manera.az
manera.az

Axırıncı kadr - Əziz Sultanov yazır

Axırıncı kadr - Əziz Sultanov yazır
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə (1960-1992)

15 iyun 1992...

Üç gündür kömək gözləmələrinə baxmayaraq, əsgərlərin əhvali-ruhiyyəsi xeyli yüksək idi. Naxçıvanik kəndini ermənilərdən geri almışdılar. Bundan da irəli getmək üçün səbirsizlənirdilər. Bu gün yanlarına gələn telejurnalist isə onları daha da həyəcanlandırmışdı. Həmişəki kimi, kamerası da çiynində idi. Onu hamı sevirdi. Böyük, kiçik fərqi yox idi, Çingiz hər kəslə dil tapmağı bacarırdı. Onun bu səmimiyyəti, 31 yaşında olmasına baxmayaraq, tellərini ortadan bölüb iki yana ayırmış, qara gözlü, qara qaşlı xarizmatik simasını böyüklü-kiçikli bütün Azərbaycana sevdirə bilmişdi.

O həm ekranlarda, həm də ön cəbhədə ən çox arzulanan simaya çevrilmişdi. İndi onlar sanki çoxdandır səngərdə çiyin-çiyinə vuruşduqları, dərdlərini bölüşdükləri, bilmədiklərini soruşduqları yaxın bir dostu görüb deyə-gülə ətrafına yığışmışdılar. Həmin gün Çingiz sanki çoxdandır arzuladığı mənzərəni tapmışdı. Gənc telereportyor gördüklərini lentə almaqdan doymurdu. İnanırdı ki, bugünkü kardlar bundan əvvəlkilərdən çox fərqli olacaq. Hətta bir neçə saat sonra Xocalıya girməyin, orada apardığı çəkilişləri tez bir zamanda Bakıya – televiziyaya çatdırıb bütün Azərbaycanı sevincə qərq etməyin xəyallarını qururdu. Əsgərlərdəki ruh yüksəkliyi və inam onun bu düşüncələrinə əsas verirdi.

Əslində bundan əvvəlki aylarda yaşadıqları, gördükləri və bütün dünyaya göstərdikləri onun içində böyük nisgilə çevrilmişdi. Xocalı qətliamındakı qan donduran görüntülər, günahsız körpələrin, ağbirçək və ağsaqqalların açıq qalan sual dolu gözləri, boğa bilmədiyi hıçqırıqları ilə birlikdə onları bir-bir yaxından müşahidə edən və göz yaşları içində lentə alan Çingiz üçün həyatının ən ağır xatirəsi olmuşdu. Həmin faciədən iki ay qədər sonra Şuşanın əldən getməsinə şahid olması, arxasınca da Laçının məsuliyyətsiz şəkildə tərk edilməsinin onda yaratdığı travma olduqca böyük idi. Əsgərlərin, maşınların, tankların qarşısını kəsərək “dayanın!.. geri qayıdın!..” - deyə hayqırması, onları saxlamağa çalışması və bu başıboşluq və intizamsızlıq qarşısında xısın-xısın ağlaması onun bu gün görməyi arzuladığı qələbəni nə qədər ehtirasla, həvəslə gözlədiyindən xəbər verirdi. Bu gün hər şey yaxşı görünürdü. Döyüşçülərimiz irəliləyir və bu hücumun müvəffəqiyyətlə davam edəcəyini deyirdilər...

Çingiz hələ tələbəlik illərindən jurnalistliyə, mətbuata maraq salmışdı. İnsanları şüurlandırmaq, gözlərini açmaq üçün çabalamaq yavaş-yavaş onun həyat tərzinə çevrilmişdi. 80-ci illərdə ilk dəfə azərbaycanca rep səsləndirməsi, DJ qrupu yaratması onun yavaş-yavaş mikrofon və studiyalara aludə olacağından xəbər verirdi. İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işlədiyi illərdə də bu həvəskar qabiliyyətini inkişaf etdirmiş, yataqxananın otaqlarını əhatə edən kabel televiziyası quraşdırmışdı. Orada özü verilişlər aparır, filmlər nümayiş etdirirdi. 1985-ci ildə yaratdığı “Cəngi” birliyi gənclər arasında onun populyarlığını daha da artırmışdı. 1990-cı ilin Qanlı yanvar hadisələri isə onun həyatının tamamilə dəyişməsinə və içindəki jurnalist ruhunun digər bütün həvəsləri üstələməsinə səbəb oldu.

