manera.az
manera.az

"Vacib məşğuliyyət - yaxşılıq etməkdir" - Tolstoyun hekayəsi

"Vacib məşğuliyyət - yaxşılıq etməkdir" - Tolstoyun hekayəsi
Manera.az Lev Tolstoy "Üç sual" hekayəsini təqdim edir:


Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası insanları, ən əsası isə özü üçün ən vacib məşğuliyyətin nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət qazanardı.

Bu fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona həyatda atılan hər addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib insanları və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük mükafat gözləyir.
Padşahlığın bütün oxumuş, savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar.

Birinci suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın doğru zamanını bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət bir cədvəl tərtib etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır. Yalnız bu halda, hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər.

Digərləri isə dedi ki, hər atılan addım üçün doğru zamanı əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür, lakin ötüb keçən zamana da laqeyd qalmamaq, bütün baş verən hadisələrə diqqət ayırmaq və daha sonra isə ən lazımi işi görmək lazımdır.

Bir qisim adamlar da deyirdi ki, padşah nə qədər baş verənlərə qarşı diqqətcil olsa da, yenə də hər addım üçün doğru zamanı tam dəqiqliklə müəyyən etmək mümkün deyil və gərək ki, padşahın müdrik adamlardan seçilmiş vəzir-vəkili olsun və ona hər şey üçün doğru zamanı müəyyən etməkdə kömək etsin.

Bəzisi isə deyirdi ki, elə şeylər vardır ki, onlar haqqında qərarı dərhal qəbul etmək lazımdır; “Görəsən bu işi edim, ya yox?” — cavabsa vəzir-vəkilin qərarını gözləməyəcək və ən doğru qərar vermək üçün sonradan nə baş verəcəyini öncədən bilmək lazımdır. Gələcəyi isə yalnız münəccimlər görə bilər və buna görə də hər addımın doğru zamanını bilmək üçün gərək padşah münəccimlə məsləhətləşsin.

İkinci suala da eynilə bu cür müxtəlif cavablar verilmişdi. Bəziləri deyirdi ki, padşaha ən önəmli şəxslər müşavirlərdir, bəziləri isə bunun keşişlər, həkimlər olduğunu, bir qisim adamlar isə döyüşçülərin ən önəmli şəxslər olduğunu deyirdilər.

Üçüncü, ən vacib məşğuliyyətin nə olduğu sualına isə, bəziləri “elm” cavabını verirdi. Digərləri isə hərbdə göstərilən şücaət, başqa bir qisim isə bunun ibadət olduğunu deyirdi.

Cavablar müxtəlif olduğu üçün, padşah onların heç biri ilə razılaşmadı və heç kəs də mükafat ala bilmədi. Lakin hələ də suallarına cavab tapmaq arzusunda olan padşah qarara gəldi ki, öz müdrikliyi ilə xalq arasında nam qazanmış zahidlə məsləhətləşsin.

Zahid bir meşədə yaşayar, heç vaxt ordan ayrılmazdı. O, adi xalqdan başqa heç kimi öz yanına qəbul etmirdi. Buna görə də, padşah əyninə sadə paltar geyib zahidin yaşadığı yerə çatmamış atından endi və təkbaşına yoluna davam etdi.

Padşah yaxınlaşanda, zahid öz daxmasının qarşısında yeri qazmaqla məşğul idi. Padşahı görüb ona salam verdi və yenidən işinə davam etdi. Zahid taqətsiz və cılız idi. Hər dəfə beli torpağa sancanda və azacıq torpaq çevirəndə, ağır-ağır nəfəs alırdı.
Padşah ona yaxınlaşıb dedi:

— Müdrik zahid, sənin yanına ondan ötrü gəlmişəm ki, mənim üç sualıma cavab verəsən:
Necə edim ki, doğru zamanda doğru addımı atım?

Mənə ən çox lazım olan, digər insanlardan daha çox qayğı, diqqət göstərməli olduğum insanlar kimdir?

Və ən nəhayəti, hansı işlər ən önəmlidir, mən nəyə daha çox zaman ayırmalıyam?

Zahid padşaha qulaq assa da, heç bir şey demədi. O, əlinin içinə tüpürdü və yeri qazmağa davam etdi.

— Sən yorğunsan, padşah dedi, — beli mənə ver, qoy bir az sənin üçün iş görüm.

— Çox sağ ol! — zahid cavab verdi və beli padşaha verərək torpağın üstündə əyləşdi.

İki dəfə qazmışdı ki, padşah dayandı və suallarını bir daha təkrar etdi. Zahid yenə də heç bir cavab vermədi, ayağa qalxıb əlini belə uzadaraq dedi:

— İndi isə bir az dincəl, qoy bir az da mən işləyim.

Ancaq padşah beli ona vermədi və qazmağa davam etdi. Beləcə bir-iki saat keçdi. Günəş ağacların arxasında batmaq üzrə idi və padşah nəhayət beli torpağa sancaraq dedi:

— Müdrik zahid, mən öz suallarıma cavab tapmaq üçün sənin yanına gəlmişəm. Əgər heç bir cavab verməyəcəksənsə, de, işimi bilim, evimə qayıdım.

— Kimsə qaçaraq bura gəlir, — zahid dedi, — baxaq görək kimdir.

Padşah dönüb arxaya baxdı və meşədən qaçıb gələn saqqallı bir kişi gördü. O, əlləri ilə qarnını sıxmışdı və barmaqları arasından qan axırdı. Kişi padşaha çatanda, taqətsiz halda inildəyərək yerə yıxıldı və huşunu itirdi.

