manera.az
manera.az

Bir kəsim yox imiş qələmdən başqa.. - Şeirlər

📅 01.09.2020 17:56

Bir kəsim yox imiş qələmdən başqa.. - Şeirlər
MANERA.AZ İslam Türkayın şeirlərini təqdim edir:

UNUDACAĞAM...

Səni unutmağım çətindi...çox...çox...
Deməm elə-belə unudacağam
Bu elə bəladır - bir çarəsi yox,
Ömrü verib yelə, unudacağam...

Düşərsən yarama acı duz kimi,
Yanıb-yaxılaram mən susuz kimi...
Əriyib gedəcəm salxım buz kimi,
Səni gilə-gilə unudacağam...

Bil ki, yollarımda gözün qalacaq,
Ruhumda ləpirin - izin qalacaq,
Bilirəm unutmaq çətin qalacaq,
Səni ölə-ölə unudacağam..

Yanıb, mən bu eşqin külü olacam,
Bir yetim fəryadın zili olacam...
Ağlımı itirib dəli olacam -
Səni gülə-gülə unudacağam...

Bir eşq məzarlığı olubdu içim,
Öldü sevmək eşqim, sevilmək eşqim...
Yatmaz ürəyimə bir daha heç kim,
Bunu bilə-bilə unudacağam..

GİZLİCƏ...

Nə mən səni görüm, nə də sən məni,
Bəlkə, için-için yanaq gizlicə?..
Səssiz söhbətləri, səssiz sözləri,
Sızlaya-sızlaya anaq gizlicə...

Fikrimi-zikrimi qandallayıbsan,
Bu eşqi-sevgini gizlət, ayıb san;
İçində bir çınqı varsa onu dan,
Yoxsa hücum çəkər qınaq gizlicə...

Nə səni düşünüm, nə məni düşün,
Yalquzaq təklikdən üşürgə-üşün...
Düşək ağuşuna payızın, qışın,
Dönək buz heykələ donaq gizlicə...

Gizlət yazdığımı, poz yazdığımı,
Min yerə, min səmtə yoz yazdığımı;
Necə var eləcə düz yazdığımı
Görərlər, gizləyək, sunaq gizlicə...

Sənin dəftərində hökmüm yazılıb,
Kəndirim kəsilib, ümid nazilib;
Bəxtimin, eşqimin qəbri qazılıb,
Bu da Tanrıdanmı sınaq gizlicə?..

Hər yaz lalə kimi çıx bizim düzə,
Axım sular kimi sizin kəhrizə,
Barı, bilməsinlər, bir-birimizə
Gələk yuxularda qonaq gizlicə...

Ömrü bu sevginin bura qədərmiş,
Oduna yanmağım deməm hədərmiş;
Bu mənim taleyim - qəza-qədərmiş,
Neynək, için-için yanaq gizlicə,
Sızlaya-sızlaya anaq gizlicə...

HARDASAN...

Bəyənmədim mənə heyran gözəli,
Mən sevdiyim məndən uzaq dolandı...
Belə oldu bu yazının əzəli,
Hey varlığım atəşlərə qalandı.
Məni sevən, mən sevdiyim, hardasan?!.

Bəlkə elə əl edirsən dünyaya,
Bəlkə indi səksən yaşlı qarısan.
Boyun əyib bir taleyə, bir paya,
Bəlkə sən də bir özgənin yarısan, -
Məni sevən, mən sevdiyim, hardasan?!.

Bəlkə hələ gəlməmisən cahana,
Bir gözəlin bətnində yol gəlirsən...
Sığışmayıb indi vaxta-zamana
Öz bəxtinə yuxularda gülürsən...
Məni sevən, mən sevdiyim, hardasan?!.

Bəlkə məndən min il əvvəl yaşayıb,
İndi qar tək ələnirsən başıma?..
Yaz gələndə, kol dibində, utancaq
Bənövşə tək sən çıxırsan qarşıma?..
Bəlkə elə suya dönüb axırsan
Bir bulağın gözlərindən yaş kimi...
Yolum üstdə yollarıma baxırsan,
Bir yamacda bir sal qaya, daş kimi...
Məni sevən, mən sevdiyim, hardasan?!

Həyat oyun, sevgi oyun, müəmma,
Dünya sirdi, sən bəxtimin sirrisən.
Sən varsansa, burdasansa, utanma -
Bəlkə elə bu qızlardan birisən -
Məni sevən, mən sevdiyim, hardasan?!.

