manera.az
manera.az

Qarışqa yuvası - Sara İbrahimin hekayəsi

📅 25.11.2019 13:15

Qarışqa yuvası - Sara İbrahimin hekayəsi
Məti kəndin naxırını otarırdı. Qədd-qamətini, enli kürəyini, dəmir kimi biləklərini görüb tanımayanlar onun naxırçı yox, pəhləvan olduğunu zənn edərdilər. Qırx yaşın kürəyini çoxdan yerə vuran Mətinin indiyə qədər başı da ağramamışdı, dişlərinin də hamısı cağbacağ yerindəydi.

Kənddəki cavanlar Mətinin pəhləvan cüssəsinə, sədəf kimi dişlərinə həsəd aparırdılar. Biçin vaxtı əlli kiloluq buğda taylarını top kimi oynadıb çiyninə atanda, ikisi bir tay buğda kisəsini güclə qaldıran cavanlar ona sataşırdılar:

– Ay kişi, gücünü göstərirsən? Birazdan qocalıq belindən basacaq, o vaxtına güc saxla.

Məti heç kimə cavab verməzdi; ümumiyyətlə, çox danışmağı xoşlamırdı. Səhər dan yeri ağarandan qaş qaralana kimi örüşdə olduğundan kəndin adamlarıyla çox vaxt ancaq xeyirdə-şərdə görüşürdü. Naxırı kəndə gətirib heyvanları sahibinə təhvil verdikdən sonra evdən çölə çıxmırdı. Arvadı Tamaşanın evdəki ən iri boşqabda çəkib qarşısına qoyduğu xörəyi iştahla yeyib toqqanın altını bərkidəndən sonra yorğanı başına çəkirdi. Evdə arvad-uşaqla da işi yox idi. Ev işlərini, həyət-bacaya baxmağı Tamaşanın üstünə atmışdı. Əkin-biçin mövsümünü çıxmaq şərtilə, mal otarmaqdan başqa bir işin qulpundan yapışmırdı.

Məti çox kal adam idi: deyilən sözü gec başa düşürdü. Həmsöhbətinin fikrini ən azı iki dəfə soruşandan sonra onun nə demək istədiyini anlayırdı. Özü heç vaxt xəstələnmədiyinə görə başqalarının niyə xəstəlikdən, ağrılardan şikayətləndiyini dərk edə bilmirdi. Arvadı Tamaşanı başı-beli sarlqlı görəndə cin atına minirdi:

– Yenə qaraçı kimi üst-üstə geyinib nə zıqqıldayırsan? Səsindən gecəni rahat yata da bilmirəm. Böyrünü yerə verib yatmağın dərdindən artistlik eləyirsən. Nooldu durduğun yerdə xəstələndin, dünən turp kimiydin.

Tamaşa ölülərinin göruna, dirilərinin canına nə qədər and içsə də, Mətini inandıra bilmirdi.

Naxırı kəndə gətirəndə arabasının təkərləri yolun ortasında palçığa batıb qalan həmkəndlisini gördü. Arıq, cansız kişi ulağa qoşduğu arabanı nə qədər itələsə də, təkərlər azca qabağa gedir, sonra yenidən özünə yer etdiyi çökəyə düşürdü.

Kişi Mətini görəndə sevindi. Mətinin güclü biləklərinə baxıb gücə düşüb ağrıyan belini dikəltdi, alnından üzünə axan təri silib:

– Səni Allah yetirdi, ay Məti, bu çərdəymiş, – uzun qulaqlarını sallayıb günahkar gözlərini palçıqlı yola zilləyən eşşəyi göstərdi, – məni yarı yolda qoydu. Arvad evdə gözləyir, çörək bişirməlidi, dəyirmandan gəlirəm, – birnəfəsə dedi.

Məti ulağı qanlı-qanlı süzüb həmkəndlisinə tərəf çevrildi:

– A kişi, bir eşşəyin əlində aciz qalmısan. Palçıqla əlləşməkdənsə eşşəyin dərsini versəydin, indi çoxdan evdəydin.

Kişi Mətinin nə demək istədiyini anlamayıb gözlərini döydü.
Qarışqa yuvası - Sara İbrahimin hekayəsi
Məti kişinin palçıqlı əllərinə, yarısı zığa girmiş arabanın təkərinə gözucu baxıb, ulağa yaxınlaşdı, əlindəki dəyənəyi yellədi. Yoğun, ucu düyünlü dəyənəyi var gucuylə yuxarı qaladırıb ulağın belinə endirdi. Ulaq aldığı zərbədən qabaq ayaqlarının birini qaldırıb o birini yerə döydü; qulaqlarını oynadıb anqırdı. Ulağın sahibi Mətiyə çatana qədər o, dəyənəyini dalbadal ulağın başına, sağrılarına endirdi. Yazıq heyvan ağrıdan yerindən necə tərpəndisə az qala arabanın palçığa batmış təkəri batdığı yerdən çıxacaqdı. Heyvanın sahibi dəyənəyi Mətinin əlindən almağa çalışırdı:

– Ay nataraz, səni ona görə çağırdım ki, heyvanı odünyalıq edəsən? Köməyin təpənə dəysin, yeri get, naxırının dalınca, – dedi.

