Çağdaş qazax şeiri - Zair Asim

Zair Asim 1984 – cü ildə anadan olub. Əl Fərabi Qazaxıstan Milli Universitetinin mexanika riyaziyyat fakültəsini bitirib. Təhsil qurumlarından birində riyaziyyat dərsi deyir. Bir neçə şeir kitabı yayınlanıb. Ailəsi Qazaxıstana Şərqi Türküstandan köçüb.
* * *
Sifətinə yumruq dəydi
Adamın üzünə baxdı
Və uzaqlaşdı
Qeyri – adi bir mənzərə yarandı
Həyətdə qoşqu heyvanları kimi
Maşınlar tör – töküntüləri ilə birgə
Yan yana yatır
Nəfəsi kəsilmiş halda
Söhbətin ən qaranlıq yerində
Sükutun aurasına daxil olur
Yorğundur
səs – küylü gənclik
yuxusuzluqdan əziyyət çəkən qamış
divarda çatlayaraq
bir qərar zamanının gəldiyini
anlatmaq istəyir insanlara:
ya indi, ya da heç vaxt
* * *
Şərab çəlləyi kimi qaranlıq bürüyəndə şəhəri
qaranlıq bişməmiş
dibinə çöküntü verən şüşələr
arzuları gözündə qalan
yerinə yetirilməmiş
və tıxanıb qalan
illərdir şüşənin boğazında qalan
bir rəngin fəryadını eşitdim
sənətkar sərçələr
qışda ağacların budaqlarında
körpə əlcəkləri kimi itdi
bədənlərinin tükləri havaya sovruldu
qarabasmalar izləyir
yuxunun ən rəngarəng formasından daha qorxunc
məni oyandırdı
azadlığımın qarşısınımı kəsir deyəsən.
qeyri – müəyyən günlər keçib gedir
zehnin solaxay bir uşaq kimidir
diktə ilə yazmağı öyrənir
alt-üst olan sözləri ehtiva edir
yazılanların fikirlərini itirməyin,
təcrübəsizliyin öz əlləri ilə
yaşadığı əlaqələri rədd etməyin hallarını
bütün indiki
və keçmiş zamanlar öz damarlarında batır.
Sağ əlindən istifadə edən insanlar üçün yaradılan dil
Heç vaxt tərsinə nəsə yaza bilməyəcək
Yenidən yaranmayacaq bircə söz belə…
* * *
Şənbə… çayxananın yarısı bomboş,
Turuncu işıqlar
Mən bir kişini gözləyirəm,
İş barəsində danışmaq vaxtı keçib.
Gülümsəyən çayçı
Bərrak havada gəzir
Hovuzdakı balıqlarının işıltısını
Axıb gedən sular aparır.
Caz səsi yenə əvvəllər olduğu kimi
Qeyri – məchul nöqtələrdən dolur çayxanaya,
Otaqları doldurur
Kədərli sevinclər.
Köhnə fotoaparat
Kitab rəfində
Yarıyuxulu mürgü döyür
Özünü inandıraraq.
Çeviri: Oktay Hacimusali