pıçıldadı.

Hamı çaşmışdı. Bir-birinə zidd iki xəbər dəhlizdə gözləyənləri sarsıtmışdı sanki. Heç kim ağzını açıb bir söz deyə bilmirdi. Ani sükutu yenə də həkim pozdu. O, yenə də yavaş, lakin indi sanki həm də günahkar bir səslə dedi:

- Amma nur topası kimi bir nəvən...

Sözünün ardını gətirə bilməyən həkim hönkürərək öz otağına addımlayıb qapını çırpdı.

Sanki baş verənlərin əsl səbəbkarı və yeganə günahkarı kimi şaqqıldayan qapının səsinə dəhlizdəkilər də ayılıb özlərinə gəldilər.

Doğum şöbəsinin qarşısında ağlaşma səsləri ərşə cəkilirdi. Gülməmməd və Fərmayıl palatada Gülgəzin cansız çöhrəsinə baxırdılar...

Gülməmməd kişi meyitin sinəsinədək örtulən mələfəni yuxarı cəkib onun üzünü örtdü. Gözləri yaşlı Fərmayıl körpə oğlunu qucağına aldı. Heyrətdən onun gözləri bərəldi. Həkimin dediyi kimi nur topasını xatırladan körpənin sol qolu dirsəkdən aşağı yox idi. Dirsəyinin ucundakı üç ədəd çıxıntı isə sanki şanapipik qanadlarını xatırladırdı...



***

Hündür palıd ağacının gövdəsinə və budaqlarına, həmin palıdın yaxınlığında kök atmış üzüm tənəyi sarılmışdı.

- Gördüyünüz bu üzüm ağacının min yaşı var, - deyə bələdçi qadın yeni bir kəşfdən, ixtiradan danışırmış kimi şövqlə, şən səslə danışmağa başladı. - İllər keçsə də, bu üzüm bu palıd ağacına sarılmış vəziyyətlə hələ də bar gətirir...

Bələdçi qadın ağaclar haqqında müfəssəl məlumat verir, turistlərin suallarını cavablandırırdı.

Birdən kimsə qışqırdı:

- Bu ağacların min yaşı olduğunu hardan bilirsiniz?

Bələdçi cavabını çoxdan əzbər bildiyi suala dərhal reaksiya verdi:

- Bioloq alimlər hesablayıblar.

- Hansı metodla?

Vasif artıq bələdçiyə qulaq asmırdı. Ağaclara valeh olmuşdu. Bütün diqqəti ilə üzüm tənəyinə baxırdı. Tənək qəribə şəkildə palıda sarılmışdı.

Üzüm ağacının gövdəsinin yoğunluğundan da yaşının çox olduğu hiss olunurdu. Amma yoğun olsa da, tənəkdə gözəl qız zərifliyi vardı. Üzümün gövdəsi sanki qızın bədəni, şam ağacının hər tərəfinə şaxələnmiş nazik budaqları isə saçları idi.

Birdən üzüm tənəyi qəribə işıq saçdı və... gözəl qıza çevrildi. O, palıda söykənib Vasifə tərəf baxırdı.

Heyrətdən donub-qalan Vasif Ünala tərəf çevrildi. Ünal uzaqda bir cökə ağacının altında dayanıb diqqətlə həmin ağacın yarpaqlarına baxır, sanki o yarpaqlar arasında nə isə axtarırdı.

O, Ünaldan: "Gorursən üzüm tənəyi necə gözəl bir qıza çevrilib?" - deyə soruşmaq istəyirdi.

Amma Ünal uzaqdaydı. Cökə ağacının altında dayanıb, lal-dinməz o ağacın yarpaqlarına baxırdı. Sanki ətraf aləmdən təcrid olunmuş, heç kimi görmür və eşitmirdi. Dodaqları tərpənirdi. Pıçıltılarını isə yalnız özü eşidirdi: "Aman Allahım! Bahar fəsli olsa da, bu qədər yamyaşıl yarpaqların arasındakı bu sarı-qırmızı yarpaq necə bahara kimi qalıb? Nə payız küləkləri, nə də qışın qarı bu yarpağı yerindən qopara bilməyib.

Bu elə həmin yarpaqdır. Bir vaxtlar Gülərə bağışladığım yarpaq... O, yenidən bu cökənin budağında peyda olub ki, daha mən onun qədrini bilim...".

Vasif yanındakı turistlərə baxdı. Onlardan da bu qızı görüb-görmədiklərini xəbər almaq istədi. Amma yenidən yanındakılara göstərmək üçün ağaca tərəf cevrildikdə qızı artıq orada görmədi. Yenə də min illik üzüm tənəyi elə o yaşda olan palıda sarılmışdı.

İrəli qaçıb meşənin hər tərəfinə, dərinliklərə gedən cığırlara baxır, bütün istiqamətlərdə gözləri o qızı axtarırdı. Amma qız gözə dəymirdi. Sanki o, bir qədər əvvəl o qızı deyil, hansısa xəyal görmüşdü...

