Polkovnikin arzusu - Yeni hekayə

Vətənin azadlığı uğrunda şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun və aprel döyüşlərində həlak olan igidlərimizin ruhuna ithaf edirəm.
Mətbəxdəki kiçik divanda oturmuşdu, dirsəyini masaya söykəyərək ovcunu alnına sıxıb mürgüləyirdi. Yarıyuxulu haldaydı, içindəki tərəddüdlər beynini də, ürəyini də yormuşdu, taqətsizlik bütün bədəninə yayılmışdı. Nə qədər çək-çevir etsə də qarışıq düşüncələrdən xilas ola bilmirdi.
Taleyindəki, ömründəki yarımçıqlığı heç nəylə, heç kəslə tamamlaya bilmirdi. Dəfələrlə belə düşünüb sonra özünü qınamışdı; axı niyə belə fikirləşir? Ömür-gün yoldaşı ona iki gözəl övlad bağışlamışdı, hər ikisi artıq boyu bərabərində idi. Yaşamaq üçün səbəb axtarmağa ehtiyac yox idi, övladları onu həyata bağlayan yeganə qüvvə idi. Bununla belə həsrətin, nisgilin kölgəsini üzündən silib atmağı bacarmırdı. Özünə heç cür yer tapa, heç nəylə ovuna bilmirdi. Bu, elə bir itgi idi ki, yerini heç nəylə doldurmaq mümkün deyildi, sanki qanadının biri qırılmışdı, qanadı sınmış quşun nə vaxtsa özündə güc tapıb yenidən səmaya pərvazlanması üçün zaman lazım idi. Onun qanadı göydə yox, yerdə qırılmışdı...
-Qalx! Sən ki, məni istəyirdin. Bu da mən!
Onu nə vaxt huş aparmışdı? Sənanın səsi iliklərinəcən işlədi, bütün varlığı ehtizaza gəldi. O ünyetməz səsin sonsuz uzaqlığı qəlbini sızlatdı. İçində mürgü döyən intizar bir anda havalandı. Sanki keçmişin xəyali mələyi ətrafında dövrə vurdu. Səsin qoxusu, həniri, istiliyi bir anda onu qolları arasına aldı. Dünyanın harasında olur-olsun, o, bu səsi min verst uzaqdan tanıyardı. Bu səs sanki okeanın ortasında gəmiyə yol göstərən kompas idi, onu bu sonsuz yollarda azmağa qoymurdu. Yuxusundakı pərdə çəkildi və o, yerindən dik atıldı, ürəyi şiddətlə döyünür, sinəsi körük kimi qalxıb enirdi. Günəş dünyanın çiyinləri arxasından boylanırdı: yupyumru, qoğal kimi idi.
O Günəşə qanı qaynadı. Günəşin rayihəsi sürahidəki dibçək güllərini bihuş etmişdi. Qumru eyvanın pəncərəsinə qonub dimdiyi ilə şüşəni döyəcləyirdi. Yorğun pəncərə də sanki Günəşin istiliyini canına çəkib dirçəlmişdi. Gipgirdə qoğala bənzəyən Günəş onun yadına nəyisə salmağa çalışırdı. Xatirələr sanki beynində əriyib sızıltıya çevrilmişdi. Hə, yadına düşdü! İndi o, Sənanla bağlı bütün xatirələri yaddaşının mücrüsündə qoruyub saxlayırdı. Axı Sənan evdə bişən qoğalı çox xoşlayırdı. Eyvanın məhəccərinə qonmuş qumru məktubu dimdiyində deyil, balaca sinəsinə sığınan ürəyində gətirmişdi. O məktubu qumrunun ürəyindən oxumaq üçün gözlərinə baxmaq kifayət idi. Nəcibə qumrunun gözlərindən hər şeyi oxudu.