Padşah və zahid yaralı adamın paltarını açmağa başladı. Onun qarnında böyük bir yara var idi. Padşah yaranı bacardığı qədər yaxşı-yaxşı yuyub, öz əl yaylığı və zahidin məhrəbası ilə sarıdı. Lakin qan dayanmırdı və padşah isti qanla islanmış sarğını dəfələrlə açıb, yaranı yuyaraq bir daha sarıyırdı. Qan dayananda yaralı ayıldı və içməyə bir şey istədi. Padşah təmiz su gətirib ona verdi.

Bu vaxt günəş artıq batmışdı və hava sərin idi. Buna görə də padşah zahidin köməyi ilə yaralı adamı daxmaya apardı və çarpayıya uzatdı. Yaralı çarpayıda uzanaraq gözlərini yumdu və sakitləşdi.

Lakin padşah piyada gəzdiyi və çox işlədiyi üçün o qədər yorğun idi ki, qapının ağzındaca çömələrək yuxuya getdi. O qədər bərk yatmışdı ki, bütün bu, qısa yay gecəsi boyu heç oyanmadı. Səhər isə oyananda, uzun müddət harada olduğunu və çarpayıda uzanaraq işıldayan gözlərlə ona diqqətlə baxan saqqallı yad adamın kim olduğunu düşündü.

— Məni bağışla! — saqqallı adam padşahın artıq oyandığını və ona baxdığını görərək alçaq səslə dedi.

— Mən səni tanımıram və bağışlanmalı da bir şey yoxdur zənnimcə.

— Düzdür, sən məni tanımrsan, amma mən səni tanıyıram. Mən sənin düşməninəm, qardaşımı edam etdirib mal-mülkünü ələ keçirdiyin üçün səndən qisas almağa and içmişdim .Zahidin yanına tək gələcəyindən xəbərim var idi və qərara aldım ki, qayıdanbaş səni öldürüm. Amma bir gün keçsə də, sən qayıtmadın. Mən də gizləndiyim pusqudan çıxıb səni axtarmaq qərarına gəldim, lakin sənin mühafizəçilərinlə rastlaşdım və onlar məni tanıyaraq yaraladı. Onlardan qaçıb canımı qurtara bildim, amma sən mənim yaramı sarımasaydın, qanaxmadan öləcəkdim. Mən səni öldürməyi arzulayırdım, sən isə mənim həyatımı qurtardın. İndi isə əgər mən sağ qalsam və əgər sən buna izin versən, mən sənə ən sadiq qulun kimi xidmət edəcəm və oğullarıma da sənə xidmət etməyi buyuracam. Keç günahımdan!

Padşah öz düşmənilə belə asanlıqla barışıq əldə etdiyinə və onun kimi bir dost qazandığına görə çox şad idi. Belə ki, o, sadəcə, onu bağışlamaqla qalmadı, öz qulluqçuları və şəxsi həkimini ona baş çəkməyə göndərəcəyinəvə mal-mülkünü yenidən qaytaracağına dair söz də verdi.

Yaralı adam getdikdən sonra, padşah eyvana çıxaraq zahidi gəzən baxışlarla ətrafa nəzər saldı. Getmədən öncə o, son bir dəfə öz suallarına cavab tapmaq üçün zahidlə danışmaq fikrində idi. Zahid çöldə idi, öz dizləri üstündə oturaraq bir gün öncə qazılmış laylara toxum səpirdi.

Padşah ona yaxınlaşaraq dedi:

— Son dəfə suallarıma cavab vermən üçün səndən xahiş edirəm, ey müdrik insan.

— Sən artıq sualların cavabını bilirsən! — zahid öz nazik qıçları üstündə əyilmiş halda qarşısında dayanan padşaha baxaraq dedi.

— Necə yəni artıq cavabını bilirəm? Nə demək istəyirsən? — padşah soruşdu.

— Görmürsənmi, — zahid cavab verdi — dünən sən mənim halıma acımadan, torpağı mənim üçün qazmayıb, əvəzində çıxıb getsəydin, o adam səni yaxalayacaqdı və sən də mənimlə qalmadığına görə peşman olacaqdın. Belə ki, o zaman ən önəmli an sənin torpağı qazdığın an idi və mən də ən önəmli adam idim. Mənə yaxşılıq etmək isə sənin o an ən vacib məşğuliyyətin idi.

Daha sonra, o adam bizə tərəf qaçanda, ən vacib an, sənin onun qeydinə qaldığın an idi, çünki əgər sən onun yarasını sarımasaydın, o, səninlə olan ədavətə son qoymadan öləcəkdi. Beləliklə, o, ən vacib adam idi və sənin ona etdiklərin də sənin ən vacib məşğuliyyətin idi.

Odur ki, yadda saxla: Vacib olan sadəcə bir an var — İndi!

Bu, ən vacib andır, çünki yalnız bu anda biz bir şeylər etmək iqtidarında oluruq.

Ən vacib adam isə, indi səninlə, sənin yanında olan adamdır, çünki heç kəs bilə bilməz ki, o, daha sonra səninlə olacaq ya yox.

Və nəhayət, ən vacib məşğuliyyət, yaxşılıq etməkdir, çünki insan yalnız bunun üçün yer üzünə göndərilib!

Tərcümə: Nərmin Musayeva

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031