Həmin gündən etibarən əlinə aldığı kamera həyatının son anlarına qədər əlindən düşmədi. Gah meydanlardakı alovlu mitinqlərin ortasında, gah Milli məclisin zalında, gah Azərbaycana qonaq gələn xarici ölkə başçıları ilə müsahibədə, gah da ucqar dağların başında, ölüm yağan səngərlərin içində vuruşan qəhrəmanların arasında göründü. Senzura və bütün təzyiqlərdən azad işləmək üçün qurduğu “215KL” studiyası isə artıq ölkə əhalisi üçün cəbhədən – Qarabağda davam edən müharibədən xəbər verən ən etibarlı informasiya mənbəyinə çevrilmişdi. Hətta təkcə ölkə əhalisi üçün deyil, dünya xəbər agentlikləri üçün də.

Onun bu günlərdəki həyəcanında keçən ay Bakıda baş tutan hakimiyyət dəyişikliyinin də böyük rolu var idi. Xalq təzyiq göstərib hakimiyyəti dəyişdiyinə görə, artıq gedişatın xalqın mənafeyi naminə sürətlə dəyişəcəyinə inanırdı. Bu gün tankın üstündə müzəffər komandir kimi gəlmişdi bu hücumu çəkməyə. “Çək başına dönüm” deyib sözə başlayan əsgərlər kəndi necə aldıqlarını fərəhlə danışır, arxadan köməyə gələcək birlikləri səbirsizliklə gözlədiklərini deyirdilər. Hərdən kənardan dillənənlər arasında silah çatışmazlığını, yemək çatışmazlığını səsləndirənlər də olurdu. Çingiz ordudakı pərakəndəliyin, nizamsızlığın və hərc-mərcliyin fərqində idi. Yenə də ön cərgələrdəki bu mərd oğullar onu ümidləndirirdi. İnanırdı ki, lentə aldığı bu kadrları müşahidə edən vətən oğullarının qeyrət damarı hiddətlə qabaracaq və çılğın bir sel kimi qardaşlarının köməyinə axışacaqlar. İndi qarşısına çıxan, çiyinlərində avtomat, alınlarında şəhadət yazısı olan mərd oğulların hər birini dindirir, onların nikbin danışıqlarından cuşa gəlirdi.

Çingizin əsgərlərlə dostluğunda və cəbhəyə qarşı qorxubilməz marağında onun hərbiçi ailəsində anadan olmasının rolu böyük idi. Atası Fuad müəllim hərbi hissə komandirliyi daxil bir çox vəzifələrdə işləmişdi. O, imperiya dövründəki ögey münasibəti ən yaxından hiss edənlərdən biri idi. Bu barışmaz mövqeyi səbəbilə olmalıdır ki, azadlıq hərəkatının ən gənc üzvü və 1937-ci ildə repressiya qurbanı olan qardaşının adını vermişdi oğluna – Çingiz. Anası Naxış xanım da bu mübarizədə onun ən böyük ilham mənbələrindən biri idi. Naxış xanımın 50 yaşı tamam olurdu, 1990-cı ilin 18 yanvarında. Lakin o, yubileyini evdə qeyd etmək yerinə meydanlarda, “azadlıq” şüarları ilə keçirmişdi həmin günü. Atası istəyirdi ki, Çingiz hərbiçi olsun. Buna görə onu, 3-cü sinifdən Naxçıvanski adına hərbi liseyə yollamışdı.

Amma Çingiz orada altı ildən artıq dayana bilmədi. Hərbi sahənin məhdudlaşdırıcı nizam-intizamı onun azad xəyallarını daha çox sıxıb saxlaya bilmədi. Hərbi məktəbdən ayrılıb təhsilini müntəzəm orta məktəbdə tamamladı. Anası isə qabiliyyətli oğlunu həkim kimi görmək istəyirdi. Çingiz anasının təşviqi ilə Tibb İnstitutuna daxil oldu və 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirdi. Yanvar hadisələri zamanı Çingiz yataqxananın klinikasını yaralılara kömək məqsədi ilə terapiya mərkəzi kimi istifadə edirdi. Bu hadisələrdən sonra o, artıq həkim xalatına da sığmadı, kameranı əlinə götürərək jurnalist və reportyor kimi Azərbaycan Dövlət Televiziyasına üz tutdu....

