Prof.Asif Hacılı: "Oyun və mədəniyyət"

Tarix:28-08-2017, 10:30 Baxış Sayı:649


Prof.Asif Hacılı:  "Oyun və mədəniyyət"

Manera.az bu həftə üçün prof.Asif Hacılının " Oyun və mədəniyyət" yazısını və onun tərcüməsində
Yohan Heyzinqanın "Oyun və yarış mədəniyyətin formalaşması funksiyası kimi" məqaləsini təqdim edir.


İnsan daim zehniyyət və hissiyyat, gerçək və xəyal, əməl və oyun arasında qalmışdır. Mütəfəkkirlər, şairlər, filosoflar dünyanın tamaşa, həyatın səhnə, taleyin oyun olduğunu düşünmüşlər. Könlü ilhamlı çılğınlar bu oyunda udmuş ya uduzmuş, müdriklər seyrçiyə çevrilmişdir. Həyat səhnəsini heç vaxt tərk etmək istəməyən türk insanı əzəldən taleyin oyununa boyun əyməmiş, əksinə, ölümü də oyunvari tamaşayla qarşılamışdır. Bundan gələn yuğ poetikası etnik mədəniyyətimizə dərindən sirayət etmişdir. Həyat və oyun anlamları islam dinində, Qurani-Kərimdə də təfsir olunur.
Qurani-Kərimdə “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (əl-Ənam surəsi, 32) söylənir. Bu fikir əl-Ənkəbut surəsinin 64-cü ayəsində də təkrarlanır: "Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şubhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər”. Lakin bu surələrdə öncəki ayələrin məntiqi dünyanın oyun olması fikrinin küfrə uyan, haqq yolundan sapan insanlara aid olduğunu göstərir.


Mömin insanlara, axirəti unutmayanlara, haqq yolçularına isə dünyanın gerçək mahiyyəti belə bildirilir: “Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!” (əl-Duxan surəsi, 38). Klassik ədəbiyyatımızda da həyat fəlsəfəsi Quran hikmətindən qaynaqlanır. İnsanın fani dünyada taleyi, qismət və qədəri Allahın hökmü ilə müəyyənləşir, fərdlər sınağa çəkilir, onların inancı yoxlanır. Qurtuluş isə yalnız Allah sözünə itaətdə, haqq yoluyla getməkdədir. Bu yolda insan ancaq haqqa sədaqəti, dözüm və inancı ilə qurtuluş tapa bilər. Tanrının cızdığı taleyi dəyişə bilməz, çünki bu məcazi oyunda o şah deyil, piyadadır: “Mənə zaman ilə Məcnun müqəddəm olsa nola, / Oyunda şah bərabər degil piyadə ilə” (Füzuli). Taleyin bu mübhəm oyununda insan aciz oyuncaqdır, oyunçu isə ali qüvvələrdir, fələkdir: “Möhkəm oyunçudur fələk, mənsubəsindən gəl saqın, / Ey bibəsirət, bax anın şol surəti-əhvalına” (Nəsimi).
Oyun və həyat, oyun və tale, oyun və mədəniyyət anlayışları bir çox digər dini-fəlsəfi sistemlərdə də əhəmiyyətli yer tutur. Mədəniyyətin özünün oyunvari təbiəti, «idrak və təxəyyülün oyunu» (İ.Kant) olması haqqında mülahizələr Qərb fəlsəfəsində geniş yayılıb. Mədəniyyətdə oyun ünsürləri haqqında F.Şiller, Q.Spenser, K.Qros, F.Beytendeyk, M.Baxtin, L.Vıqotski və b. araşdırmaları xüsusi qeyd oluna bilər. Bu baxımdan holland alimi Yohan Heyzinqanın «Homo ludens. Mədəniyyətin oyun elementinin müəyyənləşdirilməsi təcrübəsi» adlı sanballı kitabı sistemli araşdırma kimi diqqətəlayiqdir. Bu kitabdan verdiyimiz təfriqənin müəllifin metodologiyası, konseptual mövqeyi və ideyaları haqqında ümumi təəssürat yaradacağına ümid edirik.



