manera.az
manera.az

Xəlil Rza Ulutürkün xatirəsi yad edildi

📅 24.10.2017 20:02

Xəlil Rza Ulutürkün xatirəsi yad edildi
Oktyabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq Şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək şairin xatirəsinə ehtiramlarını bildirib, məzarı üzərinə tər çiçək dəstələri düzüblər.

Sonra tədbir AYB-də davam edib.

Tədbirdə tanınmış jurnalist Zülfüqar Şahsevənli 1960-cı illərdə ədəbiyyata gələn Xəlil Rza Ulutürkün alovlu, mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqımızın yaddaşında qalacağını bildirib. Şairin 1988-ci ildə başlanan milli azadlıq hərəkatının qabaqda gedən təbliğatçılarından olduğunu söyləyib. Onun vətəndaş mövqeyindən, Azərbaycan ədəbiyyatına xidmətlərindən danışan natiq yorulmadan yaradıcılıqla məşğul olan şairin onlarla dünya ədəbiyyatı incisini Azərbaycan dilinə tərcümə etdiyini, ədəbiyyatımızı zənginləşdirdiyini deyib. Şairin sağlığında “Sevən gözlər”, “Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını geniş aç”, “Doğmalıq”, “Lefortovo zindanında” və s. 30-dan çox kitabının nəşr olunduğunu deyib.

Tədbirdə şairlər Qəşəm Nəcəfzadə, Oqtay Rza və başqaları şairin həyat və yaradıcılığından söz açıblar. Bildiriblər ki, o, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağa təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Sonda şairin ömür-gün yoldaşı Firəngiz Ulutürk Xəlil Rzanın vəfatından keçən illər ərzində 60-a yaxın kitabının nəşr olunduğunu, hazırda 15 cildlik “Seçilmiş əsərləri”nin nəşrə hazırlandığını söyləyib. O, şairə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və işrtirakçılarına minnətdarlığını bildirib.


Baxış sayı - 2 109 | Yüklənmə tarixi: 24.10.2017 20:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031