Sən varsansa, hay ver mənim səsimə,
Ölmüsənsə, mən arxanca ağlayım...
Bax, başımda dumanıma, sisimə
Vüsalını uzaqlara saxlayım...
Məni sevən, mən sevdiyim, hardasan?!.

Tək ağacam, sən - suyum, sən - torpağım,
Lüt-üryanam, sən gülüm, sən yarpağım...
Göydə keyfim, göz üstündə papağım,
Məni sevən, mən sevdiyim, hardasan?!.

Sənsizliyin saçlarımda qar olub,
Ürəyimdə yuva salıb kədər-qəm...
Yalqızlıqdan dünya mənə dar olub,
Bir ocaqda tüstülənən kösövəm...
Məni sevən, mən sevdiyim, hardasan?!.


***
Nə elə arxam var, nə dayım, əmim,
Belə yetim varmı, de, məndən başqa.
Yoxdu saçlarıma sığal çəkənim,
Bu çovğundan başqa, bu çəndən başqa.

Bir vaxt mən-mən idim, indisə fağır,
Daha kişilənmək ağırdı, ağır.
Çoxunun başına var - dövlət yağır,
Nə yağdı başıma bu dəndən başqa?!

Dəryada yelkənsiz yüklü gəmiyəm,
Ocaqda üstü boş bir sac kimiyəm.
Səhrada tək, tənha ağac kimiyəm,
Sanırdım kimsəm yox, tək səndən başqa.

Həm dostum, qardaşım, həm anam, atam,
Könlümü oxşayan, qoynumda yatan;
Dar gündə yenə də qolumdan tutan -
Bir kəsim yox imiş qələmdən başqa...
Bir kəsim yox imiş qələmdən başqa..


***
Sən məni Allaha əmanət etmə,
Sən məni özünə əmanət eylə.
Yandır həsrətinlə yandır qəlbimi,
Öldür bir şairi - cinayət eylə...

Fikrimdən, duyğumdan getmirsən, niyə?
Həyatda mən varam - sən varsan deyə...
Allahdan aşağı - böyük sevgiyə
Mənimlə bərabər ibadət eylə...

Əbədi bu eşqə sürgünəm, gözəl,
Qəlbimdə yurd saldı daha qəm, gözəl,
Könlümün-gözümün səni kəm, gözəl,
İnsaf et, sən mənə inayət eylə...

Danıb dediyini - pisləmə məni
Bənzətmə... bənzətmə heç kimə məni.
Allah bağışlayar eşqimə məni,
Sənsə ürəyinə xəyanət eylə...

BİLMƏDİN...

...Mən ki od götürdüm kirpiklərimlə,
Goru gözüm ilə gördüm, bilmədin...
Sənin həsrətinə, sənin eşqinə
Ömrümü-günümü verdim, bilmədin...

Bülbül tək hər bağa uçub ötmədim,
Bu dərdlə, həsrətlə ölüb-itmədim...
Sən vardın heç kəsə meyil etmədim,
Çoxunun qəlbini qırdım, bilmədin...

Söküb varlığımı hey talayırsan,
Soyuqdu içində... dərd qalayırsan..
Xatirə bişirib, hicran yeyirsən,
Mən şirin xəyallar qurdum... bilmədin...

Ümidim, inamım, sən - gücüm, heyim,
Sənsiz bu aləmdə yoxdu heç nəyim...
Hayanda olsam da son dönəcəyim
Sən evim-eşiyim, yurdum, bilmədin...


***
Sizin evin önündə bitmişdim ağac kimi
Küləklər yelləyirdi məni belədən-belə...
Boylanırdım yuxarı, Ay üzə möhtac kimi,
Bir baxış da qıymadın mən fəqirə sən elə...

Bir təbəssüm ataydın burda geyəm əynimə,
Bir intizar baxışla od düşəydi canıma..
Bakının xəzriləri heç gəlməzdi eynimə
Gülər baxışlarını göndərsəydin yanıma...

Sizin evin önündə durmuşdum ağac kimi,
Boylanırdım-hardadır, görən neynir bayaqdan...
İşığınız yanırdı, bir ac-yalavac kimi
Sizin işığınıza qızınırdım uzaqdan...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 977 | Yüklənmə tarixi: 01.09.2020 17:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031