manera.az
manera.az

Hüseyn Cavid və M.S.Ordubadi yaradıcılığında qadın məsələsi

📅 03.02.2020 10:27

Hüseyn Cavid və M.S.Ordubadi yaradıcılığında qadın məsələsi
(Südabə və Qətibə obrazları əsasında)

Qadın məsələsi cəmiyyətimizdə həmişə aktual mövzulardan biri olmuşdur. Ailədə və cəmiyyətdə qadına olan münasibət, qadın azadlığı, qadın hüquqsuzluğu istər Azərbaycan ədəbiyyatı, istərsə də dünya ədəbiyyatında şair və yazıçıları ən çox düşündürən mövzulardan olmuş və bu istiqamətdə çoxsaylı əsərlər qələmə alınmışdır.

XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - H.Cavid və M.S.Ordubadi yaradıcılığı da bu cəhətdən diqqəti cəlb edir. Nadanlığın, fanatizmin qurbanı olan, döyülən, incidilən, pul ilə alınıb-satılan, bədbəxt, hüquqsuz Azərbaycan qadınının acı taleyi hər iki sənətkarı düşündürmüş, fərqli üslubda yazıb yaratmalarına baxmayaraq, xalqına olan tükənməz sevgi, onun tarixinə, mədəniyyətinə olan bağlılıq, dövrünün ən mühüm məsələlərinə, Vətənin ağır dərdlərinə əsl vətəndaş münasibəti və başqa cəhətlər hər iki sənətkarın yaradıcılığında oxşar mövzu və obrazlar silsiləsinin yaranmasına səbəb olmuşdur. Bu baxımdan H.Cavidin “Səyavüş” faciəsindəki Südabə və M.S.Ordubadinin “Qılınc və qələm” romanındakı Qətibə obrazları fikrimizi bir daha təsdiqləyir. Hər iki əsərdə Şərq tarixinə müraciət olunması, Şərq despotizminin kəskin tənqidi, saray mühitinin insan şəxsiyyətinin formalaşmasına göstərdiyi mənfi təsir, sadə, kənd həyatının bu mühitə qarşı qoyulması diqqət çəkən əsas məqamlardandır.

İnsan şəxsiyyətinin formalaşmasında mühit amilinin danılmaz olduğunu nəzərə alsaq, hər iki qadın obrazının bu aspektdən təhlili maraq doğurur. İlk növbədə “Səyavüş” faciəsindəki saray mühitinə nəzər yetirdikdə, xalq müdrikliyindən qidalanmış, kənddə böyümüş Səyavüşün ağsaçlı, kəndli qadınla söhbəti diqqəti cəlb edir:

Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoqsulların dərdini.
Uyma evlər yıqan kinli şahlara,
Acı! Köyüsləri yaqan ahlara!


Əsər boyu Səyavüş saray mühitinin qorxunc mənzərələri ilə qarşılaşır, əxlaqsızlıq yuvası olan sarayların iç üzünü görür və dəhşətə gəlir. Keykavusun saraydakı cariyələrə olan münasibəti, hətta digər saray əyanlarının da onun yolu ilə getməsi əsərdə cariyənin sözləri belə ifadə olunur:
Yetər, o həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbi
Beş gün əvvəl, ah! O qanlı hökmdar
Bənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıqmadı səsim bir yana.

Saraylarda yaşanan bu acınacaqlı vəziyyət, qadınlara göstərilən alçaldıcı münasibət, şəxsiyyətlərinin təhqir olunması, haqq və ədalətin əsərdə pişxidmət tərəfindən “gülünc əfsanə” adlandırılması fikrimizi bir daha təsdiq edir:

Haq və ədalətmi?! O bir quş olsa
Şahın sarayında yapamaz yuva.
Haq və ədalət!...Nə gülünc əfsanə!
Bu lafdan xoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bir aqşam da,
Vaxtını xoş keçir bənim odamda.
Unutma ki, sənin kibi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.

Gördükləri qarşısında dəhşətə gələn Səyavüş saray hakimiyyətinin necə bir haqsızlıq və ədalətsizlik üzərində bərqərar olduğunu dərk edir:
Ah, nə qadar çirkin, vəhşi duyğular!...
Hiç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç üzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömür sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə, gülünc faciələr səhnəsi!