Atışma başladı. Çingiz dərhal kameranı işə saldı, sipər arxasından dayanmadan atəş açan əsgərlərin arasına qarışdı. Güllələr dəmir şiferin üstünə yağan dolu kimi şaqqıldaşdı. Başıboş mərmilər bədənlərdən can qopartmaq üçün yarışdı. Çingiz əsgərlərə səsləndi: “Uşaqlar, yaxınlaşırsız ha, ehtiyatlı olun...”. Görürdü ki, əsgərlərin çoxunun əynində gülləkeçirməz jilet yoxdur. Nəinki jilet, başında dəmir kaska olmayanlar da az deyildi...

Arabir kamerası ilə boylanıb qarşıda dayanan dağları lentə alır, sanki zirvələrin həsrətini çəkirdi. Atışmanın şiddəti hərdən güclənib hərdən səngisə də,ara kəsmirdi. Daldalandığı yerdə daha çox dözə bilmədi, bir-iki addım da irəli qaçıb yerə uzandı. Kamerasının obyektivinə ilişən, əyilib avtomatın darağını dəyişən motros maykalı əsgərə nəzər saldı. Analar nə oğullar doğurub, ilahi!..

Çingiz dağları çox sevirdi. Şuşanın dağlarına sanki Şəkidə ikən aşiq olmuşdu. Qarabağın dağı-dərəsi ona Şəki qədər, Bakı qədər doğma gəlirdi. İndi onu şəhərdə - beton binaların divarları arasına həbs edib saxlaya bilmirdilər. Hər dəfə hündür dağları görəndə yadına Xan yaylağı düşürdü, dağların qoynuna sərilən Şəki... Yay tətillərində tez-tez gedərdi, Şəkiyə, ana babasının evinə. Həyətdə dayanar, o məğrur dağların heyranedici mənzərəsinin seyrinə dalardı. Onu evdə tutmaq olmurdu ki. Ailənin ilk nəvəsi, ilk gözağrısı olduğu üçün heç kəs xətrinə dəymirdi. Həmyaşıdları ilə də dostluq edirdi, özündən yaşda xeyli böyük olanlarla da. Ən çox da xalası oğluyla birgə gəzərdi. Tez-tez dağlara gəzməyə çıxar, bəzən səsi kinonun qabağından, bəzən mərkəzdəki hamam tərəfdən, bəzən də köhnə kərpic zavodunun həndəvərindən gələrdi. Yuxarı başın bu daş döşəməli qədim yolları onu məst edərdi.

Çox ünsiyyətcil olduğu üçün dostu-tanışı çox idi. O gələndə nənə-babasının sevinci yerə-göyə sığmırdı. Babası Şirəli kişi hələ Çingiz dörd yaşında ikən vəfat etdi. Müharibədən kontuziyalı və əlil qayıtmışdı, 53 yaşında dünyasını dəyişdi. Müharibə və mübarizə sanki nəsilliklə Çingizin alnına yazılmışdı. Bütün bunlara baxmayaraq, Çingiz Şəkidə özünü olduqca xoşbəxt hiss edirdi. Babası və dayıları Şəkinin ən yaxşı piti ustalarından sayılırdı. Nənəsi Minayə isə məhəllədə xeyir-şər aşpazı idi. Onun bişirdiyi ləziz yeməklərə çatan olmazdı. Səksəninci illərin sonlarında bura gələndə artıq Çingizin ən böyük maraq dairəsi stadionda təşkil edilən yığıncaq və etiraz mitinqləri idi. Onun içindəki zəbt edilə bilməyən bu odlu-alovlu xasiyyəti təkcə özünü deyil, bütün ailəsini fərqli bir həyat tərzinə sövq edirdi. Çingizlə birlikdə digər qardaşları da bu çılğın işə maraq saldılar. Azərbaycanın səsini daha yüksəkdən dünyaya çatdırmaq üçün radio- televiziya sahəsində böyük işlər gördülər.