“Niyə qəmə-qüssəyə batmısan? Uşaqlar da xiffət edir. Axı mən onları sənə tapşırmışam. Sənin sədaqətinə, dəyanətinə arxayınam. İstəyirsənsə, ruhum sevinsin, qamətini dik tut, kədərə yenilmə. Qarşıdan Novruz bayramı gəlir. Hər bayram gələndə qəşəng qoğallar bişirirdin, dadından doymaq olmurdu. Ürəyim qoğal istəyir. Qalx ayağa, qollarını çırmala, işə başla!”
Bir andaca silkələnib kədəri öz üstündən atdı. Eyvana cumdu, elə birinci addımda qumru göyə qanadlandı, qanadıyla sanki ona bir əl yellədi və bənövşəyi bir kölgə kimi çəkilib getdi. Quşun bir qanad yelləməsi ilə zehni aydınlandı, yaddaşı duruldu. Hardansa oxumuşdu ki, qumru quşu məhəbbət rəmzidir. Onlara Tanrı quşu da deyirlər. Nəcibə eyvanda donub qalmışdı. Gerçəyin harda bitdiyini, xəyalın harda başladığını ayırd etməkdə çətinlik çəkirdi. Sənanın səsi iliklərinəcən işləmişdi, nə vaxtdı bu evdə onun səsi eşidilmirdi. Damarlarında qanın axışını hiss elədi. Hətta qulağına taxdığı sırğalar belə cingildəyərək bu səsə şahidlik etdilər.
Bu səslə sanki evin onun nəfəsi üçün qəribsəmiş divarları da isindi, bu səs ayaq açıb yeridi, otaqları gəzdi, övladlarını – Tahirlə Nəzrini də bağrına basdı. Geri çevriləndə hər ikisini mətbəxin qapısında gördü. Həyəcandan qızarmış yanaqlarına günəşli təbəssüm də əlavə olundu. Hər ikisi bir ağızdan: - Ana, atamızın səsini eşitdik, - dedilər. Nəcibə o səsə qoşulub balalarını qucaqlayıb bağrına basdı, Sənanın tapşırığına əməl edə bilmədi, göz yaşları yanağı boyu axdı. Uşaqların yanında mümkün qədər ruhi sakitliyini qorumağa çalışırdı. Məmləkətdə yüzlərlə, minlərlə şəhid ailəsi vardı və bu ailələr əbədi ayrılığın alovundan müxtəlif dərəcəli yanğılar almışdılar. Onların sevincini, səadətini şişə çəkmişdilər. Xatirələrsə xoşbəxt günlərə cığır açır, onları müvəqqəti olaraq ayrılıq sıxıntısından azad edir, yaralarını sarıyırdı. Onlar sanki zamanın axışına tabe olmaq istəmirdilər, təqvimi geri çəkmək istəyirdilər.
Sənana söz vermişdi ki, övladlarına onun yoxluğunu hiss etdirməyəcək. Evdə üzünü hansı tərəfə çevirirdisə, Sənanın xatirəsiylə toqquşurdu, bax onda hisslərinə hakim ola bilmirdi, içi bulaq kimi qaynayırdı, qəhər boğazında düyünlənirdi, iradəsi sarsılırdı, bir küncə çəkilib uşaqlardan gizlin ürəyini boşaldırdı. Sənansız gələcək onun ruhunu didir, onu incidirdi. “O, mənim ruhumun səhəri idi. Bundan sonra da, ömrümün sonuna qədər mən o işıqlı səhəri qoruyacam, heç bir kölgə o fəcri qaralda bilməz”, - deyə düşünürdü.
Nəzrinin də yanaqları nəmləndi. Sənan evdə olanda qızını qucaqlayıb bağrına basır, onun qoxusunu ciyərlərinə çəkirdi. Onun dünyaya gəlişi ilə həyatında ilk dəfə hiss etdiyi duyğu illər ötdükcə daha da güclənirdi. Övladları ona atalıq hissinin şirinliyini dadızdırmışdı. Bu hissi dünyada heç bir duyğu əvəz edə bilməzdi. Nəzrin atasının gülümsər çöhrəsini xatırladı, saçlarında ata əlinin ona güvən aşılayan tumarını hiss etdi, ona yazdığı sonuncu mesajı xatırladı. “Ata, salamat qal!” Hansı hissin diktəsiylə yazmışdı bu sözləri?! Niyə məhz həmin dəqiqələrdə atasını düşünmüşdü? Atası oxuya bilmişdimi qızının mesajını? Yoxsa ölüm bu mesajdan daha cəld tərpənmişdi?