Yalan, iftira, məzlumların acı fəryadı, qadınların göz yaşlarının səngimədiyi bu mühitin acı gerçəkliklərini M.S.Ordubadi də “Qılınc və qələm” romanında ustalıqla təsvir etmişdir. Romanda qadın şəxsiyyətinin alçaldılmasının nümunəsi kimi, onların qul kimi satılması, “hədiyyə” kimi zorla xəlifə saraylarına göndərilməsi, ancaq hökmdarlara, saray əhlinə xidmət psixologiyası ilə böyüdülməsi, bu məqsədlə çoxlu hərəmxanaların yaradılması saray mühitində qadına olan alçaldıcı münasibətin göstəricisi idi. Əsərin “Qadınlar və qızlar dünyası” hissəsində Fəxrəddinin Bağdadda olarkən getdiyi kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda onları satmaqla məşhur olan Fənhas müəssisəsi təsvir olunur ki, burada 7-8 mindən artıq müxtəlif ölkələrdən müharibə zamanı, yaxud pulla, vergi hesabına alınan müxtəlif yaşda olan qızlar tərbiyə olunur. Azyaşlı qızlar öz vətənlərindən ayrı salınır, müxtəlif məqsədlə saraylarda istifadə olunur, başqa ölkələrə satılırlar. Qadınlara göstərilən bu münasibət qarşısında dəhşətə gələn Fəxrəddin də Səyavüş kimi dərin düşüncələrə dalır və haqq və ədalətin yad olduğu bu mühitdən uzaqlaşmaq istəyir: “Xudavənda, gör biz necə bir əsrdə yaşayırıq ki, bədbəxt insanlar səadət dünyasına əsirliyin içərisində əzilə-əzilə aparılır”.

Hər iki əsərdə istər Südabə, istərsə də Qətibə obrazlarının fəaliyyətlərinə nəzər yetirdikdə, onların təmiz, saf hisslərdən məhrum olmasını, çılğın ehtiraslar, heyvani hisslərlə yaşamalarını bir tərəfdən bu qadınların şəxsi uğursuzluqlarından doğan cəhət, digər tərəfdən isə saray mühitinin qadın şəxsiyyətinin formalaşmasına göstərdiyi mənfi təsirin nəticəsi kimi də səciyyələndirə bilərik.
Hüseyn Cavid və M.S.Ordubadi yaradıcılığında qadın məsələsi
“Qılınc və qələm”də öz siyasi oyunları, hiylələri ilə bütün sarayı Qətibə idarə etdiyi kimi, “Səyavüş” faciəsində də saray əhlini Keykavusdan çox Südabə məşğul edir. Qətibənin Nizamiyə olan sevgisi və bu sevgi baş tutmadıqda ondan dəhşətli intiqam almaq istəməsi və s. sevgi macəraları eynilə Südabənin Səyavüşa olan münasibətində özünü göstərir. Belə ki, əsərdə məkr və ehtiras timsalı olan Südabə obrazı da Qətibə kimi öz arzularına çatmadığı üçün Səyavüşü məhv etməyə çalışır, müxtəlif hiylələr işlədir, sui-qəsdlər hazırlayır. Əsərdə Südabə öz məqsədini belə ifadə edir:
Bir diləyim varsa, onun visalı,
Gözlərimdə yalnız onun xəyalı.
Səyavüşün o dik, o məğrur başı
Əyilməz olursa sevgimə qarşı
Onu al qanlarda görmək istərim,
Saçlarından çələng örmək istərim.