Yohan Heyzinqa
Oyun və yarış mədəniyyətin
formalaşması funksiyası kimi

Mədəniyyətin oyun elementi dedikdə, oyunların mədəniyyətin müxtəlif mövcudluq formaları sırasında mühüm yer almasını nəzərdə tutmuruq. Onu da nəzərdə tutmuruq ki, mədəniyyət təkamül prosesində oyundan törəyib – o mənada ki, əvvəl oyun olan sonradan nə isə artıq oyun olmayana və artıq mədəniyyət adlana biləcəyə çevrilir. Aşağıda belə bir müddəa açıqlanacaq: mədəniyyət oyun formasında yaranır, mədəniyyət ilk öncə oynanılır. Və birbaşa həyati tələblərin ödənilməsinə yönəlmiş fəaliyyət növləri, məsələn, ov, arxaik cəmiyyətdə özünə oyun forması tapmağa üstünlük verir. İnsanın toplum həyatı oyunlar vasitəsilə ona ali dəyər verən suprabioloji formalara ucalır. Bu oyunlarda cəmiyyət öz həyat və dünya anlamını ifadə edir. Beləliklə düşünmək lazım deyil ki, oyun tədricən və ya qəfil mədəniyyətə çevrilir, əslində mədəniyyətin erkən fazalarına oyunun formalarında və atmosferində aşkarlanan nə isə bir oyunvarilik xasdır. Mədəniyyət və oyunun bu ikili vəhdətində oyun ilkin, obyektiv qavranılan, konkret müəyyənləşən faktdır, mədəniyyət isə yalnız bizim tarixi mühakiməmizin bu hadisəyə bağladığı səciyyədir. Bu baxış Frobeniusun «Afrika mədəniyyəti tarixi» kitabında mədəniyyətin «oyunun təbii varlığından yetişməsi» barədə fikri ilə səsləşir. Bununla belə, mənə elə gəlir ki, mədəniyyətin oyuna bu münasibəti Frobenius tərəfindən həddən artıq mistik qavranılıb və çox vaxt hədsiz yayğın təsvir olunub.
Mədəniyyətin təkamül yolunda oyun və qeyri-oyunun ilkin tənasübü dəyişməz qalır. Mədəniyyət inkişaf etdikcə oyun elementi bütövlükdə arxa plana keçir. Xeyli dərəcədə və əhəmiyyətli şəkildə o, sakral sferada ərimiş, assimilyasiyaya uğramış, üləmalıq və poeziyada, hüquqi düşüncədə, siyasi həyat formalarında kristallaşmışdır. Özü də bu zaman mədəniyyət nəsnələrindəki oyun keyfiyyəti adətən nəzərdən qaçmışdır. Ancaq bütün dövrlərdə və hər yerdə, o cümlədən yüksək inkişaf etmiş mədəniyyət formalarında oyun instinkti yenidən var gücü ilə aşkarlana, həm ayrıca şəxsi, həm də kütlələri azman oyunun bihuşedici qasırğasına cəlb edə bilir.
Aydın görünür ki, mədəniyyət və oyunun qarşılıqlı əlaqəsini sosial oyunun yüksək formalarında, yəni oyunun qrup ya toplumun və ya iki bir-birinə qarşı duran qrupun tənzimlənmiş fəaliyyəti kimi mövcud olduğu yerdə axtarmaq lazımdır. Mədəniyyət baxımından özün üçün solo oyun az səmərəlidir. Əvvəl biz göstərmişdik ki, oyunun, o cümlədən kollektiv oyunun əsaslı amilləri artıq heyvanların həyatında mövcud olub. Bunlar təkbətək toqquşma, nümayiş, çağırış, tərif, məhdudlaşdırıcı qaydalardır. Bu zaman ikiqat təəccüblüdür ki, məhz quşlar filogenetik cəhətdən insan cinsindən nə qədər dala qalsalar da, insanla xeyli ortaqlığa malikdirlər: rəqs edirlər, uçuşda yarışırlar, yuvalarını bəzəyir, melodiyalar bəstələyirlər. Yarış və tamaşa, beləliklə, əyləncə kimi mədəniyyətdən yaranmır, mədəniyyəti qabaqlayır.
