Şəkidə "Nizami Gəncəvi-880" sərgisi - Fotolar
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində kitab və miniatür rəsm əsərlərindən ibarət sərgi açılıb.
Manera.az xəbər verir ki, "Nizami Gəncəvi ili" çərçivəsində təşkil olunan sərgidə şairin əsərlərindən ibarət kitablar, Nizaminin yaradıcılığının şah əsəri "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarından təsvirlər, həmçinin Heydər Əliyev Fondu tərəfindən Mərkəzə hədiyyə edilən rus, ingilis və fransız dillərində çap olunmuş nəşrlər nümayiş etdirilir.
Sərginin açılış mərasimində Mərkəzin əməkdaşı Rüfanə Həsənova çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından, dünya ədəbiyyatı xəzinəsinə verdiyi sanballı töhfələrdən ətraflı söz açıb. Şəki Mərkəzi kitabxananın bölmə müdiri Dilbər Yaqubova, gənc aktrisa Türkan Abdullayeva, şəhər 10 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Şəfəq Xəlilova şairin qəzəllərindən nümunələr səsləndiriblər.
Sonra Şəki Dövlət Dram Teatrının gənc aktyorlarının iştirakı ilə hazırlanmış kompozisiya nümayiş olunub.
Sərginin təşkilində məqsəd Nizaminin söz dünyasını ziyarətçilərə nəfis koloritli miniatür və digər əsərlərlə çatdırmaqdır. Sərginin ümumi qayəsi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə əzmini tamaşaçılara təqdim etməkdir.
Sərgi iyulun 10-dək davam edəcək.