Prof. Asif Hacılı: “O sizə ansızın gələcəkdir”: apokalipsis və mədəniyyət

Tarix:15-08-2017, 13:30 Baxış Sayı:623

Prof. Asif Hacılı: “O sizə ansızın gələcəkdir”:  apokalipsis və mədəniyyət


Manera.az bu həftə üçün prof.Asif Hacılının “Apokalipsis və mədəniyyət” yazısını və onun tərcüməsində
İbn Xaldunun düşüncələrindən fraqment, Arnold Toynbinin " Ruhda parçalanma" və
Mirça Eliadenin “Müasir incəsənətdə “ dünyanın sonu”” məqalələrini təqdim edir.



“O sizə ansızın gələcəkdir”:
apokalipsis və mədəniyyət

İnsan özünü fərd kimi anladıqdan bəri iki anlayış – doğuluş və ölüm arasında çarpışmış, bu iki məqam kənarındakı mübhəm aləmin mahiyyətini qavramağa çalışmışdır. Doğuluş, həyat, ölüm, axirət, məhşər, qiyamət… Bu anlayışlar yalnız fərdlərin taleyini deyil, bütövlükdə mədəniyyətlərin, sivilizasiyaların yönümünü müəyyənləşdirmişdir. Törənişlə bağlı kosmoqonik, sonla bağlı esxatoloji miflər yaranmış, fəlsəfi sistemlər formalaşmışdır. Qədim Şərq miflərində və dinlərində, sonradan xaçpərəstlikdə və islamda dünyanın yaradılışı və sonu haqqında xüsusi anlayış ifadə olunmuşdur.

Qədim türk məfkurəsi mahiyyətcə törəniş kateqoriyasına əsaslanaraq kosmoqonik səciyyəli olsa da, esxatologiya, fərdin və dünyanın sonu barədə xüsusi təlimə sahib olmuşdur. Murat Uraz «Türk mifolojisi»ndə qiyamət barədə qədim türk düşüncələrini belə təsvir edir: «Şamanlara göre, kiyamet kopacağı zaman kök demir, yer bakır olacaq. İnsanlar birbirini, baba oğlunu, oğul babasını tanımayacaq… Yerler ateş içinde yanacaq, bu hale tanrılar ilgisiz kalacak, insanların feryadına kulaklarını tıkayacak, deniz korkunc dalğalarla çalkalanacak, sular kanlı akacak, yer altından uğultulu sesler gelecek, dağlar yıkılacak, gökler parçalanacak, denizlerin büyük çalkantılarla dipleri görünecek, denizin dibindeki (dokuz çatallı kara taş) dokuz yerden koparak ayrılacak. Her taştan dokuz sandık çıkacak. Her sandıktan koyu sarı renkte, demirden atlara binmiş dokuz adam çıkacak, atların ayakları kılıç, kuyrukları kama gibidir. Nereye rastlasa keser, biçer. Canlılara rastlasa öldürür. Ayın ve güneşin işığı yok olacak, yerler çatlayarak geniş aralıklar olacak, sular kuruyacak, dünyada hiç bir şeyde hayır kalmayacak, yiyecek, içecek, her şey yok olacak, böylece insanların ve yaratıkların hayatı sona erecek».

Arxaik təlimlərdən fərqli olaraq, islamda qiyamət gününün Allahın hökmündə olduğu bildirilir: «Sənə Qiyamət saatından, onun nə zaman gəlib çatacağından sorurlar. De ki: Onun elmi ancaq Rəbbimin qatındadır. Onun vaxtını ondan başqası açıqlayamaz… O sizə ansızın gələcəkdir» (Əraf, 187). O zaman – sur üfürüldüyü, yer başqa bir yerə, göylər də başqa göylərə dəyişdirildiyi, dağlar ufalanıb sovurulduğu, yer üzünün çırılçılpaq qaldığı, səslər qısıldığı, göz qamaşdığı, ay tutulduğu, günəşlə ay bir araya gətirildiyi həmin gün qaçacaq, sığınacaq bir yer qalmayacaq. «Ölüm sərxoşluğu bir gün gerçəkdən gəlir» (Qaf, 19) kimi, qiyamət də gerçək gələcəkdir! – Bu dəhşətli əlamətləri ilə daim vahimə yaradan məhşər günü sənətdə, ədəbiyyatda da əks olunmuşdur. Ekoloji, texniki, humanitar, sosial, hərbi fəlakətlərin artdığı XX əsrdə dünyanın fəlakətli sonu haqqında motivlər bədii mətnlərdə – ədəbi əsərlərdə, musiqidə, rəngkarlıqda, teatrda, kinoda geniş yayılmışdır. Qorxu, vahimə, xof, dəhşət, ümidsizlik bir çox süjetlərin əsasında durmuşdur. Futuroloji fantastika, utopiya və antiutopiya, fəlakət süjetləri yayğın janrlara çevrilmişdir.