Bu qız Vasifin heç zaman görmədiyi həmin o qızdı. Ondan gözəl, ondan cazibədar qız gördüyünü xatırlamırdı.

Bu qız məhz o qız idi. Daim xəyal edib axtardığı, aradığı qız. Bir ay əvvəl, yəni qəzadan öncə təsadüfən küçədə rastlaşdığı qaraçı qadının dediklərini xatırlamasaydı, həmin qızı həqiqətən də gördüyünə inanmazdı. Düşünərdi ki, sadəcə, gözünə görünüb.

Bir ay əvvəl evdən çıxıb avtomobilinə yaxınlaşanda onun qarşısını bir qadın kəsdi. Geyimindən, danışığından qadının qaraçı olduğu bəlli idi.

İstədi qaraçıya pul verib yola salsın. Qaraçı qadın onu buraxmadı.

- Həyatın dəyişəcək. Qəzaya düşəcəksən, amma sağ çıxacaqsan, çalış mənə qulaq as, - qaraçı əlini irəli uzatdı, - istədiyin pulu ovcuma qoy. Fal bunsuz baş tutmaz.

Əlini cibinə salıb əlinə birinci keçən əsginası çıxardıb qaraçının ovcuna qoydu.

Qaraçı göz qırpımında pulu sinəsinə basıb paltarının altında gizlətdi:

- Dostunla səyahətə çıxacaqsan. Axtardığını orada tapacaqsan, - dedi.

- Sən nə bilirsən mən nə axtarıram?

Qaraçı düşünmədən dedi:

- Həyatını. Sənin həyatın isə o qız olacaq.

- Hansı qız?

- Səyahət zamanı görəcəyin qız...

Bir ay əvvəl qaraçı qadının dediklərinin hamısı olmuşdu. Avtomobil qəzası, dostu ilə səyahətə gəlməkləri. Bu da qız. Qaraçının dediyi kimi insanın həyatı ola biləcək bir qız...

Bu qədər təsadüf olarmı?

"Sevdiyin qadınla əbədi xoşbəxt olursan" kəlamı həqiqətə tam uyğun olmasa da, insanın xoşbəxtliyinin əsasının sevgi olması mütləq həqiqətdir. O da həqiqətdir ki, ömür boyu əbədi sevgi axtaranların bir gün onu tapacaqları dəqiq olmasa da, yalnız əsl sevgi axtaranlar mənalı həyat yaşayırlar...

Vasif kimi axtardığını dəqiq bilməsə də, onu dəqiq bilirdi ki, axtardığı adamı dəlicəsinə sevəcək. Və bu sevgi qarşılıqlı olacaq. Yenidən palıd ağacına və ona sarılmış üzüm tənəyinə baxdı. Palıd çətirli budaqları ilə üzümün gövdəsini qoruyur, üzüm də palıda tam təslim olmuş şəkildə saçlarının palıdın budaqlarına nəğmə oxumasına şərait yaradırdı. Bir sözlə, palıd üzümü sevirdi, üzüm də palıdı. Bəlkə, bir-birini bu qədər sevdiklərindən belə sağlam və gənc görünürlər. Bəlkə də, ona görə min yaşları var...

Elə min illərdir ki, hər şeyin dadı dəyişir, yenilənir. Bircə sevginin dadından başqa. Acısı cəhənnəm əzabı, şirini isə cənnət həzzidir. Bax bu gün gördüyü üzüm ağacı yenidən o gözəl qıza cevrilsə, əsl cənnət həzzini yaşayacaq. Bu dəfə o qızı heç yerə buraxan deyil. Onu qucaqlayıb, ona sarılacaq. Lap bu palıd kimi onu oxşayacaq, öpəcək, onu sevəcək...

Vasif palıda baxdı. Xəfif külək onun yarpaqlarını yellədirdi. Vasifin saçları da yelləndi. Və birdən-birə Vasif bədəninin gərildiyini hiss etdi. Vasif özünün get-gedə necə ağaca çevrildiyini hiss edirdi.

- Aman Allahım! Mən elə həmin palıdam. O palıd mən imişəm...

- Sən burada neyləyirsən?

Ünalın səsi onu ayıltdı. Uzaqdan palıd olduğu yerdən Ünala baxdı. Ünal əlində sarı-qırmızı yarpaq tutmuşdu.

- Eyy, səninləyəm, nə yaman xəyala dalmısan...

Daha palıd deyildi. Həmin Vasif oldu.

- Heç... Sən burada yox idin. Möcüzə baş verdi. Heyif ki, sən onu görmədin. Axı sən niyə o cökənin altında durmuşdun? Burada dayansaydın, dünya dağılardı?

