manera.az
manera.az

Uzun, incə bir yolun sonu...

Uzun, incə bir yolun sonu...
Azərbaycan musiqisi Dərvişini itirdi.

İrfan aşiqləri

Müğənninin həyat yoluna nəzər saldıqca, müsahibələrini oxuduqca musiqidən yoğrulan bir insan ömrünü kitab kimi vərəqləyirsən.

Hələ uşaqlıqdan musiqiyə böyük marağı olub. Doğulduğu Ordubad şəhərində oxuduğu orta məktəbdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində bir çox müsabiqələrdə uğurlu çıxışları olub.

Həmçinin institutda oxuduğu müddətdə "Ulduz” tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. "İncəsənət Universitetində vokal ixtisasını bitirmişəm. Mənə deyirdilər ki, sənin səsinin tembri təsadüfi tembrlərdən biridir.

Çünki nə olsa, oxuya bilirəm. Bunu içdən hiss edirəm. Səs tonum buna imkan verir. Həmin illərdə ifa etdiyim mahnıların əksəri italyan mahnıları idi.

Bundan başqa, lirik musiqilər, xalq və bəstəkar mahnıları da ifa edirdim”- deyə xatırlayırdı.

İnstitutu bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu bir müddət sonra "Savalan” mistik musiqi qrupunu yaradır. "Əvvəllər ilahi musiqilər oxuyanda deyirdilər ki, bunlar heç kimə lazım deyil, normal musiqi ifa edin, dinləyək. Bizim bu mövzuya müraciət etməyimiz 20 Yanvar hadisələrindən sonra oldu.

Gördük ki, o hadisələrdən sonra şən musiqilər ifa etmək içimizdən gəlmir. Musiqiçilərlə bir araya gələndə də qrup yaratmaq niyyətimiz yox idi. Bir gün məşq edirdik. Nadir Axundov gəldi, bizi dinlədi, sonra dedi ki, efirə çıxın və az əvvəl ifa etdiyiniz mahnıları orada da ifa edin. Dedik ki, efir üçün hazır deyilik. Bildirdi ki, siz efir üçün tam hazırsınız.

Daha sonra bir-birinin ardınca efirə və mətbuata çıxmağa başladıq. Və illər ötdükcə, müxtəlif ölkələrdə konsertlərdə çıxış etdik. Hollandiyada, Amerikada, Türkiyədə tədbirlərə və bir çox festivallara dəvət aldıq, onların bəzilərində iştirak etsək də, müəyyən səbəblərdən bir çoxunda iştirak edə bilmədik”.

N.Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusu kimi tanındı. "Mənim ifa etdiyim musiqilər insanın ruhunun ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur”- deyə oxuduqlarını belə izah edirdi. Əslində onun ifalarının izaha və təhlilə ehtiyacı yox idi. Bu musiqilərdə hər şey o qədər aydın, o qədər həzin və şəffaf idi ki, dodaqdan qəlbə süzülürdü. O musiqilər üçün ürəklərin bağlı qapısı yox idi.

"Təsəvvüf musiqilərinin dinləyiciləri indiki zamanda çoxdurmu?” - deyə soruşanlara "Səmimi desək, indi Amerikada, Avropada bu mahnıları dinləyənlər daha çoxdur. Çünki onlar hər şeyi yaşayıblar, yorulublar, istəyirlər ki, özləri tək qalıb, daxili dünyalarına varsınlar. Amerikada yaşayan bir dostum məni Amerikada solo konsert vermək üçün tək dəvət etdi. Bildirdim ki, tək dəf ilə orda nə edə bilərəm? Dedi ki, zalda beş min nəfər olacaq. Elə sən bir dəfə dəfi vuran kimi onlar gözlərini yumub öz daxili aləmlərinə varacaqlar. Çünki onlar texnikadan, müasir avadanlıqlardan yorulublar. Amma bizim də təsəvvüf musiqilərini sevənlərimiz çoxdur. Onlar irfan aşiqləridir”-deyirdi.

Novruz Novruzluya görə, musiqi həm cismin, həm də ruhun qidası idi. Amma hərdən laqeydliklə üzləşəndə "Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak etmişik. İtalyanlar, amerikanlar və digər xalqların nümayəndələrinin iki saat gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq. Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki içimizdə o hüzn, rahatçılıq yoxdur. Bizdə daha çox cismə işləyir.

Hərdən fikir verirəm ki, ən səbirli adam belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir. Bu məsələdə efirlərin də böyük rolu var” deyərək təəssüfünü gizlətmirdi.

Novruz Novruzlu fəxr qarışıq sevinclə "Qrupumuz təsəvvüf qrupudur” deyirdi. İfa etdikləri musiqilərdə, mahnılarda də öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi daşıyan, nəfsə qul olmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, comərdlik, zəriflik və təmizlik hisslərini aşılayırdı: "İnsanın könlünə, ruhuna, iç dünyasına, varlığına söykənir musiqilərimiz.

Çalışırıq ki, oxuduqlarımıza layiq olaq. Biz Mövlana həzrətlərindən, Yunus Əmrədən, Füzulidən mahnılar səsləndiririk. Bunların hamısı peyğəmbərin vəsfi ilə başlayır. Diqqət etsələr, görərlər ki, bizim ifa etdiyimiz mahnıların ətri, dadı, rəngi tamam başqadır. Biz bütün insanları sevirik. Mövlana həzrətləri deyir ki, "Gəl, yenə gəl. İstər atəş tap, istər buta. Yüz kərə tövbə etmiş ol. İstər yüz kərə pozmuş ol tövbəni, yenə gəl. Umudsuzluq dərgahı deyil bizim dərgahımız”. Görürsünüz ki, o, insanlar arasında fərq qoymur. Deyir, yetər ki, özünə gəl, insanlığını anla, dünyaya nə üçün gəldiyinin fərqində ol. Allahın yaratdığı ən gözəl varlıq, kainatın şahı insan olmağının fərqində ol”.

Novruz Novruzlunu, ürəyi bu dünyadan apardı. Çünki o, oxuduqlarını ürəyindən keçirirdi - ağrı ilə, sızıltı ilə, pıçıltı ilə... Ancaq unudulmaz ifalar yadigar qoydu, insanları, faniliyinə inandırdığı dünyanı sevdirməyə, Tanrı dərgahına üz tutanların naümid olmayacaqlarına inandıra bildi: "İnsan istər müğənni, istər nazir, istər çoban ola bilər. Ancaq iç aləmində gedən bir yol var. Bu, insanlığın, yaşamın sistemidir. Sadəcə, fərqində olmaq lazımdır ki, hardan gəlmişik, niyə gəlmişik və hara gedəcəyik. Buna hazırlaşmaq lazımdır. Bu, uzun, incə bir yoldur...”

Və bir gün bu yol qəfildən sona çatdı...

Allah rəhmət eləsin!

Təranə MəhərrəmovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031