manera.az
manera.az

Pakistanda “Əli və Nino” filminin təqdimatı keçirildi

📅 18.10.2017 14:00

Pakistanda “Əli və Nino” filminin təqdimatı keçirildi
Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib.

Pakistan Milli İncəsənət Şurasının salonunda təşkil olunan mərasimdə bu ölkənin xarici işlər nazirinin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici dövlətlərin diplomatik korpusunun nümayəndələri, səfirliyimizin əməkdaşları, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər.

MANERA.AZ xəbər verir ki, mərasimdə Azərbaycanın səfiri Əli Əlizadə çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın filmin icraçı prodüseri olduğunu bildirib. Səfir ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Filmin maraqlı məqamlarına toxunan səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranan sevginin, onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş etdirməsinin ekran əsərində mükəmməl təsvir edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması Azərbaycan xalqının birlik, həmrəylik və tolerantlıq mədəniyyətinin təcəssümüdür.

Eytizaz Əhməd filmin təqdimatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrikini ifadə edib, iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olduğunu vurğulayıb. Eytizaz Əhməd ötən 26 ildə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahədə xeyli inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin daha da möhkəmləndiyini bildirib.

Daha sonra “Əli və Nino” filmi nümayiş etdirilib. Filmin müxtəlif epizodları, o cümlədən gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, azərbaycanlıların vətəni müdafiə uğrunda mübarizəyə qalxması, xüsusilə də çox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri iştirakçıları xeyli duyğulandırıb. Filmin Pakistanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.
Pakistanda “Əli və Nino” filminin təqdimatı keçirildi
Pakistanda “Əli və Nino” filminin təqdimatı keçirildi


Baxış sayı - 1 132 | Yüklənmə tarixi: 18.10.2017 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031