Südabənin dilindən söylənən bu fikirlər eynilə Qətibənin Hüsaməddinlə söhbəti zamanı söylədiyi fikirlərlə üst-üstə düşür: “ ...indi o (Nizami), mənim düşmənimdir. Mən ona öz Rənası ilə xoşbəxt yaşamağa imkan verməyəcəyəm. Hətta mümkün olarsa, onu məhv etdirib öldürəcəyəm. Lakin onun qəbrində oturub ölənə qədər ağlayacağam. Mən nə sevgimi, nə də təhqiri unudacağam”. Hər iki qadın obrazının sevgilərində üzləşdikləri uğursuzluqlar onların hərəkətlərinə müəyyən mənada haqq qazandırsa da, onlardakı kin və nifrətin, intiqam hissinin insani keyfiyyətlərinin yox olmasına, hətta cinayət törətməkdən belə çəkinməmələrinə gətirib çıxarır. Südabə sevgisində olduqca cəsarətlidir, onu etiraf etməkdən çəkinmir, hətta bu yolda ölümə belə getməyə hazırdır. Ancaq o, sevgisini düzgün qiymətləndirə bilmədiyi kimi, istədiyi həyata keçmədikdə qəddar və amansız birinə çevrilir. Saray mühitinə xas olan qəddarlıq, amansızlıq Südabənin qanına, canına, fikirlərinə hakim kəsilir, ziddiyyətli bir obraz kimi yadda qalır: “Südabə təbiəti və xarakteri etibarilə başdan-ayağa ziq-zaqlı, əsrarlı və ziddiyyətli bir surətdir. Onun qəlbində, “daxili” dünyasında həyat sevincinə doğru boylanan çoşğun bir qadının alovlu ehtirası da yaşayır, soyuq, mərdimgiriz bir siyasətçinin müdhiş niyyətləri də.

Onun varlığında təkəbbürünü hər növ istəkdən üstün tutan, məğrur, barışmaz bir insanın əqidə dönməzliyi də çırpınır, hiyləgər və xəyanətkar bir xudbinin rəzil tədbirləri də...Həyat sevgisilə nifrət, ehtirasla qəzəb, kinlə xudbinlik, məğrurluqla gənclik həvəsi, gözəlliklə intiqam hərisliyi və siyasətçiliklə məkr birləşərək bu müəmmalı xilqəti- Südabəni yaratmışdır!”. Sadalanan bütün bu keyfiyyətlər Qətibə obrazı üçün də xarakterikdir.

Qətibənin də saray mühitinin yetirməsi kimi bütün əsər boyu fəaliyyətinə nəzər yetirdikdə ona nifrət etməmək olmur. Nizami ilə sevgi münasibətləri baş tutmadıqda onun Atabəy Məhəmmədə öz siyasi maraqlarını əhatə edən bir neçə şərtlə ərə getməsi, bu şərtlərin də zamanla pozulması Qətibənin hiddətini daha da artırır, Hüsaməddin və Toğrulun iştirakı ilə Atabəy Məhəmmədi zəhərlədib öldürtdürür. Qətibənin bütün həyatının, sevgisinin hökmranlıq ehtirası üzərində qurulması əsərin bir hissəsində dediyi sözlərlə bir daha öz təsdiqini tapır: “Lakin mənim gözəlliyim hələ təslim olmamışdır. Gözəlliyim ona qarşı bir çoxlarının düşmən hisslərini coşdura bilər. Birisinə (Atabəy Məhəmmədə) öz mərtəbəm üçün ərə getdim, o birisinə (Toğrula) də oğlumun gələcəyi üçün ərə getməliyəm. Kim bilir, bəlkə başqasına da gedəcəyəm. Lakin bunların heç birisi ər deyil, mən də onlara qadın deyiləm.

Bu dünyada aldadanlar və aldananlar hədsizdir. Mən də onların birisiyəm. Axırda kim qalib gələcəkdir?! Yalançı sevgiliyə əsir olanlar məğlub, başqalarını öz sevgilərinə inandıranlar isə qalib gələcəkdir”. Onun əxlaqsız qadın Səba xanım vasitəsilə törətdiyi intriqalar, əsər boyu Hüsaməddini aldadaraq ona ərə gedəcəyi yalanı ilə həyata keçirtdiyi cinayətlər, Toğrulla birləşib xaricilərin ölkəyə soxulmasına şərait yaratması, oynadığı siyasi oyunlar əsərdə Qətibənin öz dili ilə belə təqdim olunur: “Mən bu günün özündə sərhədi açıb Xarəzm ordusunu məmləkətin daxilinə gətirə bilərəm. Mən istəsəm, iki həftədən sonra Bağdad ordusu yenə də Həmədan qapılarını döyə bilər. Mən istəsəm, şirvanlıları və Gürcüstanı Aran üstünə qaldıra bilərəm. Mən istədiyim zaman, Qızıl Arslan bütün Şimali Azərbaycanı, Rey, İraq və İranı itirə bilər”.

