Kiyev, həsrətimtək böyüksən... -ŞEİR |MANERA.AZ
![]()
Ruzgar Mövsüm
Kiyev, sərin may axşamı.
Sənsizlik var içimdə.
Kiyev, həsrətimtək böyüksən.
Nə olar, biraz kiçil də.
Çox ağırdır küçələrini
tənha gəzmək lənəti.
Yar Bakıda, mən burada.
Öldürəcək həsrəti.
Sərin axşam,
unutmuşam çətiri.
Uzaqdakı buludlar
mənə yağış gətirir.
Yarpaqlara toxunub,
pıçıldayır damcılar.
Səndən yaman nigaranam,
ürəyimdə sancı var.
Yağmurlu may axşamı.
Bu günü də ötürdüm.
Ötən il may axşamı
kipriklərini öpürdüm.
Yol gedirəm heç yana,
içim həsrətlə dolu.
May yağışı isladıb
Getdiyim kiçik yolu.
Kiyev, necə böyüksən?
Tənha deyilsən axı.
Sən necə qanasan ki,
mənim kimi axmağı?
Həsrət nə oğraş olur?
Didir qəlbi həmişə.
Həsrət yaman şərəfsiz,
həsrət köhnə fahişə.
Bilsən, necə sevirəm.
O yaşayır içimdə.
Onsuz çox balacayam.
Kiyev, sən də kiçil də.
Kievdə may axşamı...
MANERA.AZ