Ondan bir neçə gün əvvəl atası onları gəzməyə aparmağa söz vermişdi, sevinmişdilər. Mart-aprel ayları gələndə təbiət öz gözəllikləriylə insanların ruhunda təlatüm yaradır, onları öz qoynuna səsləyir. Dünya sanki təzələnir, donunu dəyişib al yaşıla bürünür. Təbiətin oyanışı insanın həyat eşqini birə beş artırır. Sənan paltarlarına hopmuş barıt qoxusunu üst-başından çırpıb övladlarıyla, ömür-gün yoldaşıyla günbəgün gözəlləşən şəhərin seyrinə çıxmağı planlaşdırmışdı. Hava azacıq qızıb günəşin parlaq şüaları torpağı ana nəvazişi ilə isitməyə başlayan kimi onun də ürəyi atlanırdı.
Həqiqət və arzu, həyat və xəyal bütün hüdudları pozaraq onun nəzərində küll halında qəlbini təsvirolunmaz bir həyəcanla doldururdu. Hərbçi həyatını özü seçmişdi, bilirdi ki, ailəsi ilə arasında həmişə bir intizar pərdəsi asılacaq, bu intizar qadınına, uşaqlarına göz dolusu vaxt ayırmağa imkan verməyəcək. Amma o, dünyaya döyüşçü olmaq üçün gəlmişdi. Onun taleyinə vətən torpaqlarını yağı düşməndən xilas etmək və qəhrəman olmaq yazılmışdı. Onun doğulduğu torpaq yağı tapdağı altında idi, o torpağın üzü dərddən qaysaq bağlamışdı. İkinci Dünya Müharibəsində döyüşmüş babasının, valideynlərinin ümidi yiyəsiz ev kimi uçulub-dağılmaqda idi. İndi o torpağın yuxusu ərşə çəkilmişdi. Sənan torpağa qollu-budaqlı ağac kimi baxırdı, orda doğulan, o torpağın üstündə addımları bərkiyən oğullar o ağacın budaqları idi. Həmin ağacın budaqlarını vəhşicəsinə doğrayırdılar. Cəbhədən qara kağızı gələn oğulların itgisi ürəyini şırım-şırım etmişdi.
Bir dəfə evdə olduğu vaxtlarda ailəvi şəkildə oturub televizora baxırdılar, efirdə şəhidlərin dəfnini göstərəndə Nəcibə Sənanın sim kimi gərildiyini gördü. “Mən özümə belə ölüm arzulayıram. Öləndə tabutum bayrağa bükülsün, bundan şərəfli ölüm ola bilməz”. Bu sözlər Sənanın ağzından qeyri-ixtiyari çıxdı. Nəcibənin tikəsi boğazında qaldı. “Niyə özünə ölüm arzulayırsan?” – deyə hürkək şəkildə onu qınadı. Sənan vəfalı ömür yoldaşının gözlərindəki təşvişi anındaca sezdi, bir anlıq günah duyğusuna qapıldı, amma tez özünü ələ aldı. “Oğul vətənə qurban doğulur, Nəcibə, - dedi, - o torpaqları biz canımız bahasına geri alacağıq. Mütləq alacağıq!” Onun nəzərində ölüm müqəddəsliyə gedən yol idi. Bu yolda qurbanlar tələb olunurdu və Sənan bu həqiqəti çox erkən dərk etmişdi.
