manera.az
manera.az

Mənə sevdiyimi unutduransan - Ramiz Rövşənin şeiri

📅 27.11.2019 12:38

Mənə sevdiyimi unutduransan - Ramiz Rövşənin şeiri
Manera.az Xalq şairi Ramiz Rövşənin 42 il öncə yazdığı «Mən də dəyişkənəm havalar kimi» adlı sevgi şeirini təqdim edir.

Sən mənim ömrümün həyəcanısan,
bir batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
çəkdiyim sonuncu papiros kimi.

Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.

Sən susuz səhraya çilənən yağış,
qaranlıq gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
yolçunun rastına çıxan ocaqsan.

Kor olan deyiləm sənin tüstünə,
yenə öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
donmuş əllərimi isidəcəyəm.

Nə yaxşı, rastıma çıxdı bu ocaq,
bu donmuş əllərim qızındı bir az.
Heyif, bu ocağın istisi ancaq
donmuş ürəyimin buzuna çatmaz.

Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm... ocaq yox.

Öz alov dilini uzadıb necə
üzümü-gözümü yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
mənimçün yanmağa hazırdı, hazır.

Burda həmişəlik qalsaydım əgər,
Özümə ev-eşik qursaydım əgər,
Sən də bu ocağın keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, -

Lap səni sevsəm də, sevməsəm də mən,
burda yaşamağa nə vardı onda.
Bir az dincələrdim özüm-özümdən,
bir rahat həyatım olardı onda.

Amma “rahat həyat” mənlik deyil ki,
mən də dəyişkənəm havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.

Yolumdan saxlama – məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
çıxacaq rastıma CANAVAR kimi!..

1977


Baxış sayı - 4 017 | Yüklənmə tarixi: 27.11.2019 12:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031