Mətinin gözü qızmışdı, kişinin kənara itələyib bu dəfə ulağa təpik vurdu:

– Niyə qoymursan bu qanmazı ağıllandırım? Əşşi sən kənarda dur, bu dəqiqə arabanı çəkib çıxaracaq.

Mətiyə gücü çatmadığını görəndə kişi naəlac qalıb kənara çəkildi, əlindən onu söyüb bağırmaqdan başqa bir şey gəlmədi.

Məti əlindəki dəyənəyin ucunda ulağın dərisindən bir parça qopub qaldığını görəndə ondan əl çəkdi, ulağı söyə-söyə arabanın arxasına keçdi; çiynini arabanın cağına dirəyib bir həmləylə onu batıb qaldığı palçıqdan çıxardı. Mat-məəttəl ona baxan həmkəndlisini orda qoyub, uzaqlaşan naxırın arxasınca getdi.

Mal-qaranı yaşıl otluğa buraxmışdı. Özü kürəyini balaca təpə döşündə xal kimi bitən üstü mamırlı daşlardan birinə söykəmiş, ayaqlarını irəli uzadıb oturmuşdi. Gözü otluğun arasından görünən qarışqa yuvalarına sataşdı. Qarışqalar yuvanın ağzında qaynaşırdı. Bir xətt boyu düzülüb yuvalarına yem daşıyan qarışqalara baxıb fikirləşirdi: “Allahın qəribə işləri var: bu qarışqaları niyə yaradıb axı? Heç kimə, heç nəyə faydası yoxdu. Gör torpağı necə eşiblər”.

Başını qaldırıb ağ topa buludların arasından görünən mavi səmaya baxdı. “Görəsən, başın nəyə qarışıbmış bu axmaq həşəratları yardanda? İnəyi yaratmısan südünü içək, atı minməkdən ötrü, toyuğu yumurtasına görə, iti bizi oğrudan- əyridən qorumaq üçün yaratmısan. Bu murdar həşəratları yaratmasaydın da olardı”

Bir-iki inək naxırdan aralanıb meşəyə tərəf uzaqlaşmışdı. Yerindən qalxıb yüyürdü, meşəyə girməkdə olan heyvanları qabağına qatıb düzənlikdə otlayan naxıra tərəf qovdu.

Çomağı əlində fırladıb fit çala-çala dərədəki bulağa tərəf getdi. Su içib geri qayıtdığı cığırn kənarındakı qarışqa yuvalarını görüb, dayandı. Uzaqdan kirpi kimi görünən torpaq komalarını təpiklədi. Dağılmış yuvalarından çıxıb qaynaşan qarışqaları ayağıyla əzib torpağa qatdı. Təpənin yanına çatana kimi cığır boyu gözünə dəyən qarışqa yuvalarının hamısını çomağıyla vurub dağıtdı. Üstünə pencəyini atdığı daşın yanına çatanda bayaq müşahidə etdiyi yuvaları da uçurtdu, ora-bura qaçışan qarışqaları çomağının toppuzuyla əzdi. Qalib əda alaraq, qara-boz buludlarla örtülmüş səmaya baxdı:

– Əgər sən bu murdarlar canlıları yaratmasaydın, mən də bu qədər əziyyət çəkməzdim.

Ertəsi gün obaşdan oyanıb yatağında gərnəşdi. Qalxıb ayaqlarını döşəməyə salladı. Ayağa qalxıb paltarlarını geyinmək istəyəndə başı gicəlləndi, əlini atıb çarpayının dəmir başlığından yapışdı. Mətinin ayaqları sözünə baxmırdı: mədəsi bulanır, başında güclü ağrılar hiss edirdi. Bu hisslər ona tanış deyildi. “Lənət şeytana, bu nə işdir, ayaqlarım, əllərim sözümə baxmır?!” Özünü ələ almağa çalışdıqca gücdən düşdüyünü hiss edirdi. Qayıdıb çarpayıda oturdu. Belinin ortasına sanki şiş soxdular. Ağrıdan ufuldayıb çul kimi çarpayıya sərələndi.