Hələ uşaq yaşlarında yuxularını güllələr dəlib keçmişdi, gecələr onun üçün özü boyda bir vahiməyə çevrilmişdi. Eldə--obada bir başıpapaqlı qalmamışdı, hamı düşmənlə həmsərhəd olan kəndlərdə döyüşən əsgərlərin köməyinə yollanmışdı. Kəndlər bir-bir boşalmaqda idi, hər gün üzüntülü xəbərlər gəlirdi. Sənanın atası Tahir kişi döyüşlərin ən qızğın çağında, 1992-ci ildə könüllülər batalyonuna yazılmışdı, gecə-gündüz ermənilərlə sərhəd məntəqələrində keşik çəkirdi. O səksəkəli, narahat günlər Sənanın uşaqlığını əlindən almışdı, cəhənnəmə çevirmişdi. Onun uşaqlığı sanki həkim resepti kimi oxunması mümkünsüz olan dolaşıq xətlərlə yazılmışdı, bir cümləsini belə oxumaq mümkün deyildi. Qorxulu nağıllar onun uşaqlıq aləmində qorxulu həqiqətlərə çevrilmişdi.
...Sonra özünü qınadı, gərək qızın ürəyinə xal salmayaydım, deyə düşündü. Axı o, təkcə vətənin sadiq əsgəri deyildi, həm də ailə başçısı idi. İçində tərəddüdlə döyüşürdü, qarışıq duyğular rahatlığını əlindən alırdı.
Sənan doğulub boya-başa çatdığı torpaqlardan didərgin düşmüşdü. O yerlərin havası, suyu üçün burnunun ucu göynəyirdi. Azərbaycanın hansısa
bölgəsində bir bulaqdan dadırdısa, deyirdi bu Füzulidəki filan bulağın suyuna bənzəyir. Hansısa ağacın kölgəsində ayaq saxlayırdısa, burnuna doğma yerlərin qoxusu gəlirdi. Füzuli yaddaşının istehkamı idi, o torpağın hər zərrəsinə bələd idi, zaman o istehkamdan bir çınqı belə qopara bilməmişdi. Nəcibə onun bu ovunmaz vətən həsrətini dərindən hiss edirdi, bu həsrət ona da yoluxmuşdu, o da bu həsrəti Sənan qədər öz içində daşıyırdı. Axı onların sevinci də, kədəri də bir bulaqdan su içirdi.
Təbiət canlananda onun ruhu bədəninə sığmırdı, yaddaşının xəritəsində ürək kimi döyünən ərazi – uşaqlığının vətəni uzaqlığı, əlçatmazlığı ilə qəlbini sızladırdı.
Belə gözəl yaz günlərindən birində qəfildən göy üzünü qara buludlar aldı. Düşmənin nifrəti yenə torpaqlarımıza alov püskürməyə başladı. Aprel döyüşləri onun rahatlığını büsbütün pozdu. Bir neçə dəfə rəhbərliyə ön cəbhəyə göndərilməsi üçün raport yazdı. Nəhayət, müsbət cavab gəldi. O, Kəşfiyyat rəisi idi və döyüşlərin qızğın çağında evdə otura bilməzdi. Ən qəddar tale belə bir gün məğrur ruhun inadı qarşısında əyilir. Məğrur və yenilməz ruhu onu döyüşə səsləyirdi. Onun üçün ev və cəbhə arasındakı heç bir təzad yox idi, işlə əlaqədar ezamiyyətlərdə olanda həmişə ev üçün darıxırdı, evdə olanda da hər an hərbçi olduğunu xatırlayır, cəbhəyə can atırdı. Hər ikisi onun üçün eyni anlam daşıyırdı – ana torpaq və ailə, - bu iki məfhumu bir-birindən ayrımaq ondan ötrü mümkünsüz idi.
Axşam Nəcibə hərbçi qadınlarına xas itaətkarlıqla onun yol çantasını hazırladı. O, polkovnikin qadını idi, gileylənməyə haqqı yox idi. Dilinin ucundan qaytardığı, deyə bilmədiyi sözlərin ağrısı da qəlbini sızladırdı. O, Sənana “getmə” deyə bilməzdi, amma bütün qəlbiylə onun getməsini istəmirdi.