Bu janrlar futuroloji araşdırmalar, xüsusən bir çox ölkələrin nümayəndələrini birləşdirən, İoann Boqoslovdan gələn xristian esxatologiyasının müəyyən davamçısı olan nüfuzlu Roma klubunun bədbin proqnozları (klubun 1972-ci ildə dərc olunmuş ilk məruzəsində əhali, kənd təsərrüfatı, təbii ehtiyatlar, sənaye, ətraf mühitin tədqiqi nəticəsində 75 ildən sonra «kollaps» – qlobal ekoloji fəlakət olacağı ehtimal olunur) ilə daha da vüsətlənir. K.Çapek («R.U.R.»), R.Noks («Gələcək haqqında xatirələr»), Y.Zamyatin («Biz»), O.Xaksli («Gözəl yeni dünya»), C.Oruell («1984-cü il»), L.Gibbs («Gecikmiş son»), İ.Vo («Xarabalıqlarda məhəbbət»), M.Freyn («Bir şəxsi həyat»), R.Bredberi («451o Farengeytlə»), A.Sillitou («Nigilona səyahət») və b. romanları, Ş.Moritani («Yaponiyanın məhvi»), M.Robson («Zəlzələ»), C.Smayt («Aeroport 75»), S.Spilberq («Çənə»), R.Fleyşerin («Yaşıl soylent») filmləri antiutopiyanın, ümumən apokalipsis silsiləsinin klassik nümunələri hesab olunur. Müasir Azərbaycan ədəbiyyatında da “dünyanın sonu”, qiyamət, cəmiyyətdə və insan mənliyində baş verən faciəli çıxılmaz sarsıntılar əhəmiyyətli yer tutur. Bu baxımdan İsa Hüseynovun “Məhşər”, Elçinin “Ölüm hökmü”, Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Köç” kimi əsərlərini xüsusi qeyd edə bilərik. Bütün bu kimi sənət nümunələrində Roma klubunun görkəmli nümayəndələrindən A.Peççeinin aşağıdakı mülahizələrindən hasil olan belə bir qənaət ifadə edilir ki, əsil fəlakət, məhşər kənarda yox, insan daxilindədir: «Biz atletlərin, kosmonavtların və astronavtların ayrı-ayrı keyfiyyətini təkmilləşdirməyi, maşınları, cihazları və materialları, toyuq, donuz cinslərini və qarğıdalı növlərini yaxşılaşdırmağı bacardıq; biz insan əməyinin məhsuldarlığının artmasında da çox şeyə nail olduq, onun sürətli qiraət imkanını artırdıq və kompüterlə danışmağı öyrətdik. Ancaq biz onun dünyada yeni yerinin özü tərəfindən qavranılmasını daha da itiləşdirmək, onun artıq malik olduğu qüvvənin dərkini dərinləşdirmək, qlobal məsuliyyət hissini və öz hərəkətlərinin nəticələrini qiymətləndirmək qabiliyyətini artırmaq üçün heç vaxt ciddi cəhd belə etməmişik». Beləliklə, apokalipsis hissi insanın psixi sarsıntıları, yaradıcılıq qabiliyyətinin böhranı və yaradıcı fəaliyyətin öz əzəli mahiyyətini itirməsi ilə bağlanır. Məhz buna görə də esxatoloji duyum yaradıcılıq meyarlarını, mətn strukturunu, poetikanı dağıtmağa başlamışdır. Bədbinlik, gələcəyə inamsızlıq, çarəsizlik, labüd son qorxusu bədii sistemin özünün əhəmiyyətini heçə endirmişdir. Bu zəmində təhtəlşüura sarsıdıcı təsir edən xüsusi «qorxu», «dəhşət» poetikası formalaşmışdır. Bütövlükdə qiyamət, məhşər, apokalipsis motivləri çağdaş incəsənətin aktual amillərindən olmuşdur. Bu baxımdan görkəmli alimlər Arnold Toynbi və Mirça Eliadenin əsərlərindən verdiyimiz fraqmentlər diqqətəlayiqdir. XIV əsr Şərq mütəfəkkiri İbn Xaldunun təqdim olunan mülahizələri isə XX əsr elmi fikri ilə həmahəngliyi ilə maraqlıdır.


