manera.az
manera.az

Əməkdar memar: Şəhidlər Xiyabanının Dağüstü parkda salınması ideyası mənə məxsusdur

📅 16.08.2020 07:00

Əməkdar memar: Şəhidlər Xiyabanının Dağüstü parkda salınması ideyası mənə məxsusdur
MANERA.AZ Azərbaycan Respublikasının Əməkdar memarı, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, memarlıq doktoru, professor Nəriman Əliyev ilə müsahibəni təqdim edir:

- Necəsiz, Nəriman müəllim?

- Yaxşıyam ay oğlum, ümidlə yaşayırıq. Deyim var ki, axırıncı ölən ümid olur... (gülür)

- Təki ümidlər ölməsin... Tələbəlik illərində kumiriniz vardımı?

- Əlbəttə. Memarlıq yaradıcılığımda mənə böyük təsiri olan şəxslərdən biri müəllimim – görkəmli memar Mikayıl Useynov idi. O dərin səbrə malik insan idi. Hətta onun müəllifi olduğu memarlıq nümunələrindəki harmonik cizgilərdə də bu xüsusiyyət nəzərə carpır. O dövrün Bakısında tikilən yaraşıqlı binaların əksəriyyətində onların dəsti xətti duyulur.

- Onların, yəni ?

- Onlar Mikayıl Useynov və Sadıq Dadaşov.

N.Gəncəvi adına Ədəbiyyat muzeyinin binası ilə, yəqin ki, tanışsız. Bax o binanın rekonstruksiyası da məhz onlara məxsusdur.

- Həmin bina haqda bir qədər ətraflı, zəhmət olmasa...

- Təbii. Sözügedən bina 18-ci əsrdə 2 mərtəbəli Karvansara olaraq tikilmişdi. Sözsüz, dövr dəyişdikcə tikili də dəyişikliklərə uğradı. Lakin həmin tikilinin bu gün Bakının ən gözəl memarlıq nümunələrindən biri olmasına səbəb məhz M.Useynov və S.Dadaşov rekonstruksiyasıdır.
Əməkdar memar: Şəhidlər Xiyabanının Dağüstü parkda salınması ideyası mənə məxsusdur
- Bakı şəhərinin memarlığı haqda nə deyə bilərsiz ?

- Bu düşündürücü sualdır. Bilirsiz, paytaxtımız hər bir dövrdə müxtəlif memarlıq abidələri ilə zəngin olub. Bu gün Bakıya nəzər salsaq görə bilərik ki, burada müxtəlif əsrlərdə yaranmış, fərqli üslublarda binalar çoxluq təşkil edir. Bu binaların əksəriyyəti məşhur neft maqnatlarının sifarişi ilə tikiliblər.

- Bəs Siz şəhərdə daha çox hansı üslubda ucaldılmış tikililəri görməkdən zövq alırsız ?

- Təbii ki, zövqlər müxtəlif ola bilər. Lakin mənim daha çox görməkdən zövq aldığım binalar, bizim milli memarlıq üslübumuza aid olan binalardır. Buna bariz nümunə isə, Şirvanşahlar sarayı olacaqdır.

- Çox gözəl. Nəriman müəllim, bu gün ölkəmizdə çoxmərtəbəli binaların sayı durmadan artır, sizcə, bu şəhərin estetikasına xələl gətirir, yoxsa əksinə, təkan verir?

- Bilirsiz, Murad, diqqət etmişəm ki, Bakı şəhəri təbii yaranışdan böyük bir amfiteatrı xatırladır; demək olar ki, mərkəzdəki bütün binalardan dənizin gözəlliyini seyr etmək mümkündür. Elə bu baxımdan hündür binaların tikintisi mərkəzdən nə qədər uzaq olsa, şəhərin amfiteatra bənzər gözəlliyi də bir o qədər qorunar. Beləliklə, biz azmərtəbəli binalardan da dəniz panoramasını izləyə bilərik.

- Bu gün and yerimiz olan Şəhidlər Xiyabanının məhz Dağüstü parkda salınması da bir ideya kimi Sizə məxsusdur...

- Düz vurğuladız. Həmin parkda Kirovun heykəli vardı. Mənim xiyaban üçün o parkı təklif etməyim memarlıq ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Dedilər, bəs heykəl necə olacaq? Cavab verdim ki, necə qoyulubsa, elə də götürülər! Belə də oldu. (bir qədər sükut oldu)

- Söhbətimizi ənənəvi sualla bitirim: Bugünün tələbəsi, sabahın memarı olan biz gənclərə tövsiyəniz?

- Sizə tədris olunananlarla kifayətlənib, cərçivədə qalmayın. Texnologiya əsrində dünyaya inteqrasiya vacib məsələlərdəndir. Həyatı, dünyanı öyrənib, memarlıq üfüqlərini genişləndirin.

- Çox saq olun! Müsahibəyə görə Sizə təşəkkür edir, can saglığı və yaradıcılıq uğurları arzulayırıq!

P.S. Söhbət əsnasında Nəriman müəllim, gündən-günə gözəlləşən paytaxtımızın xoş görüntüləri ile yanaşı, onu narazı salan məqamlara da toxundu. Məsələn, Bakıda qotik memarlıgın intibaha çatdıgı nöqtə olaraq qəbul olunan, Səadət sarayı.
Memar hesab edir ki, bu saray arxitektura baxımından milli memarlıq üslubumuza yaddır. Əlbəttə, bu, fərdi yanaşmadır, lakin hər yanaşmada da müəyyən bir istinad nöqtəsi yox deyil..


2019-cu il.

Müsahibə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavrı Murad Mir-Zadə tərəfindən götürülüb.

P.SS: Əməkdar memar, alim Nəriman Əliyev 13 iyul 2020-ci ildə vəfat edib.


Baxış sayı - 1 324 | Yüklənmə tarixi: 16.08.2020 07:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031