Lələtəpə istiqamətində gedən döyüşlərdən xəbərdar idi, düşmənin məhv edilməsinə baxmayaraq Azərbaycan ordusu da şəhidlər vermişdi. Sənan döyüşçü instinkti ilə ona ehtiyacı olanların yanına tələsirdi. Amma Nəcibənin daxili həyəcanlarını da hiss edirdi. Bir anlıq yır-yığışdan əl saxlayıb yol çantasını onun əlindən aldı, baxışdılar; könül yarının gözləri bir himə bənd idi, dolmuşdu, kədərli bir təbəssümlə ona baxırdı, göz yaşlarının leysanı başlamamış onunla söhbət etməli idi. Bütün səylərini səfərbər etdi ki, qızın gözlərindəki kədər buludunu dağıtsın. Uşaqlar atanı heç vaxt evdə kədərli, əzgin, yorğun halda görməmişdilər, evin qapısından içəri keçən andan nikbin əhval-ruhiyyə, məmnunluq hissi varlığına hakim kəsilirdi. Səhər işə, axşam evə tələsən xoşbəxtlərdən idi Sənan. Bu gün də əvvəlki günlərdən seçilmirdi. Amma...
Azca gülümsəyərək gərginliyi azaltmağa çalışdı.
-Nəcibə, gəl otur, sənə sözüm var.
Otağa keçdilər, Sənan deyəcəklərini uzun müddət içində götür-qoy edirdi. Nəcibə intizarla ərinin nə söyləyəciyini gözləyirdi. Daxilən bu qorxubilməz qəhrəmanın ömür-gün yoldaşı olduğu üçün qürur hissi keçirirdi. Sənanın varlığında öz xoşbəxtliyini tapmışdı. Onların bir-birinə tükənməz sevgisi də bu qəhrəmanlıq qədər ali və müqəddəs bir hiss idi. Sənan taleyindən çox razı idi. İndi övladlarının anasına, ömür yoldaşına deyəcək sözləri götür-qoy edirdi. Nəhayət, dilləndi:
-Nəcibə, görürəm ki, narahatsan. Amma mən narahat deyiləm. Bilirsən niyə?
Nəcibə bu sualın cavabını bildiyi üçün dinmədi, gözlədi ki, Sənan özü danışsın, özü bu sualı cavablandırsın.
-Bilirəm ki, sən mənsiz də bu evi idarə edəcəksən, uşaqları böyüdəcəksən. Sən güclü qadınsan!
Nəcibənin içindən üşütmə keçdi, necə yəni “uşaqları özün böyüdəcəksən?”. Bu nə deməkdir? Axı onun övladlarına atalıq borcu vardı, uşaqları birlikdə böyüdəcəkdilər. Sənan uşaqları, ev-eşiyi ona tapşırmaqla nə demək istəyirdi?.. Nəcibənin həyəcanı boğazında düyünlənib qəhərə çevrildi.
-Sənan, sən nə danışırsan? Biz övladlarımızı birlikdə böyüdəcəyik! Niyə belə bədgümansan? Həmişə belə demirdin axı? Sənə nə olub?
Sənan cəbhədəki vəziyyətin ağırlığını dərk edirdi, qızğın döyüşlər gedirdi. O, qayıtmaya da bilərdi. Ona görə vacib bildiyi sözləri mütləq həyat yoldaşına deməliydi. Müharibədə həyatın hər anı qənimət sayılır, insanlar ölümün girovuna çevrilir, sağ qalmaq şansı taleyin lütfünə bağlıdır. Savaş filtrsiz siqaret kimidir, bütün acısını ciyərlərinə çəkirsən, barıt qoxusu nəinki paltarlarına, hətta dərinə də hopur. O, müharibə dövrünün övladı idi, hələ uşaq ikən qulağına güllə səsləri gəlmişdi və bu səslər bir ömür boyu onu müşayiət etmişdi. İllərini hərb sənətinin incəliklərini öyrənməyə sərf etmişdi, Ali Hərbi Məktəbi bitirdikdən sonra Orduda kəşfiyyatçı kimi xidmət edirdi. Sonra bu istək onu Almaniya Hərbi Akademiyasına aparıb çıxarmışdı, orda ixtisasını artırmış, peşəkar hərbçi kimi vətənə dönmüşdü. İndi Vətənin ona ehtiyacı vardı və getməliydi. Nəcibə onun sözlərində bir vəsiyyət tonu hiss edib bir az da əsəbiləşdi:
-Sən heç vaxt belə ümidsiz danışmırdın. İndi nə olub? Nə baş verir?
