manera.az
manera.az

Ay çörəyi daşdan çıxan; Bu dünya daşnan doludu... ŞEİRLƏR |MANERA.AZ

Ay çörəyi daşdan çıxan; Bu dünya daşnan doludu... ŞEİRLƏR |MANERA.AZ

Manera.az Sabir Alimin şeirlərini təqdim edir:

Sabir Alim 1980-ci il 18 Sentyabrda anadan olub. 2002-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib. 2010-cu ildə Müəllimlər İnstitutunun Ədəbiyyat ixtisası üzrə magistraturasını bitirib. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə “İlin ən yaxşı şeiri” nominasiyası ilə təltif olunub. 2002-ci ildə “Tanrı səni qorusun” adlı ilk kitabı nəşr olunub. 2006-cı ildə “Gecikmiş qatar” adlı ikinci kitabı çap olunub. 2008-ci ildə Prezident təqaüdünə layiq görülüb.


PAYIZ SİMFONİYASI

Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi
havada buludlar,
Buludların bətnində su var.

Yağışlı və küləkli bir gündə
tərk edilmiş qadınları xatırladan
küçədə ayaq səslərinin çırpıldığı
baxımsız ağaclar
və hərdənbir axşamlar
cındırından cin hürkən
bomjlar yığışar
bu ağacların dibinə.

Yalnız göz yaşlarının
Yanaqlarına cızdığı şəkil
Sərxoş ərinin son zərbəsinə
Cavab olar
Ürəyinin səsinə
Qulaq kəsilən qadına.

… Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi,
Oxumaq necə də gözəldir
Gecənin içinə yağan yağışın
Musiqi sədası altında
- Siqaret kötüyüdü yollar…

MƏNİM CİBLƏRİM

Mənim ciblərim
qəzəbli çoban itləridir.
Elə hey əllərimi
yemək istəyirlər.
Şəhərin küçələri boyu
Çeynəmək istəyirlər.
Mənim ciblərimin
boynunda kəndir qalmır,
Boynuna kəndir olmur,
Çoban itləri kimi.

Dünən axşam tərəfi
bir qıza rast oldum
bilsəniz necə məyus oldum.
Onun yanından keçəndə
yamanca söydüm it ciblərimi
bir az da tərbiyəsizlik etdim.
Çünki o an
mənim it ciblərim
gəmirirdi əllərimi ...

Yenə dostlar uzaq düşdü.
Yenə dostlar uzaq düşdü,
Yenə unutdular məni.
Yağış altda islatdılar,
Gündə qurutdular məni.
Göy üzü kimi boşalıb,
Çoxu gedib,azı qalıb.
Bilmirəm neçəyə alıb,
Neçəyə satdılar məni.
Ürəyimi bağladılar,
Əl-qolumu bağladılar,
Sızladılar, ağladılar -
Təzədən tutdular məni.

Bu dünya daşnan doludu.
Bu gün ayın neçəsidi,
Getdiyin kimin yoludu.
Ağlı göydə gəzən adam,
Göy üzü quşnan doludu.
İtirib cığırın, izin,
Unudub günün, gündüzün,
Dalınca boylanan qızın,
Gözləri yaşnan doludu.
Gözə batar qaşdan çıxan,
Dəli olar başdan çıxan,
Ay çörəyi daşdan çıxan,
Bu dünya daşnan doludu.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829