Şəhərdən şəhərə bir qəlb səyahəti
Cahiliyyə dövrü Azərbaycan nəsrində
Uzun zaman idi ki, Azərbaycan ədəbiyyatında bu cür masştablı, fundamental dəyərlər üzərində qurulmuş bir roman oxumamışdım. Hansı romandan söhbət gedir? Buna qədər ümumiyyətlə, roman janrıyla bağlı müəyyən fikirlərimi izhar etmək istəyirəm. Hərçənd, bu konuda bir neçə yazımda fikirlərimi bildirmişəm. Klassik ənənəvi romançılıq var, yeni modern roman tipi var. Rasional düşüncə tipi var, metafizik, magik-realist təfəkkürün məhsulu olan mətnlər var. Biz son illər sanki xaotik bir mətn burulğanına düşdük; modernizmdən gecikmiş postmodernizmə alayarımçıq keçid sanki oxucuları da çaşbaş duruma saldı. Modernizm sosializmin divarlarını aşmaqda aciz qaldı və bizdə heç sənət estetikasına çevrilə bilmədi. Modern sənətə məxsus estetika anlayışı postsovet məkanında formalaşmadı. XX əsrin əvvəllərində yaranan müxtəlif ədəbi cərəyanlar sosializmin qurulması ilə beşiyindəcə boğuldu. Modernizmi yaşamayan sənət postmodernizmin mahiyyətini anlaya bilmədi. Dekonstruktiv süjet xətti sanki bir virus kimi mətnin içinə düşüb bütün dəyərləri məhv etdi. Belə demək daha doğru olar: bizdə postmodernizmi tamamilə yanlış anladılar. Bu, artıq başqa söhbətin mövzusudur. Yazımızın ikinci cümləsinə qayıdaq. Hansı romandan söhbət gedir? 
Yazıçı Asimin “Ağ işıqlı şəhər” romanı Azərbaycan romançılığında hadisədir. Bəli, məhz hadisə! Əsər ərəblərin islamdan əvvəlki cahiliyyə dövrünün təsvirləriylə başlayır və bu təsvirlərdə zaman sanki əriyir, yoxa çıxır. Zahirən belə təsir bağışlayır, amma biz hamımız o zamanın içindəyik. Ümumi nisbilik nəzəriyyəsinə görə, zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur. “Ağ işıqlı şəhər”də hadisələr sanki zamanın və məkanın fövqünə yüksəlir. Bu əsər paucorum hominum (azsaylı insanların) oxuyub qavraya biləcəyi bir mətndir. Mən bu romanı oxuyarkən, Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanıyla müəyyən paralellər aparmağa (nə qədər paradoksal olsa belə!) başladım. Zaman və məkan yerdəyişmələri, dərin psixologizm, şüur axını qeyri-ixtiyari mənə Prustu xatırlatdı. “Ağ işıqlı şəhər”də hadisələr təsvir edilir, şüur axını isə bu hadisələrin ətrafında naxış kimi hörülür.
Ziddiyyətlərlə dolu mürəkkəb dövrü təsvir etmək üçün yalnız roman janrı məqsədəuyğun hesab edilə bilər. Asim bu romanda cahiliyyə dövrünün bütün ziddiyyərlərini bədii təsvir vasitələrindən istifadə edərək oxucuya təqdim edir. Özü də maraqlı cəhət orasındadır ki, o, oxucuya roman boyu görücü deyə müraciət edir. Niyə? Çünki bu roman sadəcə, oxumaqla dərk olunası əsər deyil, oxucudan həm də görmək bacarığı tələb olunur. Təsvir edilən hadisələrin mahiyyətində hansı həqiqətlərin gizləndiyini görmək, onların daxili dinamıkasını açmaq üçünsə islamın tarixini, fəlsəfəsini bilmək, intuisiya, fəhm tələb olunur. Keçmiş və bu gün cümlələrdə qol-boyun olub təkrarsız metaforik arsenal yaradır. Bu gün keçmişlə dialoqa girir. Asimin nəsrdə yeniliyi və orijinallığı məhz bu məqamdan başlayır: “Sizə təklif etdiyimiz “bəsirət eynəkləri”ni taxın, bu eynəklər müasir göz institutlarının laboratoriyalarında yox, qəlb akademiyalarında yaradılır, şüşələri ağıl rəngindədir. Buyurun, rica edirəm, eynəkləri taxın və başlayaq…”