Oyunun ümumi əlamətləri sırasında biz əvvəldə gərginlik və gözlənilməzliyi qeyd etmişdik. Həmişə sual durur: bəxtin gətirəcəkmi, uda biləcəksənmi? Hətta cəldlik, fəhm və ya bəxtlə bağlı tək oyunlarda da (pasyans, bilməcə, krossvord) bu şərtə əməl olunur. Udmaq şövqü elə bir ehtirasa çevrilir ki, oyunun yüngül və qayğısız xarakterini tam heçə endirmək qorxusu yaradır. Ancaq burada daha bir vacib fərq aşkarlanır. Bəxtəbəxt təmiz oyunda oyunçuların gərginliyi tamaşaçılara az sirayət edir. Qumar oyunları özlüyündə diqqətəlayiq mədəniyyət obyektləridir, lakin mədəniyyət yaradıcılığı baxımından onların qeyri-məhsuldarlığı qəbul edilməlidir. Bunlardan ruh və ya həyat üçün səmərə yoxdur. Oyun bacarıq, bilik, cəldlik, cəsarət və ya güc tələb etdikdə isə vəziyyət başqadır. Oyun çətinləşdikcə, tamaşaçıların gərginliyi artır. Artıq şahmat, mədəniyyətə münasibətdə bəhrəsiz olmasına və bundan başqa, heç bir gözəllik əlaməti daşımadığına rəğmən, ətrafdakıları sövq edir. Oyun gözəllik doğurduqda, bu oyunun mədəniyyət üçün dəyəri anındaca aşkar olur. Ancaq mədəniyyətin təşəkkülü üçün belə estetik dəyər şərtsiz zərurət deyil. Eyni uğurla oyunu mədəniyyət ranqına fiziki, intellektual, əxlaqi və ya mənəvi dəyərlər də ucalda bilər. Oyun fərd və ya qrupun həyatının intensivliyini artırmağa nə qədər qabildirsə, o dərəcədə mədəniyyətdə əriyir. Müqəddəs ayin və bayram yarışı – mədəniyyətin oyun içində oyun kimi yetişdiyi daim və hər yerdə canlanan iki forma bunlardır.
Buradaca əvvəlki fəsildə toxunduğumuz sual yenidən doğur. Hər bir yarışı qeyd-şərtsiz oyun anlayışına aid etmək doğrudurmu? Biz görürük ki, yunanlar aqonu «paidia»ya heç yerdə tərəddüdsüz daxil etmirdilər.
Bu, iki sözün bilavasitə etimologiyası ilə asanlıqla izah olunurdu. Hər halda «paidia» sözü oyunda uşaqlığı elə açıq və aydın bildirirdi ki, ciddi oyun yarışlarına şərti mənada tətbiq oluna bilərdi. Əksinə «aqon» termini yarışı digər tərəfdən müəyyənləşdirirdi: «aqon» sözünün ilkin mənası, yəqin ki, «görüş» olub. Ellinlərdə əksər yarışların ehtimal ki, ciddilik atmosferində keçirilməsi, aqonun oyundan ayrılması üçün kifayət qədər əsas vermir. Yarışın keçirildiyi ciddiyyət qətiyyən onun oyun səciyyəsini inkar etmir. Belə ki, o, oyuna xas bütün formal və demək olar ki, bütün funksional əlamətləri aşkarlayır. Burada yenə Samuil peyğəmbərin İkinci Kitabından ölüm-dirim qrup toqquşmasının «gülmək» feilinin məna yuvasına aid olan oyun termini ilə bildirildiyi diqqətəlayiq şəhadəti xatırladaq. Bir yunan vazasında fleytaçının müşayiəti ilə silahlı toqquşma təsvir olunub ki, bu da yəqin onun aqona səciyyəsini bildirir. Olimpiyadakı bayram şənliklərində ölümlə nəticələnən vuruşlar keçirilib. Beləliklə, yarışın oyun kateqoriyasına aid edilməyinin düzgünlüyü haqqında suala ürəklə təsdiq cavabı vermək olar.
Hər bir oyun kimi, yarışı da müəyyən dərəcədə məqsədsiz hesab etmək gərəkdir. Ayrı cür desək, o, özlüyündə cərəyan edir və onun nəticəsi qrupun zəruri həyati prosesinin hissəsini təşkil etmir. «Daşlar əsas deyil, əsas oyunun özüdür» kimi məşhur deyim bunu aydın ifadə edir; başqa sözlə, oyun hərəkətinin final elementi, onun məqsədi, sonra nə olacağına birbaşa aidiyyatı olmadan özündə qapanır. İngiltərəyə səfəri zamanı cıdırda iştirakdan, bir atın başqasından bərk qaçdığını bildiyini deyərək imtina edən İran şahı öz nöqteyi-nəzərində tamamilə haqlı olub. Şah ona yad olan oyun sferasına müdaxilə etməyərək, kənarda qalmaq istəyib. Oyunun və ya yarışın nəticəsi oyun sferasına oyunçu və ya tamaşaçı kimi daxil olan və oyun qaydalarını qəbul edənlər üçün vacibdir. Onlar oyunda partnyor olurlar və partnyor olmaq istəyirlər…