Sənan Nəcibənin çiyinlərini qucaqlayıb gülümsədi.
-Heç nə olmayıb, mənim əzizim. Narahat olma. Sözdü də deyirəm. Onsuz da mən çox vaxt evdə olmuram, hərbçi həyatı belədir. İndiki şəraitdə isə mən mütləq orda olmalıyam. Mənim evdə oturmağa haqqım yoxdur, Nəcibə. Uşaqlar sənin öhdəndədir, onları sən böyüdürsən. Ürəyinə salma. Hər şey yaxşı olacaq. Mən sənə arxayınam, əks halda belə rahatlıqla döyüşə gedə bilmərəm. Sən möhkəm olmalısan!
Sənanın bu sözlərindən sonra da Nəcibənin qəlbi aram olmadı. Bütün gecəni ürəyində onun sözlərini götür-qoy elədi. “Axı heç vaxt belə deməzdi. Niyə birdən-birə bu sözləri dilinə gətirdi? “Sən güclü qadınsan! Uşaqları böyüdəcəksən!” Narahat düşüncələr içində səhəri dirigözlü açdı.
***
Kapitanın ustalığı sakit dənizdə deyil, fırtınalar qopanda, gəmi təhlükədə olanda bilinər. Hərbçi də öz hünərini döyüş meydanında göstərir. Sənan Baş Kəşfiyyat İdarəsində çalışdığı dövrdə Qarabağ ərazisində yerləşən işğalçıların hərbi obyektlərinin kartoqrafik sxemlərini işləyib hazırlamışdı. Pillə-pillə yüksələrək polkovnik-leytenant rütbəsinə çatmışdı. Onun peşəkarlığı, çevik düşüncəsi Ali Komandanlığın diqqətini çəlb etmişdi. Hamı onu gələcəyin generalı kimi təsəvvür edirdi.
O, sanki döyüş üçün doğulmuşdu, əraziləri qarış-qarış gəzmişdi, bütün strateji obyektlərə ovcunun içi kimi bələd idi. Əsgərlərlə ünsiyyəti yüksək insani keyfiyyətlərə əsaslanırdı, o, əsgərlərlə öz doğması kimi rəftar edirdi, onların qayğılarıyla yaşayırdı, sevinc və həyəcanlarına şərik olurdu. Bütün heyətin ona rəğbət hissi vardı, ona inanırdılar. O, tabeçiliyində olan əsgərləri xəritə üzərində işlədirdi, düşmən tapdağı altındakı hər kəndi, təpəni, dərəni, bulağı öyrənib yadda saxlamağı tələb edirdi. Kəşfiyyatçılar son uğurlu əməliyyatdan çox ruhlanmış, özlərinə inamları xeyli artmışdı. Onlar Sənanı böyük qardaşları kimi sevib hörmət edirdilər.
