manera.az
manera.az

Bakıda İCESCO-nun regional ofisi yerləşəcək

📅 21.05.2022 15:09

Bakıda İCESCO-nun regional ofisi yerləşəcək
Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Nazir qonağı salamlayaraq Şuşada keçirilən "Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək Azərbaycanla təşkilat arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə İCESCO-nun İslam dünyasının birliyi və həmrəyliyinə verdiyi töhfələrin önəmi qeyd edilib. Anar Kərimov baş katibin tarixi Zəfərimizdən sonra Qarabağ ərazisinə növbəti səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin tarixi hadisə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İCESCO arasında təşkilatın Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti adından mədəniyyət naziri Anar Kərimov və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar.

İCESCO-nun regional ofisinin Bakı şəhərində yerləşdirilməsi təşkilatla üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə olmaqla yanaşı, qurum tərəfindən ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.

Qeyd edək ki, 1979-cu ildə yaradılan İCESCO-nun baş ofisi Mərakeşin paytaxtı Rabat şəhərində yerləşir.


Baxış sayı - 372 | Yüklənmə tarixi: 21.05.2022 15:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031