Dövlət sərhədində düşmən təxribatı : şəhid və yaralılarımız var
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Bu barədə Manera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
***
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən Manera.az-a verilən məlumata görə, bu döyüşdə Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verib və səbr diləyib.
Baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun Biləsuvar rayonu Aşağı Çürəli kəndindən olduğu bildirilir.
Qeyd edək ki, iyulun 12-də cəbhənin eyni istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Daha 4 hərbi qulluqçumuz isə yaralıdır....
Düşmən tərəfin də ağır itki verdiyi bildirilir...