Romanda ara-sıra Qətibənin etdiyi əməllərdən peşman olması və bədbinliyə qapılması məqamlarına da rast gəlirik. Əsərin bir hissəsində onun təklikdə etdiyi etiraf fikrimizi bir daha təsdiq edir: “Qızıl Arslan məni hansı işim üçün bağışlaya bilər? O məni dara çəkdirər, zindanlarda boğdurarsa, haqlıdır. Mən onun qardaşını öldürdüm, Eldəniz xanədanını məhv etdim, məmləkətin bu qədər fəlakətinə səbəb oldum. Nələr, nələr etmədim? Hazırda bütün Şərq ölkələrində məndən bədbəxt bir qadın ola bilərmi? O şair mənə nə etmişdi? Mən onun başına nə kimi fəlakətlər gətirmədim?! Mən onun bir dünyadan qiymətli olan kitabxanasını nə üçün yandırdım? Nə üçün mən Atabəyi məhv etdim? O da mənim ağılsız hərəkətlərim nəticəsində bu məmləkətin düşmənlərinə qoşuldu. Toğrul kimi sərxoş, zəif, iradəsiz bir hökmdarı səfil və rəzil bir vəziyyətə salan mən olmadımmı?!”.

Lakin bu etiraflarına, peşmanlıqlarına baxmayaraq, Qətibə yenə də öz bəd əməllərindən əl çəkmir. Hüsaməddin vasitəsilə Qızıl Arslanın da ölümünə səbəb olur. Oğlu Qutluq İnancı hakimiyyətə gətirmək üçün bütün maneələri aradan qaldırmağa çalışır. Bu yolda öz doğma bacısı Təliənin duyğularını da heçə sayır. Onun Gözəlin oğlu Əbubəkrə olan məhəbbətini qəbul etmir: “Mənim bacım, Əmir İnancın qızı, atadan-anadan bir doğma bacım, mənim günümün oğlunu, mənim düşmənimi, mənim oğlumun rəqibini sevəcəkmiş. Taxt-tacın, bir kəndli qızından doğulan nanəcibin əlində qalmasına çalışacaqmış”. Lakin Təliə vasitəsilə Əbubəkrin zəhərlənməsini təşkil edə bilmədikdə bacısına da münasibəti dəyişir, qısqanclıq hissi onu rahat buraxmır, Təliəni də özünə rəqib hesab edir: “Mənim sevgimə azadlıq vermədilər. Mən də and içmişəm, dünyada əlimdən gəldiyi qədər heç bir kəsin sevgisinə azadlıq verməyəcəyəm.

Bacım da olsa, mənim bədbəxtliyimə qarşı xoşbəxt olmasına razı olmayacağam”. Deməli, Qətibə Südabədən də irəli gedərək hökmranlıq ehtirası ilə dövlətin daxili və xarici siyasətinə qarışır, öz maraqları naminə ölkənin xarici düşmənlərin əlinə keçməsinə, ölkədə qarışıqlığın yaranmasına səbəb olur . Hər iki qadın obrazı istəklərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Südabə hazırlatdığı məktubla Səyavüşün məhvinə səbəb olursa, Qətibənin tədbiri boşa çıxır və özünün zəhərli şərbəti içərək ölməsi ilə nəticələnir. Lakin Qətibənin Nizami və Fəxrəddinin simasında bütün Azərbaycan xalqına olan nifrəti, bu istiqamətdə həyata keçirdiyi siyasi oyunlar onun ölümündən sonra da öz təsir gücünü itirmir, dövlətin əsas dayaqlarını sarsıdır və sonda da düşmənlərin əlinə keçərək məhvinə səbəb olur.

Beləliklə, hər iki əsərdə qadının istər ailədə, istərsə də ictimai-siyasi məsələlərin həllində oynadığı rola dövrünün ən mühüm problemlərindən biri kimi yanaşılmış, mühitin qadın şəxsiyyətinin formalaşmasına göstərdiyi mənfi təsir, şəxsi uğursuzluqlardan doğan intiqam hissi, kin və nifrətin nələrə səbəb olacağı Südabə və Qətibə obrazlarının simasında geniş təsvir olunmuşdur .

SAHAB ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru


Baxış sayı - 1 137 | Yüklənmə tarixi: 03.02.2020 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031