Ogünə qədər ağrı-acı bilməyən Mətinin halı xarablaşdı. Rayon mərkəzindən çağırdıqları həkim bir-iki dərman yazıb getdi. Qapıdan çıxanda Tamaşaya yavaşcadan nə dedisə, arvadın rəngi qaçdı, əllərini dizinə çırpıb vaysındı.

Əlini həkimlərdən üzən Tamaşa ümidini kəsmədi. Əlacı kənddəki türkəçarəylə çox adama şəfa vermiş Nisə arvada idi. Nisə arvad sirrini ancaq özü bildiyi üsulla hazırladığı dərmanlarla bir neçə nəfəri sağalda bilmişdi.

Tamaşanın qarşısını kəsən Məti idi. Hər dəfə ona: – “Nisəni gətirək, sənə baxsın”, – deyən kimi, daş atıb başını tuturdu. Həmişə Nisənin yanına şəfa üçün gedənlərə gülüb, onları ələ salırdı: “Fırıldaqçının biridi, puldan ötrü camaatı barmağına dolayır. Bu axmaqlar da ona inanır”, – deyirdi.

Mətinin halı çox pisləşdi, axırda əlaczsız qaldı, Tamaşanın Nisə arvadın dalınca getməyinə etiraz etmədi.

Nisə arvad hıqqıltısı-zıqqıltısı kəsməyən, üzülüb əldən düşmüş Mətiyə baxıb, başını buladı. Tamaşayla Məti gözlərini onun cəhəngləri hər iki tərəfdən əyilib üzünə acıqlı ifadə verən ağzına dikmişdi. Nisə əvvəlcə Tamaşaya, sonra Mətiyə baxdı:

– Bilirəm bunun dərdi nədir, amma... – Bu vaxt Mətinin ölgün gözlərində ümid işığı yanıb-söndü, – müalicə bir az çətin olacaq.

Tamaşa Nisənin sözü ağzında gəvələməyindən hirsləndi, amma ərinin həyatı bu arvaddan asılı idi, odur ki, səbrini basdı:

– Nə qədər çətin olsa da razıyıq, təki köməyi olsun.

Nisə Mətiyə:

– Hər şey səndən asılıdır, dediklərimi eləsən, sağalarsan, amma nə deyirəmsə dəqiqliklə, vaxtlı-vaxtında etməlisən, – xəbərdarlıq etdi.

Məti ağrılardan, neçə vaxtdan bəri yorğan-döşəkdə arxası üstə qalmaqdan bezmişdi. Nisəyə:

– Nə desən eləyərəm, təki məni bu dərddən qurtar, – dedi.

Nisə arvadın dediklərini eşidəndə Mətinin ürəyi ağzına gəldi, onu söyüb qovmaq istədi, amma can şirin şeydir və Məti hələ yaşamaq istəyirdi. Ona görə Nisənin dediklərinə əməl etməyə razılıq verdi.

O, bir il, gündə üç dəfə Nisənin düzəltdiyi qarışığı yeməliydi. Mətini yenidən sağlamlığına qovuşduracaq əlac beləydi: eşşək peyiniylə bir ovuc əzilmiş qarışqanı qarışdırıb ac mədəyə ötürməliydi.

Məti bir il sərasər canını dişinə tutub Nisənin düzəltdiyi qarışığı yedi. Bir ildən sonra həqiqətən də, Nisənin müalicəsi öz bəhrəsini verdi. Məti yediyi üfunətli qarışıqdan sonra əvvəlkindən də sağlam, güclü oldu.

Naxırı qaytaranda bir dəstə adam kəndin girəcəyindəki qoşa qovaq ağacı altına toplaşmışdı, bunu görüb, onlara yaxınlaşdı. Dəyənəklə, daşla silahlanmış kəndlilər düşmənə hücum etməyə hazırlaşan döyüşçülərə oxşayırdılar. Onlara çatanda əli əyənəklilərdən biri Mətiyə:

– Lap vaxtında gəlmisən, hinlərimizə dadanıb toyuq-cücəni tələf edən yenotu tutmuşuq. Heç nəyə faydası olmayan bu yaramaz heyvanı döyüb
əzabla öldürəcəyik, məlun hamımıza dağ çəkib. Gəl, o toppuzlu dəyənəyinlə birini də sən ilişdir, – dedi.

Məti çomağını çiyninə atıb uzaqlaşdı, bir qədər getdikdən sonra çevrilib arxasınca baxanlara səsləndi:

– Mən bir dəfə onun yaratdığına çomağ uzatdım düz bir il eşşək peyini yedim. Məndən uzaq durun, bir də onun işlərinə qarışan deyiləm.


Baxış sayı - 1 759 | Yüklənmə tarixi: 25.11.2019 13:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031