manera.az
manera.az

Kim olub Əlimərdan bəy? - TARİX | MANERA.AZ

Kim olub Əlimərdan bəy? - TARİX | MANERA.AZƏlimərdan bəy Topçubaşov (1862-1934)

Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və parlamentin ilk sədri. Hüquqşünas və diplomat. Maraqlıdır ki, 17 ay parlamentin sədri olan Əlimərdan bəy bir dəfə də olsun, həmin kürsüdə oturmayıb. Hətta sədr seçiləndə Azərbaycandan kənarda olub. Niyə? Bu barədə bir qədər sonra...

Tərcümeyi-halından bir neçə mühüm ştrix. 1862-ci ildə Tiflis şəhərində doğulub. Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirib. “Kaspi” qəzetinin redaktorlarından biri, Bakı Dumasının sədri, Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olub. Nazirlər Kabinetinin 1918-ci il 20 avqust tarixli qərarı ilə Osmanlı imperator hökumətində Azərbaycanın mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir təyin edilib. Nəhayət, özü İstanbulda ola-ola Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin təklifi ilə 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin sədri seçilib.
İctimai-siyasi fəaliyyətindən bəzi məqamlar. Əlimərdan bəyin 1897-1917-ci illərdə “Kaspi” qəzetində yüzlərlə məqaləsi dərc olunub. Rusiyada yaşayan müsəlmanların “İttifaqi Müslimun” təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın Nijni Novqorod və Sankt-Peterburq qurultayları onun sədrliyi ilə keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti yaranan gündən hüquqşünas alim olaraq cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin qurulması üçün var-qüvvəsi ilə çalışıb.

Cümhuriyyət dövründəki fəaliyyətindən bir neçə epizod. 1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris sülh konfransına gedəcək nümayəndə heyətini seçdi. İstanbulda olan Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edildi. Yanvarın 20-də nümayəndə heyəti İstanbula getdi. Lakin Fransa hökuməti onlara Parisə getmək üçün viza vermədi. Azərbaycanla eyni vəziyyətdə olan Ukrayna, Gürcüstan və digər yeni qurulmuş ölkələrin nümayəndələri birləşib memorandum hazırladılar. Topçubaşovun rəhbərliyi ilə hazırlanan memorandum İstanbulda olan Böyük Britaniyanın ali komissarı Vebbə çatdırıldı. Nəhayət, üç ay sürən mücadilədən sonra viza məsələsi həll olundu və Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşdü.
Kim olub Əlimərdan bəy? - TARİX | MANERA.AZ
Əlimərdan bəyin Parisdə gördüyü ən böyük iş nümayəndə heyətimizin ABŞ Prezidenti Vudro Vilsonla görüşüdür. Vilson 1919-cu il mayın 28-də, Cümhuriyyətin bir yaşının tamam olduğu gün Azərbaycan nümayəndə heyətini qəbul etdi. Ə.Topçubaşov ABŞ Prezidentini Azərbaycandakı, eləcə də Cənubi Qafqazdakı siyasi-iqtisadi vəziyyət barədə məlumatlandırdı, Paris sülh konfransına təqdim ediləcək memorandumu ona verdi.

Həyatının ən sevincli anı. 1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verildi və Paris sülh konfransının rəsmi sənədi təqdim olundu. Buna çox sevinən Əlimərdan bəy Baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: “Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır... Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə Əlimərdan bəy Parisdə idi və geri qayıtmayıb ömrünün sonunadək orada yaşadı. Azərbaycanın azadlığı naminə fəaliyyət göstərməkdə davam etdi. 1934-cü il noyabrın 5-də dünyasını dəyişən Ə.Topçubaşov Parisin Sen-Klu (Saint Cloud) qəbiristanlığında dəfn olundu.
Topçubaşov kimi insanları gərək unutmayaq. Çünki bu gün baxıb qürur hissi keçirdiyimiz üçrəngli bayrağımızı ilk dəfə onlar ucaldıblar.
Kim olub Əlimərdan bəy? - TARİX | MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930