İbn Xaldun

Ədalət prinsipinin mədəni həyatın dağılmasına gətirən ən ciddi pozuntularından bəziləri: əvəzini ödəmədən əmlakın alınması, insanların ədalətsiz olaraq icbari işlərə vadar edilməsi, əsassız iddia, dinin tələb etmədiyi öhdəliklər qoyulması, əsassız vergilər yığılması. Şəhər həyatının inkişafı və mürəkkəbləşməsi özündə onun dağılmasının rüşeymlərini daşıyır. Şəhər hər cür naqis meylli alçaq adamlarla doludur. Onlar öz günah işlərinin cəzasından qaçmaq üçün hər cür kələk və yalana əl atırlar. Nəticə etibarilə, bu, vərdişə çevrilir və xarakterin səciyyəsi olur.


Arnold Toynbi
Ruhda parçalanma


İnsan ruhunda parçalanma – ictimai həyatda təzahür edən parçalanmanın episentridir. O müxtəlif formalarda aşkarlanır və sivilizasiya ilə bağlı saydığımız bütün davranış, duyum, həyat tərzi variantlarına toxunur. Cəmiyyətin dağılması dövründəki hər bir çağırış insan ruhunda törəniş və yüksəliş dövründəkinə tam zidd əks-səda doğurur. Dağılma mərhələsində əvvəlki hər bir vahid davranış xətti iki bir-birini inkar edən və antipatik varianta ayrılmağa meyllənir – biri passiv, digəri aktiv, lakin heç biri yaradıcı səciyyə daşımır…

Passiv cəhd uzaqlaşma, sərbəstlik təşəbbüsündən ibarət olur. Təbiətlə təmas ruhu inancla doldurur. O, «təbiət qanunları» ilə yaşayaraq itirilmiş ilkin yaradıcılıq qabiliyyətini bərpa edəcəyinə inanır...

Passiv uzaqlaşmaya fəal alternativ isə – özünə nəzarətdir. Ruh «özünü ələ alır». Mənəvi təmrinlər sistemi vasitəsi ilə öz təbii ehtiraslarını ram etmək formasını axtarır. Belə bir inamdan çıxış edir ki, təbiət yaradıcı başlanğıcı törətmir, əksinə, məhv edir. İnanır ki, «təbiət üzərində hökmranlıq» itirilmiş yaradıcılıq qabiliyyətini dirçəltməyin yeganə yoludur.

...Kütlə düşmən həmləsi üçün köməksiz hədəfə çevrilir. Sosial tıxacı passiv şəkildə dəfetmə cəhdi gerçəklikdən şüurlu şəkildə uzaqlaşmaqdan ibarətdir…

Davranış reaksiyalarının təhlilindən hisslər aləminə keçək. Burada da yüksəliş mərhələsinin mahiyyətinin təzahür etdiyi həmin Prometey ehtirasına tam əks halı ifadə edən iki zidd tip aşkarlanır. Bu reaksiya nəinki zülm edən, həm də qələbədən qələbəyə gedərək öz basılmazlığını və məğlubedilməzliyini daim nümayiş etdirən şər qüvvələrdən asılılığın əzablı dərkini aşkarlayır. Ruh öz məğlubiyyətinin labüdlüyünü və ətrafı üzərində hökm və nəzarət cəhdlərinin əbəsliyini anlayaraq düşgünlüyə düçar olur. O, inanmağa başlayır ki, kainat, o cümlədən ruhun özü irrasional olduğu qədər də qarşısıalınmaz olan qüvvələrin hökmündədir. Bu hakimiyyət adı Təsadüf olan, lakin öz işlərini Zərurət adıyla həyata keçirən ikiüzlü ilahəyə məxsusdur. Digər tərəfdən, Ruhun mənəvi məğlubiyyəti duyğusu Ruhun özünün nəzarətsizliyi və məsuliyyətsizliyi əhvalını törədə bilər. Bu halda öz mənəvi süqutunun dərki fəal səciyyə daşıyır. Belədə Ruh günaha batır və nəzərlərini makrokosmosdan mikrokosmosa yönəldərək bütün səylərini öz karmasını dəf etmək və ona qalib gəlmək üçün səfərbər edir.