Əbu Sirxabın karvanıyla birlikdə biz də Məkkəyə daxil oluruq və tarixi kolorit bizi hadisələrin birbaşa mərkəzinə atır. Roman əhatə etdiyi dövrü iki tacir ailəsinin (Əbu Sirxab və Əbu Yisifin) timsalında təqdim edir. Bu iki ailənin başına gələn hadisələr islamın fütuhatı dövrünə təsadüf edir. Bu, həmin dövr idi ki, Məkkənin ən məzlum və tamamilə hüquqsuz əhalisi qullar idi. Qul, mal və pulun çox hissəsi əhalinin cüzi bir kəsimini təşkil edən və Məkkədə hakimiyyət başında duran yerli zədəganların əlində idi. Belə bir vəziyyət nəinki quldarlarla qullar arasında, həm də var-dövlətin səviyyəsinə görə bir-birindən tamamilə fərqli olan sərbəst adamlar arasında da müşahidə edilirdi. Məkkədə ibtidai-icma münasibətləri və nəsli quruluş davam etsə də, ticarət və sələmçiliklə məşğul olan Qüreyş varlıları artıq quldarların hakim sinfinə çevrilməyə başladı. Burada artıq dövlət idarələrini xatırladan ağsaqqallar şurası, varlı məkkəlilərin həyatını, var-dövlətini və yaşayış yerlərini qoruyan həbəşistanlı qullardan ibarət nəzarət sistemi yaradılmağa başladı. Belə bir şəraitdə ərəblərdə qəbilələrin siyasi cəhətdən birləşməsini ideya cəhətdən təmin edə biləcək monoteist (təkallahlı) bir dinin meydana gəlməsi üçün tarixi şərait yetişmişdi.
Əbu Sirxab öz mənfəətini güdən bir tacirdir, o, varlanmaqla öz eyiblərinin üstünü örtməyə çalışır. O da ərəb kişiləri kimi dünyaya gələn bir neçə qızını körpə ikən öz əlləriylə torpağa gömüb. Leyli dünyaya gələndə Əbu Sirxab ikiaylıq səfərdə idi və Allahın məsləhəti ilə o, sağ qaldı. O, qaranlıq gecədə doğulduğu üçün anası onun adını Leyli qoymuşdu. Leyli olmasaydı, yəqin ki, bu əsər də yazılmazdı. Leylinin gecə vaxtı doğulmağı da simvolik bir işarədir, o, öz doğuluşu ilə qaranlığa bir işıq kimi doğdu və Qeysin ona sevgisi Allaha sevgisi ilə tən gəldi. Müəllif bu romanı Leyli ilə Qeysin məhəbbət dastanı kimi qələmə alıb. Bir sevgi macərasının içindən keçən hadisələr isə bəşəriyyətin sonuncu dininin Məkkədə bərqərar olmasıyla müşayiət olunur.
Bir haşiyə çıxaq. İslam tövhid inancını gətirərək bütpərəstliyə qarşı mübarizə aparırdı, nəticədə dinə zidd olan hər şeyi rədd edərək bu inancın əsəri olan və insan qüruruna yaraşmayan bütün pis adətləri ortadan qaldırdı. Hüquqi və əxlaqi cəbhəsiylə də Cahiliyyə ruhu ilə sonuna qədər mübarizə apararaq, səfeh, qeyri-əxlaqi və zalımanə davranışlara son verdi və Cahiliyyə dövrünün bütün təzahürlərini ortadan qaldıraraq yerinə elmlə bəslənən davranışların hakim olduğu yeni bir həyat nizamını gətirdi.
Bununla birlikdə Hz. Peyğəmbərin Cahiliyyə dövrü ərəblərinin mədəni quruluşunu, dəyərlərini bütünlüklə rədd etmədiyi görünür. Məsələn, Onun bir səhabəyə xitab olaraq söylədiyi "Ey Saib! Cahiliyyə çağında etdiyin fəzilətli şeylərə İslam dövründə də davam et; qonağı qarşıla, yetimə kömək et və qonşuna yaxşı davran" fikirləri buna bir nümunədir. Belə hesab edilirdi ki, insanların Cahiliyyə dövründə xeyirli olanları İslam dövründə də xeyirlidir. Romanda bütlərə sitayiş edən bədəvilərin Allahın sonuncu elçisinə qarşı aşırı dərəcədə aqressiyası məhz cəhalətin nəticəsi idi və süjet boyu ikrah doğuran hadisələr də cəhlin bəlaları idi. Pozulmuş mizanı nizamlamaq gücü isə İlahi qüvvəyə məxsusdur. İnsan fövqəlhadisələrin mahiyyətini rasional məntiqlə izah edə bilməyəndə aciz duruma düşür. Cahiliyyə dövrünün allahları insanların bu sonsuz suallarına cavab verə bilmirdi. Bu total bataqlıqdan xilas olmaq üçün Tanrı öz sonuncu elçisini yer üzünə göndərdi və onun vasitəsilə də öz sözünü insanlara çatdırdı. Quran (OXU) kitabında da insanların bütün suallarına cavab verilir.

