manera.az
manera.az

Dilçi alimdən etiraz: "Dərk etmək lazımdır ki..."

📅 27.10.2017 11:49

Dilçi alimdən etiraz:  "Dərk etmək lazımdır ki..."
Fəxrəddin Veysəlli: "Terminologiya Komissiyasında işləyənlərin demək olar ki, heç biri xarici dilləri bilmir. Ona görə, müəyyənləşdirdikləri terminlərin qarşılıqları uydurma görünür"

"Terminləri rus dilindən tərcümə edirlər, lüğətə baxıb, təsdiq edirlər”.

Bunu bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənməsindən danışarkən filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib.

O bildirib ki, bu terminlərin qarşılığını müəyyənləşdirən şəxslər xarici dilləri bilmir:

"Ona görə, qarışıqlıq yaranır. Alınma terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirmək üçün dərin bilikli mütəxəssislər işləməlidir. Kor-koranə bu prosesi həyata keçirdikdə yamaq kimi alınır. Sözün özünün məna yükü var. Bunu dərk etmək lazımdır ki, başqa millətlər həmin terminləri necə işlədir. Mütəxəssislərin dil bilgisi bu prosesdə mütləq nəzərə alınmalıdır.

Terminologiya Komissiyasında işləyənlərin demək olar ki, heç biri xarici dilləri bilmir. Ona görə, müəyyənləşdirdikləri terminlərin qarşılıqları uydurma görünür.

Sözün mənasını başa düşüb, necə işlənməsini müəyyənləşdirmək lazımdır. Belə terminlər dilimizə başqa dillər vasitəsilə keçib. Məsələn, evakuasiya sözü rus dili vasitəsilə keçib, mütəxəssislər də rus lüğətlərinə baxırlar.

Həmin sözün mənası götürüb aparmaq, uzaqlaşdırmaq, təmizləmək kimi tərcümə olunur. Amma Azərbaycan dilinə bunu uyğunlaşdırıb, tərtib etmək lazımdır. Ola bilər ki, fransız dilində olan bir termin Azərbaycan dilində iki sözə uyğun olsun. Bu, təbiidir”.

Qeyd edək ki, "zaryadka” – "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” – "qadağa”, "evakuasiya” – "köçürülmə”, "proqnoz” –"öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” – "bəyənmə”, "mesaj” – "ismarıc” kimi təsdiqlənib. /"Sherg.az”



Baxış sayı - 1 313 | Yüklənmə tarixi: 27.10.2017 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031