...Həmin gün Lələtəpədə növbəti kəşfiyyat işlərini başa çatdırıb geri qayıdırdı. Yaz havası olsa da sübhün ayazı adamın iliklərinəcən işləyirdi. Amma o, canında heç bir soyuq hiss etmirdi. Torpağın qoxusunu doyunca ciyərlərinə çəkirdi, yağı tapdağından azad olmuş torpaq da sanki asudəlik içində nəfəs dərməkdə idi. Torpaq öz övladlarını addımlarından tanıyırdı. Biçənəklərin, tər bənövşələrin rayihəsi sübh mehinə qarışıb ətrafda sehrli bir halə yaratmışdı. Şeh damlaları güllərin ləçəyinə muncuq kimi düzülmüşdü. Günəş tədricən öz əbədi yerini tutmaqda idi, onun zəif şüaları sazağı küncə qısnamışdı. Sazaq yavaş-yavaş dərələrin dibinə çəkilirdi. Gün işığı sanki sel kimi Sənanın üstündən axıb yerə tökülürdü. Qəfildən arxada partlayış səsi eşitdi, ayaq saxlayıb geri çevrildi. Vüqar Əbdüləzimovun həmin səmtdə olduğunu bilirdi. Soyuqqanlılığını itirmədi, düşünmədən cəld addımlarla geri qayıtdı. Vüqar qan içində idi. Sənan dərhal belindəki kəməri açıb dostunun parçalanmış ayağına sarıyıb sıxdı ki, onu qan aparmasın. Onu bir qədər təhlükəsiz yerə sürüyb özünə gətirməyə çalışdı.
-Əbdüləzimov, özünə gəl! Narahat olma, səni burdan çıxaracağam. Sağalacaqsan, polkovnik-leytenant!
Vüqar gülümsəməyə çalışdı, silahdaşının sözləri onu özünə gətirdi, onun çiyinlərini möhkəm qucaqladı. “Məni burdan çıxart” – dedi.
-Bir az səbr elə, səni xəstəxanaya çatdıracağıq. Çox ağrıdır, hə?
-Yox, ağrı yoxdur. Görünür, yara təzədir, ona görə heç nə hiss eləmirəm.
Sənan cəld döyüş yoldaşının qolunu öz boynuna doladı və belindən tutub qaldırdı, onu kürəyinə aldı. Addımlarının sayını itirmişdi, zabiti qan aparırdı, onu xilas etmək lazım idi. Minalanmış ərazilərdən keçirdi. O, kəşfiyyatçı idi, heç vaxt səhv edə bilməzdi. Artıq heydən düşməkdəydi, addımları ağırlaşmışdı. Qarşıdan köməyə gələnləri gördü, dərindən nəfəs alıb çiynindəki yükü yerə qoydu və əlini yellədi ki, onu görsünlər. Addımlarını yeyinlətdi ki, məsafəni azaltsın. Növbəti addım və... Partlayış... Bir anda qara bulud günəşin üzünü örtdü, ətraf qaranlığa büründü. Amma şüuru bu qaranlığa qalib gəldi, Nəcibənin, Nəzrinin, Tahirin surətləri gözləri önündə canlandı. “Sən güclü qadınsan, Nəcibə! Övladlarımızı sən böyüdəcəksən. Onları sənə əmanət edirəm!” Beynindəki sonuncu işıq şüası nöqtə qədər kiçildi və söndü...
***
Bişirdiyi qoğalları məzarın sinə daşının üstünə qoydu, dikəlib Sənanın üzünə baxdı. Ona elə gəldi ki, Sənan bir anlıq gülümsədi. Bu dəfə də ürəyi döyüş orkestri kimi döyünürdü, demək istədiyi sözlər dodağının ucunda çırpınırdı. “Sən qoğalı xoşlayırsan. Bu bayramda da sənin istəyini yerinə yetirdim. Mən də sənin dünyanda yaşayıram, Sənan. Biz ikimiz də şəhidik. Amma hər ikimiz yaşayırıq. Yaşamalıyıq! Şəhidlər ölməz, Vətən bölünməz! Biz Vətən üçün övladlar böyüdürük.” Sənan onun deyəcəklərini gözlərindən oxuyurdu və məmnun görünürdü. Dilsiz baxışlar bir-birini anlayırdı.
Bu səssiz dialoqlar bir ömür boyu uzanacaqdı...
Qəfildən məzar daşının üstündən bir qumru qanadlarını çırparaq səmaya pərvazlandı. Nəcibə başını qaldırıb quşun səmada qövsvari süzməsini seyr etdi. Səma yaz günəşiylə bəzənmişdi...
20 mart-12 aprel, 2020-ci il
Kənan HACI