Pulemyotlar, avtomatlar dayanmadan ölüm qusur, mərmi partlayışları bir-birini pusur, hər dəfə şiddətini artıran atışmadan sonra qarşı tərəf susurdu.

Birdən, bu qulaq batırıcı gülləbaran arasında acı bir partlayış eşidildi. Hər kəs başını əyib qorunmaq üçün mövqe aldı. Kamera yanı üstə yatıb qaldı. Elə həmin anda sanki Bakının hansısa səmtində ana ürəyi alışdı. Ananın əlləri əsdi, az qaldı əlindəki boşqab yerə düşsün. Dərhal oturub nəfəs dərdi, özünə gəlməyə çalışdı. Çingizi düşündü, görəsən, dəcəl oğlum yenə haralardadır?.. Ata ürəyindən soyuq bir titrəyiş keçdi, hiss etdirməmək üçün boğazını arıtladı, udqundu, lakin bu yanğı bir daha keçmədi. Doqquz aylıq körpə səksənib yuxusundan ayıldı, qığıldadı, bir də görə bilməyəcəyi atasını axtardı gözləri. Ananın təsəlliverici nəvazişi ilə yenidən yuxuya getdi. Rəfiqə xanımın gözlərinə yaş doldu, dodağını sıxdı, büruzə vermədi.
Yanıqlı bir səs eşidildi: “Ayağım getdi!.. Öldüm!..” Dərhal yerdə qıvranan Çingizin başına yığışdılar. Böyük canfəşanlıqla onu xəstəxanaya çatdırmaq üçün zirehli maşına daşıdılar.

Çingiz bir əli ilə gülləkeçirməz jiletinin alt tərəfində qanayan yarasını tutmuş, bir əlində isə kamerasının qayışını möhkəmcə sıxmışdı. Bu yaradan qurtulmağın çətin olduğunu başa düşmüşdü; qəlpə arterial damarını kəsmişdi, güclü qanaxma gedirdi. Ölüm gəlib gözlərinin qabağında dayandı. Gücünü cəmləşdirib: “kameram!.. kameram!..” deyə səsləndi. Gözləri ilə tez-tez cəbhədə yolları kəsişən qardaşı Vahidi axtardı, həmkarı Şakiri axtardı, heç biri gözünə dəymədi. Axı niyə bu gün tək gəlmişdi, indi kamerasını kimə əmanət etsin?!.. “Hələ tezdir, hələ tezdir”, - deyə fısıldadı ölümə. Dinləmədi. Gözünün qabağına körpə Fuadı gəldi, Rəfiqə xanımın qucağında idi, təskinlik tapdı. “Bu döyüşün sonunu görmədən, oğlumun alnını zəfər sərxoşluğu ilə öpmədən getmək tezdir”, - bir də fısıldadı. Yenə dinləmədi. Atası, anası, göylərə ucalan Xan yaylağı... və şəhadət şərbəti gəldi, gözlərinin qabağına. Artıq dünyanı şəhidlik zirvəsindən seyr edirdi, son anına şahidlik edən kamerası ilə birlikdə. İgid döyüşçüsünün cansız bədənini döyüş meydanında tək buraxmayan vəfalı at kimi onu izləyən, hələ də çəkməyə davam edən kamerası ilə birlikdə...

Axırıncı kadrlarda kamera titrədi, əsdi. Əcəl taqətini kəsdi. Onunla birlikdə vətən torpağı bir anlıq silkələndi, tərpəndi. Ana vətənin bağrından bir od parçası qopdu, düşdü qara torpağa. Su səhəngi su yolunda qırılarmış. Xan çinarından qopub öz kölgəsinə sığınan yarpaqlar kimi o da ana torpağın qucağına yol aldı, məğrur və nikbin baxışlarıyla. Qısa ömür yolu ilə lentə alıb getdiyi və son pərdəsində məhz özünün rol aldığı nəhəng qəhrəmanlıq salnaməsi hər bir vətən oğluna nümunə oldu.

Şücaətlə açdığın tele-cığır gələcək nəsillərə yol göstərsin, igid reportyor!.. Məkanın cənnət olsun, şəhid!..

Əziz SULTANOVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031