Ünal əlində tutduğu sarı-qırmızı yarpağı Vasifə göstərib:

- Əsl möcüzə o cökənin altında baş verdi, - deyə danışmağa başladı. - Qəzadan sonra xəstəxanada mən uzun illərdən sonra Güləri tapanda ondan soruşdum ki, uşaqkən ona verdiyim yarpaq durur, ya yox? Gülər ilk görüşümüzdəki kimi hıçqıraraq, ayrılandan sonra o yarpağı itirdiyini və hər zaman bütün kitablarının arasında, evdə, hər yerdə o yarpağı axtardığını dedi. Şükürlər olsun ki, bu gün o yarpaq yenidən özü ovcuma düşdü. Lap oradakı kimi, qayıdantək bu yarpağı Gülərə aparacağam. Heç vaxt bu yarpağın itməsinə izn verməyəcəyəm.

- Bilmirəm səni bu yarpaqla nə bağlayır, amma mən, həqiqətən, möcüzənin şahidi oldum.

- Axı nə möcüzədir elə? - Ünal, axır ki, öz möcüzəsini bir anlıq unudub maraqlandı. - De, mən də bilim də.

- Qulaq as, dostum, - Vasif bir anlıq tərəddüddən sonra davam etdi, - amma xahiş edirəm, elə düşünmə ki, başıma hava gəlib.

- Yox, yox, elə düşünmərəm, - Ünal qıvraq cavab verdi. - Nədən elə düşünüm ki... De, artıq urəyim partladı.

Vasif üzünü ağaclara tərəf çevirdi:

- Palıdı qucaqlayan o üzümü görürsən?

- Görürəm.

- Əslində, o, üzüm deyil.

Ünal dostuna təəccüblə baxıb başını buladı:

- Bəs nədir?

- O, qızdır. Dünyanın ən gözəl qızı.

Ünal Vasifə heyrətlə baxdı. Bu dəfə söz tapa bilmədi.

- Hə, dostum, o mənim ömür boyu axtardığım, amma heç zaman görmədiyim qıza çevrilmişdi. Səni səslədim. Amma sən uzaqda idin. Yanımda olsaydın, o qızı sən də görərdin.

- Bəs o qız hara getdi? - Ünal qeyri-ixtiyari soruşdu.

- Yenidən üzüm ağacına çevrildi, - Vasif sanki bir adi şeydən danışırmış kimi yüngülcə cavab verdi.

- Əgər o üzüm ağacı qızdırsa, nədən palıd ağacına sarılıb?

Vasifin belə asanlıqla cavab verməsindən bir qədər rahatlanan Ünal növbəti sualı verdi.

- O palıd ağacı da mənəm, Ünal. Bir bax da, gör bir o palıd ağacı mənə necə bənzəyir. O mənəm.

Ünal duruxub bir xeyli ağaclara və Vasifə baxdı. Sanki ağacların Vasifə və qıza bənzəmələrini anlamağa çalışırdı.

Əlindəki sarı-qırmızı yarpağı göstərib:

- Bu gün bu möcüzə baş verməsəydi, mən bu möcüzəyə də inanmazdım, - deyə başı ilə ağaclara işarə etdi. - Demək, burada nə isə var ki, sən bunları mənə söyləyirsən. Amma indi mən orada yalnız üzüm və palıd görürəm. Bəlkə, nə vaxtsa üzüm qıza, ya da sən palıda çevriləcəksən...

- Sağ ol, dostum. Mənə inandığın üçün sənə minnətdaram...

Ünal dostunun aciz vəziyyətə düşdüyünü anlayırdı. Bu hal onu bir az da qorxudurdu. Axı həkim demişdi ki, beyin silkələnməsindən əsər-əlamət qalmayıb. Onda nədən o belə hallüsinasiyalar görür. Yəqin, xəstəliyi yenidən kəskinləşib.

- Gedək kofe içək. Bir azdan geri qayıtmalıyıq. - Ünal əlini uzadıb dostunun qolundan tutmaq istədi.

- Yox, Ünal, sən get. Mən o qızı bir də görməliyəm, - deyə Vasif yamyaşıl çəmənlikdə oturub gözlərini üzüm tənəyinə zillədi.

- Mən səni burada tək qoyub gedən deyiləm. Gəl kofe içib bir az özümüzə gələk. Sonra o qızı axtarıb-taparıq.

- Mənə kömək et, Ünal. Söz ver ki, biz o qızı tapacağıq.

- Söz verirəm. Gedək.

Ünal kofeyə bir qaşıq şəkər tozu əlavə edib qarışdırdı. Əlini köynəyinin döş cibinə atıb yoxladı. Yarpaq yerindəydi. Bu gün möcüzə baş vermişdi. Bu qədər yamyaşıl yarpaqların içində bu sarı-qırmızı yarpaq payızdan bəri necə tab gətirmişdi. Nə yağışlar, nə də küləklər onu yerindən qopara bilməmişdi.

Bu yarpaq onun üçün çox əzizdi. Yarpağın məhz burada qarşısına çıxması bu yerin magiyasından xəbər verirdi. Uşaqlıq illərinə qayıtmışdı. Eynilə belə bir yarpaq o hələ çox kiçik ikən ovcuna qonmuşdu...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31