manera.az
manera.az

Qəmər Sözay - payız ovqatlı şeirlər / Ramiz Göyüşov yazır

Qəmər Sözay - payız ovqatlı şeirlər / Ramiz Göyüşov yazır
“Ədəbiyyat” qəzetinin bu ilki 8-ci nömrəsində Qəmər Sözayın 6 şeiri dərc olunmuşdu. Şeirlər diqqətimi çəkdi, özünə cəlb etdi. Sonra onun“525-ci qəzet” in 2 noyabr tarixli nömrəsində və bir də “Facebook” sosial şəbəkəsinin “Gənc yazarlar ədəbiyyatı” səhifəsindəki şeirlərinə də diqqət yetirdim.

Şeirlər bu yazının yaranmasına səbəb oldu.

Sözay adını yəqin Qəmər xanım özü təxəllüs götürüb özünə. Göründüyü kimi onun adı ilə təxəllüsü arasında bir bir vəhdət var. Qəmər və Ay. Hər ikisi “göylərin şamı” (Səməd Vurğun ) mənasını verən, hər ikisi qaranlıqda aləmə şölə saçan, adına minlərlə əfsanələr, nağıllar, dastanlar qoşulan müqəddəs göy cisminin adıdır. Ay bizim üçün o qədər müqəddəsdir ki, vətənimizdə minlərlə qızlarımızın adlarının ya əvvəlki iki,ya da sonrakı iki hərfini “Ay” sözü bəzəyir. Əslində Qəmər Sözayı oxuduqca mən elə bu iki adıyla, həm də Sözə işıq verən Aya -bədirlənmiş Aya bənzətdim:

Batırma söz günəşim, işıq saçsın dünyaya,
Ümidsiz sevgilərin sabahına pay olsun.
Əzizlə söz bətnimdə, eşq dolu misraları,
Qaranlıq məhəbbətin zülmətinə Ay olsun.


Bu bircə bənd şeirdə “Söz”ü Qəmər Sözay Günəş yüksəkliyinə qaldıraraq elə “söz” günəşindən də “ümidsiz sevgilərə” pay göndərir ki, “söz bətnində” yaranan eşq dolu misraları Ay kimi işıqlandırsın.Ümumiyyətlə nömrədə dərc olunmuş 6 şeirin hər biri maraqlı olmaqla bərabər orjinaldır. Şeirləri oxuduqca dərhal hiss edirsən ki, müəllifin qəhrəmanı onun özüdür. O, özünü yazır. Şeirlərndə bir sujet var və bu sujetdə bir məna yükü var. Diqqət yetirsək onların hər bir sətrində bu yükü hiss edəcəyik:

Yuxu axır gözlərimdən,
Ömrümə zülmət toxuyur.
Xoşbəxtliyin itib iyi,
Daha bədbəxtlik qoxuyur.

Qəmər Sözay - payız ovqatlı şeirlər / Ramiz Göyüşov yazır
Qadın obrazı Qəmər Sözayın əsas mövzusudur, əsas lirik qəhrəmanıdır. Və bu lirik qəhrəman şeirlərdə payızın fonunda təsvir ounur .Sözayın şeirlərinin adınının da “Payız qadın”, “Güclü qadın”, “Həmin qadın deyiləm”, “Anamın qucağını istəyirəm” və s.kimi adlandırması təsadüfi deyil:

Ehh... Payız qadın!
Arzuların töküldü gözlərindən,
xəzan yarpaqları kimi...
Duyğuların qucaqladı
səssizliyin qəlbini...
Sarıldığın zülmətin
boğuldun qaranlığında...


Bunula belə onun yaratdığı qadın obrazı həm də güclü bir qadındır. Bu qadın nə qədər əziyyətlər çəksə də, tənhalıq onu sıxsa da, o güclüdür, dözümlüdür, ayaqda dura,sonar da qalib ola bilir.

Nə yalanlar gömmüşəm taleyin məzarına,
Neçə yolda yıxılıb, neçəsində qalxmışam.
Yıxılanda torpağa qarışıb ümidlərim,
Cücərmiş ümidlərin çələngini taxmışam.
Zəif bilmə sən məni, mən ki, güclü qadınam,
Kəsə bilməz önümü uçurumlar, dərələr.
Qələmimi heç nəyə qurban etmərəm, şair,
Lap önümə dünyanın naz-nemətin sərələr.

Gəlin etiraf edək ki, torpağa qarışmış ümidlərin cücərib çələngə çevrilməsi müəllifin tapıntısıdır və həm də uğurlu tapıntıdır.
Şeirlərini təkrar-təkrar oxuduqca hissi edirsən ki,onun şeirləinə bir payız ovqatı hakim kəsilib,payızın həsrəti, nisgili, səsi, qoxusu aydın hiss olunur:

Yarpaq tökümünü yaşayır qəlbim,
Bir-bir düşür sevdiklərim gözümdən.
Ən ağrılı dərd bu olar, yəqin ,
İnsan küssə, nifrət etsə özündən.


Qəmər Sözayı şeirlər oxucuya çox şey deyir. Bəzən şeirləri təhlil etmək bir az da sözlərin, misraların dəyərini, məna yükünü azalda bilər. Ona görə də şeirlərinin bəzilərinin bir neçə bəndini nümünə gətirməklə kifayətləndim.

Asdım ümidlərimi,
gecənin qaranlığından.
Dondurdum arzularımı,
Ayın soyuğunda.
Bilə-bilə intihar etdirdim ürəyimi,
Kəsdim sənli sevgimi
daşıyan damarlarımı.
Sənsizliyin mərmisi ilə
Dəlik-deşik etdim vücudumu.
Yenə də...
Kiridə bilmədim dərdlərimi,
Quruda bilmədim,
Sevgimin qanlı göz yaşlarını
Göz yaşımla islanıb, sənsizliyin səkisi,
Yağış kimi yağıram, sən getdiyin yollara.
Nə qədər ah çəkirəm, necə qarğış edirəm,
Xəyanətli əlinlə sarıldığın qollara.
Yanır hələ qəlbimdə sən adlı xatirələr,
Sol yanımda kül olub, qanıma qarışırsan.
Sən boyda bir zülmətdə boğulur yazıq ruhum,
Yenə də zülmətinlə canıma qarışırsan.

və ya…

İncimiş duyğularım daha büküb boynunu,
Gizlənib qəlb evimin soyuq künc bucağında.
Həsrətinə sarılıb, axtarıram kölgəni,
Axtarıram bu eşqin kül olmuş ocağında.


Qəmər Sözayın şeirləri insanı elə ilk baxışdaca özünə cəlb edir, düşündürür. Hesab edirəm ki,O,payız ovqatlı şeirləri ilə çağdaş şeirimizə,yeni bir avaz, yeni bir səs, yeni bir nəfəs gətirib. Onun şeirlərində bir qadın taleyinin fəsilləri görünür.O.Şeirləri ilə oxucunu bir taleyə inandıra blıir. Əsl poeziya da budur.

Ramiz Göyüşov
AYB-nin üzvü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930