manera.az
manera.az

Ədəbiyyatımızın ən çox nəzirə yazılan şeiri

📅 24.03.2019 20:42

Ədəbiyyatımızın ən çox nəzirə yazılan şeiri
Musa Yaqubun məşhur “Bu dünyanın qara daşı göyərməz” şeiri Azərbaycan ədəbiyyatında şairlərə ən çox təsir edən və ən çox nəzirə yazılan şeirdir. Musa müəllim bu möhtəşəm ədəbiyyat nümunəsinin yaranma tarixçəsini belə xatırlayır:

“Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum.”

Manera.az həmin məşhur şeiri təqdim edir.

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz...

Oktyabr, 1977

MANERA.AZ


Baxış sayı - 1 950 | Yüklənmə tarixi: 24.03.2019 20:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031