manera.az
manera.az

Ziyarətin qəbul olsun, Hacı Azərbaycan!

📅 22.11.2020 20:06

Ziyarətin qəbul olsun, Hacı Azərbaycan!
Sinif yoldaşımla telefonda danışırdım, mənə dedi ki, "hər şeirində, yazında "Qarabağ, Qarabağ!" deyirdin, gözün aydın Qarabağ da azad olundu".

Təşəkkür etdim, bir az söhbətləşəndən sonra, sağollaşdıq, telefonu söndürdüm. Və fikirləşdim ki, əcəba, şəhid olmamışam, qazi deyiləm, mən niyə təbrik olunmalıyam ki?! Bir az keçəndən sonra, fikrim aydınlandı, özümə gəldim və düşündüm ki, həm vətəndaş olaraq, həm də şair-yazıçı olaraq, bizim də haqqımız çatır təbrik edilməyə. Çünki, biz - qələm əhli ədəbiyyat əsgərləriyik. Bizim döyüş meydanımız "yazı masası", silahımız qələm, gülləmiz sözdür. Sağa-sola, yuxarı-aşağı hara gəldi atırıq, kimə dəydi-dəydi. Vətən həqiqi şairləri həmişə narahat edib, onlar üçün təkcə mövzu yox, həm də yaralı yerləri olub.

Bu gün şükür Allaha ki, o yaralarımızdan biri, əsas yaramız - Qarabağ yarası sağalır. Doğrudur, müharibənin vurduğu yaralar tez sağalmır, lakin, bu gec sağalan yaralar müqəddəs yaralardır. Müqəddəs yaraların ağrısı da bir başqa cür olur. Düşünə bilərsiniz ki, sən ki yaralanmamısan, haradan biləsən o ağrını?! Elə əsas yara da budur. Biz, yaralanmasaq da, hiss edirik ağrını. Çünki, fəhm, hissiyyat güclü olur bizlərdə. Kimin həqiqi vətənpərvər olduğunu, kimin axına qoşulub vətənsevərlik nümayiş etdirdiyini hiss edə bilirik, hətta, döyüşdə iştirak edən biri olsa belə. SÖZ savaşının da şəhidləri, qaziləri olur!

"Qarabağ" mövzusu mənim yaradıcılığımın xüsusi bir hissəsi olub. Bu mövzuda şeirlər, məqalələr yazmışam, içdən acımışam. 44 günlük müharibə zamanı günlərin birində status paylaşmışdım ki: "Təkcə Qarabağ işğaldan azad olunmur, həm də ədəbiyyatımız Qarabağdan giley-güzarlı şeirlərdən azad olunur. Artıq zəfər şeirləri yazılacaq". O zəfər şeirlərinin bir neçəsini özüm yazdım. Və hələ bundan sonra da yazacam, inşallah. Bilirəm ki, müharibədən bir qədər keçəndən sonra, bu təəssüratlar məndə şeirə, hekayəyə çevriləcək.

2014-cü ildə təklif irəli sürmüşdüm ki, Bakıda Qarabağ metrostansiyası açılsın. Və vaqon hər dayananda səsləndirilsin ki, "Qapılar bağlanır, növbəti stansiya Qarabağ. Hörmətli sərnişinlər, əlillərə və vətənpərvər analara yer verin!". Daha Bakıda "Qarabağ" metrostansiyası deyil, Qarabağda metrostansiya (yerüstü qatar xətti) tikmək lazım olacaq.

İslam dünyasının əsas mərkəzlərindən olan İstanbulda və digər müsəlman ölkələrində "Qarabağ" camisinin tikilməsi təklifini vermişdim. Hətta, Türkiyə səfirliyi təklifimi hörmətlə qarşılayıb, ideya üçün minnətdarlığını yazmışdı e-mailimə. Artıq Qarabağda məscidlər tikəcəyik, inşallah. Artıq əsgərimiz Şuşada "Gövhər ağa" məscidində namaz qılır. Ali Baş Komandan Ağdam məscidində dua edir. Bütün bunlar hamısı bizim dualarımızda idi, şeirlərimizdə idi.

2012-ci ildə "Bayraq" şeirini yazmışdım:

Varsansa, demək, məmləkətim var! Yaşa bayraq!
Sancıl Şuşada torpağa, bayraq, daşa, bayraq!
Əllərdə, könüllərdə və dillərdə qərar tut,
Olsun bu vətən torpağı başdan-başa bayraq!

Bu günlərdə hər kəsi avtomobilində, evində, əlində bayraq görəndə, ürəyim dağa dönür. Başdan-başa bayraqlaşıb Azərbaycan. Bu mənzərəni mən illər öncə şeirimdə dua edirdim, arzulayırdım. Və dualarım qəbul olunub, şükür.

Özümü təbrik edirəm, sözümü təbrik edirəm. Qələmim şad olsun. Qoy həmişə vətən abad olsun. Vətənin, millətin şadlığı bizim qəlbimizin rahatlığıdır.

2015-ci ildə "Sərçə sevgisi" adlı şeirim "Vətənin pərvəri ol" ümumrespublika şeir müsabiqəsində I yerə layiq görülmüşdü. O şeirin son bəndi belədir:

Mənə umud olma sən bu vətəni,
Gözümdən düşəcək gözüm üstəsə.
Vətəni o sərçə məndən çox sevir,
Uçur Qarabağa haçan istəsə!


Əgər, biz torpağı düşməndən almasaydıq vətən də, vətəndaş da gözümdən düşəcəkdi. Həmd olsun ki, düşmədi. Elə vətən gözümüz üstə qaldı və qalacaq. Çünki, bu zəfər elə bir zəfərdir ki, bizə öz inamımızı qaytardı, qürurumuzu bərpa etdi. Bundan sonra biz, deyil Qarabağ, bütün bizdən alınmış tarixi Azərbaycan torpaqlarının geri alınacağına inanırıq. İndi o sərçə vətəni məndən çox sevə bilməz. Qarabağa məndən tez uçsa da, mən də Qarbağa haçan istəsəm gedə biləcəm. O sərçə Şuşada məscidin minarəsinə qonacaq, mən də o məsciddə namaz qılacam, Allahın iznilə.

"Bir ərəbin şeiri" adlı şeirimin sonunda isə:

"Türkəm" deyən, oyan, oyan,
Anan türkdür, baban türkdür!
Əsl hacı Məkkəyə yox,
Qarabağa gedən türkdür!
- yazmışdım.

İndi dünyanı kornovirus pandemiyası bürüyüb. Bütün məscidlər bağlıdır. Məkkə ziyarəti də qapalıdır. Deməli, hacı olmaq üçün nə etmək lazımdır?! Qarabağa getmək lazımdır!

Səfərin mübarəkdir! Ziyarətin qəbul olsun, Hacı Azərbaycan!

Yusif Nazim Ərəbsoy


Baxış sayı - 894 | Yüklənmə tarixi: 22.11.2020 20:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031