Yazıçı kütbeyin sahibkarların mülkiyyəti olan qadınları əkin üçün yararsız torpaq hesab edir, çünki onlar cəhalət zəmilərindən başqa heç nə cücərdə bilmirdilər. Çünki onlar bütün hüquqlardan məhrum idilər. Bu amil də romanda qırmızı xətt kimi keçir.
Çinlilərin əcdadı – cinlər
O vaxta qədər Əbu Sufyan Kəbədə Allahlıq edirdi. Əbu Sufyanla Şeyxin dialoqu çox mətləblərə aydınlıq gətirir. Əbu Sufyan Şeyxə deyir ki, “Əbu Talibə de ki, bu işlərdən əl çəksin. O, Məkkəni iki yerə bölmək istəyir… Bütün iğtişaşları törədən onun adamlarıdır”. Şeyx isə Əbu Sufyana belə deyir: “Əgər siz vahid Allah haqda olan surələri dinləsəniz, görərsiniz ki, həmin Allah heç bir məmləkəti ikiyə bölmək fikrində deyil. Əslində o, bütün məmləkətlərdəki qarşıdurmaların, iğtişaşların əleyhinə, sülhün isə lehinədir”. Hələ iki nəsil əvvəl Qureyşilər digər Bədəvi qəbilələr kimi ağır köçəri həyatı yaşayır, hər ötən gün uğrunda mübarizə aparırdılar. Ərəblərin dinə ayırmalı vaxtları çox az idi. Onlar öz məbədlərində bütlərə - Tanrılara ibadət etsələr də bu Tanrıların və müqəddəs yerlərin ərəb həyatına uyğun olduğunu göstərən bir mifologiya yaratmamışdılar. Amma romanda yazıldığı kimi Ta-Cin imperatorluğunun cinləri (söhbət canlı varlıqlardan gedir) sonrakı dövrdə mifə çevrildilər və onlar indi bizim dildə anladığımız qorxunc, gözəgörünməz məxluqlara çevrildilər. Halbuki, həmin bu cinlər eramızdan əvvəlki dövrdə hələ tam qurulmamış Çin imperiyasının təbəələriydilər. Hər halda, bu, müəllifin irəli sürdüyü bir versiyadır və romanda həmin cin tayfasının Qeyslə Leylini ölümdən necə xilas etməsi maraqlı bir dillə təsvir edilir. Və cinlərin hansı xarakterə malik olduğunu bu hissələrdə görürük. Bəli, onlar quldurdurlar. Yazıçı roman boyu cinlərin yaşamını ayrıntıları ilə təsvir edərək onları bu cür təqdim edir:
“Siz onlara diqqətlə baxın, hamısı qarabuğdayı ərəblər kimidir, fəqət hamısı qıyıqgözlüdür. Axı onlar burdan bir az uzaqda olan aşağı Babilistan adlanan Anadolu və indiki Suriyanın şərqində yerləşən bir dövlətin çinlilərdən ibarət millətinin indiyə qalmışlarıdır. Onlar miladdan sonra III yüzillikdə bu ərazilərdə hegemonluq edib çox yerlərdən xərac alan qədim, o vaxtlar hələ tamamilə birləşməmiş Çin imperiyasının səltənət tarixində yüzilliklər boyu hökmranlıq etmiş Ta-Cin sülaləsinin indiyə qalmış rəiyyətləridir”.
Yazıçı bu faktlara şübhə ilə yanaşanlara isə belə məsləhət görür: “Gördükləri və eşitdikləri ilə razılaşmayanlar isə qoy gedib tarixin zirzəmilərində çeşməklərini taxıb şam işığında vurnuxsunlar. Ya da bizi sadəcə, romantik hesab etsinlər”.
Bir sözlə, çeşməksiz bu roman sirlərini bizə açmayacaq.
İslamdan əvvəlki dövrün şairləri
İmrəlveys kimi yaltaq şairlər də ənam xatirinə Əbu Sufyan kimilərin tərəfində idilər. O vaxta qədər ərəb şairləri tayfa təfəkkürü ilə yaşayıb-yaradırdılar, tayfalar isə müxtəlif bütlərə sitayiş edir, müxtəlif əxlaqi və mənəvi-estetik dəyərlər daşıyırdılar. İslamın gəlişindən sonra vəziyyət bütünlüklə dəyişir. Vahid dini ideologiyanın yaranması, onun əsaslarının, təməl prinsip və qaydalarının əvvəlcə yerli əhali, sonra isə müsəlmanlığı qəbul etmiş digər ölkələrin sakinləri tərəfindən mənimsənilməsi zərurəti ərəb poeziyasının yeni vektor üzərinə keçməsini, funksional dəyişikliyə uğrayıb, didaktik-öyrədici və dini-təbliğat qayəsinə yiyələnməsini şərtləndirir.
