manera.az
manera.az

Molla bacı və ya Troya uğursuzluğu - Vəfa Mürsəlqızı yazır...MANERA.AZ

📅 05.10.2015 12:35


Molla bacı və ya Troya uğursuzluğu - Vəfa Mürsəlqızı yazır...MANERA.AZ

Anam dünyasını dəyişəndə düzü mərasim haqda düşünməyə gücüm yox idi. Sadəcə bundan sonra anasız necə yaşayacağımın xofunda idim.

Bir də məndən soruşulan suallara cavab vermək üçün anamı axtarırdım gözümlə. Amma sonra başa düşdüm ki, "el" var, "oba" var və ilk növbədə mollabacı tapmaq lazımdır ki, valideyinimi necə lazımdırsa ehtiramla yola salam. Qəsəbəmizdə ad-san qazanmış qadınlardan heç birini yas mərasiminə dəvət eləmədim, sakit, fağır, həzin səslə dil deyən bir qadın çağırdım. Sonradan yaxın adamlardan biri (bir xanım) mənə dedi ki, müəllimə xalanın hüzürü heç ürəyimcə olmadı.

Molla camaatı yaxşı ağlada bilmirdi. Mat qaldım, axı hamımız yaxşı bilirdik ki, o məclisdə anama məndən başqa ürəkdən yanan yoxdur, eləysə molla bacı niyə camaatı zorla ağlatmalı idi? Mən yaxşıca bilirdim ki, burdakı qadınların əksəriyyəti bizim qapıya qədər laqqırtı vura-vura gəlib və qapıya beş qədəm qalmış cibindən çıxartdığı yaylığı başına atıb içəri girib. Çox zaman mən də belə edirəm. Ümumiyyətlə insanın mərhəmət duyğusu yalnız ağlamaqlamı təzahür edir?

Bunları niyə xatırladım? Toylar və yas mərasimləri haqda çox yazılır, amma çox zaman bu məclislərdəki israfçılıq haqda danışırıq. Bəs bizim qulaqlarımızın, psixikamızın məruz qaldığı teror? Bu yaxınlarda bir yas mərasimində idim. Bizim bölgənin adlı-sanlı molla bacılarından biri aparırdı məclisi. Qadın səsinin yoğun yerinə salıb elə bağırırdı ki, elə bil onu kəsirdilər. Mərhumun xanımı olan zərif, sakit xasiyyətli qadın üzünü qırışdırıraraq yana-yana ağlayırdı, amma əminəm ki, biçarə ərinin ölümündən çox yanında var səslə bağıran arvadın səsindən əziyyət çəkib ağlayırdı. Molla bacı maşallah bizim tərəflərin bütün cavan ölənlərinin adını əzbərdən bilirdi. Kimin hansı xəstəlikdən, kimin hansı əzablı ölümlə dünyasını dəyişdiyini də sinədəftər əzbərləmişdi. Bir iki bayatı deyib keçirdi adları sadalamağa.

Onu da deyim ki, arabir getdiyim yas mərasimlərindən bu bayatıları elə əzbərləmişəm ki, Hadı Rəcəbli demişkən əgər maaşım azlıq eləsə, yas zad apara bilərəm. Qadın arada gözucu məclisdəkilərə baxıb onların yeddi arxadönənlərindəki ölüləri də yada salırdı. Dəhşət dərəcədə qıcıq olmuşdum. Darısqal otaqda tərs kimi bir qadın da gəlib oturmuşdu demək olar ki qucağımda. Molla bacı müasirlərimizi sadalayandan sonra keçdi Kərbəla şəhidlərinə. Orda da şəhid olan mərhumların adını bircə-bircə saydı. Xülasə fatehə surəsini eşidəndə elə bildim cənnətə düşdüm. Durub özümü atdım bayıra. Otaqda özünü məcbur edib gözündən yaş çıxarmağa çalışan arvadların sifəti gözüm önündən getmirdi. Əmin idim ki, artıq hüzürlərdə adam ağlatmağı özünə peşə seçmiş o molla bacı dediklərinin hamısını mexaniki şəkildə təkrar edirdi və bəlkə də o an ölü sahibindən alacağı pulu hesablayırdı. Düşünürəm bu mollalıqda orta hesabla klounluq kimi bir şeymiş ha... Kloun pulla güldürür, molla da pulla ağladır. Nə başınızı ağrıdım, Allah kəlməsi danışmaq yerinə bağıran mollabacılar, özünü zora salıb ağlayan arvadlar olduğu sürəcə biz, biz ola bilməyəcəyik. Bir də ki, nə gözləyirik e... mövhumat o boyda Troyanı alt-üst elədi...

Bircə onu bilirəm ki, yerində ağlayıb, yerində gülməyi öyrənsək hər şey yaxşı olacaq!..



Baxış sayı - 2 353 | Yüklənmə tarixi: 05.10.2015 12:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031