manera.az
manera.az

Müharibədən sonra – Heminqueydən qısa hekayə

Müharibədən sonra – Heminqueydən qısa hekayə
Ernest Heminquey

Onu isti yay axşamlarının birində Padua xəstəxanasına gətirdilər. Çarpayısı xəstəxananın damında yerləşdiyi üçün bütün şəhərə tamaşa edə, səmada uçan uzunqanadları yaxından görə bilirdi.

Hava qaraldıqdan sonra xəstəxana həyətinə işıq salan lampalar yandırıldı. Həkimlər aşağı endilər və gedərkən içki şüşələrini də özləri ilə apardılar. O, otaqda tək qaldığı Luzla birlikdə aşağı enmiş həkimlərin eyvandan gələn səslərini eşidirdi. Sonra Luz onun çarpayısında əyləşdi. Həmin gün o, çox gözəl və şux görünürdü.

Luz o əsgərə görə üç ay gecə növbəsində işlədi. Belə bir şeyə icazə verilməsi onların ikisini də sevindirirdi. Əməliyyat günü yetişəndə yaralı əsgəri əməliyyat masasına da Luz hazırladı və keyidici iynə vurulmazdan əvvəl onlar bir-biriləri ilə xeyli zarafatlaşdılar. Əsgər, əməliyyat zamanı sayaqlayacağından çox qorxduğu üçün keyidici iynə vurulmazdan əvvəl özünü buna bərk-bərk hazırladı.

Sağalıb qoltuq ağacı ilə gəzməyə başlayanda o, öz hərarətini özü ölçürdü və Luz bundan yana oturduğu çarpayıdan qalxmalı olmurdu. Həmin otaqda ondan başqa çox az xəstə var idi. Bu xəstələr də Luzla əsgər arasındakı münasibətdən xəbərdar idilər. Onların hamısı Luzu çox istəyirdilər. Uzun dəhlizdən keçib otağına qayıtdığı zaman əsgər, çarpayısında Luzla birlikdə rahat-rahat uzanıb söhbət edəcəyi günlərin xəyallarını qururdu.

Yenidən cəbhəyə qayıtmaq vaxtı gələndə o, Luzla birlikdə kilsəyə gedib dua elədi. Qaranlıq və sakit kilsədə onlardan başqa dua edənlər də az deyildi. O, Luzla evlənmək istəyirdi, amma onların nə doğum şəhadətnaməsi var idi, nə də nikah mərasimi üçün vaxtları. Əslində, onlar özlərini ər-arvad kimi hiss edirdilər. Amma bir-birilərini itirməmək üçün bu evlilikdən hər kəsin xəbəri olmasını istəyirdilər.

Luz ona çoxlu məktub yazdı, amma savaşlar dayanana qədər bu məktublardan heç birini o oxuya bilmədi. Məktublardan on beşini cəbhədə olarkən almış və tarixinə görə sıraladıqdan sonra onları diqqətlə oxumuşdu. Bu məktublarda qız, xəstəxanada keçirdiyi günləri təsvir edir, onu necə sevdiyini, onsuz yaşaya bilmədiyini, gecələr ondan ötrü darıxmağın necə əzablı olduğunu yazırdı.

Müharibədən sonra əsgər, vətəninə qayıdıb iş tapacağını və beləcə onların evlənə biləcəyini Luza dedi. Yaxşı iş tapana qədər Luz onun yanına gəlməyəcəkdi və sonra onlar Nyu-Yorkda görüşəcəkdilər. O, Luza söz verdi ki, daha içməyəcək, Amerikadakı köhnə dostlarının heç biri ilə görüşməyəcək. Fikrini ancaq işləməyə və evlilik üçün pul yığmağa yönəldəcək.

Qatarda Paduadan Milana gələrkən qız da onunla birlikdə getmək istədiyini dedi, onlar xeyli mübahisə etdilər. Vidalaşmaq vaxtı gəlib çatanda Milan stansiyasında əsgər, Luzun dodaqlarından öpdü və onlar incik halda sağollaşdılar. Luzdan belə ayrılmağı Amerikaya çatana qədər onun ürəyindən daş olub asıldı.

O, Genoada qayığa minib Amerikaya yollandı. Luz sevgilisi ilə vidalaşdıqdan sonra Pordononeyə qayıtdı. Bir müddət sonra orada yeni bir xəstəxana açdı. Havaların yağışlı vaxtıydı. Luz özünü çox tənha hiss edirdi və Luzun özünü çox tənha hiss etdiyi, yağışların ara vermədiyi həmin günlərdə şəhərə italyanların "cəsurlar” batalyonu gəldi. Həmin qış o yağmurlu-çamurlu şəhərdə qərar tutmuş batalyonun mayoru Luz ilə münasibət qurdu.

Luz əvvəllər heç vaxt italyanlarla ünsiyyətdə olmamışdı və çox keçmədi ki, o, Amerikaya məktub yazmağa qərar verdi. Yazdı ki, onların sevgisi əsl sevgi olmayıb, onların sevgisi uşaqlıq həvəsi olub. Yazdı ki, bəlkə də o, indi bu yazılanları anlaya bilməyəcək, amma nə zamansa onu bağışlayacaq və üstəlik də ona minnətdar olacaq. Yazdı ki, onun gələcəkdə böyük karyerasının olacağına inanır və bu addımı da onun yaxşılığı üçün atır. Və nəhayət yazdı ki, bu bahar onun toyu olacaq, bu bahar o ərə gedəcək və onların sevgisi uşaqlıq həvəsi olsa da, onu həmişə çox istəyəcək.

Nə o bahar, nə o payız, nə də sonra həmin mayor Luzla evlənmədi. Bu haqda Çikaqoya göndərdiyi məktuba da Luz heç vaxt cavab ala bilmədi. Və çox keçmədi ki, məktub yazdığı o adam, Linkoln parkında taksilərin birində mağaza satıcısı olan bir qızla keçirdiyi gecədən sonra süzənək xəstəliyinə tutuldu. /artkaspi.az/

İngiliscədən tərcümə edən: Təvəkkül ZeynallıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031