Mirça Eliade
Müasir incəsənətdə «dünyanın sonu»


Qərb sivilizasiyaları nikbinlikdə ibtidai xalqların kommunist esxatologiyası və mileranizmi ilə müqayisə edilə bilməz. Hazırda istilik-nüvə silahından dünyanın fəlakətli sonu təhlükəsi günbəgün artmaqdadır. Qərb sakinlərinin şüurunda bu son tam və qətidir, ondan sonra dünya yenidən yaradılmayacaq. Müasir dünyada atom fəlakəti qarşısında qorxunun çoxlu təzahürlərinin sistemli təhlilinə imkanımız yoxdur. Lakin Qərbi Avropa mədəniyyətinin bununla bağlı digər fenomenləri bizə tədqiqə layiq görünür. Söhbət Qərb incəsənətinin tarixindən gedir. Bizim əsrin əvvəlindən plastik sənətlər, eləcə də ədəbiyyat və musiqi, elə bir radikal transformasiyaya uğradı ki, bu halda «bədii dilin dağılması»ndan danışıla bilər. Təsviri sənətdən başlayaraq «bədii dilin dağılması» poeziyanı, nəsri, son dövrdə İoneskonun simasında teatrı da əhatə etdi. Ayrı-ayrı hallarda bütöv sənət aləminin məhvindən danışmaq olar. Yaxınlarda yaradılmış bəzi əsərləri öyrəndikdə elə təəssürat yaranır ki, müəlliflər bütün təsviri sənət tarixini tabula rasaya (təmiz lövhə – lat.) müncər etmək istəyiblər. Bu, dağıtmaqdan da artıqdır, bu, Xaosa, nəsə ilkin massa kontusa”ya (qeyri-müəyyən kütlə – lat.) qərq olmaqdır. Lakin belə əsərləri seyr edərək, anlamaq olur ki, müəllif hələ ifadə edə bilmədiyi nəyinsə axtarışındadır. Ona plastik sənətlərdə əvvəlki inqilablardan qalmış xarabalıq və dağıntıları məhv etmək lazım idi; ona sənət tarixini sıfırdan başlamaq imkanı qazanmaq üçün materiyanın rüşeym formalarına yaxınlaşmaq lazım idi. Belə bir hiss var ki, sanki müasir sənətkarların çoxu üçün «plastik dilin dağıdılması» daha mürəkkəb prosesin yalnız birinci fazasıdır və bunun ardınca mütləq yeni kainatın yaradılışı gələcək.

Müasir incəsənətdə ilk inqilabçıların və dağıdıcıların nihilizmi və pessimizmi artıq köhnəlmiş dünya qavrayışıdır. Bizim zəmanədə heç bir böyük sənətkar deqradasiyaya və öz sənətinin labüd yox olacağına inanmır. Bu baxımdan onların mövqeyi «primitiv» xalqların mövqeyini xatırladır: onlar yeni dünyanın yaradılmasına təkan vermək üçün dünyanın dağılmasına təkan verirdilər (yəni onların dünyasının, bədii aləminin dağılmasına). Bu mədəni hadisə fövqəl vacibdir, çünki məhz sənətkarlar sivilizasiya və ya cəmiyyətin əsl yaradıcı gücünü təmsil edir. Sənətkar öz yaradıcılığında sosial və mədəni həyatın digər sahələrində də bir və ya iki nəsil sonra gəlməli olanı qabaqlayır.

Diqqətəlayiqdir ki, bədii dilin dağıdılması psixoanalizin yüksəlişi ilə üst-üstə düşür. Ruhi dərinliklər psixologiyası qaynaqlara marağa, arxaik cəmiyyət insanına yüksək dərəcədə xas olan marağa böyük əhəmiyyət verir. Müasir sənətdə dünyanın sonu haqqında mifə marağın tədricən bərpası prosesini təfərrüatlı öyrənmək çox maraqlı ola bilər. Biz görərdik ki, sənətkarlar heç də onlar haqqında bəzən deyildiyi kimi çıldırmış deyillər, əksinə, bir çox müasir insanlardan onlar psixi cəhətdən daha sağlamdırlar. Onlar anlayıb ki, əsl yeniləşmə əsl sondan əvvəl gələ bilməz. Müasirlərdən ilk dəfə məhz sənətkarlar öz dünyalarını həqiqətən dağıtmaq üçün var güclərini qoydular – insanın eyni zamanda yaşaya, seyr edə və arzulaya bildiyi yaradıcı təxəyyül dünyasını yenidən qurmaq üçün.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