Romanda saxtakar şairlərə qarşı yazıçı ironiyası xüsusilə diqqəti çəkir. İlk baxışda qrotesk-şişirtmə təsiri bağışlayan bu informasiyaların alt qatında ciddi gerçəklik dayanır. Ənam xatirinə həqiqətdən vaz keçən şairlərin sözünün bir qara qəpik dəyəri olarmı?! Əbu Sufyandan pay qoparmaq üçün bu miskin şairlər İmrəlveys və Süfyan bəhsə girirlər, müəllif demiş, “dəvə kimi böyürürlər”. Onlar kafirlərin və münafiqlərin yanındadır, onlar üçün heç bir müqəddəs dəyər yoxdur, onlar həqiqətin təkəri qarşısına atılmış kötüklərdir. Bu iki avaragor şair yaltaqlığın himnini yazırlar. Və cübbəsi vücudlarından daha qiymətli olan bu əbləhlər öz yalanlarında da boğulurlar.
Həqiqət Günəştək parlayır. Hz. Məhəmmədin gətirdiyi din qalib gəlir və islam sivilizasiyasının əsası qoyulur. Məhz Quran nazil olduqdan sonra ərəb şairləri bu İlahi sözün qarşısında aciz qaldıqlarını dərk etdilər. Məşhur ingilis filosofu və araşdırmaçısı Karen Armstronq “Tanrının tarixi” kitabında yazır ki, “Hz.Məhəmməd şair və peyğəmbər kimi, Quran isə dini mətn və İlahi təcəlli olaraq şübhəsiz, incəsənətlə din arasında mövcud olan dərin uyğunluğun bariz nümunəsidir”.
Zaman maşını və Merac
Yazıçı süjet xəttinin arasıyla sanki zaman maşınını idarə edir və oxucunu (görücünü) ara-sıra modern dövrün elementləriylə diksindirməyi də bacarır. Bu da yəqin ki, “bəsirət eynəklərinin yorğunluq tozunu silmək” üçün bir ədəbi fənddir. Əsərdə hadisələr VII əsrdə cərəyan etsə də qəfil gözümüzə “internet”, “energetika”, “motosiklet”, “antenna” və digər müasir sözlər də dəyir ki, bu da yazıçının intertekstual cümlələrlə əslində zamansızlığa işarə etdiyini göstərir. Əsərin onurğa sütunu Eşqdir. Eşq isə zamansızdır. Dünya durduqca eşq kainatın damarlarına qan verəcək. Tanrı məqamında zaman anlayışı itir və məlum olur ki, insan Allahın yer üzündə təcəllasıdır. Şeyx Bədrəddin “Varidat” əsərində yazır ki, “Adəm Allahın surəti biçimində yaradılmışdır. Onun surəti bütünün surətidir və yalnız insanda öz əksini tapır, başqa varlıqlarda görünə bilməz”.
Xatırlayırsınızsa, Nizami Gəncəvinin “Leyli və Məcnun”unda Məcnun Kəbədə Allahdan şəfa əvəzinə eşq istəyir. Asimin əsəri də bir sevgi romanıdır, onun qəhrəmanları Leyli və Qeys məhz Kəbədə əhd-peyman bağlayırlar. Yazıçı yazır: “Eşqin uca, sonsuz göylərinə merac edən aşiqlər bu göylərin sonsuz qatlarında pərvaz etdikcə, kamil, İlahi cəmala seyran olub fənalaşırlar – yəni Allahlaşırlar”. Bu, fənafillah mərtəbəsidir, şəkərin suda əriyib yox olması kimi, zərrənin küllə qovuşmasıdır. “Ağ işıqlı şəhər” romanının əsas ideyası da məhz budur. Hz. Məhəmmədin meracı bu kontekstdə təqdim olunur ki, indiyə qədər Azərbaycan ədəbiyyatında heç bir yazıçı bu mövzuya müraciət etməyib.
Şair demiş, “eşq olmasa, varlıq bütün əfsanədir”, din də İlahi eşqin təcəssümüdür ki, aşiqləri (Qeyslə Leylini) ucalıq mərtəbəsinə qaldırır.
Kənan HACI