«Marağa» oynayırlar; bu termində, əslində, oyunun mahiyyəti olduqca lakonik ifadə olunur. Ancaq bu maraq, oyun hərəkətinin maddi nəticəsi, məsələn, topun yuvaya düşməsi deyil, ideal səciyyəli faktdır, yəni oyun alınıb, yaxud oynanıb. Uğur oyunçuya çox və ya az sürən həzz hissi gətirir. Təklikdə oynanılan oyunlarda da belədir. Ləzzətli həzz hissi tamaşaçıların iştirakından artır, ancaq onların iştirakı oyunun keçilməz şərti deyil. Pasyans həvəskarı onun oyununu müşahidə edən olduqda ikiqat sevinc yaşayır, ancaq o, təklikdə də sevinəcək. Hər bir oyun üçün çox əhəmiyyətli faktdır ki, öz uğurunla başqası qarşısında öyünə biləsən…
Oyunla çox sıx bağlı olan uduş anlayışıdır. Təklikdə oyunda məqsədə çatmaq hələ udmaq deyil. Uduş anlayışı yalnız birinin başqasına qarşı və ya iki əks partiyalar arasında oynandıqda qüvvəyə minir.
Uduş nədir? Nə udulur? Udmaq oyun nəticəsində üstünlük qazanmaq deməkdir. Lakin gerçəkləşmiş bu üstünlüyün mənası ümumən üstünlük illüziyasına qədər genişlənməyə meyllidir. Bununla uduşun mənası həmin oyunun hüdudlarından kənara çıxır. Fəxarət udulub, şərəf qazanılıb. Və bu şərəf, bu fəxarət həmişə qalibin içindən çıxdığı bütöv qrupun xeyrinə işləyir. Burada biz yenə də oyunun çox vacib xüsusiyyəti ilə qarşılaşırıq: oyunda qazanılmış uğur asanlıqla ayrıca insandan bütöv qrupa keçir. Ancaq digər göstərici daha vacibdir. Aqonal instinktdə hakimiyyət ehtirası və ya hökmranlıq iradəsi aşkarlanır. İlkin olan başqalarını keçmək, birinci olmaq və birincilik hüququ ilə şərəflənmək istəyidir. Və yalnız ikinci olaraq, bunun nəticəsində şəxsiyyət və ya qrupun öz maddi hökmranlığını genişləndirəcəyi barədə sual doğur. Əsası, «udmaq», «üstün gəlmək»dir. Nə isə hərfən görünəndə və ya həzz verəndə deyil, özlüyündə qələbədə ifadə olunan belə son təntənənin təmiz nümunəsinə şahmat oyununda rast gəlinir.
İnsanlar nəyinsə naminə çarpışır və oynayırlar. İlk və son olaraq qələbə naminə çarpışır və ya oynayırlar, lakin qələbəni ondan həzz almağın müxtəlif üsulları müşayiət edir. İlk növbədə, ondan qrup tərəfindən sevincli nidalar və bəlağətlə qeyd olunan təntənə, triumf kimi həzz alırlar. Bunun sürəkli nəticəsi kimi şərəf, fəxarət, prestij ortaya çıxır. Ancaq adətən, oyun qaydaları müəyyənləşərkən uduşla şərəfdən daha böyük şey bağlanır. Hər bir oyunda ortaya nə isə qoyulur. Bu, sırf rəmzi bir şey ola bilər və ya maddi dəyəri ola bilər, sırf ideal dəyərə də malik ola bilər. Ortaya qızıl cam, cavahirat, kral qızı və ya mis pul, oyunçunun həyatı və ya bir qəbilənin səadəti qoyula bilər…
Ehtiras, bəxt, risk elementi eyni dərəcədə ibtidai təsisata və oyuna xasdır. Sırf yığımcıllıq risk etmir və ya oynamır. Risk, xoşbəxt təsadüf, yekuna inamsızlıq, gərginlik oyun davranışının mahiyyətini təşkil edir. Gərginlik oyunun əhəmiyyət və dəyərinin dərkini müəyyənləşdirir və artaraq, oyunçunu oynadığını unutmağa vadar edir.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