manera.az
manera.az

Müharibəsiz dünya

📅 24.01.2019 12:00

Müharibəsiz dünya

Andrey Tarkovskinin “İvanın uşaqlığı” filmi üzərinə notlar

Müharibə böyüklərdən daha çox uşaqların həyatını yaralayır. Hardasa belə bir cümlə oxumuşdum: “sülh zamanı oğullar atalarını, savaş zamanı isə atalar oğullarını torpağa gömür”.

“İvanın uşaqlığı” Tarkovskinin ilk tammetrajlı filmidir. Rejissor bu filmdə müharibənin gerçək üzünü mükəmməl şəkildə yaxalaya bilib. Bu film mənə Andrey Platonovun bir vaxtlar dilimizə çevirdiyim “Balaca əsgər” hekayəsini xatırladır. Motiv eynidir – əsgərlər balaca Seryojaya dəmir yol vağzalında rast gəlirlər və ona məsləhət görürlər ki, müharibəyə can atmasın, hələ özünü axtarıb tapmalıdır, böyüyəndən sonra cəbhəyə gedə bilər. Seryoja ilə İvanı birləşdirən cəhətlər çoxdur. Yüzlərlə Seryojaların, İvanların uşaqlığı müharibənin ağır tankları altında qalıb məhv olmuşdu. Tarkovski onların əlindən alınmış uşaqlığını lentə almışdı.

İvanın yuxuları müharibəsiz dünyanı əks etdirir. Tək qaldıqda gerçek savaşın içində savaş oyunu oynarkən keçmişinin simvollarıyla bütünləşdiyi anı yaşadığı epizod İvanın iç dünyasını açmaq baxımından olduqca möhtəşəm səhnədir. Əgər iki meyit sizə “xoş gəldiniz” deyirsə, 18 yaşına yenicə çatmış yeniyetmələr savaşa atılmaq məcburiyyətində qalırsa, uşaqlar intiqam almaq ehtirasıyla alışıb-yanırsa, ruhlar acılar içində qıvrılır.

Təsirli səhnələrdən biri də almanların arvadını öldürdükləri qocanın divarları uçmuş evini nizama salmaq üçün uğursuz cəhdlər etməsi, divarsız evin qapısını örtməsi məqamıdır. Müharibə ocaqların sönməsi deməkdir, ocağın yanmağa davam etməsi insanların ümidlə yaşadığına işarədir. Ağlını itirmiş bir dəlinin insanlığa mesaj ötürməsi detalı sonralar Tarkovskinin başqa bir filmində - “Nostalgiya”da- istifadə olunur.

A.Tarkovski insanın ruhuna toxunan rejissordur, buna görə onu kinonun şairi adlandırırlar. O, kameranı ruhun dərinliklərinə yönəltməyi bacarır, seyrçi ilə film arasında məsafə yaradır və tamaşaçının o məsafəni qət etməsi üçün bir az da intellektuallıq, fəhm tələb olunur. Tarkovskinin bəlkə də ən asan həzm olunan filmi elə “İvanın uşaqlığı”dır.

İvan valideynlərini itirib, kazarmadakı əsgərləri öz ailəsi hesab edir, tək qalanda xəyali savaş, intiqam səhnələri qurur. O, cüssəsiz bədəninə ağır gələn ruhu daşımaqda çətinlik çəkir.
Müharibəsiz dünya
Ölümün içində davam edən həyat, xatirələrdən sıyrılmış keçmiş, müharibənin vahiməsiylə çiliklənən uşaqlıq... At və almalar həyatı simvolizə edir. Bu filmdə müharibədən daha çox onun bir insanın taleyindəki məhvedici rolu qabardılıb. Tarkovski İvanın hekayəsinə yarımçıq qalmış sevgi süjetini də daxil edib. Leytenant Qaltsev və Maşanın duyğuları odun-alovun içində belə məhəbbətin və sabaha ümidin işartısı kimi təqdim edilir.

Müharibə öz ardınca dağıntılar, itkilər buraxır, savaş bitsə də qələbə müharibənin çirkin simasını dəyişmək gücündə deyil. Müharibə bitir, əsgərlər dağıntılar içində güllələnənlərin şəxsi işlərinə rast gəlirlər. O qovluqların içində İvanın şəkli diqqəti çəkir. Onu da güllələyiblər...

Filmin sonunda rejissor yenə müharibəsiz dünyanı təsvir edir: dənizin sahili ilə bir qız uşağı qaçır, İvan da xoşbəxtçəsinə qızın ardınca qoşur. Tamaşaçı gözləyir ki, indicə İvan ona çatıb qızı tutacaq, amma belə olmur. İvan qızı ötüb keçir və irəliyə qaçmaqda davam edir. Qaçır, qaçır, qaçır, qaçır...

Tarkovskisayağı möhtəşəm sonluq...

Bu film Tarkovskinin bəşəriyyətə ilk mesajı idi...

Kənan HACI

MANERA.AZ


Baxış sayı - 2 230 | Yüklənmə tarixi: 24.01.2019 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031